Məhkəmə qərarları › İş №2(103)-408/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-408/2023

01.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-408/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-408/2023 Açar sözlər: (borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X19 nümayəndələri X12 və X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(006)-1023/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı haqqında müqaviləsinə və həmin tarixli müqavilə əlavəsinə əsasən iddiaçı satış obyektləri olan Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 əşyalarını cavabdehdən almış və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. 2.Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. 3.İddiaçı yaranmış borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında müqavilə bağlanmışdır. Eyni zamanda əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi” bağlanmışdır. Tərəflər arasında bağlanmış “Müqavilə” və “Müqavilənin Əlavəsi”nə əsasən satış obyektlərinin bir hissəsi (Mini Nd:YAG; H5050 9 funksiyalı kombayn; Sentrifuqa və Dr.pen A6) xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına və qalan digər hissəsi (V-MAX Pro və Purisma) isə xx.xx.2021-ci il tarixli təhviltəslim aktına əsasən X13 təhvil verilmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktları Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin aktlara əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin olaraq 23.400 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrasından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən qərəzli şəkildə bu günə kimi heç bir ödəniş edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğısatqı” haqqında müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla “Sifarişçi”, yəni Cavabdeh, tərəfindən əsas müqavilənin icrası qaydasını müəyyən edən xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi”nin 2.2ci bəndində qeyd edilmişdir: 2.2. Satış obyektinin toplam satış qiyməti iki cür razılaşdırılır; 2.2.1. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir; 2.2.2. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir. Satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən qəbul edilməklə sifarişin tam olaraq çatdırılmasının tamamlanması nəzərə alınaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsinə dair tərəflərindən xx.xx.2021-ci il tarixdə Cavabdeh məktubla müraciət edilmişdir (məktubun poçt vasitəsilə çatdırılması barədə bildirişə əsasən xx.xx.2021-ci il tarixdə qəbul edilib). Müraciətdə həmçinin qeyd edilmişdir ki, ödəniş edilmədiyi halda, sözügedən “Müqavilə Əlavəsi”nin 2.2.2-ci bəndi qüvvəyə minəcəkdir. Həmçinin, sözügedən müraciət məktubu Cavabdeh elektron poçt ünvanına da göndərilmişdir. Cavabdeh müqavilənin şərtlərinə və eyni zamanda müraciət məktubuna əsasən ödəniş etmək niyyətində olmadığını və həmçinin heç bir hüquqi əsası olmadan “Purisma” cihazının geri qaytarılmasını bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə tərəflərindən Cavabdeh ünvanına (həmçinin elektron poçt ünvanına) xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubundan qeyd edilmişdir: “Müqavilə Əlavəsinin 2.2.1-ci bəndinə əsasən 24.00 manat məbləğində ödəniş 05 iş günü ərzində icra edilmədiyi üçün Müqavilə Əlavəsinin 2.2.2-ci bəndi (Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir) və 2.3.2-ci bəndində qeyd edilən ödəniş qrafiki qüvvəyə minmişdir (X18 2.3.1-ci bəndi “Sifarişçi tərəfindən icra olunmadığı halda, X18 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və aşağıda qeyd edilən 19 mərhələdən ibarət olmaqla “Sifarişçi” tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır). Belə ki, “Sifarişi” tərəfindən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixdə təhvil aldığını nəzərə alaraq Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən ödəniş mərhələsi olan “Mərhələ 2” üzrə xx.xx.2021-ci il tarixdə olan 1477 manat məbləğində ödənişin icra edilməsi tələb edilmişdir”. Göndərilmiş müraciət və xəbərdarlıq məktubuna Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, eyni məzmunlu məktublarla və eyni zamanda elektron poçt vasitəsilə cavab olaraq bildirmişdir ki, “Purisma” cihazı müasir tələblərə cavab vermir, müqavilə üzə sifariş vermiş cihazla təmin edilməmiş, “Purisma” cihazı xoşuna gəlmədiyi üçün geri qaytarılıb eynisi ilə və sifarişə uyğun müasir cihazla təmin edilməsini xahiş etmişdir. Cavabdeh sözügedən xx.xx.2021-ci il tarixli müraciətinə tərəflərdən xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, “sizə xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi”nə uyğun məhsullar təhvil verilmişdir. Müraciətinizdə qeyd edildiyi kimi “yararsız cihazın geri qaytarılması” barədə istəyinizin heç bir hüquqi əsası yoxdur. Geri qaytarmaq istədiyiniz “Purizma” cihazında hər hansı texniki və ya digər bir problem yoxdur. Bu səbəbdən cihazın geri qaytarılması barədə təklifiniz tərəfimizdən qeyriməqbul hesab edilmişdir”. “Müqavilə Əlavəsi”nin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə 1477 manat, xx.xx.2021-ci il tarixdə 1477 manat və 17.11. 2021-ci il tarixdə 1477 manat, cəmi 4431 manat ödəməli olduğu halda qeyd edilən ödənişlər fiziki şəxs Cavabdeh tərəfindən qərəzli şəkildə icra edilməmişdir. Müqavilə Əlavəsinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqailəyə zidd əməl hesab olunur. Məlumat üçün bildirirlər ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış “Müqavilə” və “Müqavilə Əlavəsi” üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə tərəflərdən xx.xx.2021-ci il tarixdə Cavabdeh “Mediasiya prosesinin tətbiqi barədə” Təklif məktubu göndərilmişdir. Sözügedən məktubun çatmasından 10 gün çox müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyi üçün tərəflərdən xx.xx.2021-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi”nə dair Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator (X7, № 0056) tərəfindən 2021-007642 nömrəli iş üzrə mübahisənin qarşılıqlı həll edilməsi üçün tərəflərə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı dəvət məktubu göndərmişdir. İlkin medasiya sessiyasında iştirakı ilə bağlı ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir.İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Nəticə olaraq meditor (X7, № 0056) tərəfindən 2021-007642 nömrəli iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” (Cavabdeh münasibətlə) barədə arayış təqdim edilmişdir. Hesab edirlər ki, qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla iddia ərizəsi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış “Nisyə alğı-satqı” haqqında 616 nömrəli müqavilə öhdəliyin yaranması faktını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddət təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqavilənin 4.1.1-ci bəndinə əsasən satış obyekti təhvil verildiyi gün ödənilməli məbləği və eyni zamanda Müqavilə Əlavəsində qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər tələb etmək “İcraçı”nın hüququ kimi müəyyən edilmişdir. Həmçinin Müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə əsasən bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir və mübahisələr “Tərəflər”in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Buna istinad edərək İddiaçı MMC tərəfindən cavabdehin ünvanına bir neçə dəfə olmaqla mübahisənin məhkəməyə qədər nizama salınması məqsədi ilə borcun ödənilməsi barədə xəbərdarlıq (həmçinin mediasiyaya müraciət olunub) məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyinin icrası istiqamətində heç bir addım atmamış, qanunvericiliyin və müqavilənin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin “Müqavilə Əlavəsi”nin 3.5-ci bəndində qeyd edilmişdir ki, bu Müqavilə imzalandığı andan “Sifarişçi” (Cavabdeh) qeyri-şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin qanunvericiliyin və müqavilənin bu tələbləri Cavabdeh tərəfindən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq ödənişlər edilmədiyi üçün pozulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqavilənin 4.1.5-ci bəndinə əsasən “Sifarişçi” Müqavilə Əlavəsi ilə müəyyənləşdiirilmiş məbləği ödəmədiyi halda, “İcraçı” gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 1%-i miqdarında birdəfəlik cərimə ödənilməsini tələb etmək hüququna malikdir. Hesab edirlər ki, qanunvericiliyin və müqavilənin qeyd edilmiş tələbləri üzrə Cavabdeh gecikdirilmiş məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hesablanmış faiz və ya cərimə tələb etməkdə haqlıdırlar. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğısatqı” haqqında Müqavilənin 1.1, 4.4.1-ci bəndləri və xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İddiaçı MMC-nin müqavilə bağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin Cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İddiaçı MMC-nin ödənilməli olan pul vəsaitindən xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021- ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqavilənin 9.2-ci bəndinə əsasən bu Müqaviləyə “İcraçı” tərəfindən “Sifarişçi”nin bu Müqavilə üzrə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Müqavilə Əlavəsilə üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi halda birtərəfli qaydada xitam verilə bilər. “Müqavilə”nin 9.2.1-ci bəndinə əsasən Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Əgər Müqavilə ləğv edilən zaman tərəflərdən birinin digər qaşısında bu Müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyi qalmışsa, həmin tərəfin öhdəliyinə yalnız müvafiq öhdəliyin yerinə yetirilməsindən sonra xitam verilə bilər. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqaviləni ləğv etməklə həmin müqavilə üzrə qalıq borc məbləğ olan 26.600 manat borcun, 200 manat mediasiya xərcinin, 170,40 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış faizlərin (dəbbə pulunun, cərimənin) Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.Sonradan İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilmədiyi üçün Müqavilənin 4.1.5-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 153 gün icra edilmədiyi üçün 2259,81 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 153 gün = 2259,81 manat); xx.xx.2021ci il tarixdə ödənilməli olan 1477 manat 123 gün icra edilmədiyi üçün 1816,71 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 123 gün = 1816,71 manat); xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat 92 gün icra edilmədiyi üçün 1358,84 manat (1477 manatın 1%-i x gecikmə günlərinin sayı olan 92 gün = 1358,84 manat); xx.xx.2021- ci il tarixdə ödənilməli olan 1477 manat 62 gün icra edilmədiyi üçün 915,74 manat (1477 manatın 1%i x gecikmə günlərinin sayı olan 62 gün = 915,74 manat); xx.xx.2022-ci il tarixdə ödənilməli olan 1477 manat 31 gün icra edilmədiyi üçün 457,87 manat (1477 manatın 1%i x gecikmə günlərinin sayı olan 31 gün=457,87 manat), cəmi 6808,97 manat məbləğində cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqaviləni ləğv etməklə həmin müqavilə üzrə qalıq borc məbləğ olan 26.600 manat borcun, 200 manat mediasiya xərcinin, 170,40 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda xx.xx.2021- xx.xx.2022-ci il tarixləri əhatə edən müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış 6808,97 manat məbləğində cərimə borcunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 7.Əvvəlki məhkəmənin iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, müqaviləyə qol çəkən zaman etibarından sui-istifadə edilib. Belə ki, ilk dəfə iddiaçıya malik olan müəssisənin binasına yaxınlaşdıqda onu çox mehriban qarşıladılar və onda özlərinə qarşı inam yaratdılar. Sifariş verdiyi aparat gətiriləndə dərhal açıb baxmadı, onlara olan inamı buna vadar etdi. Sonrada o aparatın onun sifariş verdiyi apparat olmadığını görmüşdür. Özlərinin qeyd etdikləri nömrələrlə nə qədər əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verən olmadı. Məhsul hələ də işlədilməyib və qutudadır, qəbul vermək istəyir qəbul etmirlər. Odur ki, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. PLEXR tibbi avadanlığının və digər tibbi avadanlıqlarının alınması ilə bağlı iddiaçı şirkəti ilə razılığa gəlmişlər. Şirkətin səlahiyyətli nümayəndəsi adı qeyd edilən tibbi avadanlığı və digər ona lazım ola biləcək və müasir dövrün tələblərinə cavab verərək cihazları ona gətirə biləcəyinə söz vermişdir (PLEXR PRO). Müəyyən müddətdən sonra ona sənədləri və sertifikatı düzgün olmayan PURİSMA cihazı gətirmişdir. Həmin cihaz müasir tələblərə cavab vermir. Onun əlində daha vacib sübutlar və sənədlər vardır ki, yanlış gətirilən PURİSMA cihazı insan sağlamlığına əks təsir göstərir. Çıxılmaz vəziyyətdə qalmışdır. X11 görüşmək istəsə də, nəticəsi olmayıb. Rəsmi məktublarına, messajlarına və zənglərinə cavab verməmişdir. Müraciətdə ona cihaz işə yaramadığını, tibbi tələblərə və standartlara uyğun gəlmədiyini bildirmişdir. Mübahisəli tibbi avadanlığa bu günədək toxunmamışdır və istifadə etməmişdir. Çünki tibbi baxımdan insan orqanizminə ziyandır. Məhkəmə və ya onun özü tərəfindən mütəxəssis dəvət oluna və cihaza baxış keçirə bilər. Belə nəticəyə gəlmək olar ki, o, onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Təbii ki, faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq. Ona görə təklif etmişlər ki, bu cihazı aparsınlar, onlara lazım olanı gətirsinlər və onlar öz birliklərini davam etdirsinlər. Əhəmiyyəti olmadı. Hüquqi bazası olmayan iddia ərizəsində hazırki mübahisəyə aidiyyatı olmayan mülki hüquq normalarına istinad etmişdir. Hesab edir ki, hüquqi baxımından müqavilənin tələblərinə o, yox, iddiaçı tərəf əməl etməmiş və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçı mediasiya qurumu ilə bağlı qeyd edir ki, guya onlar ora getməmişlər. Bu da növbəti bir uydurmadır. Onlar iştirak etmişlər. Əli Adıgözəlov cənablarının yanında iki dəfə olmuşlar və əksinə iddiaçı tərəf həmin mediasiyaya gəlməmişdir. İddiaçı göstərir ki, onları müqaviləni icra edirlər. İddiaçı onun istədiyi tibbi standartlara cavab verən PREXR PRO cihazını təhvil veribmi? Onun etibarından sui-istifadə edərək yalnış cihaz gətirmişlər. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 avqust 2022-ci il tarixli, 2(006)-1023/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında müqavilənin ləğv edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli “Nisyə alğı-satqı” haqqında müqavilə üzrə 26.600 (iyirmi altı min altı yüz) manat əsas borc, 1600 (bir min altı yüz) manat məbləğində dəbbə pulu, 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 28.370,40 (iyirmi səkkiz min üç yüz yetmiş manat, qırx qəpik) manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 10.İş materiallarında olan “Sifarişçi” qismində Cavabdeh ilə “İcraçı” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı haqqında 616 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “Sifarişçi” Cavabdeh satış obyektini sifariş edib “İcraçı” İddiaçı MMC-yə razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, "xxxx" MMC isə Cavabdeh ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra “Xidmət”) öhdəsinə götürmüşdür. Göstərilməli “Xidmət” üzrə satış obyekti və onun satış qiyməti, bu Müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmişdir. 11.İş materiallarında olan “Sifarişçi” qismində Cavabdeh ilə “İcraçı” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əlavəsinin təsdiq olunmuş surətindən görünür ki, göstərilməli “Xidmət” üzrə satış obyekti, satış obyektinin satış qiyməti, satış qiymətinin ödənilmə mərhələləri və tarixi: satış obyektinin təsviri: Mini Nd: YAG, H5050 9 funksiyalı kombayn, V-MAX Pro, Purisma, Sentrifuqa, Dr pen A6 (bənd 2.1). Satış qiymətinin toplam satış qiyməti iki cür razılaşdırılır (bənd 2.2.). Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir (bənd 2.2.1.). Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir (bənd 2.2.2.). X18 2.2.1-ci bəndinə əsasən razılaşdırılmış satış obyektinin toplam satış qiyməti 02 mərhələdən ibarət olmaqla “Sifarişçi” Cavabdeh tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gündən artıq olmayan müddət ərzində tam şəkildə icra olunmalıdır: Mərhələ 1: 23.400 manat (ödəniş məbləğ), xx.xx.2021-ci il tarixli (ödəniş tarixi), 24.000 manat (ödəniş sonrası qalıq məbləğ); Mərhələ 2: 24.000 manat (ödəniş tarixi) (bənd 2.3.1). X18 2.3.1-ci bəndi “Sifarişçi” Cavabdeh tərəfindən icra olunmadığı halda, X18 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və 19 mərhələdən ibarət olmaqla “Sifarişçi” Cavabdeh tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır: Mərhələ 1:23.400 manat (ödəniş məbləğ), xx.xx.2021-ci il tarixli (ödəniş tarixi), 26.600 manat (ödəniş sonrası qalıq məbləğ); Mərhələ 2-18:1477 manat (ödəniş məbləği); Mərhələ 19: 1491 manat (ödəniş məbləği) (bənd 2.3.2). 12.İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qeyd olunmuş və 616 nömrəli müqavilə əsasında ona çatdırılmalı bütün predmetləri (Mini ND YAG, H5050 9 Funksiyası Kombayn, Sentrifuqa, Dr.Pen A6) təhvil almışdır. Onların öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və yuxarıda qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını imzası ilə təsdiq etmişdir. 13.İş materiallarında olanxx.xx.2021-ci il tarixli təhil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qeyd olunmuş və 616 nömrəli müqavilə əsasında ona çatdırılmalı bütün predmetləri (V Max Pro, Purisma) təhvil almışdır. Onların öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və yuxarıda qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını imzası ilə təsdiq etmişdir. 14.İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Müqavilə” imzalanmışdır. Eyni zamanda “Sifarişçi” tərəfindən əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi” imzalanmışdır. Satış obyektləri (Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən imzalanmışdır və həmin sənədlərə uyğun olaraq “təhvil aldığınız predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiyi və qeyd olunmuş bütün predmetlərin arzu etdiyiniz keyfiyyətə sahib olduğu” təsdiq edilmişdir. Xüsusi olaraq vurğulamaq istəyirlər ki, “Müqavilə Əlavəsi”nin 3.5-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı andan “Sifarişçi” qeyri şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. “Müqavilə Əlavəsi”nin 2.2-ci maddəsində qeyd edilmişdir: 2.2. Satış obyektinin toplam satış qiyməti iki cür razılaşdırılır; 2.2.1. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir; 2.2.2. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir. Müqavilə Əlavəsinin 2.2.1-ci maddəsinə əsasən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən qəbul etməsini nəzərə alaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsini xahiş edirlər. Cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, sözügedən müqavilənin 2.2.2-ci maddəsi qüvvəyə qüvvəyə minəcəkdir. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş olunur. 15.İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Müqavilə” imzalanmışdır. Eyni zamanda “Sifarişçi” tərəfindən əsas müqavilənin icrası qaydasının müəyyən edilməsi məqsədi ilə tərəflər arasında «Müqavilə»nin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli “Müqavilə Əlavəsi” imzalanmışdır. Satış obyektləri (Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən imzalanmışdır və həmin sənədlərə uyğun olaraq “təhvil aldığınız predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiyi və qeyd olunmuş bütün predmetlərin arzu etdiyiniz keyfiyyətə sahib olduğu” təsdiq edilmişdir. Xüsusi olaraq vurğulamaq istəyirlər ki, “Müqavilə Əlavəsi”nin 3.5-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı andan “Sifarişçi” qeyri şərtsiz müqavilədən birtərəfli qaydada imtina etməməyə və eyni zamanda Satış obyektinin geri qaytarılmamasına dair üzərinə öhdəlik götürmüş olur. Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətində bildirilmişdir ki, “Müqavilə Əlavə”sinin 2.2.1-ci maddəsinə əsasən satış obyekti olan cihazların xx.xx.2021- ci il tarixli Təhvil-təslim aktına əsasən qəbul etməsini nəzərə alaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödənişin 05 iş günü ərzində icra edilməsini xahiş edirlər. Cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, sözügedən müqavilənin 2.2.2-ci maddəsi qüvvəyə qüvvəyə minəcəkdir”. Nəzərinə çatdırırlar ki, sözügedən müraciətlərinə əsasən Cavabdeh tərəfindən 24.000 manat məbləğində ödəniş 05 iş günü ərzində icra edilmədiyi üçün Müqavilə Əlavəsinin 2.2.2-ci maddəsi qüvvəyə minmişdir: “Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir”. Yuxarıda qeyd edilənlərlə yanaşı bildirmək istəyirlər ki, Müqavilə Əlavəsinin 2.3.2-ci maddəsində qeyd edilən ödəniş qrafiki qüvvəyə minmişdir: “X18 23.1-ci bəndi “Sifarişçi” tərəfindən icra olunmadığı halda, X18 2.2.2-ci bəndində qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50.000 manat qüvvəyə minmiş hesab olunur və aşağıda qeyd edilən 19 mərhələdən ibarət olmaqla “Sifarişi” tərəfindən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır. Belə ki, “Sifarişçi” tərəfindən satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixdən Cavabdeh təhvil verildiyi nəzərə alsalar, Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən ödəniş mərhələsi olan “Mərhələ 2” üzrə xx.xx.2021-ci il tarixə olan ödənişi 1477 manat təşkil edir. Belə ki, Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 1477 manat ödənilməli olduğu halda qeyd edilən ödəniş Cavabdeh tərəfindən icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Nəzərinə çatdırmaq istəyirlər ki, bu kimi hal Mülki Məcəlləyə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Qeyd edilənləri nəzərə alaraq Müqavilə Əlavəsinin 2.3.2-ci bəndinə əsasən satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilməli olan 1477 manat pul vəsaitinin ödənilməsinə dair öhdəliyini 05 gün müddətində icra etməsini xahiş edirlər. Əks təqdirdə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün məhkəməyə müraciət etməklə, əsas borcla yanaşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada borcun ödənilməsini gecikdirdiyinə görə hər gecikdirilən gün üçün dəbbə pulu, dəymiş ziyanın əvəzinin ödənilməsi və əldən çıxmış fayda tələb olunacaqdır. Qeyd: Bu müraciətə Cavabdeh tərəfindən hər hansı bir rəsmi münasibət bildirilməməsi qanunvericiliyə uyğun olaraq hərəkətsizlik kimi qiymətləndiriləcək və nəticə etibarı ilə müvafiq məhkəməyə müraciət ediləcəkdir. 16.İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında müqavilə üzrə xx.xx.2021-ci il tarixə yaranmış müqavilə üzrə qalıq borc üzrə 26.600 manat, müqavilə müddəti, yəni xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr ərzində müqavilə üzrə ödəniş məblğinin hər gecikdirilən gün üçün hesablanmış cərimə üzrə 6808,97 manat, mediasiya xərci 200 manat, dövlət rüsumu qismində ödənilmiş 170,40 manat, cəmi 33.779,37 manat məbləğində borcu qalmışdır. 17.İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X16 İddiaçı MMC-nin təmsilçisi Nümayəndə tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisə üzrə xx.xx.2021-ci il tarixdə, 14.00-15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt, telefon vasitəsi ilə məlumatlandırılmışdır. Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 18.İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən mediator X4 200 manat mediasiya haqqı ödənilmişdir. 19.Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı haqqında müqaviləyə və həmin tarixli müqavilə əlavəsinə əsasən iddiaçı satış obyektləri Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 cavabdehdən almış və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. Müqavilə Əlavəsinin 2.2.1-ci bəndinə əsasən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilmişdir. Müqavilə Əlavəsinin 2.2.2-ci bəndinə əsasən satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya müqavilə üzrə qalıq borc üzrə 26.600 manat, cərimə borcu üzrə 6808,97 manat borcu yaranmışdır. 20.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisyə alğı-satqı haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 iddiaçıdan almışdır. Cavabdeh aldığı əmlaka görə pulun ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən həmin satış obyektləri cavabdehə təhvil verilmişdir. 21.Məhkəmə, həmçinin müəyyn etmişdir ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə xx.xx.2022-ci il tarixə ödənilməmiş 26600 manat əsas borc, 6808,97 manat cərimə borcu yaranmışdır. 22.Məhkəmə qeyd etmişdir ki,Cavabdeh nisyə alğı-satqı haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, təhvil-təslim aktında sifariş olunan əşyanın başqa əşya olmasına dair hər hansı bir qeyd etməmiş və bugünədək isə hər hansı ödəniş də etmədiyindən bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı nisyə alğı-satqı haqqında müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 23.Məhkəmə hesab etmişdir ki, cavabdeh öz üzərinə düşən vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi nisyə alğı-satqı haqqında müqaviləsinin ləğv edilməsi, 26.600 manat əsas borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. 24.Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən iddia tələbinin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən müqavilə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış 6808,97 manat cərimənin tutulması hissəsi üzrə hesab etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. 25.Həmin hissədə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, iddiaçının xeyrinə tutulacaq cərimə borcu 1600 manat məbləğində müəyyən edilməlidir. 26.Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 170,40 manat məbləğində pul tutulmalıdır. 27.Məhkəmə iddia tələbinin 200 manat mediasiya xərcinin tutulması hissəsi üzrə həmin hissədə tələbin təmin edilməməli olması qənaətinə gələrək qeyd etmişdir ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiya prosesindən məcburi keçməlidir. Lakin hazırki mübahisə bunların heç birinə aid olmadığından və iddiaçı tərəf bu prosesi könüllü sürətdə etdiyindən qeyd olunan xərcin cavabdehdən tutulması qanuna uyğun deyildir. 28.Məhkəmə həmçinin cavabdehin etirazına münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəf onun müqavilənin formal olaraq bağlandığını və bunun nəticəsində aldadıldığını qeyd etsədə bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bunun əksinə olaraq isə qeyd olunan avadanlıq ona təhvil-təslim aktı ilə təqdim olunarkən özü şəxsən imza edərək razılaşmaqla təhvil almışdır. Bu hal isə qeyd olunan müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. 29.Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli “Nisyə alğı-satqı” haqqında müqaviləsi üzrə 26.600 (iyirmi altı min altı yüz) manat əsas borc, 1600 (bir min altı yüz) manat məbləğində dəbbə pulu, 170,40 (yüz yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 28.370,40 (iyirmi səkkiz min üç yüz yetmiş manat, qırx qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 389.1, 5.3, 16.1, 425.1, 390.1, 6, 385.1, 386.1, 442, 443.1, 443.5, 448.1, 600.1, 600.4, 421.1, 421.2 və 467-ci; Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.4, 217.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəf onun etibarından sui-istifadə edərək onu aldatmışlar. Tibbi tələblərə cavab verməyən, sənədləri qaydasında olmayan bir cihazı ona vermişlər. Məqsədləri pul qopartmaq olub. Ödəniş qəbzləri belə verilməyib. Məhkəmə mübahisənin həqiqi və faktiki hallarına qətiyyən hüquqi qiymət verməmişdir. İşin həqiqi hallarından da görünür ki, iddiaçı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa qeyd edir ki, məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə iclası keçirilməsi barədə məlumatı olmamışdır. Həmin cihazın müasir tibbi tələblərə cavab verib-verməməsinə dair ekspertiza təyin edilməsini zəruri hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, həmin “Purisma” markalı plazma cihazı müasir tələblərə cavab vermir, insan orqanizmi üçün zərərlidir. 35.Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hazırki mübahisə “Purisma” avadanlığı ilə bağlıdır. Cavabdehlə iddiaçı arasında “Purisma” avadanlığının nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin avadanlıq cavabdehə təhvil verilmiş, cavabdeh aktı imzalayaraq qəbul etmişdir. “Purisma” markalı plazma cihazının uyğunluq sertifikatı da vardır. Həmin avadanlıq EN60601- 1:2006+2006+A1:2014 tələblərinə uyğundur. 36.Məhkəmə kollegiyasının iclasında mütəxəsis qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X19 nümayəndəsi X14 izahatında qeyd etdi ki, birincisi X2 proseduru necə aparmağı barədə danışmaq istəyir. Ekspertiza Mərkəzi dərman vasitələri, tibbi vasitələr və bioloji fəallığa malik qida əlavələri ilə bağlı ekpert rəyi verə bilir. Bunlar iki kateqoriyaya bölünür: dərman vasitələrinin həm sənədli, həm də labarotoriya ekspertizası həyata keçirilə bilir, eyni qaydada da bioloji fəallığa malik qida əlavələri həm sənəd üzrə, həm də labarotoriya analizləri həyata keçirilə bilir. Tibbi vasitələrdə isə prosedur fərqlidir. Fərqli olmağının səbəbi onların özünün fərqliliyindən irəli gəlir. Gellər olur, mayelər olur və yaxud inyeksiya üçün maddələr olur, onların həm labaratoriya analizlərini həyata keçirdə bilirlər, həm də, sənəd üzrə ekspertizasını həyata keçirdə bilirlər. Tibbi cihazlarda isə labarotoriya analizi qeyri mümkündür. Çünki cihazlar X5 gətirilmir, gömrük orqanlarına gətirilir, orda saxlanılır, cihazlarda bağlı da onların sənəd siyahıları vardır ki, onlar hansı sənədləri istəyirlər. Mövcud sənədlər X5 daxil olandan sonra, ümumiyətlə özləri də bilirlər ki, onlarda tibbi vasitələrlə bağlı elmi mənbələr və qanunvericilik mövcud deyil. Onlar məcburi olaraq dünya ölkələrinin praktikasına müraciət edərlər, ən çox da Amerkanın. Onlara təqdim olunan sənədlər də məişət sertifikatı, hansı ki, onun istehsal olunduğu ölkənin özünün verdiyi məişət sertifikatıdır və keyfiyyət sertifikatıdır. Bu sənədlər onlara gələndə cihazı ümumi araşdırırlar ki, insan sağlamlığı üçün təhlükəlidirmi, istifadəsi məqsədə uyğundur ya yox. Bu meyarlara əsasən dəyərləndirib onun idxalına icazə verirlər. Mübahisəli “Purisma” markalı plazma cihazın istifadəsi isə məqsədə uyğundur, idxalına icazə verirlər. Əgər idxalına icazə verilməsə gətirilə bilməz. 37.Məhkəmə Kollegiyasının iclasında mütəxəsis Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X19 nümayəndəsi X12 izahatında qeyd etdi ki, rəsmi sənəd əsasında ölkəyə gətirilən avadanlıqla bağlı bilirlər ki, həmin avadanlıq harda istehsal olunub, hansı ölkədən gətirilir. Səhiyyə Nazirliyinin həmin avadanlıqlarla bağlı razılığı olmasa, ölkəyə gətirilə bilməz və istifadəsi mümkün deyil. Sənədlərə baxaraq belə bir icazə məktubu yazırlar. Digər ölkələrdə qadağan edilmiş cihaz deyilsə, bunun keyfiyyət sertifikatı, deklorasiyası, istehsalçının cavavbdeh olduğunu göstərən sənəddir, mal haqqında (invoice), onun sinifi haqqında məlumat verir. Mal haqqında onlar zərərli olub-olmaması ilə bağlı məlumat topladıqdan sonra, digər ölkələrdə məsələn: Türkiyədə, Amerikada qadağan olunmamış cihazdırsa, bunlar araşdırılandan sonra ona icazə məktubu verirlər. Bu cihazlar qadağan olunmuş cihaz deyil. Hazırda mübahisələndirilən “Purisma” markalı plazma cihazı insan orqanizmi üçün heç bir zərərliliyi yoxdur. Həmin cihazın Azərbaycan Respublikasına gətirilməsinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Əgər qeyd olunan cihaz insan orqanizmi üçün zərərli olsaydı, Azərbaycan Respublikasına gətirilməsinə icazə verilməzdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 38.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 39.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.. 40.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 41.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 42.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 45.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 46.Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 47.Maddə 448.1.Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 48.Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: -587.1.1. alış qiymətinin mütənasib azaldılması; -587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; -587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 49.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 50.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 51.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 52.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 53.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 54.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 55.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 56.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 58.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etsə də, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehin dəlilləri əsasında iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 59.Kollegiya tərəflərin nümayəndələrinin, mütəxəsislərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(006)-1023/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 60.Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisyə alğı-satqı haqqında müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh Mini Nd YAG, H5050 9 funksiyası kombayn, V-Max Pro, Purisma, Sentrifuqa, Dr.Pen A6 iddiaçıdan almışdır. Cavabdeh aldığı əmlaka görə pulun ödənilməsi barədə öhdəlik götürmüş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən həmin satış obyektləri cavabdehə təhvil verilmişdir. 61.Lakin, Cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə xx.xx.2022-ci il tarixə ödənilməmiş 26600 manat əsas borc, 6808,97 manat cərimə borcu yaranmışdır. 62.Cavabdeh iddiaçının onu aldatdığını, tibbi tələblərə cavab verməyən, sənədləri qaydasında olmayan “Purisma” markalı plazma cihazını ona satdığını bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, bunun əksinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından göründüyü kimi cavabdeh müqavilə üzrə bütün predmetləri təhvil aldığını, onların öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və təhvil-təslim aktında qeyd olunan avadanlıqların arzu etdiyi keyfiyyətə sahib olduqlarını öz imzası ilə təsdiq etmişdir. 63.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Purisma” markalı plazma cihazının keyfiyyət standartlarına uyğun olub-olmaması ilə bağlı apellyasiya mərhələsində iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert imtina cavabı verərək, müvafiq sualların cavablandırılmasının istehsalçı şirkətin məhsullarına texniki xidməti həyata keçirən həmin sahədə ixtisaslaşmış mütəxəsis tərəfindən həyata keçirilə biləcəyini qeyd etmişdir. 64.Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X19 mütəxəsisləri məhkəməyə dəvət olunmuş, onlar izahatlarında qeyd etmişlər ki, hazırda qeyd olunan “Purisma” markalı plazma cihazı qadağan olunmuş cihaz deyil. Həmin cihazın insan orqanizmi üçün heç bir zərərliliyi yoxdur. Həmin cihazın Azərbaycan Respublikasına gətirilməsinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Əgər qeyd olunan cihaz insan orqanizmi üçün zərərli olsaydı, Azərbaycan Respublikasına gətirilməsinə və istifadəsinə icazə verilməzdi. 65.Göründüyü kimi, cavabdeh “Purisma” markalı plazma cihazının tibbi tələblərə cavab verməyən, sənədləri qaydasında olmayan, insan orqanizmi üçün zərərli olması ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 66.Digər tərəfdən Mülki Məcəllənin 588.1-ci maddəsinə uyğun olaraq cavabdeh “Purisma” markalı plazma cihazında hər hansı qüsurun, həmin cihazların alıcıya, yəni ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, həmin qüsurulara görə satıcının (iddiaçının) cavabdehlik daşımasının heç bir qanuni əsası yoxdur və bununla əlaqədar olaraq alıcının (cavabdehin) cihazların pulunu ödəməkdən imtina etməsi əsassızdır. 67.Kollegiya hesab edir ki, Cavabdeh nisyə alğı-satqı haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, təhvil-təslim aktında sifariş olunan tibbi tələblərə cavab verən əşya ilə bağlı bugünədək hər hansı ödəniş etmədiyindən bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir. Belə olan halda iddiaçı nisyə alğı-satqı haqqında müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 68.Kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq Cavabdeh xx.xx.2021-ci il tarixli “Nisyə alğısatqı” haqqında müqaviləsi üzrə 26.600 borcun və 1600 manat məbləğində dəbbə pulunun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir. 69.Kollegiya həmçinin hesab edir ki, məhkəmə dövlət rüsumu ilə bağlı məsələni prosessual qanunvericiliyin tələblərinə uyğun düzgün həll etmişdir. 70.Məhkəmə kollegiyası apellyatorun məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı dəlilini əsassız hesab etməklə qeyd edir ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, növbəti məhkəmə iclası ilə bağlı məlumatlandırılmışdır. 71.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 72.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 73.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 74.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(006)-1023/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar