Məhkəmə qərarları › İş №2(103)-4117/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4117/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4117/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X13” MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X13” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 600/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 10.09.1989-ci il təvəllüdlü X2 atası X7, anası (iddiaçı) İddiaçıdır.

2. X8 cavabdeh “X13” MMC-də (X4) əmək müqaviləsi əsasında işləmiş, xx.xx.2014-cü il tarixdə iş yerində baş vermiş qəza nəticəsində o, və X16 vəfat etmişlər.

3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(002)- 221/2014 nömrəli hökmü ilə X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2ci maddəsi ilə təqsirli bilinmiş və istehsal sahəsində 3 il müddətinə vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi (atası) X7 baş vermiş hadisə ilə əlaqədar hər hansı şikayətinin olmadığını bildirmişdir.

4. İddiaçının əri X7 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, digər oğlu X9 xx.xx.2020ci il tarixdə hərbi əməliyyatlar nəticəsində şəhid olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “X13” MMC-yə qarşı“ mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək caavbdehdən 100.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X1 qəsəbəsi ərazisində yerləşən “X4”-da quraşdırıcı kimi çalışırdı. xx.xx.2014-cü il tarixdə mərhum əri X7 oğlunun iş görərkən bədbəxt hadisə baş verdiyini və yıxıldığını xəbər almış, Ağakərimin aparıldığı xəstəxanaya getmiş, həkimlər ona oğlunun artıq öldüyünü söyləmişlər. Oğlu Ağakərimin bədəni elə əzilmişdir ki, meyitinə baxmaq mümkün deyildi. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmış, X15, 2014-cü il iyul ayının 18-də zavodda çilingər mexaniki vəzifəsində çalışarkən, 2 saylı istehsalat sexində istifadə olunan “Bob Cat” markalı çoxprofilli teleskopik qaldırıcı qurğunun düzgün və təhlükəsiz istismar olunmasını təmin etmədiyinə (qaldırıcı qurğunun oxuna səbəti bərkidərkən sancağı bağlamadığına), həmin qaldırıcı qurğunun səbətinin içərisində işçilər olmaqla sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işləri aparıldığı zaman, körpülü kranı hərəkətə gətirərək həmin iş sahəsinə kranın daxil olmasına və kranın səbətlə toqquşmasına şərait yaratdığına görə onun tərəfindən “Maşın və Mexanizmlərlə işlərin təhlükəsiz görülməsinə cavabdeh olan çilingər mexanikin vəzifə təlimatı”-ın 4,5,6 və 7-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işlərini həyata keçirən X8 və X14 içərisində olduğu qaldırıcı qurğunun səbətinin qoruyucu sancağı olmadığından o, yerindən çıxaraq sexin döşəməsinə düşmüşdür. X8 ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq, hadisə yerində, X16 isə oğlu ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq X17 ölmüşlər. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(002)-221/2014 nömrəli hökmünə əsasən X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin qanuni qüvvəyə minmiş hökmlə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixində iddiaçının əri X7 iddiaçının oğlu X2 iş görərkən bədbəxt hadisə baş verdiyi və yıxıldığı xəbərini almış, oğlunun aparıldığı xəstəxanaya getmiş və həkimlər ona şəxsin artıq öldüyünü söyləmişlər. İş üzrə uzun müddət ötdüyü üçün burada iddia müddəti tətbiq edilməlidir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək cavabdeh şirkətin direktoru olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçının oğlu Ağakərim cavabdeh şirkətdə işləmiş, istehsalat qəzasında vəfat etmiş, bu baş vermiş hadisədən sonra ailəni unutmamışlar, daim kömək etmiş, Ağakərimin dəfnində iştirak etdiyini, onun qəbrinin qazılmasında və baş daşının qoyulmasında özünün iştirak etdiyini, onun qırx mərasimində də iştirak etdiyini, iddiaçının digər oğlu Süleymanın işə götürülməsində, atasına maddi dəstək verilməsində özünün iştirak etdiyini, cavabdeh şirkətin iddiaçıya nə lazımdırsa kömək etdiyini, Süleymana əlavə pul verilib-verilmədiyini bilmədiyini, Süleymanın nə qədər maaş aldığını bilmədiyini, ona atasının qəbir üstünün götürülməsinə görə iki dəfə pul verildiyini bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 oğlu ifadə verərək bildirmişdir ki, iddiaçının oğlu Süleymanla birlikdə cavabdeh “X13”nda iş yoldaşı olmuşlar. Şirkətdə operator işləmiş, maaşı 700 manat idi. Bir müddət işlədi, daha sonra xəbər vermədən İkinci Qarabağ müharibəsində iştirak etdi. O, döyüşlərdə şəhid oldu. Onun baş daşını cavabdeh şirkət düzəltmək istəyirdi. Amma onun baş daşını şəhid olduğuna görə dövlət düzəltdi. Süleymanın atasının qəbrində baş daşı yox idi, sadəcə qəbrinə beton tökülmüşdü. Şirkət öz pulu hesabına onun baş daşını düzəltdi. Baş daşının düzəldilməsi üçün iddiaçıdan həyat yoldaşının şəklini almışlar, iddiaçının özü bunu təsdiq edə bilər, baş daşının qiyməti 850 manat idi. Bunların hamısını şirkətin direktoru Rüfətlə birlikdə görüblər. Süleyman şəhid olduqdan sonra qardaşı Şamo da cavabdeh şirkətdə, onun yanında işə düzəldi. Bundan bir ay sonra iddiaçı Şamonun cavabdeh şirkətdə işləməsinə icazə vermədi. İddiaçının evinə özünün gedib-gəldiyini, cavabdeh Ağakərimin ölümünə görə iddiaçıya kömək edib. Cavabdeh ailə ilə bağlı olub. Direktor Rüfət ona demişdir ki, Süleyman ondan atasının baş daşı üçün 600 manat almışdır, amma baş daşını düzəltmədi. Süleymanla 2016-cı ildən tanış olmuş, Süleymandan eşitmişdir ki, atası cavabdeh şirkətə işə düzəlib, ona maaş kartı verilib, ona hər ay pul ödənilib. Özü iddiaçının evinə bazarlıq etmiş, ona meyvə yığımında köməklik etmişdir. Süleyman şəhid olan vaxt şirkətin işçiləri öz aralarında pul yığdılar. Şirkət də pul verdi. Şirkətin nə qədər pul verdiyini şirkətin işçiləri Könül və Elnarə bildiyini bildirdi.

10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 600/2024 nömrəli qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia qismən təmin edilmiş, cavabdeh “X13” MMC-dən mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat dövlət rüsumunun cavabdeh “X13” MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının oğlu X8 cavabdeh “X13” MMC-də (X4) əmək müqaviləsi əsasında işləmiş, xx.xx.2014-cü il tarixdə baş vermiş körpülü kran qaldırıcı qurğunun səbəti ilə toqquşması ilə kranın oxundan çıxaraq yerə düşməsi nəticəsində vəfat etmişdir. xx.xx.2014-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar iz forması 01 və 02 nömrəli X6 Haqqında akt tərtib edilmişdir. Həmin şirkətdə mexanik çilingər vəzifəsində çalışan X15 qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Vüqar Hacıyev məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə iddiaçının oğlunun ölümünə səbəb olması olmuşdur. İddiaçının oğlunun baş vermiş istehsalat qəzası nəticəsində vəfat etməsini, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, oğlu Ağakərim Bağırovun hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

12. Məhkəmə cavabdeh “X13” MMC tərəfindən təqdim olunmuş iddiaçıya maddi yardımın göstərilməsi ilə bağlı kassa məxaric orderlərində təhvil alanın imzaları ilə iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisini dindirmə protokolunda olan X3 imzalarının vizual baxışla fərqli olmasının aydın olması, eyni zamanda məhkəmə iclasında İddiaçı dindirmə protokolunda olan imzanın onun mərhum ərinə məxsus olması, kassa məxaric orderlərində imzanın isə onun mərhum ərinin imzası olmamasını təsdiq etməsini, qəbzlərin bəzilərində təhvil verənin imzasının olmamasını nəzərə alaraq hesab etmişdir ki, həmin qəbzlər mötəbər sübut kimi qəbul edilə bilməz.

13. Məhkəmə qeyd etmişdir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin məhkəmə, iddiaçının mənəvi zərərə görə 100.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamasını və cavabdeh şirkətin iddiaçının ailəsi qarşısında mənəvi borcunu hiss edərək ailə ilə münasibətlərini davam etdirməsi, iddiaçının oğlunun və digər ailə üzvlərinin dəfn mərasimlərində iştirak edərək müəyyən yardımlar etməsi halının iddiaçının özünün izahatı və şahid ifadələri ilə təsdiqini tapmasını, iddiaçının digər oğlu Süleyman Bağırovun cavabdeh şirkətdə işlə təmin edilməsini, iddiaçının hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, cinayət işinin icraatı zamanı cavabdeh hüquqi şəxsə qarşı hər hansı tələblərinin olmaması ilə bağlı mərhum ərinin iradə ifadəsini göstərməsini, zərərçəkmiş şəxslərin onun övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə 10.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır.

14. Məhkəmə cavabdehin iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 384.0.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 119.2, 124.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarına, Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarına, Maksimov Rusiyaya qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarına, “Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaət ədalətli və ağlabatan deyil. Belə ki, onlar istəmədiyi vaxtda belə daim ailəyə mənəvi dəstək olmuşlar, onların yanında olaraq mənəvi borcunu ödəməyə çalışmışlar və maddi-mənəvi dəstəyini onlardan əsirgəməmişlər. Onlar tərəfindən daimi olaraq ailə üzvlərinə ödəniş etməklə onlara dəymiş mənəvi ziyanı ödəməyə çalışmışlar. İddiaçının ailəsinə bu vaxta qədər 10.000 manat məbləğində pul vəsaiti ödəmiş, iddiaçıya bütün yardım göstərilmişdir, bu səbəbdən iddia rədd edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəfin bildirdiyi digər şəxslə bağlı həqiqətən şirkət tərəfindən həlak olan şəxsin anasına 18.000 manat ödənilmişdir. Hətta daha sonra qardaşı tərəfindən də mənəvi ziyanla bağlı məhkəmədə iddia qaldırılmışdır. Lakin onun iddiası təmin olunmadı. Hazırki iş üzrə isə şəxsin atası şirkətdən 1 manat belə tələb etmədi. Ona təkliflər olunsa da, heç birini qəbul etmədi və şikayətinin olmadığını bildirdi. Onun bu cür davranışına qarşılıq olaraq, cavabdehin rəhbərliyi tərəfindən onu bağban kimi işə qəbul etdilər. Lakin rəsmiləşdirilməsi barədə dəqiq məlumatı yoxdur. O, ümumiyyətlə bir gün belə işə gəlməyib. O, işə gəlməməsinə rəğmən hər ay 300 manat olmaqla pul verilirdi. Belə ki, ona verilən pulların çox hissəsini Süleyman adlı oğlu qəbul etmişdir. Cavabdehin oğlunu da dəvət etdilər və ona müəyyən ixtisas öyrədərək şirkətdə işə qəbul etdilər. Ata dünyasını dəyişənədək ona hər ay 300 manat ödənildi. Bundan başqa, həlak olan şəxsin bütün yas mərasimi və dəfn xərcləri cavabdehin rəhbərliyi tərəfindən qarşılandı. Cavabdeh tərəfindən mərhumun ailəsi unudulmamış, maraqlanılmış, qardaşı da müəssisədə işləməyə davam etmişdir. 2016-cı ildə şəxsin atası dünyasını dəyişəndə rəhbərlik tərəfindən Süleyman çağırılıb və ona atasının məzarını düzəltdirməsi üçün təxmini 600 manat verilmişdir. 2020-ci ildə Süleyman könüllü olaraq müharibəyə getdi və şəhid oldu. Bundan xəbər tutan müəssisənin rəhbərliyi yas mərasiminə gedir və görürlər ki, mərhumun atasının qəbrinin üstü götürülməyib. Müəssisənin rəhbərliyi Süleymanın məzar daşı xərclərini üzərilərinə götürmək istəyirlər, lakin onlara bildirilir ki, şəhidlərlə bağlı dəfn xərcləri dövlət tərəfindən qarşılanır. İş üzrə şahid qismində çıxış edən şəxs məzar daşları hazırlayan şəxsdir. Müəssisənin rəhbərliyi Süleymanla bağlı xərcləri qarşılaya bilmədiyi üçün atasının məzar daşının hazırlanması üçün yenidən şahid qismində çıxış edən şəxsə pul verirlər. Süleyman şəhid olduqdan sonra qardaşı Şamonu dəvət edərək işə qəbul etdilər. Bütün bu edilənlər ailəyə mənəvi dəstək olmaq məqsədi daşımışdır. Əgər digər həlak olan şəxsin ailəsi kimi əvvəlcədən pul tələb edilsə idi, şirkət tərəfindən ödənilərdi və bununla da məsələ bağlanardı. Lakin göründüyü kimi, cavabdeh tərəfindən mütəmadi olaraq ailəyə qarşı mənəvi qayğı göstərilmişdir. Qeyd edir ki, hadisə cavabdehin təqsirindən baş verməmişdir.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC-nin əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iş yerində baş vermiş qəza iddiaçının oğlunun ölümü ilə nəticələndiyindən o, mənəvi sarsıntı keçirmiş və buna görə də cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

30. Kollegiya qeyd edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

31. Məhkəmə kollegiyası ölən şəxsin iddiaçının övladı olmasını, onların bağlılıq dərəcəsinin yüksək olmasını və iztirabın davamlı xarakter daşımasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın məbləği ədalətli olmuşdur.

32. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ərinin cavabdehdən şikayətçi olmadığı, digər oğullarının işlə təmin edilməsi iddiaçının mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnu aradan qaldırmır.

33. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

34. Kollegiya qeyd edir ki, iddiaçının vəfat etmiş əri və oğulları işlə təmin edilsələr də, onlara gördükləri işə görə əmək haqqı ödənilmişdir. Bundan başqa, baş vermiş hadisə nəticəsində iddiaçının oğlu ilə vəfat etmiş digər şəxs - X14 ailəsinə cavabdeh tərəfindən 18.000 manat məbləğində təzminat ödənilmişdir. Halbuki, cavabdehin özünün bildirdiklərinə görə hazırki iş üzrə iddiaçının ailəsinə ümumilikdə 10.000 manat məbləğində yardım göstərilmişdir.

35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələbinə iddia müddətinin şamil edilmədiyi barədə düzgün qənaətə gəlmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “X13” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 600/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar