Məhkəmə qərarları › İş №2(103)-4046/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4046/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4046/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «müəyyən edilmiş payın ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının - 24758,50 manatın ayrılması və ayrılmış payın ona verilməsi öhdəliyinin Cavabdeh həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2016-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 anası Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının himayəsində qalması qət edilmişdir. Tərəflərin birgə nikahda olduqları müddətdə lizinq verən "xxxx" QSC ilə lizinq alan X5 və Cavabdeh arasında bağlanılmış xx.xx.2016-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair lizinq verən "xxxx" QSC ilə lizinq alan X5 arasında bağlanılmış xx.xx.2016-ci il tarixli, 1074/182/2016-1 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə hüquq və vəzifələr X5 tərəfindən Cavabdeh ötürülmüşdür. Tərəflər həmin ünvanda nikah dövründə yaşayaraq, birgə təsərrüfat aparmışlar. Nikahın pozulmasından sonra iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızı Cavabdeh qarşı "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Pay tanındıqdan sonra pul şəklində tanınmış 24758,5 manatın ayrılaraq ona ödənilməsi üçün iddiaçı A.İddiaçıHacıyevə müraciət etməsinə, mübahisənin həlli üçün 12 saylı Mediasiya Təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdehlə razılıq əldə edilməmiş, buna dair xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00263 saylı arayış əldə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsində məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək, İddiaçı daşınmaz əmlaka görə ödənilmiş pulun yarısının tələbinə dair iddiasını həmin maddədə nəzərdə tutulmuş ardıcıllıqla irəli sürməli olduğunu izah etmişdir. Hazırda iddiaçı ödənilmiş məbləğ üzərində müəyyən edilmiş 24758,5 manat payının ayrılaraq, ona naturada-pul şəklində ödənilməsini tələb edir. Sadalananları əsas tutaraq, payın müəyyən ediməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsində İddiaçı birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində payının müəyyən edildiyini əsas tutaraq, hazırda iddiaçı öz payının ayrılaraq, ona ödənilməsini tələb edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi etiraz ərizəsi ilə bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-1271/2023 saylı iş üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı ilə arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış və həmin nikah xx.xx.2022ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda məhkəmə qaydasında müəyyən edilmişdir ki, birgə nikah zamanı X1 xx.xx.2016-ci ildə lizinq alınmış olan Rüfət Məmmədovla arasındakı razılaşmaya əsasən onun lizinq təşkilatı qarşısında hüquq və vəzifələr özünə ötürülmüşdür. xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək (nikah pozulanadək) tərəfindən lizinq təşkilatına 76973 manat vəsait ödənilmişdir ki, həmin vəsaitdən 49517 manatı iddiaçı ilə birgə nikahda olub faktiki ailə münasibətlərində yaşadıqları dövrə təsadüf edir. İddiaçının tələbi ilə ona qarşı və "xxxx" QSC-yə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi barədə işə baxan məhkəmə hazırki iddiaçının Bakı şəhəri, Yasamal r-nu, H.B.ünvan 3 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi, yəni 24758,5 manat üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Həmin qətnamə ilə razılaşaraq şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddia ərizəsində “tətbiq edilməli hüquq normaları” başlığı altında qeyd edilmiş və adı çəkilən normaların heç birində hazırki iddia tələbinin əsası öz əksini tapmır, yəni iddiaçının ondan müəyyən edilmiş payının tələb edilməsinin əsası yoxdur. Belə ki, adı çəkilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq onun tərəfindən ödənilmişdir və həmin məbləğ lizinq təşkilatının əmlakıdır. O isə ödəməkdə davam etsə də, barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi deyildir. Göstərilənləri nəzərə alıb iddiaçının ona qarşı müəyyən edilmiş payın ayrılmasına dair tələbinin təmin olunmamasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-802/2025) iddianın təmin edilməsi, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının 24758,5 AZN ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin Cavabdeh həvalə olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı bundan əvvəl də eyni cavabdehə, yəni Cavabdeh qarşı eyni əsasla, yəni mübahisəli mənzillə bağlı “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1271/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Həmin qətnamədə iddiaçının tələbinin “ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edilmişdir ki, belə bir tələb (payın ayrılması, payın dəyərinin ödənilməsi) Mülki Məcəllənin 220-ci maddəsinə istinad edilməklə, həmin maddədəki ardıcıllıqla irəli sürülə bilərdi. Həmçinin, mübahisə predmeti olan mənzil lizinq obyekti olaraq lizinq verənin mlkiyyətindədir və müqavilə münasibətləri davam etdiyindən həmin mənzil Cavabdeh Suliddin oğlunun tam mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49517 manat pul vəsaitinin ½ hissəsi (24758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququnun tanınması Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddia tələbinin qalan hissəsi, yəni ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi isə həmin qətnamə ilə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iş üzrə iddia tələbini təmin edərkən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin tələbə artıq qiymət verilmiş olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxıb iddianı təmin etməklə səhvə yol vermişdir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iş üzrə icraata xitam verilməsi üçün əsas yaradır. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.2-ci maddəsi). Məhkəmə kollegiyası gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, həmin Məhkəmənin bir sıra qərarlarında təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə də uyğun sayır. Avropa İnsan Hüquqları Məhkəməsi “X2 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarında xatırladır ki, “hüquqi müəyyənlik tələbi res judicata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyəti işə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirilməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 11 mart 2025-ci tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin ½ hissəsi üzərində tanınmış payının - 24758,50 manatın ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar