Məhkəmə qərarları › İş №2(103)-4062/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4062/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4062/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «cehiz əşyalarının çıxarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-708/2025 saylı, 07 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Əmirli X2 Rauf Əmir oğlunun gəlinidir. Cavabdeh İddiaçı oğlu X5 ilə nikah bağladıqdan sonra Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında yerləşən qeydə alınmayan fərdi yaşayış evinə köçərək bir müddət eyni evdə yaşayıb. Tərəflər arasında ailə münaqişələri yarandığından Cavabdeh X7 ilə birlikdə İddiaçı məxsus evi tərk edərək başqa ünvanda yaşayır. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1 ədəd çəhrayı və krem rənglərində divan 2 ədəd kreslo ilə dəst, Krem rəngli mətbəx mebeli, 1 ədəd gümüşü rəngli Samsung markalı paltaryuyan, 1 ədəd gümüşü rəngli Samsung markalı soba, 1 ədəd gümüşü rəngli Samsung markalı qabyuyan, 1 ədəd gümüşü rəngli Samung markalı soyuducu, 1 ədəd krem rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 2 qapılı şifoner), 1 ədəd qəhvəyi rəngli yataq mebeli ( 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 6 qapılı şifoner) cehiz əmlaklarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiada göstərilir ki, hazırda həyat yoldaşı və qızı ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində tikdiyi evində yaşayır. Cavabdeh onun oğlu X3 həyat yoldaşıdır. Cavabdeh oğlu ilə evləndikdən sonra bir müddət iddiaçı ilə birlikdə yaşasa da, sonradan cavabdeh və əri yaranan münaqişələr səbəbindən başqa ünvana köçərək orda yaşamışlar. Oğlu öz övladlıq vəzifələrini yerinə yetirmir. Dəfələrlə ona qarşı kobudluq etmiş, mütəmadi olaraq onu təhqir etmiş, hətta onu öldürməklə hədələmişdir. Bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda oğlunun gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə məxsus cehiz əmlaklar hazırda ona məxsus olan evdə qalmışdır. Cavabdehlə münasibətlər gərgin olduğundan o, həmin mənzilə qayıtmayacaqdır. Bu səbəbdən ona məxsus əşyaların evdə qalması onun hüquqlarını pozur.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-708/2025 saylı, 07 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanındakı evdə yerləşən cavabdehə məxsus cehiz əşyaların (1 ədəd çəhrayı və krem rənglərində divan 2 ədəd kreslo ilə dəst, Krem rəngli mətbəx mebeli, 1 ədəd gümüşü rəngli Samsung markalı paltaryuyan, 1 ədəd gümüşü rəngli Samsung markalı soba, 1 ədəd gümüşü rəngli Samsung markalı qabyuyan, 1 ədəd gümüşü rəngli Samung markalı soyuducu, 1 ədəd krem rəngli yataq mebeli (1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 2 qapılı şifoner), 1 ədəd qəhvəyi rəngli yataq mebeli (1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd güzgülü 6 qapılı şifoner) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanındakı evdən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Mülki Məcəlləsinin 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə nikah daxil olduqdan sonra iddiaçının yaşadığı evə köçərək onunla birlikdə yaşamışdır. Bir müddət sonra tərəflər arasında ailə münaqişələri yarandığından cavabdeh əri ilə birlikdə evi tərk etmiş və atasının evində yaşamağa davam etmişdir. Hazırki vaxta kimi də orada yaşayır. İddiaçı cavabdehlə artıq birgə yaşayışın mümkün olmayacağını əsas gətirərək, cavabdehə məxsus cehiz əşyalarının onun yaşadığı evdən çıxarılmasını xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, Cavabdeh artıq xeyli müddətdir sözügedən evdə yaşamadığından, Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı (gələcəkdə gözlənilən mülkiyyət hüququ olan şəxs kimi) yaşadığı mənzildə qalmasına və saxlanılmasına İddiaçı razılığı olmadığından, həmçinin həmin əmlaklar Cavabdeh məxsus olduğundan və onların həmin mənzildə yerləşməsi İddiaçı mənzildən sərbəst şəkildə və öz istədiyi kimi istifadə etməsinə maneçilik törətdiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, Cavabdeh xx.xx.2013-cü il tarixindən X5 ilə rəsmi nikahda olmaqla birgə yaşayır. Ər-arvad kimi artıq 12 ildən artıqdır ki, birgə təsərrüfat aparırlar. Cavabdeh ailə qurduqdan sonra X7 və onun valideyiləri ilə birgə yaşayıb. Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evi özbaşına tikilidir. Bu evin tikintisi və təmiri demək olar ki, iddiaçı Fərid Əmirli tərəfindən təmin edilmişdir. Toylarından yığılan puldan tutmuş ərinin avtomobilinə kimi satılaraq bu evin təmir tikintisinə xərclənmişdir. Hər bir ailədə olduğu kimi bu ailədə də ər-arvad arasında söz-söhbətlər olur.Cavabdeh bir müddət öncə, 2025-ci ilin əvvəllərində əri Fəridlə mübahisələri olduğu üçün bir neçə günlüyə atası evinə gedib. Daha sonra Fərid gələrək münasibətlərini düzəldib və evə qayıtmaq istəyiblər. Lakin qaynatası İddiaçı onları evə buraxmaq istəməyib. Aralarında mübahisələr olduğu üçün onlar məcbur qalaraq müvəqqəti olaraq kirayədə yaşamağa başlayıblar. Kirayədə yaşadığları mənzil çox darısqal və nəmişlik olduğu üçün övladlarının sağlamlığına pis təsir edib. Həmçinin bütün əşyalarıda Badamdar qəsəbəsində olan evdədir. Əri Fərid ordan özünün belə geyim əşyalarını götürə bilmir. 72 yaşlı qaynata öz doğma oğlunu evə buraxmır, hər dəfə ora gedəndə dava-dalaş salaraq polis çağırır. Artıq belə yaşamaqdan cana gəliblər. Özbaşına tikili olan fərdi yaşayış evi 3 mərtəbə olmaqla 1-ci mərtəbədə qaynata və qaynana yaşayır. Bu mərtəbənin giriş və çıxışı tamamilə ayrıdır və ayrı küçəyə çıxır. İstifadədə olan 2 və 3-cü mərtəbənin girişçıxışı isə tam fərqli küçəyə çıxır. Demək olar ki, bu mərtəblərin bir-birinə qarışacağı yoxdur. Çünki ev inşa ediləndə əri Fərid bunu bilərəkdən etmişdir ki, ata və anasına maneə olmasın, onlara hansısa çətinlik yaratmasın, onları tək qoymasın. Bir yerdə yaşasınlar. 2025-ci ilin fevral mart aylarına kimi o evdə yaşamışlar. Övladının, cavabdehin, ərinin bütün əşyaları oradadır. Başqa yaşayacaq yerləri yoxdur. Hazırda da yeni mənzil almaq imkanları yoxdur. Bu özbaşına tikilini tikintisindən tutmuş təmirinə kimi əri və özünün zəhmətləri olmuş yuxarıda da qeyd edilən kimi toydan yığılan pulları, maşını sataraq aldıqları pulları xərcləmişlər ki, evsiz qalmasınlar. İndi isə qaynatası İddiaçı heç bir səbəb olmadan onları evdən qovur. Səbail rayon İcra hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 528 nömrəli arayışından görünür ki, əri və özü Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanındakı özbaşına tikili evdə yaşayırlar. Səbail Rayon Məhkəməsi bu arayışlara əhəmiyyət vermədən cavabdehin cehizlərini adlandırdığı əşyaları evdən çıxarmağı vəzifə kimi ona həvalə etmişdir. Halbuki, X7 ilə hələdə ər-arvad münasibətində olmaqla birgə təsərrüfat aparırlar. Göstərilən əşyaların əksəriyyəti ailə qurduğları tarixdən sonra əri ilə birgə yenidən aldıqları əşyalardır. Çünki 12 ildən artıqdir ki, evlidirlər və əşyaların əksəriyyəti sıradan çıxdığı üçün yeniləri ilə əvəz edilib. Bundan başqa, cavabdehin X7yə qarşı Yasamal rayon məhkəməsində qaldırdığı “mirasdan məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddiası rədd edilmişdir. Əsassız olaraq qaynatası X7yə əsassız iddialar qaldırmaqla onları evlərində yaşamaq hüququndan məhrum edir. Övladı 20 nömrəli məktəbdə oxuyur. Hazırda isə Nərimanov rayonunda kirayədə yaşayır. Buradan uşağı məktəbə aparıb gətirmək çətin olur. Göstərilənlərdən başqa məhkəmə qətnamədə göstərir ki, evin komunal müqavilələri, Azərsu ilə bağlanan müqavilə qaynatası İddiaçı adına rəsmiləşdirilmişdir. Bunun işin mahiyyəti üzrə həll edilməsinə nə dəxli var? Müqavilə kiminsə bir nəfərin adına bağlanmalıdır. Hazırda bu özbaşına tikilinin mülkiyyət hüququ müəyyən edilməmişdir. Mübahisəli bir ev olduğu üçün gələcəkdə evin paylı mülkiyyət olması mümkündür. Çünki bu evi qaynatası tək tikməyib. X7 bu evin tikintisində əsas rol oynayıb. Əşyalarının evdən çıxarılması halında əri harda yaşayacaq? Hesab etsə ki, onu çıxartdılar evdən bəs əri necə olacaq? Hansı hüquqi əsasa görə ərini evindən çıxaracaqlar. Məntiqi əsasa görə də əri hardadırsa onun övladı və arvadı da yanında olmalıdır. Mülkiyyət hüququ olmayan bir şəxsin qanunsuz iddiasının təmin edilməsini necə əsaslandırır məhkəmə? Qaynatasının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ varmı? Evin ona məxsus olmasını nə ilə sübut edir? Səbail rayon Məhkəməsi Mülki Məcəllənin 164.1-ci maddəsinə istinad edilir, orada deyilir: “Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir”. Məhkəmə Məcəllənin bu normasına hansı əsasla istinad etmişdir? Yuxarıda da qeyd edilən kimi, ev özbaşına tikilidir və evi qaynatası və əri birlikdə inşa ediblər. Evin hazırda hansısa bir qanuni sahibi müəyyən deyil. Mülkiyyət sənədi yoxdur. Bu ev inşa edildiyi gündən əri və özü bu evin 2-ci və 3-cümərtəblərinə sahiblik etməklə istifadə etmişlər. 1-ci mərtəbəsinə isə qaynana və qaynata sahiblik etməklə istifadə ediblər. Bu halda məhkəmə hansı əsasla qaynatasının üstün hüququna malik olması əsası ilə əşyalarını evdən çıxarmaq qənaətinə gəlmişdir? Eyni zamanda məhkəmə yenə də Mülki Məcəllənin 165.1-ci maddəsinə istinad edir. Bir daha qeyd edirlər ki, bu özbaşına tikiliyə ailəliklə sahiblik edirlər. Əri, özü, qaynana, qaynatası. əsas sahibin kim olduğu müəyyəndirmi? Eyni əsaslarla əmlaka sahiblik edirlərsə nəyə görə qaynata üstün hüquqa malik hesab edilməlidir? Məhkəmə Mülki Məcəllənin 152.7-ci maddəsinə də istinad etmişdir: “İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər”. Hörmətli məhkəmə kollegiyasına bir daha qeyd edirlər ki, özbaşına tikili olan fərdi yaşayış evinin 2 və 3-cü mərtəbələri tikildiyi gündən əri və özünün istifadəsində olub. O bu evə gəlin kimi gələndə evin təmiri də başa çatmamışdı. Əri son olaraq avtomobilini sataraq təmiri yekunlaşdırdı. Ev tam yekunlaşdıqdan sonra da hər bir şəxs özünə məxsus olan ərazini istifadə edibdir. Onların giriş çıxışı ayrı küçədəndir bunlarınkı ,ayrı küçədən. Məhkəmə prosesində müəyyən edilib ki, “cavabdeh iddiaçının gəlinidir, ailə qurduqdan sonra evə gəlin köçüb, aralarında münaqişə var, atası evinə köçüb” və.s. bir daha qeyd edilir ki, əri ilə ailə münasibətləri zəmnində münaqişə olub. Bunun qaynataya aidiyyəti olmadığı kimi onlara heç bir narahatçılıqda vermir. Çünki yaşadıqları evin girişi ayrıdır. Onları görmədikləri kimi onlarda bunları görmürlər. Belə olan halda birgə yaşayışdan necə söhbət gedə bilər? Həmçinin məhkəmə qətnaməsində göstərir ki, xeyli müddətdir guya o evdə yaşamır. 2024-cü ilin sonunda atası evinə getdikdən bir neçə gün sonra evə qayıtmaq istəsədə qaynatası onları evə buraxmadı. Bunun günahı onda deyil.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin analoji münasibətləri tənzimləyən qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından bu cür iddia haqlı sayılır.

18. Cehiz əşyalarının çıxarılması tələb edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçının sahibliyindədir və onun tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evdə cavabdehin cehiz əşyalarının qalmasına hüquqi əsasın olubolmaması ilə bağlıdır.

19. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Əvvəla, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. İddiaçının bu ev üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8).İddiaçının isə sözügedən evə sahiblik və ondan istifadə etməsi mübahisə predmeti deyil. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4).Üstəlik iddiaçının həmin evə əmlak hüquqları və gözlənilən mülkiyyət hüququ da mövcuddur. Ona görə də bu evin daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması cavabdehə hansısa üstünlük yaxud imtiyaz vermir. Çünki bu iddiaçı ilə dövlət orqanı arasında olan başqa bir məsələdir.

23. Bundan başqa, cavabdehlə iddiaçının oğlu arasında nikah münasibətlərinin 12 ildən artıq davam etməsi, birgə təsərrüfat aparmaları və kirayədə yaşamaları hazırkı iddianın əsassız olmasına dəlalət etmir. Çünki həmin halların iddianın əsaslılığına heç bir təsiri yoxdur. Cavabdehin qeyd olunan evdə müəyyən bir müddət yaşaması da heç nəyi dəyişmir. Həqiqətən də kirayədə yaşamaq və uşağını oradan məktəbə aparıb gətirmək onun üçün çətindirsə qaynatası ilə düzgün və xoş münasibətlər yaratmağa çalışmalı idi. Əks halda cehiz əşyaları özünə aid olmayan evdə məcburi qaydada saxlanıla bilməz.

24. Bundan əlavə, cavabdeh qeyd olunan evin tikintisində və təmirində ərinin də rolu olduğunu, toylarından yığılan puldan tutmuş ərinin avtomobilinə kimi satılaraq bu evin təmir tikintisinə xərcləndiyini göstərsə də əvvəla bu hallar həqiqi olsa belə şikayətini əsaslı etmir. Çünki bu hallar əri ilə qaynatası arasında olan münasibətlər üzrə əhəmiyyət kəsb edə bilər. Qaynatasının ərinə qarşı mirasdan məcburi pay hüququndan məhrumetmə tələbinə dair iddiasının rədd edilməsi də cavabdehə hansısa hüquq vermir. Çünki hazırkı iddia da cavabdehin əri olan iddiaçının oğlunun evdən çıxarılması ilə bağlı deyil və məhkəmə də belə bir qərar verməyib. Cavabdehin ərinə görə narahat olması anlaşılan olsa da bunun şikayətin əsaslı olmasına təsiri yoxdur. Bununla yanaşı, cavabdeh bəyan etdiyi bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Ancaq o, bu halları sübut edə bilməyib. Demək ki, sözügedən evə cavabdehin hansısa hüququ yaranmayıb.

25. Göstərilənlərlə yanaşı, çıxarılması qət edilən əşyaların cehiz əşyaları deyil, əri ilə birgə yenidən aldıqları əşyalar olduğu da sübuta yetirilməsi tələb edilən bir hal sayılır. Ancaq cavabdeh tərəf apellyasiya baxışında da yalnız bunları sözlə bəyan edir. Bir də ki, çıxarılması qət edilən əşyaların cehiz əşyası olub-olmaması da iddianı rədd etmək üçün əsas deyildi. Çünki cehiz əşyaları olmadığı yaxud həmin əşyaların ona aid olmadığı təqdirdə cavabdeh icra mərhələsində onları qəbul etməkdən imtina edə bilər.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-708/2025 saylı, 07 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-708/2025 saylı, 07 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar