Məhkəmə qərarları › İş №2(103)-408/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-408/2020

11.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-408/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh və nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3548/2019 saylı işi üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 mart 2012-ci il təvəllüdlü X1 üçün, uşaq 18 yaşına çatana qədər onun xeyrinə hər ay Cavabdeh 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, Cavabdeh 31 mart 2012-ci il təvəllüdlü X5 xəstəliyinin müalicəsi üçün əlavə xərclərdə iştirakı ilə əlaqədar uşaq 18 yaşına çatana qədər hər ay ödənilməli olan 200 manat sabit məbləğin tutulması və Cavabdeh sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq etdiyinə görə onun xeyrinə uşaq 18 yaşına çatana qədər hər ay ödənilməli olan 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3548/2019 saylı işi üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(004)-68/2014 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay 31 mart 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 31 mart 2012-ci il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay 140 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1,81.1, 81.2,85.1.2, 112.1;«Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 istinadən qeyd edilmişdir ki, 31 mart 2012-ci il təvəllüdlü X8 "Uşaq autizmi (Kanner sindromu) xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müayinə və müalicə olunur. 18 yaşına çatanadək əlilldir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Yasamal rayon məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2 (004)-3548/2019 saylı qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında yeni qətnamə (aylıq 160 manat aliment, 40 manat əlavə xərclər olmaqla 200 manat məbləğində sabit pul şəklində aliment məbləğinin artırılması barədə) qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Əhalinin sağlamlığının qorunması barədə** Azərbaycan Respublikası Qanunu;Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində onun aylıq maaşı və gəlirinin 500 manat olması qeyd etmiş lakin hesab etmişdir ki, aylıq gəlirinin 300 manatını, o cümlədən 140 manat xəstəlik xərcləri olaraq aylıq olaraq aliment məbləğindən əlavə olaraq ödəməlidir, yəni maaşının yarısından çoxunu ödəmək öhdəliyini üzərinə qoymuşdur. Halbuki, hazırda məhkəməyə təqdim etdiyi “Unibank" KB ilə bağladığı 10.12.2018-ci il tarixli 14350 SNİ 1718 saylı müqaviləyə əsasən illik faiz dərəcəsi 15 faiz olmaqla 10 illik 20 000 manat kredit götürmüş, hər ay qrafıkə uyğun olaraq 130 manat aylıq ödənişi ödəmək öhdəliyi götürmüşdür. Aliment öhdəliyini, yəni 103 manat məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği gecikdirmədən vaxtı-vaxtında iddiaçının bank hesabına ödəmiş, bununla yanaşı aylıq olaraq hər ay uşağın psixoloqu üçün 40 bəzən 50 manat civarında əlavə müalicə xərci kimi kömək etmişdir. Uşağın pal-paltarı ilə bağlı da aktiv olaraq bir ata kimi öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə baxışı gedişində də, məhkəməyə 160 manat qanunvercilikdə dəyişikliyə əsasən artırmanı etməklə aylıq 160 manat aliment, eləcə də əlavə olaraq 40 manat sabit məbləğ, cəmi 200 manat aylıq aliment ödəməyə razılığını bildirsə də, məhkəmə iclas protokolu və qətnaməsi məhkəməyə verdiyi razılıq və izahatını təhrif edərək guya aylıq 250 manatın ondan tutulmasını xahiş etdiyi qeyd etməklə hüquqlarını, mühüm qanuni mənafeyini pozmuşdur, Məhkəmə qətnaməsində vəzifə Azal (Azərbaycan Hava yolları) şirktətində guya mühəndis vəzifəsində işləməyi qeyd edilsə də, iş materiallarında olan arayışından görünür ki, o, mühəndis deyil, yalnız texnik olaraq həmin şirkətdə çalışır, aylıq maaşı isə vergilərlə birikdə 500 manat təşkil edir. Maaşı yegənə gəliridir. Həmişə bu sənətlə və bu işlə məşğul olmuş, başqa əlavə gəliri yoxdur.Bundan başqa, məhkəmə iddiaçının hansı xərcləri və orta aylıq olaraq 27.03.2014-cü ildən bu yana orta aylıq tibbi xərclərə sərf etdiyi məbləği araşdırmadan aylıq olaraq üzərinə 140 manat əlavə müalicə xərclərində iştirakını məcbur hesab etmişdir. Halbuki, şəxsən öz təşəbbüsüilə qətnamədən kənar müalicə xərclərində iştirakı, il ərzində orta aylıq 40 manat əlavə xərcçəkməyini nəzərə almamışdır Eləcə də, məhkəmə nəzərə almamışdır ki, uşağa tibbi xidmət göstərən və xəstəliyi barədə arayış (rəy) verən idarə də Dövlət idarəsi olan Azərbaycan Respublikası Səhiyyə nazilyinin nəzdində olan Psixi Sağlamlıq Mərkəzi olmuşdur.Lakin məhkəmə nə Plenum qərarında qeyd edilən vacib göstərişləri, nə işin hallarını, nə də maddi vəziyyətini nəzərə almamış. 7 yaşlı uşağın aylıq xərcini 300. Onunsa aylıq yaşayış limitimin 70 manat olmasını əsaslı hesab edərək, hər ay övladına könüllü olaraq ödəyə biləcəyi 200 manat, aylıq kredit ödənişi olaraq ödəməli olduğu 130 manat və özünə 170 manat aylıq xərcin ədalətli olmasına baxmayaraq övladına özünə ayıracağından artıq məbləğ ayırmağı qəbul etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Yaxın qohumlarından onunla himayəsində olaraq eyni mənzildə yaşayan epilepsiya xəstəsi olan xəstə bir qardaşı X9 var. Özünə qalan 170 manatla həm yaşamalı, həm kommunal ödənişləri ödəməli, həm işləməyən xəstə qardaşına yardım edib dava-dərman almalı, eləcə də, artıq bu vəziyyətdə onun yenidən ailə qurmağı gülüncdür. Cavabdehin nümayəndəsi vəkil X10 vəsatətlə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti ilə bağlı iş üçün sübut əhəmiyyəti daşıyacaq və əhəmiyyətli olan sorğularının nəticələrinə dair cavab məktublarını və etibarnaməni işə əlavə edilməsi üçün təqdim etmiş, Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən həmin ilin aprel ayının l-dən etibarən sağlamlıq imkanları məhdud olan uşaqlara 150 manat, onlara qulluq edən şəxslərə 50 manat təqaüd müəyyən edilməsi və aylıq 200 manat məbləğində iddiaçı əlavə olaraq 31.03.2012-ci il təvəllüdlü X7 görə təqaüd aldığını bildirərək, vəsatətə Səhiyyə və Sosial Müdafiə Nairliyinin məktubları, etibarnamə əsillərini Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamını əlavə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X10 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin 500 manat əmək haqqı aldığını, vergilər çıxdıqdan sonra 480 manat qaldığını, bu məbləğdən 200 manat könüllü olaraq aliment ödəməyə razı olduğunu, ancaq məhkəmənin müəyyən etdiyi 300 manatı ödəməyə maddi imaknının olmadığını, himayəsində xəstə qardaşının olduğunu və kommunal xərclər ödəməli olduğunu, uşağın xəstələiyinin pulsuz müalicə edilə biləcəyini, eyni zamanda Bakı şəhərində xüsusi məktəblərdə bu xəstəliklə mübarizə aparan uşaqların müalicəsinin pulsuz həyata keçirildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uşağın əlavə xərclərində iştirak etdiyini, lazimi ehtiyaclarını tamamlamaqda köməklik etdiyini, 300 manat ödəməsinin mümkün olmadığını, 200 manat ödəməyə razı oldiuğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, 2019-cu ilin iyun ayından cavabdehin yalnız 103 manat ödədiyini, uşağının müalicəsi ilə bağlı xərclərdə iştirak etmədiyini, uşağın müalicə və günlük ehtiyacları ilə bağlı xərclər üçün 103 manatla kifayət etmədiyini bildirmişdir. 11.03.2020-ci il tarixli 494 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 ekspert rəyinə əsasən 2012-ci il təvəllüdlü X5 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: 1. Psixi Sağlamlıq Mərkəzində Adil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o. 13.06.2016-cı il tarixdə mərkəzdə müayinədə olmuş və aparılmış müayinə zamanı onda "Uşaq autizmi (Kanner sindromu) olduğu müəyyən edilmişdir. Adil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənəddən görünür ki, 20.06.2018 il tarixədə aparılmış MRT müayinəsi zamanı onda "Sağtərəfli mezial temporal sekleroz”un olduğu müəyyən edilmişdir. Adil Məhərrəmovun mütəxəssis müayinəsinə əsasən, onun “Epilepsiya psixi inkişaf geriliyi. Uşaq autizmi (Kanner sindromu)” diaqnozu ilə yaşadığı ərazi üzrə poliklinika nəzarətində və daimi müalicədə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, A.Məhərrəmovun daimi şəkildə ambulator qaydada müalicənin davamına və kənar şəxsin köməyinə ehtiyacı vardır. Qeyd olunan müalicələrin dövlət və ya özəl tibb müəssisələrində aparılması şəxsin öz seçimindən asılıdır. 2. Xəstəliyin müalicəsi üçün lazım olan vəsaitin müəyyən olunması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 80, 81, 99, 112.1; MPM 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması, habelə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması qismən (sosial müavinət alnması ilə) sübuta yetirilir, başqa ailə üzvləri qarşısında olan vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə müalicə xərclər hissədə tənassübsüz və əsassız olaraq səhv nəticəyə gəlmişdir. Ona görə qeyd edilən hissədə cavabdehin gətirdiyi (qismən sübuta yetirilən) dəlillər nəzərə alınaraq məbləğ azldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3548/2019 saylı işi üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi müalicə xərcləri hissədə dəyişdirilsin və müalicə xərcləri 100 manat ( yüz) manat müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar