Məhkəmə qərarları › İş №2(103)-4148/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4148/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4148/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin, onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə Xətai rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmasına dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia əricəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək, 11.04.2009-cu il təvəllüdlü X4 və 13.04.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa görə müəyyən edilmiş 170 manat alimentin azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə nikahlarından 11.04.2009-cu il təvəllüdlü Fərid və 13.04.2014-cü il təvəllüdlü Əli adında iki övladları var. Nikahları ləğv edildikdən sonra məhkəmə qərarına əsasən hər iki uşaq ananın himayəsində qalmış və onların saxlanılması üçün iddiaçıdan alimentin tutulması qət edilmişdir. Lakin həmin dövrdə o, həbsdə olduğundan alimentin ödənilməsi mümkün olmamışdır. Hal-hazırda da maddi durumunun aşağı olmasını nəzərə alınaraq ondan tutulacaq alimentin miqdarının azaldılaraq hər uşaq üçün 80 manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, alimentin ödənilməsi üçün maddi imkanı yoxdur, cavabdehdən olan iki övladlarından başqa X6 da 15.03.2019-cu il təvəllüdlü X9 adında bir övladı var və həmin uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə ondan hər ay 170 manat alimentin tutulmuşdur. Əvvəllər hərbçi olmuş və alimenti də vaxtında ödəmişdir. İndi isə “xxxx” MMC-də təmizlik işləri görür və aldığı 250 manat əmək haqqı alimentin ödənilməsi üçün yetərli deyil. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, tərəflərin birgə nikahından 11.04.2009-cu il təvəllüdlü X10 və 13.04.2014-cü il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, X10 və X12 cavabdehin yanında qalmaqla, yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşaq üçün 136 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 aliment tələbinə dair iddiası təmin edilərək 15.03.2019- cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək, iddiaçıdan tutulan alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmiş, həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan tutulan alimentin məbləği hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarında olan AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat X18 Mərkəzi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 03.02.2021-ci il tarixdən “xxxx” MMC-də Nəsimi rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və aylıq əmək haqqı 250 manatdır. Göründüyü kimi, iddiaçıdan əvvəl məhkəmə qətnamələri ilə aliment tutulduqdan sonra o, işlə təmin edilmiş və əvvəlki dövrlə müqayisədə maddi vəziyyəti yaxşılaşmışdır. Belə ki, alimentin artırılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılarkən Bakı Apelyasiya Məhkəməsində iddiaçının iş yeri və qazancının olmaması məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir (qeyd edilən hal Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsində öz əksini tapmışdır). Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı 22.07.2018-ci il tarixdə X13 ilə nikaha daxil olmuş və onların birgə nikahından Gülay adlı övladları 15.03.2019-cu il tarixdə doğulmuş, iddiaçının ailə vəziyyətindəki həmin dəyişiklikdən sonra isə, yuxarıda da qeyd edildiyi kimi, Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə X4 və X2 üçün 340 manat sabit pul məbləğində aliment tutulmuş, bundan sonra isə iddiaçının ailə həyatında hər hansı bir dəyişiklik baş verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki cəhətdən iş qabiliyyəti olan valideynin az əmək haqqı ilə işləməsi, yaxud onun maddi vəziyyətinin yaxşı olmaması uşaqların lazımı səviyyədə, yaxud qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə saxlanılması vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası, iddiaçının ayda 250 manat əmək haqqı almasını əsas gətirərək alimentin ödənilməsi üçün maddi imkanının yetərli qədər olmaması dəlilini əsassız sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Alimentlə bağlı işin hallarına qayıdaraq məhkəmə ilk növbədə qeyd edir ki, uşaq fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməli, sağlam böyüməli, inkişaf etməli və lazımi qidalanmalıdır. Bu şəraiti uşaqlar üçün yaratmaq isə valideynlərin üzərinə düşür. Odur ki, uşağın gələcəyi və inkişafı üçün məsuliyyət bir valideyn kimi cavabdehlə yanaşı iddiaçının da üzərinə düşür. Uşaq Hüquqları Bəyannaməsinin 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasını, qanuni əsası olmadığından təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin qətnamənin ləğv olunmasına heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ T ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Xətai rayon Məhkəməsinin hazırki iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar