Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4125/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Əliyev Ramin Rasim oğlunun nümayəndəsi (anası) X1 qızının iştirakı ilə Əliyeva İlahə Telman qızının Əliyev Ramin Rasim oğluna qarşı “cehiz əmlakın pulla dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3525/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva İlahə Telman qızı Əliyev Ramin Rasim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3800 manat dəyərində mətbəx mebeli olan cehiz əşyasının dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 aprel 2017-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmiş, Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən mənzilə köçüb orada yaşamışlar. Evə köçərkən o, bütün cehiz əmlakını da həmin evə gətirmişdir. Sonradan cavabdehlə münasibətləri pozulduğundan o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraicət etmişdir. Artıq uzun müddətdir ki, cavabdeh onu və uşağını evdən qovmuş, sonradan cehiz əşyalarınını götürülməsinə şərait yaratsa da, həmin evə köçərkən özü ilə gətirdiyi, xüsusi olaraq həmin ev üçün hazırlanmış mətbəx mebelini götürə bilməmişdir. Belə ki, cavabdeh həmin evi mətbəx mebeli ilə birlikdə satmışdır. Mətbəx mebelinin dəyəri 3800 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3525/2020 saylı, 23 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, münasibətləri pozulduqda bütün cehiz əşyalar iddiaçıya geri qaytarılmışdır. Evdə yalnız mətbəx mebeli qalmış, məhz iddiaçının razılığı ilə təhvil verilmişdir. Həmçinin qiymətləndirici tərəfindən mebellərin qiyməti düzgün müəyyənləşdirilməmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, iddiaçı qətnamə qəbul edildikdən sonra gələrək mebelleri aparmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd ediməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, “xxxx” MMCnin 14 avqust 2020-ci il tarixli, 1Ç/67/2020 saylı rəyində göstərilmişdir ki, aparılan təhlil və hesablamalar nəticəsində, Əliyeva İlahə Telman qızına məxsus mətbəx mebelinin analoji bazar dəyəri 3800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi cehiz əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 aprel 2021-ci il tarixli “AKT”-dan görünür ki, Kərimova (Əliyeva) İlahə Telman qızı tələb etdiyi mətbəx mebellərini (15 ədəd yuxarı hissəsi, 15 ədəd aşağı hissə, yuxarı hissədə bar və moyka) qəbul etmişdir. Akt Kərimova (Əliyeva) İlahə Telman qızı tərəfindən imzalanmışdır. Göründüyü kimi hazırda mübahisə predmeti iddiaçıya qaytarıldığından mübahisə mövzusu mövcud deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3535/2020 saylı, 23 sentyabr 2020ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əliyeva İlahə Telman qızının cavabdeh Əliyev Ramin Rasim oğluna qarşı “cehiz əmlakın pulla dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4125/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver