Məhkəmə qərarları › İş №2(103)-4151/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4151/2025

08.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4151/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmək haqqı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı Ovşar oğluna məxsus ******* nömrəli xx.xx.2015-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı Ovşar oğlu xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə ƏMnin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

2. İş materiallarında olan İddiaçı Ovşar oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 021 nömrəli əmək müqaviləsin əsasən İddiaçı Ovşar oğlu "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə işə qəbul edilmişdir. İşçini iş saatı nahar daxil olmamaqla gündə 2 saat olmaqla həftədə 10 saat müəyyən edilmişdir.

3. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2- 9/1789/2025 saylı 10 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Ovşar oğlunun "xxxx" MMC-də işlədiyi xx.xx.2014-cü tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində iş normasından artıq iş saatına cəlb edilməsi və uyğun olaraq əmək haqqı hesablanmasını müəyyən etmək mümkün deyildir.

4. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı Ovşar oğluna ünvanlanmış 18 may 2023-cü il tarixli məktubundan da görünür ki, iş normasından artıq iş saatlarına görə əmək haqqının hesablanması üçün müəssisə rəhbərliyi tərəfindən əmək haqqımın hesablanması cədvəli təqdim edilmədiyindən artıq iş saatlarına cəlb edildiyim dövr üzrə əmək haqqıma əlavənin müəyyən edilib ödənildiyi məsələsinə münasibət bildirmək mümkün olmamışdır. Müəssisənin rəhbərliyi tərəfindən ona aid sənədlər təqdim edildiyi təqdirdə müraciətimə yenidən baxılacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-də işlədiyi xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində "xxxx" MMC-yə qazanxana operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixindən isə əmək müqaviləsi rəsmilədirilmiş, "xxxx" MMC-yə qazanxana operatoru vəzifəsinə təyin edilmişdir. (Əmr №037/1, xx.xx.2015-ci il). Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən iş vaxtları nahar daxil olmaqla gündə 2 saat olmaqla həftədə 10 saat təşkil edir. 5.2-ci bəndinə görə iş həftəsi bazar ertəsi başlayır və cümə günü daxil olmaqla (hər iki gün daxil olmaqla) bitir. İstirahət günləri şənbə və bazar günləridir. Müqavilənin 7.1-ci bəndinə əsasən aylıq əmək haqqı 431 manat təşkil edir və işin xüsusiyyətləri nəzərə alınmaqla 12 faiz əlavə hesablanmalı idi. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmuş, onu müqavilədə nəzərdə tutulmuş müddətdən artıq müddətdə işlətmişlər. Belə ki, onun iş qrafiki Müqavilədə qeyd olunduğu kimi olmamış, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalımışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmiş və 1 sutka tamam olduqdan sonra işdən çıxmışdır. Buna baxmayaraq onun əmək haqqı iş saatına uyğun hesablanmamışdır. "xxxx" MMC-nin 010/k saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçinin sayı və ştatı ixtisarı) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən işlədiyi iş normasından artıq iş saatlara görə son haqq-hesab hesablanıb ona verilməmişdir. "xxxx" MMC-də işlədiyi iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh onun müraciətinin həllindən imtina etmişdir. Buna görə də məsələ ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdeh ona 1000 (bir min) manat məbləğində pul təklif etmiş, lakin o həmin vəsaitlə razı olmamışdır və ona Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən lazımi sənədlər həmin İdarəyə təqdim olunmasa belə idarə tərəfindən müvafiq araşdırma aparılmış, cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmiş və bununla bağlı ünvanına 18 may 2023-cü il tarixli məktub göndərilmişdir. Hesab edir ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlandığı gündən əmək müqaviləsinə xitam verildiyi günədək iş normasından artıq iş saatlarına görə əmək haqqı hesablanıb ona verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh onunla bağlanmış Əmək Müqaviləsinə birtərəfli qaydada dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmişdir. Lakin əmək haqqı həmin dəyişikliklərə və iş normasından artıq iş saatlarına uyğun hesablanmamışdır.

7. Daha sonra, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə verilən iddianı qəbul etmədiklərini bildirmişlər. Həmçinin qeyd etmişlər ki, iddia əsassızdır, iddiaçı tərəfindən onun hər hansı bir əmək hüququnun və ya digər hüququnun cavabdeh tərəfindən pozulmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmiş və iddianın əsasını təşkil edən tələb üzrə ekpertizanın rəy verilməsi mümkün olmamışdır. Eyni zamanda iş üzrə qüvvədə olan qanunvericiliyin təlıblərinə istina edərək iddia müddəti ötürülmüşdür.İddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, 2013-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator maşinist vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilə qədər həmin vəzifədə çalışmışdır. 160-168 saat əvəzinə, 240 saat işləmişdir. 1 gün ərzində 24 saat işləmişdir. Həmin vəzifədə 3 nəfər işləmiş, onlardan biri də iddiaçı olmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində işlənilmiş iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərci olan 20 (iyirmi) manat pulun cavabdeh Capital Tovvers" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1, 100.1, 102.1, 160.1, 164.1, 165.1, 166.1, 296-cı maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin təhlili göstərir ki, iş üzrə bir sıra halların mövcudluğu tərəflər arasında mübahisəli olmuş və onların sübut olunması çətinlik yaratmışdır. Ən əvvəl, iddiaçının xx.xx.2013-cü il tarixindən "xxxx" MMCdə işləməyə başladığını iddia etməsi mübahisəlidir, çünki bu tarixə dair əmək münasibətlərinin mövcudluğunu təsdiqləyən heç bir rəsmi sənəd – nə əmək müqaviləsi, nə əmr, nə də digər hüquqi sənəd təqdim olunmamışdır. Bundan başqa, iddiaçının iş vaxtından artıq işə cəlb olunması üçün işəgötürənin müvafiq əmrinin (və ya sərəncamı) və iddiaçının bu barədə razılığının olması ilə bağlı hər hansı sənəd mövcud deyil. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə əsasən (maddə 99.1), işçinin iş vaxtından artıq işə cəlb olunması üçün işəgötürənin müvafiq əmri (və ya sərəncamı) və işçinin bu barədə razılığı mütləqdir. Lakin iş materiallarından aydın olur ki, nə iddiaçının iş vaxtından artıq işləməyə dair razılığı, nə də işəgötürən tərəfindən bu barədə verilmiş hər hansı əmr və ya sərəncam mövcuddur. AR Əmək Məcəlləsinin 102.1ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, bu maddə işəgötürənə mütləq və fasiləsiz bir öhdəlik qoyur – hər bir işçinin real işlədiyi vaxtın dəqiq uçotu aparılmalıdır. Bu öhdəlik yalnız normativ iş saatlarını deyil, artıq iş saatlarını da əhatə edir, amma şərt odur ki, həmin artıq iş qanuni əsaslarla baş verməlidir (yəni işəgötürənin əmri və işçinin razılığı ilə – bax: 99.1-ci maddə). Əgər artıq iş qanuni əsasla aparılmayıbsa, yəni əmr və razılıq yoxdur, onda işəgötürənin bu iş saatlarını qeyd altına alması hüquqi baxımdan məcburi sayılmır. Belə hallarda uçot aparılmaması qanun pozuntusu kimi qiymətləndirilmir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədə cavabdeh "xxxx" MMC-nin tabel cədvəlini təqdim etməməsi, onun ziyanına qiymətləndirilmiş və bunun əsasında iddiaçının iş vaxtından artıq işlədiyi qənaətinə gəlinmişdir. Lakin, bu yanaşma həm maddi, həm də prosessual hüquq normalarına uyğun deyildir. Əvvəla, qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş yalnız işəgötürənin əmri və işçinin razılığı ilə mümkündür. Mübahisə predmeti olan artıq iş saatlarına dair nə məhkəməyə təqdim olunmuş rəsmi əmrlər, nə də işçinin razılığını əks etdirən hər hansı yazılı sənəd mövcuddur. Belə olan halda, artıq iş faktı hüquqi cəhətdən müəyyən edilməmiş əmək funksiyası sayılır və bu əsasda əmək haqqı tələbi yarana bilməz. İkincisi, Əmək Məcəlləsinin 102.1-ci maddəsi işəgötürənin iş vaxtı və artıq iş saatları üzrə uçot aparmaq öhdəliyini təsbit edir. Lakin bu öhdəlik yalnız qanuni əsasla yerinə yetirilmiş iş vaxtı və artıq işlərə şamil olunur. Əgər ortada nə işəgötürənin əmri, nə də işçinin razılığı yoxdursa və artıq iş faktı hüquqi baxımdan formalaşmayıbsa, işəgötürənin belə bir rejim üzrə tabel cədvəli tərtib etməsi və ya təqdim etməsi öhdəliyi də yaranmır. Başqa sözlə desək, məhkəmənin “tabel təqdim olunmadı, deməli, artıq iş olub” məntiqi sübut yükünün cavabdehin üzərinə qanunsuz şəkildə keçirilməsi deməkdir. Hüquqi baxımdan sübut yükü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin77.1 və 217.4-cü maddələrinə əsasən, iddiaçıya məxsusdur. Əgər iddiaçı iş vaxtından artıq işlədiyini iddia edirsə, o, bu faktı mütləq şəkildə sənədlə və ya mötəbər sübutlarla təsdiqləməlidir. Tabelin təqdim olunmaması, yalnız o halda cavabdehin ziyanına şərh edilə bilərdi ki, ortada artıq işə dair əmr, razılıq və ya digər sənədlərlə iş rejiminin dəyişdiyi sübut edilmiş olaydı. Hazırkı halda isə işəgötürənin hüquqi cəhətdən belə bir rejimi tanımaması və onun üçün hüquqi əsaslar yaratmaması səbəbilə tabelin təqdim olunmaması da normal və hüquqa uyğun davranışdır. Nəticə olaraq, tabelin təqdim edilməməsini cavabdehin ziyanına şərh etmək və yalnız şahid ifadəsinə əsaslanaraq artıq iş faktını təsbit etmək hüquqi əsasdan məhrumdur. Bu isə həm sübut yükünün qanunsuz dəyişdirilməsi, həm də Əmək Məcəlləsinin 99.1 və 102.1- ci maddələrinin tətbiqində yanlışlıq kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən mübahisəyə baxılarkən AR Əmək Məcəlləsinin 99.1 və 102.1-ci maddələri düzgün tətbiq olunmadığı üçün, həmin qətnamə təmin olunmuş hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Əgər məhkəmə iddiaçının təqdim etmədiyi sübutların mövcudluğunu öncədən qəbul edərək, yaxud cavabdehin sənəd təqdim etməməsini birbaşa iddianın sübutu kimi qiymətləndirərək qərar çıxarırsa, bu, prosessual qənaət prinsipinin pozulması hesab olunur. Qətnamədən göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində açıq şəkildə bildirilmişdir ki, təqdim olunan sənədlərlə iddiaçının iş vaxtından artıq işlədiyini və buna görə əmək haqqı hesablanıbverilib-verilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bu rəy, hüquqi baxımdan neither confirming, nor denying (nə təsdiqləyən, nə də inkar edən) xarakter daşıyır. Belə bir rəy müsbət sübut hesab oluna bilməz, çünki iddia tələbinin əsaslandığı halın müəyyən edilməsini qeyri-mümkün sayır. Məhkəmənin bu rəyə iddianı sübut edən sənəd kimi yanaşması və cavabdehin sənəd təqdim etməməsini əleyhinə şərh edərək həmin rəyə əsaslanması AR MPM-nin 88-ci maddəsinin müddəalarına və sübut hüququnun prinsiplərinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsininsübutların qiymətləndirilməsi ilə bağlı yanaşması əsas sübut prinsiplərinin – obyektivlik, qanunauyğunluq və sübut yükünün düzgün paylanması prinsiplərinin pozulması ilə müşayiət olunmuşdur. Məhkəmə, faktiki olaraq sübut təqdim etməyən iddiaçının iddiasını təqdim edilməmiş sübutlara istinadla təmin etmiş və bu zaman sübut yükünü əsassız olaraq cavabdehin üzərinə keçirmişdir. Ekspertiza rəyi isə sübutun yetərsizliyini açıq şəkildə ortaya qoyduğu halda, ona tam əks məna yüklənmişdir. Bu səbəbdən də apellyasiya instansiyasıhəmin qətnamənin sübutların hüquqa zidd qiymətləndirilməsi əsasında çıxarıldığını qəbul etməli və bu hissədə qətnaməni ləğv etməlidir. Məhkəmə işin həlli üçün mühüm əhəmiyyət kəsb edənbir sıra halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının iş vaxtından artıq işlədiyini iddia etdiyi dövrlərə dair konkret iş qrafiki, əmək funksiyasının həcmi, gündəlik və aylıq iş saatlarının uçotu sənədləri araşdırılmamış, iş vaxtından artıq işin mövcudluğunu təsdiqləyən işəgötürən əmri və işçi razılığı kimi hüquqi əsaslar tamamilə müəyyən edilməmişdir. Həmçinin təqdim olunmuş ekspertiza rəyində faktiki iş saatlarının və əmək haqqının müəyyən edilməsinin mümkün olmadığı açıq şəkildə göstərilsə də, məhkəmə bu rəyə zidd mövqe tutaraq qətnamə çıxarmışdır. Bu hallar işin faktiki əsaslarının tam aydınlaşdırılmadığını göstərir. Birinci instansiya məhkəməsi iddiaçının iş vaxtından artıq işləməsi və bu səbəbdən əlavə əmək haqqı almaq hüququnun mövcudluğu ilə bağlı halları sübuta yetirilməmiş halda müəyyən etmişdir. Həmin halların sübut edilməsi üçün qanunvericiliyin tələb etdiyi əsas sənədlər — işəgötürənin əmri, işçinin razılığı və dəqiq iş vaxtı uçotu təqdim olunmamışdır. Eyni zamanda ekspertiza rəyində bu halların sənədsizmüəyyən edilməsinin mümkün olmadığı açıq şəkildə qeyd olunmuşdur. Buna baxmayaraq, məhkəmə bu halları sübut edilmədən qəbul etmiş və qətnaməsini həmin əsassız nəticələr üzərində qurmuşdur. Qətnamədə göstərilmiş nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə iddiaçının iş vaxtından artıq işlədiyini müəyyən etsə də, bu nəticə yalnız izahat və şahid ifadəsinə əsaslanmış, lakin qanunla tələb olunan yazılı sübutlar (əmr, razılıq, iş vaxtı uçotu) təqdim olunmamışdır. Həmçinin ekspertiza rəyində bu halların müəyyən edilməsinin mümkün olmadığı açıq şəkildə göstərildiyi halda, məhkəmə həmin rəyə zidd nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədəki nəticələr işin faktiki sübut vəziyyəti ilə uyğunluq təşkil etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

16. Maddə 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

17. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

18. Maddə 104.1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.

19. Maddə 160.1-ci maddəsinin tələbinə görə vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

20. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; və.s.

21. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; və.s.

22. Maddə 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

23. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə təyin edilmiş,xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Ovşar oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 021 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Ovşar oğlu "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə işə qəbul edilmişdir. İşçini iş saatı nahar daxil olmamaqla gündə 2 saat olmaqla həftədə 10 saat müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iş qrafiki Müqavilədə qeyd olunduğu kimi olmadığını, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalmışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmiş və 1 sutka tamam olduqdan sonra işdən çıxmışdır. Buna baxmayaraq iddiaçının əmək haqqı iş saatına uyğun hesablanmamışdır. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

35. Belə ki, iddiaçının əmək müqaviləsində nəzərdə tutulan iş rejimindən artıq işləməsi şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr ərzində iddiaçının iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi hissəsində iddia tələbi üzrə iddia müddəti ötmüşdür. Qeyd olunan xüsusat işin mübahisələndirilməyən halıdır.

37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün iddiaçının iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi hissəsində təmin etmişdir. Belə ki, iddiaçı gün ərzində 2 saat işləməli olsada əmək müqaviləsində nəzərdə tutulan qaydada iş rejimi olmamış, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalımışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmişdir. Eyni zamanda, cavabdeh təşkilatı bir neçə dəfə tabel cədvəlinin məhkəməyə təqdim edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, cavabdeh tərəfindən təqdim edilməmiş, həmçinin iş üzrə bir neçə dəfə ekspertiza təyin edilmiş cavabdeh təşkilat lazımi sənədləri ekspertizaaya təqdim etməmişdir. Məhkəmə bu halı cavabdeh təşkilatın ziyanına şərh etməklə, iddiaçının iş rejimindən artıq işləməsi halının təsdiqi kimi qiymətləndirir. Cavabdeh apellyasiya şikayətində bunun əksini iddia etsə də tələbinin əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

38. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla yoxlanılan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinə dair gəldiyi nəticə düzgün olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar