Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-406/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və həmin müqavilə əsasənda verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı) hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və həmin müqavilə əsasənda verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)-2885/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X8 09 sentyabr 2003-cü il tarixdən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır.
2. “Elektron notariat” X1 əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 üzərində Cavabdeh mülkiyyət hüququ 03 fevral 2021-ci il tarixdə qeydə alınmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(004)- 5061/2022 nömrəli qərardadına əsasən Cavabdeh anası İddiaçı psixiatriya stasionarına qeyri – könüllü yerləşdirilməsi barədə ərizəsi geri qaytarılmışdır.
5. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinə ünvanlanmış ərizədə oğlu Cavabdeh onu qeydiyyatda olduğu ünvan 1 ünvanına buraxmaması, mənzilin giriş qapısının qıfılının dəyişdirilməsi barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir.
6. 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında kimin yaşaması ilə bağlı baxış keçirilmiş və İddiaçı həmin ünvanda yaşaması müəyyən olunmuşdur.
7. Cavabdeh tərəfindən yazılmış iltizamda qeyd olunmuşdur ki, o, anası İddiaçı ilə mübahisə etməyəcəyini və narahat etməyəcəyini bildirmişdir.
8. Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin təhqiqatçısının 04 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, İddiaçı izahatında 23 avqust 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri Yasamal rayonu, 20 nömrəli məktəbin yaxınlığında qohumunun yaşadığı mənzildə olan zaman oğlu Muradla aralarında söz mübahisəsi yarandığını, nəticədə sonuncunun onun sağ qol nahiyəsindən əli tutub sıxdığını, xəsarət almadığını, oğlu ilə barışdığını bildirmiş və məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarına əsasən İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə Cavabdeh iddiası rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)-675/2023 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağışlamadan imtina edilməsi, X10 tərəfindən Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 28 yanvar 2021-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslanıdırlmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilini keçmiş həyat yoldaşı X9 ilə birgə nikahda olduqları dövrdə onun vəsaiti hesabına əldə edilmiş, onun təklifi ilə 28 yanvar 2021-ci il tarixdə oğlu Cavabdeh bağışlama müqaviləsinə əsasən bağışlanmışdır. Keçmiş həyat yoldaşı ilə aralarında olan nikah 17 aprel 2015-ci il tarixdə pozulmuşdur. O, keçmiş həyat yoldaşının və digər oğlunun təklifi ilə evin oğluna bağışlanmasına razı olmuş, özünün həmin evdə qeydiyyatda qalması və yaşaması şərtilə evin oğlunun mülkiyyətinə keçməsinə razılıq vermişdir. Lakin bundan sonra oğlu Murad onun evdən qeydiyyatdan çıxarılması, hətta qeyri – könüllü olaraq psixiatriya stasionarına yerləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmişdir. Bundan başqa, 2022-2023-cü illər ərzində oğlu Murad dəfələrlə onun barəsində nalayiq hərəkətlər etdiyinə, mənzildə ona yaşamağa imkan vermədiyinə görə onun müvafiq polis bölmələrinə müraciətləri olmuşdur. Məhkəmələrin qərarları ilə onun qeydiyyatdan çıxarılması barədə oğlu tərəfindən qaldırılmış iddialar rədd edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2885/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Qətnamə onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil mülkiyyətçi X8 tərəfindən bağışlanılmışdır. Nəticə etibarilə, bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair İddiaçı subyektiv hüququ yoxdur. Beləliklə, hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququ olsaydı da, MM-in 421- ci maddəsinin dispozitiv şərtləri yerinə yetirilmir. Mülki hüquq münasibətlərinin subyekti qismində X8 mülkiyətçi kimi iradə ifadəsini bildirməklə notarial müqavilə əsasında mülkiyyətində olan daşınmaz əmlakı Cavabdeh bağışlamışdır. Müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır, yəni, bağışlanma şərtsiz həyata keçirilmişdir. Müqavilənin ləğvi əsasları mübahisə üzrə mövcud deyildir. İddiaçı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bağışlanma müqaviləsi formal olaraq ikitərəfli müqavilə olsa da, mahiyyəti etibarilə bağışlayan şəxsin əmlakı bağışlaması, hədiyyə alan şəxsin isə hədiyyəni qəbul etməsinə iradə ifadəsini bildirməklə həyata keçirilir. Odur ki, bağışlanma hüquq münasibətləri əsasən bağışlayan şəxsin öz iradəsi ilə əmlak vəziyyətinin kiçilməsinə, hədiyyə alan şəxsin əmlak vəziyyətinin artımına səbəb olur. İddia tələbi üzrə bağışlanma müqaviləsinin ləğvi hədiyyə verən mülkliyyətçi olmuş X4 iradə ifadəsi ilə ziddiyyət təşkil edir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə müəyyən etmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil mülkiyyətçi X9 tərəfindən bağışlanmışdır. Nəticə etibarı ilə bağışlamadan imtina edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair İddiaçı Xalıq qızının subyektiv hüququ yoxdur. Məhkəmənin belə nəticəyə gəlməsi ona görə absurddur ki, qeyd edilən mənzil onun pul vəsaiti hesabına sabiq həyat yoldaşı X9 ilə birgə nikah dövründə alınmışdır. Həmin fakt isə işə əlavə edilmiş “X2” AQİS-dən çıxarışla, cavabdehin doğum şəhadətnaməsinin surəti ilə və halhazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli qətnaməsində öz əksini tapan cavabdehin nümayəndəsinin vermiş olduğu apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MM-nin 421-424-cü maddələrinə istinad edərkən “Azərbaycan Respublikası MM-nin 666.1, 670.1, 670.3 və 673.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 19 dekabr 2012-ci il tarixli qərarında göstərilənləri nəzərə almamışdır. Həmin qərarda göstərilir ki, MM-nin 421- 424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsini tənzimləyir. MM-nin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və bağışlama vədinin ləğv edilməsinin MM-nin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumiyyətlə həm real, həm də konsensual bağışlama müqavilələrindən imtinaya şamil olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
20. Cavabdeh və üçüncü şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər;
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair ” 12 aprel 2021-ci il tarixli Qərarı: “...Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. ... ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir: - nikahın bağlanması və nikaha xitam verilməsi; - ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlər; - nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; - uşaqların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir. ... ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. ... Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
28. Bağışlama müqaviləsinin predmeti olan mənzilin birgə nikah dövründə əldə edilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir, əksinə apellyasiya şikayətində qeyd olunduğu kimi, cavabdeh iddiaçının qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət edərkən mənzilin birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak olmasına, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərkən İddiaçı öz mülkiyyət hüquqlarından əvəz almadan onun xeyrinə imtina etməsinə istinad edir. Mübahisə predmeti olan mənzil iddiaçının keçmiş həyat yoldaşı Arzu Həsənovun adına qeydə alınsa da məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlak tərəflərin ümumi mülkiyyətində olmaqla müqavilə bağlanarkən də hər ikisinin iradə ifadəsi mövcud olmuş, X8 ilə birgə İddiaçı da ümumi mülkiyyətdə olan payını Cavabdeh bağışlamışdır. Əks mövqe mülki hüququn təməl prinsiplərindən biri olan, Mülki Məcəllənin 6.1.1-ci maddəsində nəzərdə tututlmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair ” 12 aprel 2021-ci il tarixli Qərarında xüsusilə vurğulanmışdır ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.”
30. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsində valideynlər qarşısında daşınmalı olan vəzifələrlə bağlı qeyd olunmuşdur ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində də qeyd olunmuşdur ki, əmək qabiliyyəti olmayan valideynləri saxlamaq 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların vəzifəsidir.
31. Yuxarıda göstərilən qərarda əks olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırkı mübahisə üzrə bağışlamaqdan imtina məsələsi həll edildiyi üçün işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması araşdırılmalıdır.
32. Proseslər xronoloji ardıcıllıqla nəzərdən keçirilərkən müəyyən olunur ki, 28 yanvar 2021-ci il tarixdə bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya qarşı edilmiş hərəkətlərin nəticəsində iddiaçı tərəfindən müvafiq polis bölməsinə şikayət olunur, sonradan cavabdeh anası ilə barışır, gələcəkdə bir daha bu cür hadisələrin təkrarlanmayacağını bildirir, bunun nəticəsi olaraq ki, İddiaçı oğlu ilə barışdığını bildirir və hətta məhkəmə tibbi ekspertizadan keçməkdən belə imtina edir.
33. Lakin cavabdeh cinayət işinin başlanmaısının rədd edilməsi barədə qərarın qəbulundan təxminən 5 ay sonra iddiaçının psixiatriya stasionarına qeyri – könüllü yerləşdirilməsi barədə iddia qaldırır, bu barədə iddia ərizəsi 14 sentyabr 2022-ci il tarixdə geri qaytarılır.
34. Bundan iddiaçı tərəfindən cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı yeni iddia qaldırılır və həmin iddia Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2- 1(112)-9105/2022 nömrəli qərarına əsasən rədd edilir.
35. İddia rədd edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya qarşı yenidən edilmiş hərəkətlərin nəticəsində iddiaçı tərəfindən təkrarən 27 fevral 2023-cü il tarixdə müvafiq polis bölməsinə şikayət olunur, həmin tarixdə Cavabdeh tərəfindən anası İddiaçı ilə mübahisə etməyəcəyi və narahat etməyəcəyi ilə bağlı iltizam yazılır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)-675/2023 nömrəli qərarına əsasən təmin olunmur. Halbuki, Cavabdeh məhz həmin qərardan verdiyi apellyasiya şikayətində İddiaçı öz mülkiyyət hüquqlarından əvəz almadan onun xeyrinə imtina etməsinə istinad edir. Bundan sonra isə Cavabdeh yenidən anasının istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırır.
36. Qeyd olunan xüsusatlar təsdiq edir ki, Cavabdeh qanunvericilikdə qeyd olunan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr”i icra etməmişdir və bu hal müqavilənin qismən - Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzili X8 ilə İddiaçı ümumi mülkiyyəti hesab olunduğundan Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbləri nəzərə alınmala (Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir) sonuncuya məxsus olan 1\2 hissəsində ləğvinə əsas verir, digər – X6 aid olan ½ hissənin bağışlanması sonuncu tərəfindən mübahisələndirilmədiyindən müqavilənin tam ləğvi üçün əsas yoxdur. Yəni, məhkəmə kollegiyası hesab edir ki, X10 tərəfindən Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 28 yanvar 2021ci il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış qismən ləğv edilməlidir.
37. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2885/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2885/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və həmin müqavilə əsasənda verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilinin bağışlanmasına dair Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisində X8 və Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli müqavilə mənzilin 1\2 hissəsinin bağışlanması hissəsində və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına aparılmış qeyd mənzilin ½ hissəsinə dair hissədə ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev