Məhkəmə qərarları › İş №2(103)-4117/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4117/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4117/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cehiz əşyaların evdən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: cehiz əşyaların evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2025-ci tarixli, e-2(003)-1564/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29 avqust 1990-cı il tarixli 1648 saylı Abşeron Dönuzkökəltmə sovxozu üzrə 135 saylı 12 iyul 1990-cı il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 26 oktyabr 1989-cu iltarixli 521 saylı qərarı və bu qərar əsasında qəbul edilmiş 10 iyul 199-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq fəhlə və qulluqculara fərdi ev tikmək üçün 0,08 ha həyətyani torpaq sahəsi İddiaçı ayrılması əmr edilmişdir.

2. Xəzər rayon X4 bildirişlərinin sürətindən görünür ki, Atçılıq ünvanda yerləşən torpaq sahəsi üçün İddiaçı torpaq sahəsi üçün nəzərdə tutulmuş bələdiyyə vergisi ödəyicisidir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-229/2023 saylı qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında “Səadət Sarayı” 29 noyabr 2010-cu il tarixdə bağlanmış nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz və şəxsi istifadəsində olan əşyalarının Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanında olan evdən iddiaçının maliyyə vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, Cavabdeh onun keçmiş gəlinidir. Oğlu ailə quran zaman iddiaçı özü ilə cehiz əşyalar gətirmişdir. X1 ilə Cavabdeh arasında olan nikah pozulsa da, cehiz əşyalar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə ona məxsus torpaq sahəsində tikilmiş evdədir. 2022-ci ilin iyun ayından cavabdeh köçüb valideynlərinin evində onlarla birlikdə yaşayır və həmin əşyalar onun evindədir. Bu vəziyyət isə onun evdən istifadə hüququnu məhdudlaşdırır. Gəlin gələn zaman özü ilə gətirdiyi və sonrada şəxsi istifadəsi üçün istifadə etdiyi 3 ədəd xalça; qabqacaq; yorğan-döşək; qonaq və yataq dəsti; mətbəx masası və oturacaq; divan, kreslo, jurnal masası; uşaq çarpayısı; ütü masası; şəxsi geyim əşyaları. Hesab edir ki, həmin əşyalar evdən çıxarılmalıdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2025-ci tarixli, e-2(003)- 1564/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh cehiz və şəxsi istifadəsində olan əşyaları Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanında olan evdən onun maliyyə vasaiti hesabına çıxarılması qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən əmlakdan cehiz əmlaklarının çıxarılması ilə bağlı tələbdir. İş müəyyən edilən hallarından da görünür ki, mübahisəli əmlak özbaşına tikili olsasa da cavabdeh həmin ünvanda uzun müddətdir yaşamır. Lakin cavabdehə məxsus cehiz əşyaları həmin evdədir. Mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan və özbaşına tikili ilə bağlı hazırki münasibətləri tənzimləyən hüquq normaları olmadığından mübahisəyə qanunun analogiyası tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ isə təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri- hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Cavabdeh həmin mənzildə yaşamır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə sübutlarla müəyyən edilmişdir ki, mübahisəli əşyalar cavabdehin – iddiaçının keçmiş gəlininin – şəxsi mülkiyyətidir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, cehiz əşyaları özbaşına tikilidə saxlanılır. Bu baxımdan, iddiaçının həmin tikilidə faktiki yaşaması və ondan istifadə etməsi hüquqi əhəmiyyət daşıyır və sahibindən istifadə edilməyən əşyaların orada saxlanması hüquq pozuntusudur. İddiaçı həmin tikilidən qanunsuz olaraq istifadə etsə də, onun faktiki sahibliyi nəticəsində orada qanunla qorunan istifadə hüququ yaranmışdır. Cehiz əşyalarının uzun müddət ərzində həmin sahədə saxlanılması, cavabdeh tərəfindən onların çıxarılması üçün hər hansı konkret və aktiv tədbirin görülməməsi, iddiaçının faktiki istifadə hüququna müdaxilə hesab olunur. Bundan başqa iş üzrə cavabdehin anası tərəfindən verilmiş izahata əsasən, cehiz əşyalarının çıxarılması digər mülki mübahisənin yekunlaşmasından asılı olaraq təxirə salınmışdır. Məhkəmə hesab edir ki, bu mövqe hüquqi baxımdan əsaslı deyil. Cehiz əşyalarının saxlanması ilə bağlı mülki hüquq münasibətləri digər mülki işin nəticəsindən asılı olmayaraq ayrıca qiymətləndirilməlidir və həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin həmin evdə yaşamaq niyyətinin olmamasını sübut etmişdir. Cavabdehin passivliyi bu halda iddiaçının faktiki istifadə hüququnun pozulmasına gətirib çıxarır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157, 158, 165-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

10. Apellyasiya şikayətlərinin dəlillərinə ona məxsus əşyalar həmin evdə yerləşməklə iddiaçının mübahisəli tikiliyə mənimlə birlikdə eyni hüquqa malikdir. Bərabərlik prinsipinə uyğun olaraq onun da iddiaçı ilə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququm vardır. Məhkəmə isə bunlara əhəmiyyət vermədən əşyaların evdən çıxarılması barədə qətnamə qəbul etmişdir. Mübahisəli ev özbaşına tikinti olduğundan, mülki və mənzil qanunvericiliyində özbaşına tikintiyə köçürülmə və istifadə hüququ ilə bağlı yaranmış mübahisəli hüquq münasibətlərini tənzimləyən normanın mövcud olmadığından və tərəflər arasında münasibətlər 2010-cu ildən yarandığından hazırki mübahisəyə qanunun analogiyası üzrə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 17.2, 68.1, 68.2 və 69.1, 69.2-ci maddələri tətbiq edilməli idi. Tərəflər 2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikah dövründə Bakı şəhəri Binə qəsəbəsi, Atcılıq qəsəbəsi yeni sahə ünvanında yerləşən ərazidə qanunsuz ev tikməklə orada yaşamışlar. Mübahisəli evin hüquq müəyyənedici sənədləri yoxdur və rəsmi qeydiyyata alınmamışdır. Mübahisəli ev iddiaçının və cavabdehin yaşayış yeri olmuşdur. İddiaçının başqa yaşayış evinə sahib olmasına dair heç bir sübut olmadığından və cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yaşamaq üçün istifadə etmək hüququ vardır. Məhkəmə nəzərə almalı idi ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Mübahisəli evə iddiaçıya aid heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə tikilib, təmir edilib və yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığımənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İş materiallarından görünür ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış, cavabdeh uzun müddət iddiaçı ilə birgə nikah dövründə həmin fərdi yaşayış evinini tikib, təmir edib orada yaşamışlar. Həmçinin Azərbaycan RespublikasıKonsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Qeyd edirəm ki, hazırda mənim cehiz əşyalarım yerləşdiyi Bakı şəhəri Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanı biz birgə nkah dövründə tikdirmişik və qanunsuz tikinti olmuşdur. Həmin tkintiyə sərf edilmiş tikinti materialların alınmasında və evin tikintisində onun da əməyi olmuşdur. Həmin tikintiyə səfv edilmiş pul ödənildikdən sonra mənim orada olan cehiz əşyalarım çıxarıla bilərdi. Məhkəmə iclasında hazırkı cehiz əşyalarının evdən çıxarılması barədə mübahisə olduğunu bildirsə də məhkəmə bu faktı araşdırmamışdır. Belə ki, Nərimanov rayon məhkəməsinin 07 may 2025-ci il tarixli qətnaməsi ilə hazırda cehiz əşyalarının yerləşdiyi Bakı şəhəri Binə qəsəbəsi, Atcılıq qəsəbəsi Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 24246 manat məbləğinində xərcin ½ hissəsin təşkil edən 12123 manat və Hyundai Santa FE markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti olan 22500 manat pulun ½ hissəsi olan 11250 manat məbləğində pulunt tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov rayon məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş pul ödənilənə qədər o, həmin evdə yaşamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək girinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

14. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ hüquqları vardır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. Cavabdeh apelllyasiya şikayətində tikilnin özbaşına tikili olmasına istinad edir. bu dəlilə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa tənzimləyən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı qeyd olunmuşdur.

20. Mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olsa da, həmin tikiliyə dair “gözlənti hüququ”nun məhz kimə məxsus olması halı araşdırılmalıdır. Özbaşına tikilinin inşa olunduğu torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir, verji ödəyicisi kimi qeydə alınmışdır, vergi vədigər mükəlləfiyətləri icra etməklə əmlaka faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir ki, bu da mülkiyyət hüququnun komponentlərindən biridir. Beləliklə iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsinə dair subyektiv hüququn mövcudluğuna münasibətdə kifayət qədər əsaslar mövcuddur.

21. Şikayətin dəlilləri kimi daha sonra Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinad olunaraq qeyd edilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb cavabdehin deyil, ona məxsus əşyaların çıxarılması ilə bağlıdır. Bundan başqa tərəflərin münasibətləri pozulduqdan sonra orada yaşamaması işin mübahisələndirilməyən halıdır. Cavabdehin özü də yaşayış sahəsində yaşamaq istəmədiyi barədə niyyətini bildirir, bununla bağlı evin tikilməsinə sərf olunan vəsaitin bölünməsi barədə iddia qaldırdığını, iddianın qismən təmin olunduğunu və pul vəsaitini ona ödənildikdən sonra əyşaları çıxaracağını bildirir.

23. Apellyasiya şikayətinin dəlilini təşkil etməsə də məhkəmə bu dəlilləri Mülki Məcəllənin ləngitmə hüququ ilə bağlı normaları baxımından da təhlil edərək aşağıdakıları qeyd edir.

24. Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

25. Digər mülki iş (birgə nikah dövründə inşa edilən tikiliyə sərf olunan vəsaitin bölünməsi) üzrə kreditor olaraq Cavabdeh, borclu olaraq Cəlilov Rövşən çıxış edir, hazırkı mülki iş üzrə isə kreditor İddiaçı, borclu isə Cavabdehdır, yəni, tərəflər fərqli olduğundan ləngitmə hüququnun tətbiqi də mümkün deyildir.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2025-ci tarixli, e-2(003)- 1564/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2025-ci tarixli, e-2(003)- 1564/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar