Məhkəmə qərarları › İş №2(103)-4083/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4083/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4083/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Azərbaycan Respublikası Xammal və X13 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə” qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri, Nizami rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) “ödənilmiş hərrac xərcinin geri ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(005)-479/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Azərbaycan Respublikası Xammal və X13 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə” qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri, Nizami rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) “ödənilmiş hərrac xərcinin geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X13 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzindən (VÖEN:**********) “xxxx” MMC-nin xeyrinə 3.187.50 (üç min yüz səksən yeddi) manat hərrac xərcinin və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(005)-479/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın yekunlarına dair tərtib edilmiş sənədin (Protokol) təqdim edilməsi üçün əsas olmuş icra vərəqəsinin verildiyi xx xxxx 2018-ci il tarixli 2(007)-171/2018 saylı qiyabi qətnamə xx xxxxxxx 2018-ci il tarixli Qərardadla ləğv edilmişdir, bu isə həmin icra sənədi üzrə icra hərəkətlərinin aparılmasını istisna edir. Tələb edilən məbləğ qətnamədə qeyd edilən kimi, hərracın keçirilməsi üçün ödənilmiş 3.187,5 manat deyil, yəni hərracda iştirak etmək üçün deyil, hərrac nəticələrinə dair sənədin verilməsi üçün ödənilmiş məbləğdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və iş üzrə yeni qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikd ə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(007)-2178/2016 saylı qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilərək X1 və X4 müştərək qaydada “xxxx” BOKT MMC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli AZBA-000448-008/1 saylı və xx xxx 2013-cü il tarixli AZBA-000448-008/2 saylı razılaşmalara verilmiş 8-ci kredit üzrə 60848.03 ABŞ dolları əsas borc, 24645,98 ABŞ dolları faiz borcu, 32252 ABŞ dolları dəbbə borcu, xx xxxxxxxx 2014-cü il tarixli BAKU0-226-10249 saylı razılaşma ilə illik 21 faiz ödəmə şərti ilə 42 ay müddətinə verilmiş 9-cu kredit üzrə 65845,29 ABŞ dolları əsas borc, 27797,62 ABŞ dolları faiz borcu, 34009 ABŞ dolları dəbbə borcu; yəni hər iki kredit üzrə 126693,32 ABŞ dolları məbləğində əsas borcu 52443,6 ABŞ dolları faiz borcu, 66261 ABŞ dolları dəbbə, cəmi 245397,92 ABŞ dolları məbləğində kredit borcu və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 70.9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbədən ibarət əmlaka yönələrək həmin daşınmaz əmlakın ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 42 saylı evin, 38,0 kv.m yaşayış sahəsi olan 3 otaqlı 5 nömrəli mənzilə yönələrək həmin daşınmaz əmlakın ilkin satış qiyməti 1.000.000 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmişdir. 15 avqust tarixdə həmin qətnamə icra edilməsi üçün 2(007)-2178/2016 saylı xx xxxx 2016-cı il tarixli icra vərəqəsi verilmişdir. xx.xx.2016-cı il tarixli 2(007)-2178/2016 saylı icra vərəqəsinə əsasən bank qarşısında yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 70.9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və ya yerüstü mərtəbədən ibarət əmlaka yönələrək həmin daşınmaz əmlakın ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə açıq hərracda satılması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 510/HO-OUT nömrəli pretenziya məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyesterində 107 nömrəli reyester kitabının 9996 nömrəli vərəqində qeydiyyata alınan ünvan 2 ünvanında yerləşən 70.9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbənin 120.000 (yüz iyirmi min) manat ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması üçün icra sənədi əsasında hərrac keçirilmiş lakin alıcı olmadığından ipoteka saxlayan tərəfindən xx.xx.2017-ci il tarixdə 10/07 saylı protokolla 76.500 manata balansa qəbul edilmişdir. Bununla bağlı olaraq xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Respublika Xammal və X13 və Daşınmaz Əmlakların Satışı üzrə X9 Bank ASC-nin Nərimanov filalında olan AZ61AİİB******************** saylı hesaba 3.187.50 (üç min yüz səksən yeddi) manat 5% hərrac keçirilməsi xərci köçürülmüşdür. xx.xx.2017-ci il tarixli ödəniş tapşırğından da görünür ki, hərracın keçirilməsi üçün 3187 (üç min yüz səksən yeddi) manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2017-ci il tarixli 10/07 nömrəli hərracın yekunları barədə protokola əsasən X6 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 29 ünvanında yerləşən 70,9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbədən ibarət əmlak ipoteka predmetinin ilkin hərrac qiyməti (qeyri-yaşayış sahəsi) 120000 (yüz iyirmi min) manat predmetin təkrar hərracdakı ilkin satış qiyməti 102000 (yüz iki min) manat ipoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% olan qiyməti 76500,00 (yetmiş altı min beş yüz) manat qiymətlə tələbkar əldə etmişdir. xx.xx.2017 - ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən X6 məxsus ünvan 2 ünvanında yerləşən 70,9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbədən ibarət əmlakın qiyməti 76500,00 (yetmiş altı min beş yüz) manat olmaqla “xxxx” BOKT MMC ilə “Azərbaycan Respublikası Xammal və X13 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” arasında müqavilə bağlanmışdır. İşin materiallarından görünür ki, cavabdeh X3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2178/2016 saylı xx xxxx 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə vermiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2178/2016 nömrəli qərardadı ilə ərizə təmin edilərək qiyabi qətnamənin ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-171/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MMC ilə X3 arasında ikinciyə illik 30% artıq olmamaqla, 240 aydan artıq olmayan müddətə 600.000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxxxx 2004-cü il tarixli 218 saylı kredit müqaviləsi (kredit müqaviləsinə əlavə və dəyişikliklər barədə xx xxxxxx 2010-cu il, xx xxxxx 2012-ci il, xx xxxxxx 2013-cü il və xx xxxx 2014cü il tarixli sazişlər də daxil olmaqla) ləğv edilərək X1 və X4 müştərək qaydada xx xxxxxx 2013-cü il tarixli AZBA-000448-008/1 saylı və xx xxx 2013-cü il tarixli AZBA-000448-008/2 saylı razılaşmalarla verilmiş 8-ci kredit üzrə 59741,6 ABŞ dolları əsas borc, 20503,99 ABŞ dolları faiz borcu, 100000 manat cərimə, cəmi 180245,59 ABŞ dolları borc, xx xxxxxxxx 2014-cü il tarixli BAKU0-226-10249 saylı razılaşma ilə illik verilmiş 9-cu kredit üzrə 65785,29 ABŞ dolları əsas borc, 24097,93 ABŞ dolları faiz borcu, 100000 ABŞ dolları cərimə, cəmi 189883,22 ABŞ dolları borc, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 370128,81 ABŞ dolları məbləğində kredit borcu (ödəniş gününüə Mərkəzi Bankın manata olan məzənnəsi ilə) və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manat pul, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması, tutmanın ünvan 4 ünvanda yerlşən 70.9 kv.m.ümumi sahəsi olan yarımzirzəmiyə və yerüstü mərtəbəyə eləcə də, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsindəki, 42 saylı evin, 38.0 kv.m yaşayış sahəsi olan 3 otaqlı 5 nömrəli mənzilinə yönəldilərək onların ilkin satış qiymətləri müvafiq olaraq 120.000 manat və 100000 manat müəyyən edilməklə həmin əmlaklar açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 11256/2018 saylı qərardadı ilə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-171/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin barışıq sazişinə əsasən icraatına xitam verilmişdir. Qərardadın nəticə hissəsindən görünür ki, iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər X2 və X6 qarşı “kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “Borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər Cavabdehlərin xx xxxxxx 2004-cü il tarixli 218 saylı kredit müqaviləsi və onun tərkib hissələri olan AZBA-000448-008/1, AZBA-000448-008/2 və BAKU0-226-10249 saylı Razılaşmalar üzrə İddiaçıya olan ümumi borc məbləğini xx xxxxxxx 2018-ci il tarixinə 125 000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Göstərilən 125 000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğində borc 2018-ci ilin oktyabr ayından başlayaraq iyirmi üç təqvim ayı ərzində 2020-ci ilin oktyabr ayının sonunadək, hər təqvim ayı ən azı 1.000 (bir min) ABŞ dolları olmaqla Cavabdehlər tərəfindən birgə qaydada İddiaçıya qaytarılmalıdır. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək həyata keçirilməlidir. Borcun tam ödənilməsi: 2.1 Bu Saziş bağlandığı andan 2020-ci ilin oktyabr ayının sonunadək Cavabdehlər tərəfindən, hər təqvim ayı ən azı 1.000 (bir min) ABŞ dolları qaytarmaq şərtilə, İddiaçının xeyrinə cəmi 125 000 (yüz iyirmi beş min) ABŞ dolları qaytarılacağı halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri icra olunmuş hesab olunacaq. Öhdəliklərin tam icra olunma şərtləri: Bu Sazişin 1.1 və 2.1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin xx xxxxxx 2004-cü il tarixli 218 saylı kredit müqaviləsi və onun tərkib hissələri olan AZBA-000448-008/1, AZBA-000448- 008/2 və BAKU0-226-10249 saylı Razılaşmaları üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 9996 nömrəli vərəqində qeydiyyata alınan X6 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın 70.9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbə və Daşınmaz əmlakın dövlət reyestrində 770 nömrəli reyestr kitabının 115678 nömrəli vərəqində qeydiyyata alınan və X6 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev küçəsində yerləşən 42 saylı binanın 38.0 kv.m yaşayış sahəsi olan 3 otaqlı 5 nömrəli mənzil) ipoteka ilə yüklülüyündən azad ediləcəkdir. Öhdəliklərin lazımınca icra edilməməsi Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən aylıq 1.000 (bir min) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, yəni cari təqvim ayında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 4.2 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.2.1 Cavabdehlər bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 235 128 (iki yüz otuz beş min yüz iyirmi səkkiz) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 365 128 (üç yüz altmış beş min yüz iyirmi səkkiz) ABŞ dollarının 130 000 çıxıldıqda qalan hissəsi) artacağını qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 365 128 (üç yüz altmış beş min yüz iyirmi səkkiz) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur; 4.2.2 Tutma ilk növbədə ipoteka predmeti olan Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 9996 nömrəli vərəqində qeydiyyata alınan X6 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın 70.9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbəyə yönəldilir və əmlakın ilkin satış qiyməti tərəflərin razılığı ilə 140 000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə və Daşınmaz əmlakın dövlət reyestrində 770 nömrəli reyestr kitabının 115678 nömrəli vərəqində qeydiyyata alınan və X6 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev küçəsində yerləşən 42 saylı binanın 38.0 kv.m yaşayış sahəsi olan 3 otaqlı 5 nömrəli mənzilə yönəldilir və mənzilin ilkin satış qiyməti tərəflərin qarşılılqlı razılığı ilə 90 000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 4.3 İpoteka predmetinin və girov əşyalarının satışından əldə olunmuş pul vəsaiti bu sazişin 1.1 və 4.2.1-ci bəndlərində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmadığı halda çatışmayan məbləğ cavabdehlərə məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına ödənilir. 4.4 Borcun ödənilməsinə yönəlmiş pul vəsaitinin artıq qalan hissəsi İpoteka qoyana İddiaçı tərəfindən balansa götürülmüş əmlak satıldıqdan sonra qaytarılacaq. Sazişin icraya yönəldilməsi: 5.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. ”. məzmunundakı barışıq sazişi təsdiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun: - 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. - 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3 - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4 - bu Qanunda nəzərdə tutulmuş digər hallarda - 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. - 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - xx.xx.2018-ci il tarixindən sonra qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunvericiliyin tələblərindən görünür ki, hərracın keçirilməsində iştirak etmək üçün hərrac iştirakçısı tərəfindən hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun: - 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. - 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 42.7-ci maddəsinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. - 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Kollegiya qeyd edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və hərrac keçirilmiş, həracın nəticələri iddiaçı ilə arasında alğı-satqı müqaviləsi ilə yekunlaşmış, beləliklə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hərracla bağlı iddiaçı 3187,50 manat pul vəsaiti ödəməsinə istinad etsə də, qanunvericilik yalnız hərracın keçirilməsi ilə bağlı beh məbləğinin ödəməsini nəzərdə tutmuşdur. Lakin, qanunvericiliklə ipoteka saxlayan tərəfindən beh məbləğinin ödənilməsini istisna edir. Göründüyü kimi, iddiaçı tərəfindən hərrac mərkəzinə pul vəsaiti ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, hərracın keçirilməsi mübahisələndirilməmiş və tərəflər arasında hərraca dair alğı-satqı müqaviləsi qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 3.187,5 manat məbləğin hərracın keçirilməsi üçün ödənilmiş, yəni hərracda iştirak etmək üçün deyil, hərrac nəticələrinə dair sənədin verilməsi üçün ödənilmiş məbləğ olmasına dair dəlili ilə bağlı qeyd edir ki, həmin ödəniş xx.xx.2017-ci il tarixdə aralrılmış, hərracın nəticələri isə xx.xx.2017-ci ildə məlum olaraq hərracın yekunları barədə protokol və satılmış əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Başqa sözlə, iddiaçının hərracın nəticələri məlum olmadan onun nəticələrinə dair sənədin verilməsi üçün əvvəlcən ödəniş aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ödənilən məbləğ 5% hərrac keçirilməsi xərci olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, “xxxx” BOKT MMC ilə X3 və X8 arasında bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11256/2018 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişi bağlanmışdır. İddiaçı həmin barışıq sazişinin şərtlərində xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsi üzrə çəkdiyi xərclərin, yəni köçürülmüş 5% hərrac keçirilməsi xərcinin geri qaytarılmasını tələb etmək imkanı olduğu halda bunu etməmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi və ödədiyi pul vəsaitinin geri tələb etmək imkanından istifadə etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə də iddiaçı tərəfindən mübahisələndirilməmiş və ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməmişdir. Göründüyü kimi, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edilmişdir və hərracın keçirilməsindən sonra onun keçirilməsinə əsas olan məhkəmə qətnaməsi ləğv edilsə də hərracın yekunları barədə müqavilə ləğv edilməmiş və qüvvədədir. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş məbləğ geri qaytarıla bilməsinə dair iddianın əsassız olmasına dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin: - 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(005)-479/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar