Məhkəmə qərarları › İş №2(103)-4098/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4098/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4098/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 20 saylı evin 62 saylı mənzilinə görə tərəflərin nikahda olduqları müddət ərzində ödənilmiş cəmi 40300 manat ipoteka krediti ödənişinin yarısını təşkil edən 20150 manatın, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzilinə dair X7 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilənin pozulması nəticəsində Cavabdeh əldə etdiyi 50000 manatın yarısını təşkil edən 25000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın ümumilikdə 45450 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Xətai Rayon Məhkəməsinin 2(011)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (X10) iddia tələbi təmin edilmiş, Cavabdeh ümumilikdə 45150 (qırx beş min yüz əlli) manat və dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır.

3. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin Ailə Məcəlləsinin 32-ci, 35-ci, 37.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

5. İşə apellyasiya qaydaında baxılarkən “”X6” ASC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilənin pozulması nəticəsində Cavabdeh əldə etdiyi 50000 manatın yarısını təşkil edən 25000 manatın ona ödənilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, həmin mənzil valideynlərinin ona aldığı mənzilin satılması nəticəsində alınmalı idi. Sonradan müqavilə pozuldu, əldə olunan 50000 vəsait borcların ödənilməsinə sərf olundu. İpoteka ilə alınan mənzillə bağlı isə qeyd etmişdir ki, həmin mənzil nikahdan əvvəl (nikah xx.xx.2010-cu il) yəni, 27.05.201-cu ildə alınıb. Həmin mənzilin ipoteka ödənişlərini də rəhmətə gedənə kimi onun atası ödəmişdir. Bundan başqa, iddiaçının işləmədiyini, işlədiyi vaxtda da gəlirinin az olduğunu, ailənin ehtiyaclarının onun tərəfindən qarşılandığını bildirmişdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” ASC-nin nümayəndəsi R.Tağısoy Məhkəmə Kollegiyasının mülahizəsinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi, eyni zamanda kredit müqaviləsi üzrə ödənişlə bağlı xx.xx.2010-cu il tarixdən xx.xx.20221-ci il tarixədək olan ödəmə ilə bağlı məlumatı təqdim etdi. Sübutların tədqiqi:

10. Mülki iş materiallarındakı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Şükürova (İsgəndərli) Flora Nizaməddin qızının xx.xx.2010-cu il tarixində nikahları bağlanmışdır.

11. Birinci tərəf X7 ilə ikinci tərəf Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ilkin müqavilənin surətindən görünür ki, birinci tərəf ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilini ikinci tərəfin mülkiyyətinə verməyi, ikinci tərəf isə ilkin müqavilə ilə nəzərdə tutulmuş 50000 manat məbləğində vəsaiti birinci tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər 6 ay müddətində əsas müqavilə bağlamağı öhdələrinə götürmüşdürlər.

12. Mülki iş materiallarındakı xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, X7 tərəfindən ilkin alğı-satqı müqaviləsi ləğv edildikdən sonra 50000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. 13 . Mülki iş materiallarındakı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə rəsmiləşmiş, 3M-13 reyestr nömrəli birinci tərəf X7 ilə Cavabdeh arasında bağlanmış ilkin müqavilə ləğv edilmiş, mənzilə dair Cavabdeh tərəfindən X4 verilmiş 50000 manat məbləğində pul vəsaiti notariusun bankda açılan depozit hesabı vasitəsilə geri qaytarılmışdır.

14. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli № 022İK/10 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 300 ay müddətinə qaytarılması şərti ilə 40000 manat məbləğində kredit verilmişdir.

15. Borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır

16. Mülki iş materiallarındakı xx.xx.2010-cu il tarixli 022İK/10 saylı kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2010- cu il tarixdən xx.xx.2021ci il tarixədək ümumilikdə 40752,36 manat məbləğində ödəniş edilmişdir.

17. “X6” ASC-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, hazırkı mülki işlə bağlı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 022İK/10 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğindən 8967,41 AZN, aiz borc məbləğindən isə 31206,76 AZN ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Ailə Məcəlləsi:

18. Maddə 32. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

19. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

20. Mülki Məcəllə: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

25. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

27. Cavabdeh apellyasiya şikayətində müqavilənin pozulması nəticəsində 50000 manatın yarısını təşkil edən 25000 manatın iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə bağlı bildirir ki, həmin məbləğ cavabdehin valideynlərinin ona aldığı mənzilin satılması nəticəsinə əldə olunub, bu səbəbdən birgə nikah dövründə əldə olunmuş əmlak hesab oluna bilməz. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının işləməməsi, işlədiyi vaxtda da gəlirinin az olması, ailənin ehtiyaclarının onun tərəfindən qarşılanması barədə dəlilinə münasibətdə qeyd edir ki, onun bu dəlili Ailə Məcəlləsinin 32.3-cü maddəsinin tələbləri baxımından əsassızdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin ipotekada olan mənzilin kredit ödənişlərinin cavabdehin mərhum atası tərəfindən ödənilməsi, bu səbəbdən ər-arvadın birgə mülkiyyəti hesab olunmaması barədə dəlili Ailə Məcəlləsinin 32-ci maddəsinin, Mülki Məcəllənin 225.1-ci maddəsinin tələbləri baxımından əsassızdır.

29. Burada araşdırılmalı hal kredit müqaviləsinin bağlanma tarixi ilə bağlıdır. Belə ki, mülki iş materiallarında olan "xxxx" KB ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin tarixi xx.xx.2010-cu ildir. Tərəflərin xx.xx.2010-cu il tarixdə nikahları bağlanmışdır. İşə apellyasiya qaydasında baxılarkən “X6” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. “X6” ASC-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, hazırkı mülki işlə bağlı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 022İK/10 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğindən 8967,41 AZN, faiz borc məbləğindən isə 31206,76 AZN ödənilmişdir. Aparılan araşdırmalarla birgə nikah dövründə kredit müqaviləsi üzrə əsas borc məbləğindən 8967,41 AZN, faiz borc məbləğindən isə 31206,76 AZN olmaqla, ümumilikdə 40174,17 (8967,41+31206,76=40174,17) manat ödəniş edildiyi məlum olmuşdur. Kollegiya hesab edir ki, rayon məhkəməsi tərəfindən birgə nikah dövründə ipoteka ödənişlərinin məbləği ilə bağlı zəruri araşdırma aparılmadığından (bankdan ödənişlə bağlı arayış və sair sənəd tələb edilmədən) yalnız iddiaçının tələbində göstərdiyi 40300 manat məbləğin ½ hissəsində iddia tələbi təmin olunduğundan, hazırda aparılan araşdırma nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikah dövründə aparılmış ipoteka ödənişinin məbləğinin 40174,17 manat olduğu müəyyən edildiyindən, qətnamə həmin hissədə dəyişdirilməlidir. Nəticə:

30. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin ipoteka kreditinin ödənişi hissəsində dəyişdirilməli, cavabdehdən alınaraq iddiaçıya verilməli olan birgə nikah dövründəki ipoteka ödənişinin məbləği (40174,17 manatın ½ hissəsi 20.087,085) 20.087,085 (iyirmi min səksən yeddi manat doqquz qəpik) müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya onu da qeyd edir ki, rayon məhkəməsi nəticə etibarı ilə hər iki məbləği cəmləyərək, ümumi məbləğ kimi cavabdehdən iddiaçının xeyrinə 45150 (qırx beş min yüz əlli) manatın tutulmasını qərara almışdır. Bu səbəbdən, həmin məbləğlərin cəmi hesablanaraq dəyişdirilməli, yəni hazırkı qətnamə ilə ipoteka kreditinin ödənişi hissəsində dəyişdirilən məbləğ 20.087,085 manat və rayon məhkəməsinin qətnaməsi ilə müqavilənin pozulması nəticəsində tutulmuş 25000 manat, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ (20.087,085+25000=45.087,085) 45.087,085 (qırx beş min səksən yeddi manat doqquz qəpik) manat müəyyən edilməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi birgə nikah dövründə ipoteka qaydasında əldə edilmiş mənzilə görə cavabdehdən tutulacaq məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh alınaraq İddiaçı verilməli Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikah dövründə aparılmış ipoteka ödənişinin məbləği 20.087,085 (iyirmi min səksən yeddi manat doqquz qəpik) manat, cəmi tutulan məbləğ isə 45.087,085 (qırx beş min səksən yeddi manat doqquz qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışinski Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar