Məhkəmə qərarları › İş №2(103)-411/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-411/2024

04.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-411/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı X3 vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-788/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X7 (bundan sonra “iddiaçı”) xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin (bundan sonra “cavabdeh”) Qazax-Gürcüstan sərhəd zolağının genişləndirilməsi layihəsi üzrə tikinti icraçısı vəzifəsinə işə qəbul edilmiş, sonradan xx.xx.2021-ci il tarixdə mühəndisi vəzifəsinə keçirilmişdir. İddiaçının ərizəsinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı işdən azad edilməsinə baxmayaraq, ona son haqq-hesabın ödənilməməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə şikayət etmişdir. Şikayət üzrə aparılmış araşdırma nəticəsində iddiaçıya işdən azad edilməsinə baxmayaraq, son haqq-hesabın ödənilməməsi müəyyən edilmiş və bu səbəbdən cavabdeh təşkilatın direktoru Cavad Talıbovı barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, idarə tərəfindən son haqq-hesabın hesablanıb ödənilməsi barədə cavabdehin rəhbərliyinə rəsmi məktub göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sosial arayışa əsasən ilk vəzifəsi üzrə onun əmək haqqı 2.244,07 manat, sonuncu vəzifəsi üzrə isə 2.841 manat olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X7 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1.840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı (2.841 manat) məbləğinin, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqının, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatda Qazax-Gürcüstan sərhəd zolağının genişləndirilməsi layihəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş və həmin dövr əmək haqqı 2.244,07 manat təşkil etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə layihəyə mühəndis vəzifəsinə keçirilmiş bundan sonra əmək haqqı 2.841 manat olmuşdur. İşlədiyi müddətdə əmək haqqı ona qismən ödənilmişdir. Belə ki, şirkətdə işlədiyi müddətə əmək haqları mütəmadi gecikdirilmiş və vaxtlı vaxtında ödəniş edilməmişdir. Cavabdeh təşkilat ona 2021-ci ilin avqust ayı üçün cəmi 1.000 manat əmək haqqı ödəmiş, sentyabr, oktyabr və noyabr ayının 04-ü tarixinə kimi isə hər hansı məbləğdə əmək haqqı ödəməmişdir. Həmçinin işlədiyi müddətdə ona heç məzuniyyət pulu da verilməmiş və onunla son haqq-hesab aparılmamışdır. Buna görə əmək haqqını ala bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə ərizə verərək, işdən azad edilməsini xahiş etmişdir. Qeyd etdiyi dövr üçün ona ödəniş edilmədiyindən əmək müfəttişliyinə müraciət etmiş, nəticədə cavabdeh təşkilat barəsində xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-788/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir.

5. Bundan sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-788/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işə baxılması davam etdirilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 788/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1.840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı 2.841 manat, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb Cavabdeh MMC-dən tutularaq iddiaçı X4 verilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin onun özünə aid edilməsi qət edilmişdir. (hakim X8)

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəf iddiaçının tələb etdiyi məbləğlərin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 2021-ci ilin avqust ayı üzrə ödənilməyən 1.840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı, 2.841 manat məbləğin, noyabr ayı üçün isə işdən çıxdığı günə müvafiq əmək haqqının, habelə iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya hesablanıb Cavabdeh MMC-dən tutularaq iddiaçı X4 verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu, 83-cü, 172-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə birtərəfli qaydada tez tələsik baxaraq, işi hərtərəfli, tam araşdırmadan, yalnız iddiaçının verdiyi izahatı əsas götürərək iddianı təmin etmişdir. Cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. İddiaçı məhkəməyə sübut təqdim etməmiş, məhkəmə heç bir sübuta istinad etmədən qətnamədə qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 2021-ci ilin avqust ayı üzrə 1.840 manat, sentyabr, oktyabr ayı üçün tam əmək haqqı müvafiq olaraq 2.841 manat məbləğin və noyabr ayı üçün işdən çıxdığı günə müvafiq əmək haqqı, habelə iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ona heç bir ödəniş edilməmişdir. Məhkəmə ekspertiza təyin etmədən cavabdehin iddiaçıya olan borcunun iddia tələbində qeyd etdiyi məbləğdə olması qənaətinə gəlmişdir. Eləcə də iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə iştirak etmədiyi üçün iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermək imkanından məhrum olmuşdur. Ona görə də iddia müddətinin tətbiq olunmasını da məhkəmədən xahiş edir. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı X3 vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs zorla işlədilə bilməz. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 43-cü maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172.1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.3-cü maddəsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq iddia üzrə göstərilən aylarda cavabdehə əmək haqqının tam ödənilməməsi, habelə onunla son haqq-hesabın aparılmaması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin məhkəmə kollegiyası aylar üzrə cavabdehdən tutulmalı olan məbləğlərin ayrı-ayrılıqda göstərilməli olması mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə cavabdehdən tutulmalı olan əmək haqqının məbləği hissəsində dəyişdirilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh tərəfindən həyata keçirilən lahiyə üzrə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixədək ilk olaraq tikinti icraçısı, xx.xx.2021-ci il tarixdən isə layihə mühəndisi vəzifəsində çalışmış, onun ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı ona ödənilməmiş əmək haqqının ödənilməsinin təmin edilməsi üçün məhkəmədən əvvəl şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə uyğun olaraq aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın ödənilmədiyi müəyyən edildiyindən cavabdeh cəmiyyətin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, əmək haqqının ödənilməsi ilə bağlı cavabdehin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Lakin bundan sonra həmin aylar üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə əmək haqqının, habelə son haqq-hesabın ödənilməsi müəyyən edilmir.

22. Hazırda iddiaçı 2021-ci ilin avqust (tam ödənilmədiyini), sentyabr, oktyabr, noyabr ayının 04 günü üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünü və birinci instansiya məhkəməsi tərəfindən təşkilatın nümayəndəsinin iştirakı təmin edilmədən işə baxıldığını, məbləğin müəyyən edilməsi üçün ekspertiza keçirilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

23. Cavabdeh apellyasiya şikayətində ödənilməli olan borcun müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməli olduğunu, habelə iddia müddətinin tətbiq edilməli olduğunu qeyd etməklə, dolayısı ilə iddiaçıya əmək haqqının və istifadə edilməmiş məzuniyyət günləri üçün pul əvəzinin ödənilməməsi arqumentini qəbul edir.

24. İddiaçı əmək haqqının xx.xx.2021-ci il tarixədək 2.244,07 manat, bu tarixdən sonra isə 2.841 manat təşkil etdiyini bildirir və 2021-ci ilin avqust ayı üzrə əmək haqqının 1.840 manat hissəsinin, sentyabr, oktyabr və noyabr ayları üzrə isə ümumiyyətlə ödənilmədiyini iddia edir. Lakin iş materiallarında olan və əmək haqqı ödənişlərini əks etdirən müvafiq hesabdan çıxarışa əsasən həm 2021-ci ilin aprel ayınadək, həm də aprel ayından sonra, yəni xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərinin hər biri üçün iddiaçıya 1.978,37 manat məbləğində əmək haqqı, xx.xx.2021-ci il tarixdə isə (978,37 + 500 + 400 = 1.878,37) 1.878,37 manat məbləğində əmək haqqı ödənilmişdir. Halbuki, təqdim edilmiş sosial arayışda onun əmək haqqının həqiqətən də 2.841 manat olduğu göstərilmişdir. Həmin sənədlərdən də göründüyü kimi, xx.xx.2021-ci il tarixdə ödənilmiş 1.878,37 manat pulun hansı aya aid əmək haqqı olması və nəticədə 2021-ci ilin avqust-noyabr ayları üzrə cavabdehin iddiaçıya hansı məbləğdə əmək haqqı borcunun yaranması qeyri-müəyyəndir.

25. Qeyd edilən qeyri-müəyyənliklərin aydınlaşdırılmasının, o cümlədən hesablamanın iddiaçının real əmək haqqı üzrə aparılmasının təmin edilməsi məqsədi ilə, habelə bu məsələnin apellyasiya şikayətinin dəlili kimi də irəli sürülməsi nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Lakin cavabdeh həmin dəlili apellyasiya şikayətində göstərsə də, ekspert tərəfindən tələb edilən sənədləri məhkəməyə təqdim etməmiş, bununla da iş üzrə məhkəmə muhasibat ekspertizasının təyin edilməsi barədə qərardadı icra etməmişdir. Nəticədə irəli sürdüyü dəlilə uyğun olmayan, zidd mövqedən çıxış edərək, ekspertizanın keçirilməsinə şərait yaratmamışdır.

26. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçının 2021-ci ilin yanvar-noyabr ayları üzrə əmək fəaliyyətini (tutduğu vəzifələr, rəsmi aldığı və həmin dövr ərzində ödənilmiş əmək haqqı, əmək münasibətlərinə xitam verilməsi barədə əmr, son haqq-hesab və sair) əks etdirən sənədlərin təqdim edilməsi üçün məhkəmə kollegiyası tərəfindən ayrıca qərardad da qəbul edilmiş, lakin cavabdeh həmin qərardadın da icrasını təmin etməmişdir. Məhz bu səbəbdən məhkəmə kollegiyası bu halı ekspertizanın keçirilməsinə mane kimi qiymətləndirir və iddiaçının əmək haqqının 2.841 manat məbləğində olması qənaətinə gəlir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin müddəalarını rəhbər tutaraq o halı da qeyd edir ki, bu faktın mövcudluğu cavabdehin gələcəkdə məhkəməmühasibat ekspertizanın keçirilməməsi mövqeyindən çıxış etməsinin qarşısını alır.

27. Məhkəmə kollegiyası 24-25-ci bəndlərdə göstərilənlərlə yanaşı o halı da qeyd edir ki, bank hesabından çıxarışdan cavabdehin aylıq əmək haqqından (gross) az məbləğdə əmək haqqının (netto) mədaxil edildiyi müəyyən edilir. Bu da əmək haqqı məbləğindən hər ay qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi tutmaların aparılmasına dəlalət edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ödənilməmiş əmək haqqı məbləği cavabdehdən iddiaçının xeyrinə müddət (avqust-noyabr(04)) əsas götürülməklə tutulmalı, məbləğlə bağlı məsələ isə icra mərhələsində öz həllini tapmalıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, eyni zamanda, iddiaçıya son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsi öz təsdiqini tapmadığından qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə onun nümayəndəsinin iştirakı olmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında baxıldığını, nəticədə, sübutlar təqdim etmək imkanından məhrum olduğunu bildirsə də, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman nəinki iddianın rədd edilməsi ilə bağlı mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmçinin ümumiyyətlə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, cavabdehin xx.xx.2020-ci il tarixdən “Elektron” məhkəmə informasiya sistemində elektron kabineti var, apellyasiya şikayətini də həmin kabinet vasitəsi ilə göndərmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən məhkəmə iclaslarının yeri və vaxtı, qəbul edilmiş qərardadlar, habelə həyata keçirilmiş digər prosessual hərəkətlər barədə tam məlumatlı olmuşdur.

29. Məhkəmə kollegiyası 28-ci bənddə əks etdirilmiş mövqeyini əsas götürüb cavabdehin hazırki iddia tələbinə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı mövqeyini də əsassız hesab edir və vurğulayır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh tərəfindən bu barədə ərizə verilmədiyindən hazırda iddia müddəti tətbiq edilə bilməz. Cavabdehin xx.xx.2020-ci il tarixdən “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinin olmasına, onun elektron formada tərəf kimi işə əlavə edilməsinə və bu baxımdan iş barədə tam məlumatlı olmasına baxmayaraq, onun iş üzrə qiyabi qətnamə qəbul edilənə qədər mülki işdən məlumatsız olduğu düşünülsə belə, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsas götütülməklə iddia rədd edilə bilməz. Belə ki, iş üzrə ilk olaraq qiyabi qətnamə çıxarılmışdır. Bundan sonra “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə həmin qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnməsi barədə ərizə təqdim edilsə də, nə həmin vaxt, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan xx.xx.2023-cü il tarixədək, yəni 1 ay 20 gün müddət ərzində iddia müddətinin tətbiq edilməsi barədə hər hansı ərizə təqdim edilməmişdir. Halbuki, ən azı bu müddət ərzində cavabdehin belə bir ərizə vermək üçün real imkanı olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əmək haqqının məbləği hissəsində dəyişdirilməli, əmək haqqının 2.841 manat olması nəzərə alınmaqla Cavabdeh MMC-dən 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr (04 gün) ayları üçün ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı tutularaq iddiaçı X4 verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 788/2023 saylı qətnaməsi Cavabdeh MMC-dən iddiaçı X3 xeyrinə tutulmalı olan əmək haqqının məbləği hissəsində dəyişdirilsin. Əmək haqqının 2.841 (iki min səkkiz yüz qırx bir) manat olması nəzərə alınmaqla Cavabdeh MMC-dən 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr (04 gün) ayları üçün ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı tutularaq iddiaçı X4 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar