Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4154/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: antenn dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin əvəzinin ödənilməs) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehin nümayəndələri X2 və Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-3048/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı (abunəçi) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən bu müqavilənin predmetini Cavabdeh MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.
2. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı antenn sorğusu barədə müraciətinə əsasən sorğuda qeyd olunmuş məlumatların (antenn məlumatları, zəng qeydləri və s.) elektron və ya yazılı formada rəsmi arayış şəklində təqdim olunmasını, əgər bu məlumatlar üçün rüsum və ya ödəniş tələb edilirsə, məbləğ və ödəmə prosedurları barədə əlavə məlumat göndərilməsini xahiş etmişdir.
3. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı mail adresinə ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, izahlı faktura son 2 kəsilmiş və 1 kəsilməmiş faktura periodunu əhatə edir. Rominqdə daxil olan zənglər barədə məlumatın İzahlı fakturada öz əksini tapması mümkündür. Lakin fakturada yalnız “Azərcell” şəbəkəsi daxilində zəng edən nömrə tam göstərilir. Daxil olan zənglər və mesajlar haqqında məlumat izahlı fakturada əks olunmur. “Azercell” Ekskluziv ofislərində müvafiq formu doldurmaqla izahlı fakturanı elektron poçta ala bilərsiniz. Daxil olan zənglər və mesajlar haqda məlumat izahlı fakturada əks olunmur. Əməliyyatın həyata keçirilməsi üçün nömrə adına rəsmiləşdirilən şəxs şəxsiyyət vəsiqəsi ilə ofisə yaxınlaşa bilər. Təqdim olunan məlumatda mesajların mətni əks olunmur. Digər əldə etmək istədiyi məlumatlar üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı “antenn dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-ni +**********05 nömrəsinə aid xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası antenn dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi; cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi; məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası ona məxsus olan +**********05 mobil nömrəsinin antenn (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumat almaq məqsədilə Cavabdeh MMC-yə rəsmi müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, sözügedən məlumatlar rəsmi formada, elektron və ya yazılı şəkildə təqdim olunsun və əgər bunun üçün ödəniş tələb olunursa, ödəniş məbləği və prosedurları barədə məlumat verilsin. Lakin Cavabdeh MMC müraciətinə cavab olaraq antenn dairəsi məlumatlarını təqdim etməkdən imtina etmiş və bu məlumatları əldə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə etmişdir. Cavabdehin bu imtinası qanunsuzdur və onun qanuni hüquqlarını pozur. Cavab əsassızdır çünki: 1. Konstitusiyanın Maddə 32. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. 2. “Fərdi məlumatlar haqqında” qanunun 7.1.3 ilə abunəçi informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququ vardır. 3. “Telekommunikasiya haqqında” qanunun 48.3 maddəsi ilə operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir, abunəçi istisna olmaqla qeyd olunsa da qeyd etdiyim özümə məxsus nömrənin anten dairəsi mənə təqdim edilmədi. 4. “Fərdi məlumatlar haqqında” qanunun 12.3. maddəsi Subyekt onun barəsində toplanılmış və işlənilən məlumatlarla bağlı mülkiyyətçiyə və ya operatora sorğu ilə müraciət etdikdə, onun sorğusuna mülkiyyətçi və ya operator tərəfindən baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra edilməli, həmin məlumatda digər şəxslər barədə fərdi məlumatlar əks etdirilməməlidir. 5. “İnformasiya əldə etmək haqqında” qanunun 2. Maddəsi İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunmasıazaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Bu səbəbdən, mənəvi zərərə görə 500 manat məbləğində təzminat tələb edir. Bundan əlavə, işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
6. Cavabdeh MMC 27 may 2025-ci il tarixdə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq +**********05 mobil nömrəsinin anten (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumatların rəsmi qaydada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu məqsədlə Cavabdeh MMC-yə müraciət etmişdir. Müştəri xidmətləri tərəfindən iddiaçının sorğusu ətraflı cavablandırılaraq, ona bu məlumatları necə əldə edə biləcəyi izah edilmişdir. İddiaçının tələbləri aşağıdakı əsaslara görə faktiki və hüquqi baxımdan əsassızdır. İ. İddiaçının məlumat əldəetmə hüququ mütləq hüquq deyil və qanunda və ya müqavilədə Azercellin bununla bağlı öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 32 maddəsi V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. “Telekommunikasiya haqqında” qanunun 38.4- cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. 38.5-ci maddəsində isə Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verildiyi təsbit edilmişdir. Qanunun sadalanan noralarından da aydın şəkildə görünür ki, anten üzrə qeydiyyat məlumatlarının verilməsi ilə bağlı hər hansı öhdəlik müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı qeyd etməyi vacib hesab edirlər ki, cavabdeh tərəfindən abonentlərə yalnız mobil rabitə xidmətləri təqdim edilir. Anten üzrə qeydiyyat məlumatlarını özündə əks etdirən hər hansı xidmət verilməsi Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Cavabdeh belə xidmətin təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Cavabdeh MMC-nin rəsmi saytı olan www.azercell.com–da, və ya KİV-də verilmiş elan və reklamalarda da belə xidmətin göstərilməsi barədə həç bir qeyd yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə də Cavabdeh MMC-nin üzərinə abunəçilər üçün bu cür xidmətin göstərilməsi barədə öhdəlik qoyulmamışdır. İddiaçının tələb etdiyi zənglə və sms qeydləri ilə bağlı hissədə müştəri xidmətləri tərəfindən sorğusu ətraflı cavablandırılaraq izahlı faktura əsasında daxil olan zənglər və mesajlar haqqında məlumat ala biləcəyi barədə məlumat verilmişdir. Fərdi məlumatlar haqqında Qanunun 7.1.3.maddəsinə əsasən informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq, anten məlumatları şəxsin özü barəsində toplanılmış fərdi məlumat deyil. Burada digər şəxs və ya şəxslər var. Beləliklə də iddiaçının cavabdehdən tələb etdiyi anten məlumatlarının şəxsən ona və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməsi nə abunəçi ilə münasibətləri tənzimləyən abunə müqaviləsi ilə, nə də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunmur. Beləliklə iddiaçının Cavabdeh MMCyə qarşı tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına istinadən, 2(004)-3048/2025 saylı mülki iş üzrə İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh MMC öz etirazında iddiaçının tələb etdiyi məlumatların (mobil nömrəyə aid anten/baz stansiyası məlumatları, zəng və SMS qeydləri) verilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını və bu məlumatların iddiaçıya təqdim edilməsi ilə bağlı öhdəliyin olmadığını bildirir. Lakin bu arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır: Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin V hissəsinə əsasən, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Cavabdehin istinad etdiyi “Telekommunikasiya haqqında” Qanunun 38.4 və 38.5-ci maddələri məlumatların açıqlanmasını məhdudlaşdıran ümumi müddəalar olsa da, bu maddələr iddiaçının özü ilə bağlı məlumatlara çıxış hüququnu tamamilə istisna etmir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) presedent qərarlarına istinadən, şəxsi məlumatlara çıxış hüququ Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində qorunur. AİHM-in “Gaskin v. Birləşmiş Krallıq” (1989) və “K.H. və digərləri v. Slovakiya” (2009) işləri üzrə qərarlarında vurğulanır ki, şəxslər özləri ilə bağlı toplanmış məlumatlara çıxış əldə etmək hüququna malikdirlər və bu hüquq yalnız ciddi ictimai maraqlar və ya üçüncü şəxslərin hüquqlarının qorunması zərurəti ilə məhdudlaşdırıla bilər. Cavabdeh belə bir məhdudiyyətin zərurətini sübut etməmişdir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cü maddəsinə əsasən, şəxs informasiya sistemində onun barəsində toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququna malikdir. Cavabdehin iddia etdiyi kimi, anten/baz stansiyası məlumatlarının “fərdi məlumat” olmaması arqumenti əsassızdır. Çünki bu məlumatlar iddiaçının mobil nömrəsi ilə birbaşa bağlıdır və onun telekommunikasiya xidmətlərindən istifadəsi ilə əlaqədar toplanır. AİHMin “Copland v. Birləşmiş Krallıq” (2007) qərarında telefon zəngləri ilə bağlı məlumatların şəxsi məlumat kimi qəbul edildiyi və AİHK-nın 8-ci maddəsi ilə qorunduğu təsbit edilmişdir. Cavabdeh abunə müqaviləsində anten məlumatlarının təqdim edilməsi ilə bağlı öhdəliyin olmadığını bildirir. Lakin Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmətlə bağlı tam və dəqiq məlumat əldə etmək hüququna malikdir. İddiaçı abunəçi kimi öz mobil nömrəsinin istifadəsi ilə bağlı məlumatları tələb etməkdə haqlıdır və cavabdeh bu məlumatları təqdim etməkdən imtina etmək üçün hüquqi əsas göstərməmişdir. Cavabdeh etirazında iddiaçının sorğusunun müştəri xidmətləri tərəfindən “ətraflı cavablandırıldığını” və məlumatların necə əldə ediləcəyinin izah olunduğunu bildirir. Lakin iddiaçı tərəfindən cavabdehə rəsmi müraciət edilmiş, lakin heç bir konkret məlumat təqdim olunmamışdır. Cavabdehin bu cür qeyri-müəyyən və ümumi cavabları iddiaçının məlumat əldə etmək hüququnu faktiki olaraq məhdudlaşdırır. Cavabdeh anten məlumatlarının təqdim edilməsinin onların xidmət siyahısında nəzərdə tutulmadığını bildirir. Lakin bu arqument texniki cəhətdən əsassızdır, çünki mobil operatorlar abunəçilərin zəng və mesaj tarixçəsini, həmçinin baz stansiyası məlumatlarını (xüsusilə cinayət işləri üzrə istintaq zamanı) saxlayır və müvafiq sorğular əsasında təqdim edə bilir. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsində operatorların emal etdiyi məlumatlar siyahısında abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumatlar (məsələn, xidmətdən istifadə müddəti, həcmi və s.) açıq şəkildə qeyd olunur. Anten məlumatları da bu kateqoriyaya daxildir və iddiaçının özü ilə bağlı bu məlumatları tələb etməsi qanunvericiliklə ziddiyyət təşkil etmir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Birincisi, abunəçi sms məlumatları ilə bağlı iddia ərizəsində qeyd edib, onunla bağlı qeyd etdi ki, sms məlumatları verilir, o, Cavabdeh MMC-yə müraciət edib, onları ala bilər. İkincisi abunəçi anten məlumatları ilə bağlı bir neçə qanun sadalayıb, lakin həmin qanunların heç birində anten məlumatlarının verilməsi ilə bağlı məlumat yoxdur. Abunəçi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 3-cü bəndinə istinad edib, lakin həmin bənddə konkret olaraq hansı məlumatların verilməsi qeyd olunub, lakin anten məlumatları ilə bağlı heç bir məlumat yoxdur, yəni qanunda konkret bir göstəriş yoxdur. Ümumiyyətlə anten məlumatlarının verilməsi ilə bağlı Cavabdeh MMC-də elə bir xidmət yoxdur. Cavabdeh MMC yalnız istintaq orqanının və ya məhkəmənin qərarı əsasında anten məlumatlarını təqdim edə bilər. Bundan başqa anten məlumatları şəxsin hansı ərazidə danışdığını, eləcə də zəng olunan şəxsin ərazisini müəyyən edir, və bu cür məlumatların verilməsi məxfiliyi aradan qaldırır, üçüncü şəxsin hüquqlarını pozur, məxfililik olmalı, həmçinin üçüncü şəxsin razılığı olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, abunəçiyə izah olunmuşdur ki, smslər, mətnlərlə bağlı məlumatları izahlı faktura çərçivəsində ala bilər. Bu da eyni şəkildə xidmət növüdür və onlar bu xidməti göstərmirlər. Bundan başqa kütləvi informasiya vasitələrində də Cavabdeh MMC belə bir məlumat yaymayıb ki, onların belə bir xidməti var. Anten məlumatların hamısı şifrələnmiş şəkildə tərəflər arasında mübadilə olunur və belə bir məlumatı təqdim etmək üçün onlar həmin məlumatı işləməlidirlər ki, həmin məlumatlar başa düşülən olsun. Belə bir xidmət üçün resurs lazım olur, əlavə xidmət xərci tələb olunur. Beynəlxalq təcrübədə belə bir şirkətlər mövcuddur, elə xidməti ödənişli əsaslarla göstərir, lakin bizim ölkədə elə bir xidmət mövcud deyil. Həmçinin onlar istintaq orqanının və məhkəmənin qərarı əsasında belə məlumatları təqdim edə bilirlər, çünki həmin orqanlar belə bir məlumatların zəruriliyini əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)- 3048/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1, 38.2, 38.3, 38.4, 38.5, 48.1, 48.2, 48.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması Cavabdeh MMC-dən +**********05 nömrəsinə aid xx.xx.2025-xx.xx.2025 tarixləri arası antenn (baz stansiyası) məlumatlarının, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsinə dair qətnamə qəbul edilməsini, mənəvi zərərə görə 500 manat təzminatın ödənilməsini, 45 manat dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdeh tərəfindən qarşılanmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir abunəçi kimi, özünə məxsus +**********05 nömrəsinin xx.xx.2025-xx.xx.2025 tarixləri arasında hansı baz stansiyaları üzrə aktiv olduğunu, zəng və SMS qeydlərini rəsmi formada əldə etmək hüququnu tələb etmişdir. Bu məlumatlar şəxsi telekommunikasiya fəaliyyəti ilə bağlıdır və ona aiddir. xx.xx.2025 tarixli rəsmi müraciətimdə (Qoşma: Müraciət sənədi) Cavabdeh MMC-dən bu məlumatları təqdim etməyi, hətta ödəniş tələb olunarsa, bunun prosedurlarını bildirməyi xahiş etmişdir. Lakin cavabdeh konkret cavab vermək əvəzinə, onu hüquq-mühafizə orqanlarına yönləndirmişdir (Qoşma: Azercelldən cavab sənədi). Bu imtina məlumat əldə etmək hüququnu açıq şəkildə pozur və öz məlumatlarına çıxışdan məhrum edir. Yasamal Rayon Məhkəməsi bu imtinanı əsaslı hesab edərək iddia tələbini rədd etmişdir. Məhkəmə qətnaməsində hüquqlarının pozulduğuna dair arqumentlərinə yetərincə diqqət yetirilməmiş, cavabdehin imtinasının qanuni olub-olmaması obyektiv şəkildə qiymətləndirilməmişdir. Qətnamədə sadəcə olaraq cavabdehin abunə müqaviləsində və qanunvericilikdə antenn məlumatlarının təqdim edilməsi öhdəliyinin olmaması vurğulanmışdır. Lakin məhkəmə, iddiaçının özünə məxsus məlumatlara çıxış hüququnun mahiyyətini və bu məlumatların təqdim edilməməsinin əsassızlığını araşdırmamışdır. Sadəcə öz telekommunikasiya fəaliyyəti ilə bağlı məlumatları istəiyini bildirir. Cavabdehin bu məlumatları təqdim etməməsi, öz hüquqlarını həyata keçirməkdən məhrum edir və bu, nəinki hüquqi, həm də ədalət baxımından qəbuledilməzdir. Bu məlumatlar telekommunikasiya xidmətlərindən istifadəsinin təfərrüatlarını əks etdirir və şəxsi xarakter daşıyır. Cavabdeh iddia edir ki, antenn məlumatları "şəxsi məlumat" kateqoriyasına aid deyil və üçüncü şəxslərin məlumatlarını ehtiva edə bilər. Lakin yalnız öz nömrəsinə aid məlumatları tələb etdiyini, burada üçüncü şəxslərin məlumatlarının təqdim edilməsi vəziyyətində isə onları anonimləşdirilmiş formada verə biləcəyini qeyd edir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakı qanunlara istinadlarımı düzgün təhlil etməmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin Vhissəsi: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər.” Bu maddə özünə məxsus məlumatlara çıxış hüququ verir. Antenn məlumatları mobil nömrənin istifadəsi ilə bağlıdır və bu, haqqında toplanmış məlumatdır. “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cümaddəsi: Bu maddə şəxsin informasiya sistemində onun barəsində toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququnu təsdiqləyir. Antenn məlumatları mənim nömrəmin hansı baz stansiyaları üzrə aktiv olduğunu göstərir və bu, şəxsi fəaliyyəti ilə bağlı fərdi məlumatdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsi: Bu maddə informasiya əldə etmək azadlığını və hər kəsin informasiya sahibinə müraciət etmək hüququnu təmin edir. Rəsmi müraciətində bu hüququndan istifadə etdiyini bildirir, lakin cavabdeh məlumat təqdim etməkdən imtina edərək bu hüququ pozmuşdur. Məhkəmə bu qanunların mahiyyətini araşdırmamış və cavabdehin imtinasını qanuni hesab etmişdir. Cavabdeh öz etirazında bildirir ki, antenn məlumatlarının təqdim edilməsi xidməti onların siyahısında nəzərdə tutulmayıb və bu barədə abunə müqaviləsində öhdəlik yoxdur. Lakin bu arqument əsassızdır, çünki mobil operatorlar abunəçilərin zəng, SMS və baz stansiyası məlumatlarını saxlayır və müvafiq sorğular əsasında təqdim edə bilir. Məsələn, cinayət işləri üzrə istintaq zamanı bu məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunur. Əgər bu məlumatlar mövcuddursa və başqa qurumlara verilə bilirsə, niyə bu məlumatların birbaşa sahibi olan abunəçi – onlardan məhrum edilməlidir? Üstəlik, cavabdeh müraciətinə cavab olaraq izahlı faktura xidmətini təklif etmiş, lakin bu xidmətin antenn məlumatlarını əhatə etmədiyini bildirmişdir. Bu, cavabdehin məlumat təqdimetmə siyasətində şəffaflıq olmadığını və hüquqlarını məhdudlaşdırmaq üçün qeyri-müəyyən cavablarla məşğul olduğunu göstərir. Bu məlumatların verilməməsi, cavabdeh tərəfin nümayəndələrinin dedikləri əsasında müəyyən suallar yaradır: . Bu məlumatlar Azercell Telekom MMC-də emal olunurmu? Bəli 2. Hüquq-mühafizə orqanlarına təqdim edilirmi? Bəli 3. Hüquqmühafizə orqanları Azercell Telekom MMC-lə abunəçilik öhdəliklərimi var? Xeyr 4. Bu məlumatlar abunəlik müqaviləsi ilə yaranan xidmət qarşılığındamı verilir? Xeyr 5. Bu məlumatlar fərdi məlumatdırmı? Bəli. Göstərilən sualların cavablarından da aydındır ki, bu məlumatlar fərdidir və bu heçdə abunəlikdən yaranan öhdəlik deyildir. Cavabdeh tərəfin nümayəndələrinin dediklərinə əsasən də bəllidir ki, Azərcell Telekom MMC bu məlumatları toplayır. “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsi: Bu maddədə operatorların abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumatları (xidmətdən istifadə müddəti, həcmi və s.) emal etdiyi qeyd olunur. Antenn məlumatları bu kateqoriyaya daxildir və abunəçi kimi bu məlumatları tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndələri məhkəmə iclasında bildiriblər ki, antenn məlumatları üçüncü şəxslərin məlumatlarını ehtiva edə bilər və bu məlumatların təqdim edilməsi məxfilik prinsiplərini poza bilər. Lakin mən yalnız öz nömrəmə aid məlumatları tələb edir. Əgər bu məlumatlar üçüncü şəxslərin məlumatlarını ehtiva edirsə, cavabdeh onları anonimləşdirərək təqdim edə bilər. Bu, texniki cəhətdən mümkündür və beynəlxalq praktikada geniş istifadə olunur. Cavabdehin etiraz sənədində qeyd etdiyi arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır. Cavabdeh iddia edir ki, antenn məlumatlarının təqdim edilməsi xidməti onların siyahısında yoxdur və bu barədə abunə müqaviləsində öhdəlik yoxdur. Lakin bu, məlumat əldə etmək hüququnu istisna etmir. Əgər cavabdeh bu məlumatları toplayır və saxlayırsa (ki, onların nümayəndələri məhkəmədə bunu təsdiqləmişdir), o zaman bu məlumatları təqdim etmək onların öhdəliyidir. Əlavə olaraq isə, cavabdeh tərəf məhkəmə prosesi zamanı məlumatların toplanıldığını təsdiqləyərək lakin həmin məlumatları verdikdə heçnə başa düşülməyəcəyini məlumatların şifrələndiyini aydın başa düşülür formaya gətirmək üçün isə əlavə xərclər tələb olunduğunu vurğuladı. Cavabdehin nümayəndələrinin dedikləri bir daha sübut edir ki, cavabdeh bu məlumatları özlərində emal edir. Azercellə etdiyi müraciətdə bu prosedurlar zamanı əlavə xərc və ya rüsum olacağı zaman məlumatların verilməsi təqdirdə həmin məbləği ödəyəcəyini qeyd etdiyini buna baxmayaraq yenə də həmin məlumatların təqdim edilmədiyini göstərilənlərin nəticəsində isə cavabdehin nümayəndəsinin sadəcə müxtəlif bəhanələr gətirərək hüququnu pozduğunun bir daha təsdiqini tapmış halıdır. Bunlar əsasında yenə müxtəlif suallar ortaya çıxır: 1.Əgər cavabdehin dediklərinə əsasən antenn məlumatları müqavilədən irəli gələn öhdəliklərdirsə cavabdeh nəyə görə bu məlumatları özlərində toplayır? 2. Toplayırsa nəyə görə təqdim etmir? 3. Cavabdehin nümayəndələrinin dediklərikini əgər qanunda bununla bağlı müvafiq göstərişlər yoxdursa cavabdeh nəyə görə bu məlumatları müvafiq istintaq orqanları sorğu verdikləri zaman onlara təqdim edilir? 4. Əgər cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi bu öhdəliklər müqavilədən irəli gəlirsə bu məlumatları nəyə görə istintaq orqanlarına verir? İstintaq orqanları cavabdehlə müqavilə öhdəliklərimi var? 5. Əgər yoxdursa cavabdeh qanunsuz fəaliyyətlə mi məşğuldur? Məhkəmə, özünə məxsus məlumatlara çıxış hüququmun (antenn məlumatları) mahiyyətini araşdırmamış,cavabdehin imtinasını qanuni hesab etmişdir. Bu maddə haqqında toplanmış məlumatlarla tanış olmaq hüququ verir. Məhkəmə, antenn məlumatlarının şəxsi fəaliyyəti ilə bağlı fərdi məlumat olduğunu nəzərə almamış, bu məlumatlara çıxış hüququnun pozulduğunu qiymətləndirməmişdir. Məhkəmə,cavabdehin mənim rəsmi müraciətinə cavab olaraq məlumat təqdim etməkdən imtina etməsinin bu hüququ pozduğunu araşdırmamışdır. Məhkəmə, antenn məlumatlarının abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumat kateqoriyasına daxil olduğunu və təqdim edilməli olduğunu nəzərə almamışdır. Məhkəmə, cavabdehin antenn məlumatlarını toplayıb saxladığını təsdiqlədiyi halda, bu məlumatların təqdim edilməməsinin əsassızlığını araşdırmamışdır. Həmçinin, məhkəmə iddia tələbinin üçüncü şəxslərin məlumatlarını əhatə etmədiyini və anonimləşdirilmiş formada təqdim edilə biləcəyini qiymətləndirməmişdir. Məhkəmə, cavabdehin antenn məlumatlarının təqdim edilməsinin mümkünlüyünü və texniki cəhətdən necə həyata keçirilə biləcəyini araşdırmamış, bu məlumatların mövcudluğunu təsdiqləyən sübutları qiymətləndirməmişdir. Məhkəmə, cavabdehin məlumat təqdim etməkdən imtina etməsini abunə müqaviləsində öhdəliyin olmaması ilə əsaslandırmışdır. Lakin bu, məlumat əldə etmək hüququnu istisna etmir. Cavabdeh məlumatları toplayıb saxlayırsa, onların təqdim edilməməsi qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazə onunla əsaslandırmışdır ki, Şikayətçinin apelyasiya şikayəti aşağıdakı əsaslara görə faktiki və hüquqi baxımdan əsassızdır. Belə ki, “Telekommunikasiya haqqında” qanunun 38.4-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. 38.5-ci maddəsində isə Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verildiyi təsbit edilmişdir. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanunun 48.1.-ci maddəsinə əsasən Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir. Həmin Qanunun 48.2.-ci maddəsinə əsasən Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir: 48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat; 48.2.2. abunəçinin ünvanı; 48.2.3. ümumi istifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri; 48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.); 48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar; 48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar. 48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir. Yuxarıda sadalanan siyahıdan da aydın şəkildə görünür ki, anten üzrə qeydiyyat məlumatlarının verilməsi ilə bağlı hər hansı öhdəlik müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı qeyd etməyi vacib hesab edir ki, cavabdeh tərəfindən abonentlərə yalnız mobil rabitə xidmətləri təqdim edilir. Anten üzrə qeydiyyat məlumatlarını özündə əks etdirən hər hansı xidmət verilməsi Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Cavabdeh belə xidmətin təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Cavabdeh MMC-nin rəsmi saytı olan www.azercell.com –da, və ya KİV-də verilmiş elan və reklamlarda da belə xidmətin göstərilməsi barədə heç bir qeyd yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə də Cavabdeh MMC-nin üzərinə abunəçilər üçün bu cür xidmətin göstərilməsi barədə öhdəlik qoyulmamışdır. “Telekommunikasiya haqqında” qanunun 33.1.9-2-ci maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək) provayder və operatorların vəzifəsidir. Yasamal rayon Məhkəməsi düzgün olaraq qeyd edir ki, Cavabdeh MMC abonentlərə mobil rabitə xidməti göstərən hüquqi şəxsdir. Cavabdeh tərəfindən GSM abunə müqaviləsində anten məlumatların təqdim edilməsi xidmətinin göstərilməsi öz əksini tapmamışdır. Eləcə də, “Telekommunikasiya haqqında” Qanunun müddəalarında da anten məlumatlarının abunəçiyə verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Digər hissəyə, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya cavab məktubunda hansı hallarda və qaydada izahlı fakturanın verilməsi izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “anten dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərini rəsmi formada təqdim edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına istinadən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal rayon Məhkəməsinin e-2(004)-3048/2025 saylı Qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun
21. 38.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur.
22. 38.2-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
23. 38.3-cü maddəsinə əsasən, Operatorlar, provayderlər şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyini təmin etməlidirlər.
24. 38.4-cü maddəsinə əsasən, telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.
25. 38.5-ci maddəsinə əsasən, telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir.
26. 48.1.-ci maddəsinə əsasən Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.
27. 48.2.-ci maddəsinə əsasən Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir: 48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat; 48.2.2. abunəçinin ünvanı; 48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri; 48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.); 48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar; 48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.
28. 48.3-cü maddəsinə əsasən Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.”
30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.
31. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
32. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-3048/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlər arası ona məxsus olan +**********05 mobil nömrəsinin antenn (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumat almaq məqsədilə Cavabdeh MMC-yə rəsmi müraciət etmiş, cavabdeh isə daxil olan zənglər və mesajlar haqqında məlumatın izahlı fakturada əks olunmadığını, iddiaçının digər əldə etmək istədiyi məlumatlar üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə etmişdir.
45. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, сavabdeh tərəfindən GSM abunə müqaviləsində antenn məlumatların təqdim edilməsi xidmətinin göstərilməsi öz əksini tapmamışdır. Eləcə də, “Telekommunikasiya haqqında” Qanunun müddəalarında da antenn məlumatlarının abunəçiyə verilməsi öhdəliyi nəzərdə tutulmamışdır.
46. Həmçinin, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya cavab məktubunda hansı hallarda və qaydada izahlı fakturanın verilməsi izah edilmişdir. Belə olan halda “antenn dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərini rəsmi formada təqdim edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
47. Belə ki, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır.
48. Kollegiya apellyasiya şikayətinin cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması dəlilinə münasibətdə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, nəticədə iddiaçıya mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi və apellyasiya şikayəti bu hissədə də təmin edilməməlidir.
49. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
50. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
51. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.
52. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93).
53. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
56. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
57. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
58. Belə ki, göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
59. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
60. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)- 3048/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.