Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4121/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı “liftlərdə qanunsuz olaraq tətbiq edilmiş kart sisteminin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, binanın idarəçiliyinin bələdiyyəyə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı1 qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına, birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X4, X1, X2, İddiaçı6 və İddiaçı4 Cavabdehnə qarşı “qanunsuz tətbiq edilmiş kart sisteminin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2024-cü il tarixli qətnamədən hər iki iş üzrə iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə dair mülki işə, özü iddiaçı olmaqla İddiaçı1 nümayəndəsi (əri) İddiaçı2, birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı3, X1, İddiaçı4 və İddiaçı6, hər iki iş üzrə iddiaçıların vəkili (nümayəndə) Vəkil, hər iki iş üzrə cavabdeh olan Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı1, yaşadığı və Bakı şəhəri, N.Rəfiyev küçəsində yerləşən 25 "xxxx" saylı binada cavabdeh MMC tərəfindən liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdeh MMC-nin binanın idarəçiliyindən uzaqlaşdırılması, binanın idarəçiliyinin Xətai rayon bələdiyyəsinə təhvil verilməsi, vurulmuş zərərin əvəzi olaraq 480 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, cavabdeh MMC tərəfindən mənzilin hər kv.m-nə görə təyin edilmiş kommunal haqqının 0,50 manat olmasının MMC tərəfindən əsaslandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş № 2(011)- 2186/2024).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 103 saylı mənzil iddia ərizəsində qeyd edilən çoxmənzilli binada yerləşir. Bina cavabdeh MMC tərəfindən idarə olunur. Lakin bu səlahiyyət binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının və ya bələdiyyənin qərarı ilə MMC-yə verilməmişdir. MMC bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlamış, hətta müqavilə bağlamamış sahə mülkiyyətçilərindən xidmət haqqı tələb etməyə başlamış, sonra isə xidmət haqqını bir neçə dəfə artırmışdır. MMC mənzilin ümumi sahəsinin hər 1 kv.metrinə görə mənzilin sahiblərindən 0,50 manat alır, amma bu məbləği hansı qaydaya əsasən hesabladığını izah etmir, əsaslandırmır. Sahə mülkiyyətçilərinin xeyli hissəsi bu qanunsuzluqdan, həmçinin binanın idarə edilməsindən narazıdır. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərinə görə yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ MTK üzvlərinə keçdikdən sonra bir ay ərzində MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməli idi. Bina "xxxx" MTK tərəfindən inşa edilmişdir. MTK Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə əməl etməmiş, xx.xx.2012-ci il tarixdə binanı tikib istismara təhvil verdikdən sonra idarəçiliyi Cavabdeh MMC-yə ötürmüşdür. "xxxx" MTK xx.xx.1997-ci il tarixdə, Cavabdeh MMC isə xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatından keçmişlər. İndiyədək sahə mülkiyyətçilərin ümumi yığıncağını bir dəfə də olsun keçirilməmişdir. Bu o deməkdir ki, binanın idarəetmə üsulu da seçilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı1 ilə "xxxx" MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Kooperativ binadan mənzil tikintisi barədə müqavilədə” qeyd edilmişdir ki, İddiaçı1 MTK-dan aldığı mənzilin ümumi sahəsi 122 kv.metr olmalıdır; mənzilin hər kv.metrin qiyməti 680 manat və ya 800 ABŞ dollarıdır; mənzilin ümumi qiyməti isə 82.960 manat və ya 97.600 ABŞ dolları təşkil edir. İddiaçı1 mənzilin dəyərini tam ödəmişdir. Mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışda” isə qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 121.4 kv.metrdir. Göründüyü kimi mənzilin sahəsində 0,6 kv.m fər var. Həmin fərq 480 ABŞ dolları təşkil edir. Buna görə də həmin məbləğ MMC tərəfindən İddiaçı1 qaytarılmalıdır.
3. Cavabdeh MMC-nin direktoru İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus 103 saylı mənzilinə dair kommunal xərclərə görə yaranmış 1.097,35 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,97 manatın İddiaçı1 tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 məxsus 129 saylı mənzil yuxarıda qeyd edilən binada yerləşir. xx.xx.2016-cı il tarixdə onların arasında "xxxx" 25A/107-103 saylı müqavilə bağlanmışdır. İddiaçı1 həmin müqavilə üzrə öhdəlikləri mütəmadi olmasa da, icra etmişdir. Lakin, onun 2022-ci ilin sonuna MMC-yə kommunal xidmətlərə görə borcu yaranmışdır. MMC tərəfindən İddiaçı1 qarşı 2022-ci ilin oktyabr ayında cəmi 2.453 manat kommunal borcun ödənilməsi barədə iddia qaldırılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Buna baxmayaraq İddiaçı1 2022-ci ilin sentyabr ayından bugünə qədər yaranmış borcundan heç bir ödəniş etməmişdir. Kommunal xidmətin ödənişi hər kv.metrə görə MMC-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən 0,50 manat müəyyən edilmişdir. Belə olan halda İddiaçı1 kommunal borcu (0,50 x 129,1 kv.m = 64,55, 17 ay x 64,55 =) 1.097,35 manat təşkil edir. İddiaçı1 kommunal xidmətlərə görə yaranmış həmin borcu ödəmədiyi üçün həmin məbləğ ondan məhkəmə qaydasında tutularaq MMC-yə ödənilməlidir.
5. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Əsgər Abdilov, Kamran Məhərrəmov, Ramin İsmayılov, İddiaçı6 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin rəhbərliyi tərəfindən binada yerləşən liftlərə qanunsuz olaraq tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən əvvəlki qaydada sərbəst istifadə edilməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (iş № 2(011)-2905/2024).
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadıqları və N.Rəfiyev küçəsi, ev 25 və 25 "xxxx" ünvanında yerləşən çoxmənzilli binanın sakinlərinin razılığı və xəbəri olmadan MMC-nin rəhbərliyi binada yerləşən liftlərə qanunsuz olaraq kart sistemi tətbiq etmiş və bu da mənzillərin mülkiyyətçilərin hüquqlarını pozaraq çətinliklər yaratmışdır. Mülkiyyətçilər mənzillərinə sərbəst şəkildə daxil ola bilmirlər. Uşaqlar, məktəblilər, həmçinin gələn qonaqlar liftdən istifadə edə bilmirlər və bu da mülkiyyətçilərin, sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Məsələ ilə bağlı MMC-nin rəhbərliyinə xx.xx.2023-cii il tarixli məktubla müraciət olunaraq liftlərə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi xahiş olunmuş, lakin bugünə kimi onlar MMC-dən rəsmi cavab ala bilməmişlər. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
7. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(011)-2905/2024 nömrəli mülki iş 2(011)-2186/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
8. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İddiaçı1 iddiasının rədd edilməsini, cavabdeh MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsini, İddiaçı1 kommunal xidmətlərə görə 607 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat olmaqla, cəmi 637 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsini, iddiaçılar İddiaçı2, İddiaçı3 və başqalarının iddiasının rədd edilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, liftlərdə kart sisteminin tətbiqinin məqsədi kənar şəxslərin həmin liftlərə daxil olaraq yuxarı mərtəbələrə qalxmasının qarşısının alınması, onların daha təhlükəsiz şəraitdə yaşamaları və kommunal xidmətlərin ödənilməsidir. Həmin binada liftlərdə kartdan istifadə edilməsi bina sakinlərinin həmin liftdən istifadəsini qadağan etmir. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına 2 nömrəli əlavədən görünür ki, yaşayış binalarında liftdən istifadəyə görə adambaşına 1 ayda manatla (ƏDV nəzərə alınmaqla) tarif 1.000 manat təşkil edir. İddiaçı1 çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlamaqla o, da bununla razılaşmışdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən 6 ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur. Mülkiyyətçilərin binaya dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Xətai rayon bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Rayon Məhkəməsi həmçinin iddianın “zərərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə bildirmişdir ki, İddiaçı1 nümayəndəsi həmin zərərin xx.xx.2012-ci il tarixli kooperativ binadan mənzil tikintisi üçün müqavilə ilə ona verilən sahə ilə çıxarış ilə ona verilən sahə arasında fərqə görə tələb edildiyini bildirmişdir. Məhkəmə iddiaçıya müqavilə üzrə 122 kv.m sahə verilməli olduğunu, hazırda onun mülkiyyətində olan mənzilin “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” əsasında 121.4 kv.m olduğunu, yəni əmsallar tətbiq edildikdən sonrakı fərqin az olduğunu nəzərə alaraq, hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Rayon Məhkəməsi İddiaçı1 iddiasının “cavabdeh tərəfindən mənzilin hər kv.m-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” hissəsinə münasibətdə olaraq bildirmişdir ki, kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması MMC-nin xx.xx.2017-ci il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. Rayon Məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, İddiaçı1 yaşadığı mənzilə mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə əldə etmişdir. Mənzilə mülkiyyət hüququ əldə etdiyi andan İddiaçı1 ilə MMC arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasibətləri yaranmış olur. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir. MMC tərəfindən təqdim olunmuş sənədlərdə İddiaçı1 mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 129,1 kv.m qeyd edilsə də, “Reyestrdən” verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli “Çıxarışda” mənzilin ümumi sahəsinin 121,4 kv.m olduğu qeyd edilmişdir. Ona görə də, kommunal xidmətlərə görə ödəniş mənzilin “Çıxarışla” müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalıdır. İddiaçı1 hər ay (0,50 x 121,4 kv.m =) 60,70 manat məbləğində kommunal xidmətlərə görə ödəniş etməli olmasını və Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qətnaməsi ilə 38 ay müddətinə görə kommunal haqqına görə pul tutulduğundan, hazırkı mülki işdə məhkəmə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, yəni qarşılıqlı iddia ilə müraciət edilən vaxta qədər olan komunnal xidmət haqqının əvəzi olaraq (10 ay x 60,70 =) 607 manat məbləğində pul tutularaq MMC-yə ödənilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
10. Hər iki iş üzrə iddiaçılar vəkil (nümayəndə) vasitəsi ilə həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Əsasları həmin iddiaların əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Özü iddiaçı olmaqla İddiaçı1 nümayəndəsi (əri) İddiaçı2, birləşdirilmiş iş üzrə iddiaçılar İddiaçı3, Kamran Məhərrəmov, İddiaçı4 və İddiaçı6, hər iki iş üzrə iddiaçıların vəkili (nümayəndə) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin və iddia ərizələrinin dəlillərini müdafiə etdilər və onların məzmununa uyğun izahatlar verdilər.
13. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
14. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş digər iddiaçılar apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
15. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
17. Belə ki, işdə olan sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə iddiaçılara məxsus və iddiaçıların yaşadıqları mənzillər yuxarıda qeyd edilən ünvanda yerləşən 25 və 25 "xxxx" saylı çoxmənzilli binada yerləşir. Binalar "xxxx" MTK tərəfindən inşa edilmişdir. Binalar xx.xx.2012-ci il tarixdə istismara təhvil verilmişdir. Binalar Cavabdeh MMC tərəfindən idarə olunur. MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir.
18. İddiaçı1 ilə "xxxx" MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Kooperativ binadan mənzil tikintisi barədə müqavilədən” görünür ki, İddiaçı1 MTK-dan aldığı mənzilin ümumi sahəsi 122 kv.metrdir. Mənzilin hər kv.metrin qiyməti 680 manat və ya 800 ABŞ dollar olmaqla mənzilin ümumi qiyməti 82.960 manat və ya 97.600 ABŞ dollardır.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı1 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən və İddiaçı1 mülkiyyətində olan 103 saylı mənzilin ümumi sahəsi 121,4 kv.metrdir.
20. "xxxx" olaraq MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilənin şərtləri çoxmənzilli binada yerləşən mənzillərin bütün mülkiyyətçiləri üçün eynidir (maddə 2.1.). “İdarəedici” çoxmənzilli yaşayış binasında xidmətlər göstərməyi və ümumi əmlakın lazımi qaydada saxlanılması və təmiri üzrə işləri yerinə yetirməyi, mülkiyyətçilərə və mülkiyyətçinin mənzillərindən qanuni əsaslarla istifadə edən digər “İstifadəçilərə” kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür (maddə 4.1.). Mülkiyyətçilər idarəedici təşkilatın xidmətlərini hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürür (maddə 4.2.). Müqavilənin məbləği və yaşayış sahəsinə görə ödənişin həcmi “Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarına” əsasən müəyyən edilir, ümumi əmlaka mülkiyyət hüququnda mülkiyyətçinin tutduğu yaşayış sahəsinə mütənasib paya uyğun müəyyən edilir (maddə 6.1.). Müqavilə 1 il müddətinə bağlanıb və müqavilənin tərəfləri imzaladığı andan qüvvəyə minir (maddə 12.1.). Müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında digər tərəfə məlumat vermədikdə, müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab olunur (maddə 12.2.).
21. Həmin müqaviləyə 1 nömrəli əlavənin 2-ci maddəsindən görünür ki, çoxmərtəbəli binadan xidmət haqqı yaşayış sahəsinin payına uyğundur və mülkiyyətçinin yaşayış sahəsinin hər kvadratmetrinə görə müəyyən edilir.
22. MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli iclasının qərarından görünür ki, sakinlər Ələkpərov M, Qasımov A., Cabbarov M., Tağıyev Q., Əsədova L., Məmmədov M., Nuriyev E., Mehdiyev M., Baxışov A., Hüseynova S., Əhmədov Ç. və daha 22 nəfər şəxsən, 42 nəfər qiyabi iştirakı ilə sakinlərə göstərilən kommunal xidmətin səviyyəsi, kommunal xidmətlərin yığımı, 2013-cü ildən tətbiq olunan kommunal xidmət haqlarının 2018-ci ilin yanvar ayından 0,05 qəpik artırılması, binanın həyətinə nəqliyyat vasitəsinələrinin daxil olunmasına məhdudiyyətlərin tətbiqi məsələsinə dair səsvermə nəticəsində kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması, mərtəbələrdəki qapıların təmiri və açarların yeniləşdirilməsi, işıqların təzələnməsinin həyata keçirilməsi, binanın həyətində maşınların girişinin məhdudlaşdırılması (taksi, FHN, polis, təcili yardım xidməti maşınlardan başqa) məsələsi müzakirə olunmuş, adı çəkilən xidməti maşınlara qısa müddətdə həyətə daxil olunmasına icazə verilməsi qərara alınmışdır.
23. MMC-nin ümumi iclasının 5 saylı protokolundan görünür ki, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir.
24. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə cavabdeh olan MMC-nin hazırkı iş üzrə iddiaçılardan biri olan İddiaçı1 qarşı iddiasının təmin edilməsi, kommunal xidmətə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 2.306,60 manat məbləğində pulun Fərqanə Əhmədobadan tutularaq MMC-yə ödənilməsi qət edilmişdir.
25. İş materiallarında olan adsız siyahıdan görünür ki, N.Rəfiyev ünvanında liftlərin kart sisteminin quraşdırılmasına həmin binanın 1-ci blokunun 27 nəfər sakini, 2-ci blokunun 22 nəfər sakini, 3-cü blokunun 32 nəfər sakini liftlərdə onun razılığı olmadan kart sisteminin tətbiqinə etiraz etmiş və dərhal sisteminin liftlərdən demontajını tələb etmişlər.
26. İş materiallarında olan liftlərin kart sisteminin tətbiqi barədə anketdən görünür ki, 24 nəfər sakin liftlərdə kart sisteminin keçməsinə etiraz etməmişdir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2.). Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır (maddə 783.3.). Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (maddə 1087.1.). İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur (maddə 1087.2.). Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (maddə 1090.1.).
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (maddə 43.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər (maddə 43.2.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir (maddə 44.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər (maddə 44.2.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir (maddə 44.3.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir (maddə 44.4.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; yığıncağın gündəliyi; yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı (maddə 44.5.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır (maddə 44.6.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir (maddə 45.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur (maddə 45.2.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır (maddə 45.3.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır (maddə 45.4.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (maddə 45.5.). Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər (maddə 45.6.). Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir (maddə 45.7.). Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1.). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir (maddə 135.2.3.). Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq (maddə 136.2.). Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir (maddə 136.3.). Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (maddə 136.4.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər (maddə 137.4.). Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (maddə 137.7.). Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10.). Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir (maddə 141.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə (maddə 141.2.). Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir (maddə 141.3.). Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır (maddə 141.4.). Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir (maddə 141.5.). Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur (maddə 141.6.). Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin (maddə 141.7.). Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər (maddə 141.8.). Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin (maddə 141.9.). Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər (maddə 141.10.).
29. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə ilk növbədə liftlərdə kart sisteminin tətbiqi məsələsinə münasibət bildirərək qeyd edir ki, liftlərdə kart sisteminin tətbiqi binanın idarə edilməsi qaydası ilə bağlıdır. Cavabdeh MMC tərəfindən binanın idarə edilməsi səlahiyyətinin olması və mənzil mülkiyyətçilərinin buna razılığının olması müəyyən edilmir.
31. Liftlərdə kart sisteminin tətbiqinin hansı məqsədə xidmət etməsi və ya sahə mülkiyyətçilərinin liftdən istifadəsinə maneə yaratmaması bu qaydanın tətbiqinə əsas vermir.
32. "xxxx" MMC ilə mülkiyyətçilər arasında bağlanmış müqavilədə lift xidmətinin göstərilməsi, yaxud belə xidmətin göstərilməsi şərtləri öz əksini tapmamışdır. Ona görə də iddiaçıların həmin müqavilələrin imzalaması MMC-yə istədiyi kimi liftdən istifadə qaydalarını müəyyən etməsi hüququnun yaranması üçün əsas ola bilməz.
33. Hər iki iddia üzrə iddiaçılar binanın sahə mülkiyyətçiləri olmaqla cavabdeh MMC-nin tətbiq etdiyi liftlərdə kart sisteminin ləğvini tələb etməkdə haqlıdırlar.
34. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianın həmin hissəsinə dair gəldiyi nəticə səhv, apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilir.
35. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş 141-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iddia tələblərinin “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai rayon bələdiyyəsinə təhvil verilməsi” hissəsini əsassız hesab edərək qeyd edir ki, iddiaçılar qeyd edilən maddi hüquq normasında nəzərdə tutulmuş prosedura əməl etməmiş, birbaşa olaraq məhkəməyə müraciət etmişlər.
36. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq iddiaçılara izah etmişdir ki, mülkiyyətçilərin binaya dair Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Xətai rayon bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.
37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydalarına” əsasən, müsabiqənin keçirilməsinin məqsədi çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi vəziyyətdə saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həllini təmin etməkdən, həmçinin belə binaların sakinlərinə kommunal xidmətləri göstərəcək idarəedici təşkilatın şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir (maddə 1.3.). Müsabiqə aşağıdakı hallarda keçirilir: bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədikdə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilmədikdə, bir şərtlə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi həmin binanın idarə edilməsi üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmış olsun; açıq müsabiqənin nəticələri əsasında bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilmiş idarəedilmə üsulu seçilmədikdə (maddə 1.4.).
38. Odur ki qəbul edilməlidir ki, müzakirə edilən hissədə Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
39. Məhkəmə, apellyasiya şikayətinin “İddiaçı1 vurulmuş zərərin əvəzinin – 480 ABŞ dolları məbləğində vəsaitin ona qaytarılması” ilə bağlı dəlillərini qismən əsaslı hesab edir.
40. Belə ki, İddiaçı1 həmin zərərin əvəzini xx.xx.2012-ci il tarixli kooperativ binadan mənzil tikintisi üçün müqavilə ilə ona verilən sahə ilə çıxarış ilə ona verilən sahə arasında fərqə görə tələb etdiyini bildirir.
41. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” görə, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir (maddə 3.2.). Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır (maddə 3.8.).
42. Rayon Məhkəməsi iddiaçıya müqavilə üzrə 122 kv.m sahə verilməli olduğunu, hazırda onun mülkiyyətində olan mənzilin “Reyestrdən çıxarış” əsasında 121,4 kv.m olduğunu, yəni əmsallar tətbiq edildikdən sonrakı fərqin az olduğunu nəzərə alaraq, hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir.
43. Lakin Rayon Məhkəməsinin bu yanaşması əsaslı hesab edilə bilməz. Çünki fərqin az olması iddianın əsassız olması anlamına gələ bilməz. Tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı razılaşma əldə edilməmiş və iddiaçı sahə fərqinə görə zərərin əvəzini tələb etməkdə haqlıdır.
44. İddiaçı1 ilə cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərini əsas götürən Məhkəmə hesab edir ki, həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və vurulmuş zərərin əvəzi olaraq 408 manat pul cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulmalıdır.
45. Bu zaman Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan Respublikasının pul vahidi manatdır.
46. Mülki Məcəllənin 439.1-cü maddəsinə görə isə, pul öhdəliyi manatla ifadə edilməlidir.
47. Məhkəmə İddiaçı1 iddianın “cavabdeh tərəfindən mənzilin hər kv.m-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” hissəsində Rayon Məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edir.
48. Belə ki, kommunal xidmət haqlarını kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir.
49. Buna görə də, Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsassız hesab edir.
50. MMC tərəfindən İddiaçı1 qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbi ilə bağlı isə Məhkəmə bildirir ki, Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə görə, çoxmənzilli yaşayış evlərində yaşayış sahəsi mülkiyyətçlərinin kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyinin yaranması mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması ilə müəyyən edilmişdir.
51. "xxxx" olaraq MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır.
52. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir.
53. İddiaçı1 tərəfindən təqdim olunmuş sənədlərdə cavabdehin mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 129,1 kv.m qeyd edilsə də, Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli “Çıxarışda” mənzilin ümumi sahəsinin 121,4 kv.m olduğu qeyd edilmişdir.
54. Ona görə də, kommunal xidmətlərə görə ödəniş mənzilin reyestr xidməti tərəfindən müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalıdır. İddiaçı1 hər ay (0,50 x 121,4 kv.m =) 60,70 manat məbləğində kommunal xidmətlərə görə ödəniş etməli olmasını və Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qətnaməsi ilə 38 ay müddətinə görə kommunal haqqına görə pul tutulduğunu nəzərə almış Rayon Məhkəməsi haqlı olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, yəni qarşılıqlı iddia ilə müraciət edilən vaxta qədər olan müddət üçün kommunal xidmət haqqının əvəzi olaraq (10 ay x 60,70 =) 607 manat məbləğində pulun İddiaçı1 MMC-nin xeyrinə tutulması qənaətinə gəlmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair nəticəsi əsassızdır.
55. Məhkəmə qeyd edir ki, İddiaçı2 və başqalarının cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddia tam təmin edildiyindən həmin iddianın verilməsi üçün İddiaçı2 ödədiyi dövlət rüsumu MMC-yə aid edilməli, bu məqsədlə 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməlidir.
56. Həmçinin İddiaçı1 iddiası qismən təmin olunduğundan iddianın verilməsi üçün onun ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 1/2 hissəsi onun özünə, qalan 1/2 hissəsi MMC-yə aid edilməli, bu məqsədlə 15 manat məbləğində pul MMC-dən tutularaq İddiaçı1 ödənilməlidir.
57. Məhkəmə hesab edir ki, hazırkı qətnamə əsasında MMC-dən İddiaçı1 xeyrinə (408 + 15=) 423 manat pul məbləği ilə Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qətnamə əsasında İddiaçı1 MMC-nin xeyrinə (607 + 30=) 637 manat pul məbləğinin tutulması nəzərə alınmalı və bu məbləğlər ilə bağlı əvəzləmə aparılmalıdır.
58. Bu məqsədlə Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qətnamə İddiaçı1 MMC-nin xeyrinə pul məbləğinin tutulması hissəsində dəyişdirilməli və İddiaçı1 MMC-nin xeyrinə (637 – 423 =) 214 manat məbləğində pul tutulmalıdır. f) apellyasiya baxışının nəticəsi
59. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan, MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2024-ci il tarixli qətnamə qismən, yəni İddiaçı2 və başqalarının Cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddiasının rədd edilməsi hissəsində tam, İddiaçı1 Cavabdeh MMC qarşı irəli sürdüyü iddianın “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh MMC qarşı irəli sürdüyü iddianın “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” hissəsi, İddiaçı2 və başqalarının Cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddia isə tam təmin edilsin. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən 25 və 25 "xxxx" saylı binalarda yerləşən liftlərə Cavabdeh tərəfindən tətbiq edilmiş kart sistemi ləğv edilsin və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı1 satılmış mənzilin ölçüsündə 0,6 kv.metr fərqin yaranması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 408 (dördü yüz səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddiaçı1 iddiasının qalan hissəsi, yəni “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, binanın idarəçiliyin Xətai rayon bələdiyyəsinə verilməsi, cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması barədə” hissəsi təmin edilməsin. İddiaçı2 və başqalarının Cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddia tam təmin edildiyindən həmin iddianın verilməsi üçün İddiaçı2 ödədiyi dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Bu məqsədlə 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddiaçı1 iddiası qismən təmin olunduğundan iddianın verilməsi üçün onun ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 1/2 hissəsi onun özünə, qalan 1/2 hissəsi Cavabdeh MMC-yə aid edilsin. Bu məqsədlə 15 (on beş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Hazırkı qətnamə əsasında Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə (408 + 15=) 423 manat pul məbləğinin ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2024-ci il tarixli qətnamə əsasında İddiaçı1 Cavabdeh MMC-nin xeyrinə (607 + 30=) 637 manat pul məbləğinin tutulması nəzərə alınsın və bu məbləğlər ilə bağlı əvəzləmə aparılsın. Bu məqsəd ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2024-ci il tarixli qətnamə İddiaçı1 Cavabdeh MMC-nin xeyrinə pul məbləğinin tutulması hissəsində dəyişdirilsin və İddiaçı1 Cavabdeh MMC-nin xeyrinə (637 - 423=) 214 (iki yüz dörd) manat məbləğində pul tutulsun. Qalan hissədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2024-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamənin pul məbləğlərinin tutulması hissəsindən iş üzrə tərəflər kassasiya şikayəti verə bilməzlər. Qətnamənin qalan hissəsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.