Məhkəmə qərarları › İş №2(103)-4065/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4065/2025

18.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4065/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı onunla əmək müqaviləsi bağlanmadan cavabdeh X4 tərəfindən “A Glamur” Modalar evində tikişçi işinə cəlb edilmişdir. İddiaçı cavabdehin ona hər ay 1000 manat əmək haqqı ödənilməsi barədə öhdəlik götürdüyünü iddia edərək, 2 ay üçün 1150 manat ödənilməmiş əmək haqqının tutulmasını xahiş edir.

2. X7 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı 18 fevral 2025-ci il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı vəzifəli şəxs X2 aid müəssisədə rəsmi əmək müqaviləsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışmış X5 xx.xx.2025-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzində, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək çalışmış X3 tərəfindən isə xx.xx.2025-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzində izahatlar təqdim olunmuş və həmin izahatlara əsasən sizin xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vəzifəli şəxs X4 tərəfindən işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğunuz müəyyən edilmişdir. Bu səbəbdən əmək müqavilələri hüquqi qüvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmağınız ilə bağlı vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərəfimizdən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh “A Glamur” Modalar evinin sahibkarı X2 qarşı «əmək haqqı» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1150 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən İddiaçı “A Glamur” Modalar evində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək dərzi kimi işləmişəm. “ A Glamur” Modalar evinin fərdi sahibkarı Afaq İsmayılzadə ilə aramızda rəsmi əmək müqaviləsi bağlanmasa da, aramızdaki razılaşmaya əsasən, mənim aylıq əmək haqqım 1000 ( bir min) manat müəyyən edilmişdir. Lakin, cavabdeh Afaq İsmayılzadə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi mənə 850 (səkkiz yüz əlli) manat, ikinci ay yəni, xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il cü il tarixinədək isə heç bir ödəniş ödəməmişdir. Cavabdeh “ A Glamur” Modalar evinin fərdi sahibkarı Afaq İsmayılzadə mənə İddiaçı ödənilməli olan borcu ilk ayın üçün 150 ( bir yüz əlli) manat, ikinci ay üçün isə 1000 (bir min) manat, ümumilikdə 1150 ( bir min bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 18.01,2025-ci il tarixli 3-175/2-14- 145/8/2025 nömrəli cavab məktubuna əsasən “A Glamur” Modalar evinin rəhbəri Afaq İsmayılzadə İddiaçı tanımadığını söyləmişdir. Lakin, araşdırma zamanı müəyyən edilib ki, Afaq İsmayılzadəyə məxsus “A Glamur” Modalar evində İlhamə Qurban qızının xx.xx.2024 - xx.xx.2024 tarixləri arasında əmək müqaviləsi olmadan işə cəlb olunduğunuz müəyyən edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-175/2- 145/8/2025 nömrəli cavab məktubuna əsasən əmək müqaviləsi olmadan işə cəlb edilmə ilə bağlı Afaq İsmayılzadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

4. Cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı cavabdehlə aylıq 1000 manat əmək haqqı müqabilində çalışacağı ilə bağlı razılaşdığını bildirsə də, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutdan da görünür ki, iddiaçı ilə eyni vəzifədə çalışan başqa şəxsin əmək haqqısı 350 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh iddiaçıya 500 ABŞ dolları ödəməklə əslində iddiaçıya ödənilməli olan məbləğdən də artıq ödəniş etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-876/25 saylı iş üzrə 16 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 1150 manat pul vəsaitinin tutulması qət edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının xidmətindən bəhrələnmək və fayda götürməklə əsassız varlanmış, əvəzində isə iddiaçı bundan məhrum olmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tam təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

18. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı onunla əmək müqaviləsi bağlanmadan cavabdehə məxsus modalar evində tikişçi işinə cəlb edilmişdir. İddiaçı cavabdehin ona hər ay 1000 manat əmək haqqı ödənilməsi barədə öhdəlik götürdüyünü iddia edərək, 2 ay üçün 1150 manat ödənilməmiş haqqın tutulmasını xahiş etmişdir.

19. Cavabdeh tərəf birinci instansiya məhkəməsində 04 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlamamış və 1000 manat ödəyəcəyi ilə bağlı öhdəlik götürməmişdir. O, eyni zamanda bildirmişdir ki, müsabiqə elan edilmiş, iddiaçı 2 gün sınaq müddəti üzrə işləmiş və sonradan orada işləməmişdir.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığı ilə bağlı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin qeyri-səmimiliyi onun 04 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatın X7 Xidmətinin araşdırması nəticəsində aşkar etdiyi hallarla üst-üstə düşməməsində də özünü büruzə verir.

21. Məhkəmə iddia tələbinin iddiaçının sözügedən müəssisədə 2 təqvim ayına yaxın müddətdə çalışması ilə bağlı əsasına münasibətdə belə nəticəyə gəlmişdir ki, iddiaçı bu əsası qeyd etməkdə haqlı olmaqla eyni zamanda iş materialları ilə də bu hal öz təsdiqini tapır. Belə ki, iddiaçının cavabdeh modalar evində 22 oktyabr 2024-cü ildən 16 dekabr 2024-cü ilə qədər əmək müqaviləsi olmadan çalışması həm məhkəmə iclasında şahid ifadəsi, həmçinin X7 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində gəlmiş olduğu nəticə və cavabdeh barəsində işçinin əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi fakt ilə də sübut olunur. Bu səbəbdən iddiaçının sözügedən müddət ərzində cavabdeh modalar evində əmək müqaviləsi olmadan işə cəlb olunması işin sübuta yetirilmiş halı kimi nəzərə alınır.

22. İddia tələbinin tərəflərin aylıq 1000 manat ödəniş əsasında razılaşmalarına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən məbləğin tərəflər arasında razılaşdırılmasında birbaşa iştirak edən şəxs Səadət Məhərrəmova şahid qismində ifadə verərək, bu halı təsdiq etmişdir. Cavabdeh sübut təqdim edərək, həmin dövrdə iddiaçı ilə eyni vəzifədə işləyən şəxsin 350 manat əmək haqqı müqabilində çalışdığını bildirsə də, məhkəmə bunu qəbul etməmiş və qeyd etmişdir ki, cavabdeh fərdi sahibkardır və işçilərlə əmək haqlarını hər iki tərəfin iradə ifadəsinə uyğun olaraq müəyyənləşdirmək hüququna malikdir. Başqa sözlə, eyni vəzifədə çalışan bütün şəxslərin əmək haqqısının eyni məbləğdə razılaşdırılmalı olması ilə bağlı fərdi sahibkarın üzərinə öhdəlik qoya biləcək hər hansı bir prezumpsiya mövcud deyildir.

23. Məhkəmə şahid ifadəsinin mötəbərliyinə və cavabdeh tərəfin mövqeyinin qeyri-səmimiliyinə əsas verəcək hala münasibətdə bir daha vurğulamışdır ki, cavabdeh ilk əvvəl ümumiyyətlə iddiaçının 2 gündən artıq modalar evində çalışmadığını bildirmiş, daha sonra isə məhkəmənin gedişində tədqiq edilmiş sübutlardan sonra həmin mövqeyini əvvəlki kimi qətiyyətlə müdafiə etməmiş və bundan sonra isə etirazının əsası kimi iddiaçının cavabehlə aylıq məhz 1000 manat əmək haqqı müqabilində razılaşmamasını əsas gətirərək həmin vəzifədə çalışan başqa bir işçinin əmək haqqı barəsində sübut təqdim etmişdir. İddiaçının isə ərizəsində göstərdiyi əsaslar məhkəmə iclasının gedişində biri digərini məntiqi ardıcıllıqla tamamlayan sübutlarla öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqətə uyğun olduğu eyni zamanda iddiaçının cavabdeh tərəfindən 2 ay üçün ona ödənilməli olan 2000 manatdan 850 manat pulun ona ödənildiyini səmimi olaraq etiraf etməsi və bu halın şahid ifadəsi ilə üst-üstə düşməsində də özünü göstərir. Cavabdeh isə öz növbəsində hətta iddia etdiyi kimi sübut qismində təqdim etdiyi eyni vəzifədə çalışan digər işçi ilə eyni məbləğdə (350 manat) iddiaçıya pul ödənilməli olduğunu bildirməsi halında belə, həmin məbləğin iddiaçıya ödənildiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar işin araşdırılması zamanı öz məntiqi ardıcılığı ilə həqiqəti əks etdirdiyindən iddiaçıya ödənilməli məbləğdən qalan 1150 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının xidmətindən bəhrələnmək və fayda götürməklə varlanmış, əvəzində isə iddiaçı bundan məhrum olmuşdur.

24. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Modalar evində eskizlər çəkir və buna görə əmək haqqı alır. İddiaçı ona 1000 manat əmək haqqı müqabilində çalışa biləcəyini söyləsə də, o, bununla bağlı dərhal qəti fikir bildirməmiş, yalnız konkret təhvil verilən işlərə görə əmək haqqının müəyyən ediləcəyini demişdir.

25. Məhkəmə kollegiyası şahidin bu ifadəsində iddiaçının izahatı ilə hər hansı uyğunsuzluq müəyyən etmədi. Belə ki, iddiaçı əmək haqqının 1000 manat müəyyən edilməsi ilə bağlı razılaşmanın Qənirə Allahyarova ilə deyil, Modalar evinin rəhbəri Afaq İsmayılzadə ilə əldə olunduğunu bildirmişdir. Belə ki, işə başladıqdan təxminən bir həftə sonra Afaq İsmayılzadə onun əmək haqqısının 1000 manat olacağını bildirmişdir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmuş və həmin hallara uyğun gələn maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 16 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar