Məhkəmə qərarları › İş №2(103)-4170/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4170/2020

20.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4170/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-1678/2019 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış xx xxxx 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 869 No ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından xx xxxxx 2017-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin hər ay cavabdehdən tutularaq ona ödənilməsi və birgə nikahlarından olan uşaqlarının 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxxxx 2019-cu il təvəllüdlü X9 adlı uşaqları vardır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş və xasiyyətləri uyğun gəlməmişdir. İddiaçının cavabdehlə birgə yaşadıqları mümkün deyil, ailələləri faktiki olaraq dağılmış və bərpası mümkün deyil. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-1678/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 869 saylı akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 və tərbiyyə edilmələri üçün İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, aliment tələbi ilə əlaqədar 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehin kifayət qədər qazancı olmuş və daimi iş yeri olmuşdur. Belə ki, bir sıra iş yerlərində işləmiş, o cümlədən “xx” Azərbaycan Şirkətində Sanqaçal Terminalında Şahdəniz 1 mərhələsində işləmiş və yüksək əmək haqqı almışdır. Bundan əlavə “xxxxxxxxxxxx” MMC-də mühəndis vəzifəsində işləmişdir. Lakin məhkəmə bunu nəzərə almamış, cavabdeh əlavə xərclərdən yayınmış, yüksək məbləğdə aliment ödəməmək üçün iradəli şəkildə sonradan iş yerlərini tərk etmişdir. Halbuki, məhkəmə proseslərinin gedişatında cavabdeh həmin şirkətdə işləyirdi. Bundan əlavə məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil. Bu hal, MPM-nin 390-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilər suallara cavab olaraq qeyd etdi ki, o, birinci instansiya məhkəməsində cavabdehin işləməsi barədə heç bir məlumat verməmiş, sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməsindən sonra sübutların əldə olunması ilə bağlı vəkili tərəfindən sorğular verilmişdir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, cavabdeh heç bir yerdə işləmir, zəruri vəsaitə malik deyildir. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı məhkəmədə işə baxılarkən heç bir məlumat verməmiş, sübut təqdim etməmişdir. Onun hazırda təqdim etdiyi sənədlər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-1678/2019 saylı qətnaməsinin birgə nikahlarından olan uşaqlarının 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız qeyd olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər xx xxxx 2016-cı ildə rəsmi nikah qeyd etdirmiş, birgə nikahlarından xx.xx.2017-ci ildə X7 və xx.xx.2019-cu ildə X9 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər aralarında olan münasibət pozulduğuna görə ayrılmışlar, nikahları formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qanunvericiliyin tələbindən göründüyü kimi, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəf zəruri vəsaitə malik olmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olması barədə sübut təqdim olunmaması səbəbindən iddianı mübahisələndirilən hissədə təmin etməmişdir. Kollegiya məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna-mə-sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir haldaməhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində iddiaçının təqdim etdiyi sənədlər sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər və iş materiallarından görünür ki, iddiaçı tərəf məhkəmədə işə baxılarkən, sübutların əldə edilməsi ilə bağlı vəsatət verməmiş, hazırda təqdim etdiyi sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, əksinə qətnamə qəbul edildikdən sonra, sübutların əldə edilməsinə çalışmışdır. Bundan əlavə, hazırkı vəziyyətdə cavabdehin zəruri vəsaitə malik olması müəyyən olunmur. Kollegiya apellyatorun məhkəmənin maddi hüquq normasını pozması, yəni Ailə Məcəlləsinin 85-ci maddəsi deyil, 84-cü maddəyə istinad etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı qeyd olunan tələbi nikah dövründə irəli sürmüşdür. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 1678/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar