Məhkəmə qərarları › İş №2(103)-4165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4165/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4165/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh“xxxx” ASC-nin nümayəndəsi Amid Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” MMC və “xxxx” ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair verilmiş çıxarışların ləğv edilməsi, mülkiyyət hüququnun bərpası və ipotekaya xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-2(81)-578/2017 nömrəli iş üzrə qəbul olunmuş 15.12.2014-cü il tarixli qətnamə və həmin iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktlarına görə İddiaçı və “xxxx” MMCdən “xxxx” ASC-nin xeyrinə cəmi 2.056.709,94 ABŞ dolları məbləğində pul tutulmalı, tutma ipoteka predmeti olan, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yerləşən üç mənzilə - 58, 60 və 92 №-li mənzillərə yönəldilməlidir.Məhkəmə icra sənədi verib. İcra məmurunun şifarişi əsasında cavabdeh “xxxx” MMC hərrac keçirib. Hazırkı işdə hərrac iki mənzilə - 58 və 92 №-li mənzillərə münasibətdə mübahisələndirilib. Həmin mənzilərə dair 3 dəfə hərrac keçirilib: 1) birinci hərrac - 28.01.2019-cu ildə (iş v. 200); 2) təkrar hərrac - 18.02.2019-cu ildə (iş v. 204). 3) üçüncü hərrac - 30.08.2019-cu ildə (iş v. 213). Üçüncü hərracdan sonra - 06.09.2019-cu il tarixdə hərrac təşkilatı mənzilləri təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə almağı “xxxx”ASC-yə təklif edib. 04.10.2019-cu il tarixdə “xxxx” ASC 92 №-li mənzili 195.712,50 manata, 58 №-li mənzili isə 85.106,25 manata alıb. 04.10.2019-cu il tarixdə hərracın yekunları barədə protokollar və alqı-satqı müqavilələri tərtib edilib. 07.03.2020-ci il tarixdə 92 və 58 №-li mənzillər üzərində “xxxx” ASC-nin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, 58 və 92 №-li mənzillərə münasibətdə hərrac etibarsız sayılsın, mənzillər üzərində “xxxx” ASC-nin mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilsin və həmin mənzillə üzərində ipotekaya xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 58 və 92 №-li mənzillərə münasibətdə hərracın yekunları üzrə protokollar və hərracın yekunları üzrə alqı-satqı müqavilələri etibarsız hesab edilsin və mənzillərə münasibətdə ipotekaya xitam verilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Amid Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: İddia ərizəsindən və iddianın dəyişdirilməsi barədə ərizədən görünür ki, iddianın 2 əsası var. 1-ci əsas ondan ibarətdir ki, 3 dəfə hərrac keçirilməsi qanunvericiliyə ziddir, ona görə hərrac etibarsız sayılmalıdır. 2-ci əsas ondan ibarətdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində bank ipoteka predmetini əldə etmədiyinə görə ipotekaya xitam verilməlidir. Həmin əsaslarla bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci əsas barədə: Müəyyən olunur ki, 28.01.2019, 18.02.2019 və 30.08.2019-cu il tarixlərində 3 dəfə hərrac keçirilib. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulub, hər hansı əsasla yeni hərracın keçirilməsi qanunsuzdur. Bu mövqe “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında əks olunub. Ona görə də 58 və 92 №-li mənzillərə münasibətdə hərrac etibarsız hesab olunmalıdır. 2-ci əsas barədə: “İpoteka haqqında” Qanunun 43.8-cü maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hazırkı işdə 30 təqvim günün hansı tarixdən hesablanması barədə tərəflərin arasında fikir ayrılığı var: iddiaçı hesab edir ki, 30 təqvim günü 2-ci hərracın tarixindən (18.02.2019-cu ildən) hesablanmalıdır, cavabdeh “xxxx” ASC isə hesab edir ki, 30 təqvim günü 3-cü hərracın tarixindən (30.08.2019-cu ildən) sonra hərrac təşkilatı tərəfindən verilmiş təklifin tarixindən (06.09.2019-cu ildən) hesablanmalıdır. Birinci instansiya məhkəməsi 30 təqvim gününü 2-ci hərracın tarixindən hesablayaraq ipotekaya xitam vermişdir. Hazırkı vəziyyətdə ipotekaya bu əsasla xitam verilməsi hüquqi müəyyənlik prinsipinə uyğun deyil. Belə ki, 30 təqvim günü hesablanarkən hüquqi müəyyənlik prinsipinə əməl edilməlidir, yəni banka aydın olmalıdır ki, 30 təqvim günü nə vaxtdan başlayır. Çünki bu müddətin keçməsi ipotekaya xitam verilməsi nəticələnir və bank kreditin təminatından məhrum olur. Hərracın qanunla müəyyənləşdirilmiş qaydada keçirilməsinə görə bank məsuliyyət daşımır. Hərracın keçirilməsi qaydalarını hərrac təşkilatı pozub: o, 3cü hərracın keçirilməsindən sonra - 06.09.2019-cu il tarixdə ipoteka predmetini almağı “xxxx”ASC-yə təklif edib, bank isə 30 təqvim günü ərzində ipoteka predmetini əldə edib. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalı, 58 və 92 №-li mənzillərə münasibətdə hərrac etibarsız hesab olunmalı, hərracın nəticələri əsasında bankın həmin mənzillər üzərində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməli, ipotekaya xitam verilməsi barədə tələb rədd olunmalı, həmin mənzillərə münasibətdə yenidən hərrac keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yerləşən 58 və 92 №-li mənzillərə dair Cavabdeh1 sifarişi əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərrac və hərracın nəticələri üzrə tərtib olunmuş 04.10.2019-cu il tarixli protokollar və alqısatqı müqavilələri etibarsız hesab edilsin. Həmin hərracın nəticələri əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yerləşən 58 və 92 №-li mənzillər üzərində Cavabdeh3 ASC-nin mülkiyyət hüququna dair aparılmış qeydiyyat və verilmiş reyestr çıxrışları ləğv edilsin, İddiaçı mülkiyyət hüququna dair qeydiyyat bərpa edilsin. Həmin mənzillərə dair yenidən hərrac keçirilsin. İpotekaya xitam verilməsi barədə tələb rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar