Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4054/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X3, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi X1, digər nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “atalıq haqqında qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının hüquq varisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 2000-ci illərin əvvəllərində tanış olduğunu, aralarında xoş ünsiyyət yarandığını və görüşməyə başladıqlarını, cavabdehin sözlərindən onun subay və övladının olmadığını öyrəndiyini, hərbçi olduğundan təxminən 1 ilə yaxın müddət ərzində cavabdehlə görüşlərinin kəsildiyini, növbəti dəfə, yəni 1 ildən sonra görüşdükdə isə cavabdehin ona körpə bir uşağı göstərərək uşağın onun olduğunu bildirdiyini, xeyli-söz-söhbətdən sonra cavabdeh onu tam əmin etdiyinə görə buna inandığını, bu minvalla ailəsinin tədricən formallaşmağa başladığını, həmin uşağa layiqincə atalıq göstərdiyini, cavabdehlə 15.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, rəsmi nikahlarından sonra cavabdehin vətəndaşı olduğu Gürcütanda uşağa 10.08.2012-ci il tarixdə **********0 nömrəli doğum şəhadətnaməsi (təkrar) aldığını, şəhadətnamədə xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh atası qismində onun adının göstərildiyini, nikahlarını rəsmiləşdirdikdən sonra 10 il ərzində ikinci övladların da olmasını istədiyini, lakin cavabdehin özünün, eləcə də onun səhhətində müəyyən problemlərin olduğunu bəhanə gətirərək hər dəfə bu məsələdən yayındığını, hərbçi olduğu üçün xidməti vəzifəsi ilə bağlı özündən asılı olmayan yerdəyişmələrə məruz qaldığından ikinci uşaq məsələsinə bir neçə il ciddi əhəmiyyət vermədiyini, sonradan özündə problem olmadığını bildiyinə görə ikinci övladlarının da olmasını cavabdehdən tələb etməyə başladığını, nəticə etibarilə cavabdehin uşaq dünyaya gətirmək qabiliyyətinin olmadığını başa düşdüyünü, cavabdehlə münasibətlərinin getdikcə kəskinləşdiyini və təxminən 2016cı ildən etibarən ayrı-ayrılıqda yaşamağa başladıqlarını, iddiası əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, nikahları rəsmi surətdə pozulduqdan sonra istədiyi başqa qadınla ailə qurduğunu və 2019-cu ilin sentyabr ayında ilk övladlarının dünyaya gəldiyini, bu hadisələrdən və son vaxtlarda ona gəlib çatan digər söz-söhbətlərdən cavabdehin vaxtilə ona yalan söylədiyini, özünü atası hesab etdiyi uşağın ondan olmadığını öyrəndiyini, 2018ci ilin sentyabr ayından mənzil mübahisəsi ilə bağlı cavabdehlə aralarında gələn məhkəmə çəkişmələri zamanı bu barədə bildirsə də, cavabdehin uşağın əsl atasının o olduğunu hər dəfə birmənalı şəkildə bəyan etdiyini, bütün bunlar azmış kimi, cavabdehin 30.10.2019-cu il və 04.10.2019-cu il tarixdə “Space” telekalanıda “Gəl dərdini danış” adı altında efirə gələn verilişə çıxaraq uşağın əsl atasının o olduğunu milyonlarla tamaşaçının qarşısında nümayişkaranə şəkildə söylədiyini, artıq xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh bioloji atası olmadığının ona birmənalı məlum olduğunu irəli sürmüş, buna görə də Gürcüstanın Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən xx xxxxxx 2001-ci il təvəllüdlü Cavabdeh verilmiş 13 avqust 2012-ci il tarixli **********0 akt qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin Cavabdeh “atasının adı” qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi) icraat dövründə Cavabdeh yetkinlik yaşına çatdığı müəyyən olunduğundan o, əsl cavabdeh qismində Zemfira Vakilova ilə əvəz edilmiş, məhkəmənin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə isə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının prosessual hüquq varisi (iddiaçının 31.10.2020-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilmədiyini, hakimin işə qərəzli yanaşdığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı prosessual hüquq varisi X6 və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını; Cavabdeh, onun nümayəndəsi X4, digər nümayəndəsi və vəkili Vəkil2 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçıla Zemfira Vakilova 2000-ci ilin əvvəllərindən qeyri-rəsmi (faktiki) ər-arvad münasibətlərində olmuş, İddiaçı özünə münasibətdə mənşəyini mübahisələndirdiyi Cavabdeh xx.xx.2001-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində dünyaya gəlmiş, Gürcüstan Respublikasının Qldani- Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən 10 avqust 2012-ci il tarixdə aparılmış akt qeydində onun ata qrafasında İddiaçı, ana qrafasında Zemfira Vakilova göstərilmiş, İddiaçıla Zemfira Vakilova 15.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 2018-ci ilin ortalarından etibarən aralarında müxtəlif mübahisələr, o cümlədən mənzillə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 47.1-ci maddəsinə əsasən isə, bu Məcəllənin 46.1ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. İşin hallarından, iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, xx.xx.2001-ci il təvəllüdlü Raminin doğum haqqındakı akt qeydi qanunvericiliyə uyğun aparılmış, uşağın ata qrafasında iddiaçının adının yazılması onun öz iradəsi əsasında reallaşmış, qeyd aparıldığı zaman iddiaçı uşağın həqiqi valideyni olduğuna əmin olmasa da, bu və ya digər səbəblə müvafiq qeydiyyata etiraz etməmişdir (iddia ərizəsində iddiaçının bildirməsinə görə, xeyli söz-söhbətdən sonra cavabdeh onu inandırdığı üçün buna razılıq vermişdir). Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya onu da nəzərə alır ki, mərhum İddiaçı atalığı haqqında qeydi həmin qeydin aparılmasından təxminən 18 il sonra, həm də cavabdehlə münasibətlərinin pozulmasından və növbəti nikahından başqa uşağın dünyaya gəlməsindən sonra mübahisələndirmişdir; bu hal isə onun irəli sürdüyü arqumentlərin inandırıcılığına şübhə ilə yanaşmağa və “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1541/2020 saylı iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4054/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4054/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver