Məhkəmə qərarları › İş №2(103)-4119/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4119/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4119/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mediasiya tətbiqi barədə təklifin tarixindən, yəni xx.xx.2025-ci il tarixdən etibarən, həmçinin əvvəki dövr üçün 3 illik müddət həddində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər iki uşaq üçün hər ay 492 manat alimentin tutulması, cavabdehin valideynlik hüququndan məhrum edilməsi, cavabdehin razılığı olmadan hər iki uşağa pasport verilməsi, dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması, valideynlik hüququndan məhrum etmə, uşaqlara pasportun verilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdehin razılığı olmadan hər iki uşağa pasport verilməsinə aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən yenidən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına əsasən hesab edir ki, iddia tələbinin cavabdehin razılığı olmadan hər iki uşağa pasport verilməsi hissəsinə qiymət verərək birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlara xarici pasportun verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Ona görə də bu tələblə bağlı iddiaçı ilkin olaraq müvafiq orqanına müraciət etməli, onun bu müraciətinə imtina edildiyi halda həmin orqana qarşı müvafiq inzibati məhkəmədə iddia qaldırmalıdır. Ona görə də iddia tələbinin bu hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və bu səbəbdən iddianın bu hissəsinə xitam verilməsinə dair məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikassı Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1971/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar