Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4150/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X6, cavabdeh“Cavabdeh Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “Cavabdeh Sığorta” ASC-yə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Cavabdeh Sığorta” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.3.3-cü maddəsinə əsasən icbari sığorta ödənişi məbləğinin 40 faizi məbləğinin, yəni 8854,60 manatın (2018-ci il tarixə olan məbləğ 21 386 manat 48 qəpik / 40 % = 8554 manat 60 qəpik), xx.xx.2018-ci il tarixdən başlayaraq ödəniş ediləcək tarixə qədər hər gecikdirilən gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 % məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, kredit götürərək əmlakını ipoteka qoyan şəxs kimi “Cavabdeh Sığorta” ASC tərəfindən həyat sığortası ilə sığortalatmış, bu barədə xx.xx.2018-ci il tarixli M-Lİ P003 827/18 saylı həyat sığortası şəhadətnaməsi verilmiş, xx.xx.2018-ci il tarixdə ona 3-cü əlillik dərəcəsi təyin edilmiş, tərəfindən xx.xx.2018-ci il tarixdə “Cavabdeh Sığorta” ASC-yə sığorta ödənişinin verilməsi üçün müraciət ünvanlasa da, cavabdeh xx xxxxxx 2018-ci il tarixli **********3 saylı məktubla bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası icbari sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən icbari sığorta ödənişi və gecikdirilmiş hər gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu alınaraq ona verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, “Cavabdeh Sığorta” ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərdiyi “xxxxxxxx” ASC-nin və “Azərbaycan Respublikası İpoteka və X11”nun nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “X7”nın 14.1.6-cı bəndinə əsasən də, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardan biridir. İşin müəyyən olunmuş hallarına əsasən, “Cavabdeh Sığorta” ASC və İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “İpoteka götürən şəxslər şəxslər üçün həyat sığortası müqaviləsi” bağlanmış, həmin müqavilə ilə sığortalıya (iddiaçıya) İİİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə və xəstəliyə görə sığorta təminatı verilmiş, sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2037-ci il tarixədək, sığorta məbləği 2349,45 manat, sığorta hadisəsi üzrə faydalanan şəxs isə müvəkkil bank və “xxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı “ÖS görmə sinirinin atrofiyası, vis OD=0,8 k/etmir, vis OS-işıq duyğusu, OS monokulyar korluq, OU-zəif dərəcəli hipermetropiya, şəkərli diabet İİ tip, vegeto nevroz” diaqnozu ilə xx.xx.2018-ci il tarixdə üçüncü qrup əlillik təyin olunmuş, onun həmin hala istinadən sığorta ödənişinin verilməsi barədə “Cavabdeh Sığorta” ASC-nə etdiyi müraciətə müsbət cavab verilmədiyindən məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Qanuni qüvvəsini almış sözügedən qətnamə ilə müəyyən olunmuşdur ki, “..iddiaçıda görmə sinirinin atrofibiyası xəstəliyi xx.xx.2014-cü ildən başlamış, o, X8 adına Milli Oftalmologiya Mərkəzinə təkrarən xx.xx.2015-ci il tarixdə müraciət etmiş və xx.xx.2015-ci il tarixdə stasionara qəbul olunmuş, sığorta şəhadətnaməsi imzalanarkən isə xəstəliyi barədə məlumat verməmiş...., beləliklə də sığortaçıya sonradan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişindən imtina üçün qanuni əsas vermişdir”. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsinin qanuni olub-olmadığının əlavə olaraq araşdırılmasına ümumiyyətlə lüzum yoxdur - çünki bu məsələyə qanuni qüvvədə olan qətnamə əsasında aydınlıq gətirilmişdir; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, apellyatorun irəli sürdüyü arqumentlərin təkrarən araşdırılması mümkün deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6242/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4150/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4150/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver