Məhkəmə qərarları › İş №2(103)-4158/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4158/2022

24.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4158/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinə qarşı “nəqliyyat vasitəsinə dair bağlanmış alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının və cavabdeh "xxxx" (əvvəlki adı: “X4”) MMC-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia barədə məlumat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmuş 2018-ci il buraxılışlı “X3 200” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair satıcı olaraq onunla alıcı olaraq "xxxx" (əvvəlki adı: “X4”) MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin”, həmin tarixdə satıcı olaraq “X4” MMC ilə alıcı olaraq Cavabdeh MMC arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, avtomobilin ona (iddiaçıya) qaytarılması, avtomobilin köhnəlməsi nəticəsində yaranmış 102.000 manat məbləğində qiymət fərqinin və 3 il ərzində onun ailə üzvlərinin sağlamlığının itirilməsi ilə əlaqədar ona dəymiş 300.000 manat məbləğində ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuşdur. 2018-ci ilin sentyabr ayında iddiaçı ilə cavabdehlər arasında razılıq əldə olunmuşdur ki, Cavabdeh MMC həmin avtomobili 142.000 manata alır, lakin nağd pul vəsaiti olmadığından, avtomobil iddiaçı tərəfindən ilkin olaraq “X4” MMC-yə nisyə satılır, “X4” MMC isə avtomobili Cavabdeh MMC-yə nisyə satır, avtomobilin dəyəri Cavabdeh MMC tərəfindən 1 ay ərzində ödənilir. İddiaçı, Cavabdeh MMC-nin direktoruna inanaraq buna razılıq vermişdir. 2018-ci ilin oktyabr ayında, iddiaçı, Cavabdeh MMC-nin Maliyyə İdarəsinin rəhbəri olan Ruslan adlı şəxsə və daha sonra MMC-nin digər rəhbər işçilərinə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, hesabda hazırda pul vəsaiti yoxdur və buna görə də iddiaçı bir qədər gözləməli, qısa zamanda ödənişi həyata keçirəcəklər. Elə həmin vaxt iddiaçı Zavoda satdığı avtomobilin üzərində yeni dövlət qeydiyyat nişanın, yəni **-AA-*** dövlət qeydiyyat nişanın olduğunu görmüşdür. İddiaçı 1 il gözləmiş və 2019-cu ilin avqust-sentyabr aylarında yenidən Cavabdeh MMC-nin maliyyə idarəsinə müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, MMC-nin direktoru və MMC-nin Maliyyə İdarəsinin rəhbəri olan Ruslan işdən çıxmışlar. İddiaçıya bildirilmişdir ki, avtomobilə görə heç bir ödəniş olmayacaq. İddiaçı bildirir ki, avtomobilə dair bağlanmış “Alğı-satqı müqavilələri” üzrə Cavabdeh MMC tərəfindən “X4” MMC-yə və sonuncu tərəfindən ona hər hansı bir ödəniş edilməmişdir. Onunla “X4” MMC arasında bağlanmış müqavilə avtomobilin onun tərəfindən Cavabdeh MMC-yə satmaq barədə əqdi pərdələmək üçün bağlanmışdır. “X4” MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Alğı-satqı müqaviləsi” isə uydurma və yalan əqddir. Bu səbəbdən də avtomobilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış hər 2 müqavilə etibarsız hesab edilməli və avtomobil iddiaçıya qaytarılmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, avtomobil Cavabdeh MMC tərəfindən normadan artıq istismar edilmiş və avtomobilin aşınması normal həddə deyil, daha yüksək dərəcədə olmuşdur. Avtomobilin müvəqqəti dayanacağa salıb saxlanılması barədə qanuni qüvvəyə minmiş qərardadı olmasına baxmayaraq, cavabdeh “X5” MMC iddianın təmin etmə tədbirini icra etməmiş və bu səbəbdən real olaraq avtomobilin hazırda olan qiymətinin müəyyən edilməsi mümkün deyil. 3 il istismarda olan avtomobilin aşınmasının normativ aşınma dərəcəsi son hədd olaraq ildə 25% qəbul edilərək cəmi 80% qiymətləndirilməli və avtomobilin köhnəlməsi nəticəsində yaranmış 102.000 manat məbləğində qiymət fərqi Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı bildirir ki, avtomobillə bağlı olan bu məsələyə görə 3 il ərzində onun ailə üzvlərinin sağlamlığı pozulmuş və ona 300.000 manat məbləğində ziyan dəymişdir. Buna görə də həmin məbləğ də, Cavabdeh MMC-dən onun xeyrinə tutulmalıdır. Hazırki apellyasiya baxışına qədər məhkəmələr tərəfindən iş üzrə qəbul edilmiş qərarlar İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İş üzrə İddiaçı və cavabdeh "xxxx" MMC-nin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-7170/2021) ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini, iddianın qismən təmin olunmasını, avtomobilə dair bağlanmış hər 2 “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında aparılmış mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsini, avtomobilin Cavabdeh MMCdən alınaraq iddiaçıya qaytarılmasını, iddianın qalan hissədə təmin olunmamasıni qət etmişdir. İş üzrə iddiaçının və Cavabdeh MMC-nin həmin qətnamədən ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-1096/2022) ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, Cavabdeh MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən iddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Apellyasiya şikayətlərinin dəlilləri və apellyasiya şikayətləri ilə bağlı iş üzrə tərəflərin mövqeyi İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “X4” MMC arasında mübahisəli avtomobilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsızdır. "xxxx" MMC- həmin müqavilə üzrə avtomobili almamış və iddiaçıya ödəniş etməmişdir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh MMC arasında həmin avtomobilə dair bağlanmış müqavilə də etibarsızdır. Cavabdeh MMC avtomobillə bağlı hər hansı ödəniş etməmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək təmsil etdiyi MMC-nin verdiyi apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, "xxxx" MMC, onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarsızlığını etiraf edir. Çünki həmin müqavilə qeyd olunan hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanılmışdır. MMC, iddiaçı ilə iş üzrə digər cavabdeh olan Cavabdeh MMC arasında avtomobilin alğı-satqısı məsələsində faktiki vasitəçi olmuşdur. Belə ki, Cavabdeh MMC-nin hesabında nağd pul olmadığından MMC, işçisi olan iddiaçıya avtomobili Cavabdeh MMC-yə satılmasında köməklik etmişdir. Cavabdeh MMC avtomobili nisyə alaraq üzərinə öhdəlik götürmüşdür ki, avtomobilin dəyərini 1 ay ərzində ödəyəcək. Lakin Cavabdeh MMC bu öhdəliyi icra etməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, cavabdeh "xxxx" MMC, mübahisəli avtomobilə dair iddiaçı ilə bağladığı müqavilənin etibarsız olmasını etiraf etsə də, nəzərə almaq lazımdır ki, Cavabdeh MMC vicdanlı əldə edən şəxsdir. Bu baxımdan, onlarla bağlanmış əqd etibarsız hesab edilə bilməz. Həmçinin sonuncu əqd Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlandığı üçün iddiaçının Cavabdeh MMC-yə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür. Bununla bağlı işə Rayon Məhkəməsində baxılan zaman ərizə vermişlər. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh MMC vicdanla davranaraq avtomobili "xxxx" MMC-dən satın aldığı üçün hesab edilməlidir ki, Cavabdeh MMC iddiaçıya hər hansı biz zərər vurmamışdır. Apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi və mülki mübahisənin həlli Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın “avtomobilə dair satıcı olaraq iddiaçı ilə alıcı olaraq "xxxx" (əvvəlki adı: “X4”) MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, bu tələbi təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsindən” görünür ki, iddiaçı özünə məxsus olan mübahisəli avtomobili 178.000 manata “X4” MMC-yə satmışdır. Cavabdeh "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsindən” görünür ki, "xxxx" MMC həmin avtomobili 178.000 manata “X1” satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən işə baxmış Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli məktubla göndərilmiş “kompüter məlumatından” görünür ki, mübahisəli “X3 200” markalı avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına, həmin tarixdə “X4” MMC-nin, həmin tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir. Avtomobil hazırda Cavabdeh MMC-nin adında qeydiyyatdadır. İddiaçı bildirir ki, mübahisəli avtomobilə dair onunla cavabdeh “X4” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və həmin MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlərdir və əslində başqa əqdi, yəni mübahisəli avtomobilin onun tərəfindən Cavabdeh MMC-yə satmağı barədə əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Cavabdeh "xxxx" MMC iddiaçının istinad etdiyi halları təsdiq və avtomobilə dair onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə tələbi etiraf edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.3-ci maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın “avtomobilə dair satıcı olaraq iddiaçı ilə alıcı olaraq "xxxx" (əvvəlki adı: “X4”) MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, bu tələbi təmin edilməlidir. Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin qətnamənin həmin hissəsinə aid dəlilləri əsaslıdır. İddianın “avtomobilə dair satıcı olaraq cavabdeh "xxxx" MMC ilə alıcı olaraq Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsinə gəldikdə Məhkəmə bildirir ki, bu hissədə tələb onunla əsaslandırılmışdır ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlansa da, əslində avtomobilin onun tərəfindən Cavabdeh MMC-yə satılması barədə əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. İddianın əsaslarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məcəllənin 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdeh MMC-nin bu tələbə qarşı etirazı ondan ibarətdir ki, o, vicdanla davranaraq avtomobili "xxxx" MMC-dən əldə etmişdir. Bu baxımdan qeyd edilən həmin müqavilə etibarsız əqd hesab edilə bilməz. Həmçinin həmin müqavilə Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlandığı üçün iddiaçı ona qarşı bu iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Cavabdeh "xxxx" MMC iddiaçının istinad etdiyi halları təsdiq və avtomobilə dair onunla Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə tələbi etiraf edir. Məhkəmə qeyd edir ki, Məhkəmə, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qənaətə gəlsə də hesab edir ki, avtomobilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Alğı satqı müqaviləsi” etibarsız hesab edilə bilməz. Çünki işin hallarından məlum olur ki, mübahisəli avtomobil xüsusi mülkiyyətdə olan daşınar əmlak kimi "xxxx" MMC-nin adına qeydiyyata alınıb və Cavabdeh MMC vicdanla davranaraq avtomobili "xxxx" MMC-dən satın almışdır. Bunları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında, “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il qərarında “vicdanlı əldə edən” şəxslər ilə bağlı təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən iddia tələbi əsassızdır və Rayon Məhkəməsi bu tələbi təmin etməməklə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. Apellyasiya şikayətlərinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. İddianın “pul tələbi barədə” hissəsi ondan ibarətdir ki, avtomobil Cavabdeh MMC tərəfindən normadan artıq istismar edilmiş və avtomobilin aşınması normal həddə deyil, daha yüksək dərəcədə olmuşdur. 3 il istismarda olan avtomobilin aşınmasının normativ aşınma dərəcəsi son hədd olaraq ildə 25% qəbul edilərək cəmi 80% qiymətləndirilməli və avtomobilin köhnəlməsi nəticəsində yaranmış 102.000 manat məbləğində qiymət fərqi Cavabdeh MMC-dən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, avtomobillə bağlı yaranmış və 3 il müddətində həllini tapmayan problemlər iddiaçının ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərmiş və bununla da iddiaçıya 300.000 manat məbləğində ziyan dəymişdir ki, həmin məbləğ də, Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MMC-nin bu tələbə qarşı etirazı ondan ibarətdir ki, o, vicdanla davranaraq avtomobili "xxxx" MMC-dən əldə etdiyindən hesab edilməlidir ki, o, iddiaçıya hər hansı biz zərər vurmamışdır. Qeyd edilən tələblərin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Cavabdeh MMC vicdanla davranaraq avtomobili "xxxx" MMC-dən əldə etmişdir; avtomobilə dair "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə etibarsız deyil; həmin müqavilənin etibarsız hesab edilməsi barədə tələb əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, əsassız tələbdən irəli gələn “pul tələbi barədə” iddia da əsaslı hesab edilə bilməz. Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Beləliklə də, göstərilənləri nəzərə alan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə qismən, yəni iddianın “avtomobilə dair satıcı olaraq iddiaçı ilə alıcı olaraq "xxxx" (əvvəlki adı: “X4”) MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinə qarşı “nəqliyyat vasitəsinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbi barədə” iddiası qismən təmin edilsin. 2018-ci il buraxılışlı “X3 200” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair satıcı olaraq İddiaçı ilə alıcı olaraq "xxxx" (əvvəlki adı: “X4”) MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsi” etibarsız hesab edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar