Məhkəmə qərarları › İş №2(103)-4146/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4146/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4146/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı Hacıyeva (Zeynalova) Nigar Etibar qızının, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Hacıyeva (Zeynalova) Nigar Etibar qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 76/2022 saylı işi üzrə 15 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Hacıyeva (Zeynalova) Nigar Etibar qızı Cavabdeh qarşı "alimentin miqdarının artırılması” tələbi ilə məhkəməyə müraciət edərək (dəqiqləşmə verərək), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(094)-181/2020 saylı qətnaməsini qət etdi hissədə dəyişərək, 04 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində aliment, mediatora ödənilmiş 50 manat, vəkilə ödənilmiş 300 manat Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: -Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 16 oktyabr 2016-cı il tarixdə bağlanmış və 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 5361 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah, nikah pozulduqdan sonra 04 iyul 2018-ci il təvəllüdlü X5 anası X1 yanında saxlanılması və 18 may 2020-ci il tarixdən başlayaraq X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq Zeynalova (Hacıyeva) Nigar Etibar qızına verilməsi qət edilmişdir (iş səh.7, 71). Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-76/2022 saylı işi üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-181/2020 saylı, 19 sentyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılması, 04 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Hacıyeva (Zeynalova) Nigar Etibar qızına verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh iddiaçı Hacıyeva (Zeynalova) Nigar Etibar qızının xeyrinə 50 manat mediasiyaya dair ödənilmiş rüsum tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədə "Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 17; Ailə Məcəlləsinin 75.1, 112.1; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddələrinə,“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cı bəndinə istinadən qeyd edilmişdir ki, cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olunmasına dair iddiaçı mötəbər sübut təqdim etməsə də, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artması baxımından uşaqların mənafeyi nəzərə alınmalı və müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Lakin, məhkəmə, cavabdehin də maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində hər ay 193 manat həddində müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-76/2022 saylı işi üzrə 15 mart 2022- ci il tarixli qətnaməsininin qismən, alimentin 193 manat tutulması hissəsində ləğv edilməsini, aliment məbləğinin 100 manat müəyyən edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75.4, 78; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 77.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda cavabdeh 300 manat əmək haqqı alır, başqa nikahdan uşağı var, yaşlı, xəstə ata və anası himayəsindədir. Yenidən evlənib. Bütün bu sübutlar məhkəməyə təqdim olundu lakin surəti olmadığından məhkəmə qəbul etmədi, növbəti iclas da baxış iclası oldu. Yani bu atanın yani cavabdehin maddi və ailə həyatını əks etdirən hallardır. Digər tərəfdən xanım iddiaçı özü də işləyir. Ailə Məcəlləsinə əsasən valideynlərin hüquq və vəzifələri bərabərdir. Elədirsə müəyyən olunan yaşayış minumumu haqqında Qanunda deyilmir ki, bu məbləği ancaq bir valideyn ödəməlidir. Buna baxmayaraq cavadeh ayda 100 manat ödəməyə razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında başqa məhkəmə mübasilərinin olduğunu, cavabdehin vərəm xəstəsi olduğunu, vərəm dispanserində müalicə aldığını, əvvəlki nikahından 11 yaşlı övladının olduğunu, həmin uşaq üçün də 150 manat aliment ödədiyini, yenidən evləndiyini, 300 manat əmək haqqı aldığını və hər ay aliment üçün 100 manat ödədiyini və bundan sonra da 100 manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin hər ay üçün 100 manat deyil, mart, aprel, may, iyun- 4 ay üçün 100 manat ödədiyini, özünün işlədiyini və 403 manat maaş aldığını, iki övladı olduğunu, ata evində qaldığını, 75 yaşında atasına və 1-ci qrup əlil anasına baxdığını, əvvəlki nikahdan olan övladı üçün aliment almadığını, birinci instansiya məhkəməsi zamanı iclasın 4 dəfə qarşı tərəfə görə təxirə salındığını, dövlətin müəyyən etdiyi sabit pul məbləğində alimentin ödənilməsini tələb etdiyini, şənbə günü cavabdehin uşağı görmək üçün icra məmuruna müraciət etdiyini, xəstə olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 81, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, apellyasiya şikayətində qeyd edilən dəlillər valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-76/2022 saylı işi üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar