Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4127/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentdən azad olunma və ya cavabdehdən onun xeyrinə aliment tutulması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin tutulma formasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentdən azad olunması və ya himayəsində olan 21 avqust 2013-cü il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, aralarında bağlanmış nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən uşaqlardan biri onun, biri isə cavabdehin yanında saxlanılmışdır. Qətnaməyə əsasən uşağın saxlanması üçün ondan cavabdehin xeyrinə aliment tutulması qət edilsə də, onun yanında qalmış uşağın saxlanması üçün qarşı tərəfdən onun xeyrinə aliment tutulmamışdır. Buna görə də hesab edir ki, ya o, aliment ödəməkdən azad edilməli, ya da onun yanında qalmış uşağa görə qarşı tərəfdən onun xeyrinə hər ay 170 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma formasının dəyişdirilərək himayəsində olan 24 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin 07 oktyabr 2020-ci il tarixdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, onun yanında qalan uşağın saxlanması üçün İddiaçı onun xeyrinə hər ay 160 manat məbləğində aliment tutulması qət edilsə də, sonradan ona məlum olmuşdur ki, cavabdeh X7 Alayında xidmət etməklə 815,76 manat əmək haqqı alır. Buna görə də cavabdehdən onun xeyrinə uşağın saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(010)- 4109/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, həm İddiaçı, həm də Cavabdeh qətnamənin qismən ləğv olunub öz iddialarının təmin olunmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Uşaqlardan birinin onun yanında saxlanılması nəzərə alınmaqla məhkəmə onu aliment ödəməkdən azad edə bilərdi. Məhkəmə qeyd olunan halları nəzərə almadan onun iddiasını əsassız olaraq təmin etməmişdir. Cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələbinə görə 1 uşağın saxlanmasına görə cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Hal-hazırda ona məlum olmuşdur ki, cavabdehin əmək haqqı 815,76 manat yox, 1027,78 manat təşkil edir. Belə olan təqdirdə ona 256,94 manat məbləğində aliment ödənilməli idi. Məhkəmə bütün bunları nəzərə almamış və səhv nəticəyə gələrək ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında hər iki tərəf öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(010)-126/2020 saylı qətnaməsi ilə tərəflər arasında 23.10.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 21 avqust 2013-cü il təvəllüdlü X3 atası İddiaçı, 24 iyun 2016-cı il təvəllüdlü X4 isə anası iddiaçı Cavabdeh qızının yanında saxlanılmış, İddiaçı 12 iyun 2019-cu il tarixdən hesablanmaqla 24 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda alimentin miqdarı məhkəmə qaydasında dəyişilə bilər və ya məhkəmə aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi qəbul olunduğu dövrdən ötən müddətdə tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia ərizəsində istinad etdiyi hallar 17 fevral 2020-ci il tarixli qətnamənin qəbul olunduğu dövrdə də məlum idi. Buna görə də o hazırda irəli sürdüyü dəlilləri iddiaya etiraz və ya qətnamədən şikayət vermək yolu ilə bildirə bilərdi. Bundan əlavə, o, Cavabdeh qazancı və gəliri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh iddiasına gəldikdə isə, iş materiallarında olan 06.10.2020-ci il tarixli arayışa əsasən hazırkı işə birinci instansiya məhkəməsində baxılan dövrdə İddiaçı X7 Alayında polis nəfəri vəzifəsində işləməklə 815,76 manat məbləğində əmək haqqı almışdır. Tərəflərin izahatlarından və iş materiallarında olan 17.10.2020-ci il tarixli arayışdan görünür ki, o hal-hazırda da həmin vəzifədə işləməklə 1027,78 manat məbləğində əmək haqqı alır. Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun qaydada götürdükdə, İddiaçı əmək haqqından Cavabdeh xeyrinə 256,94 manat məbləğində aliment tutulmalı idi. Lakin uşaqlardan birinin İddiaçı yanında saxlanılmasını, həmin uşağa görə Cavabdeh İddiaçı xeyrinə aliment tutulmamasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma formasını dəyişməməklə düzgün və ədalətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad edərək qeyd edir ki, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(010)- 4109/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4127/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4127/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver