Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4176/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı1 hüquqi varisi İddiaçı2 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 03 iyun 2019-cu il tarixdə, 4Ə-528 reyestr nömrəsi ilə təsdiq edilməklə bağlanmış renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2449/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3794/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2449/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1506/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 hüquq varisi İddiaçı2 ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 prosessual hüquq varisliyinə xitam verilmiş, İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə icraata da prosessual hüquq varisliyinə yol verilməməsi əsası ilə xitam verilmişdir. Həmin qərardaddan İddiaçı2 verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4036/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş halları, eləcə də Bakı şəhəri 46 saylı Notariat ofisinin notariusu tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubunda qeyd olunanları - “20 aprel 2016-cı il tarixində Bakı şəhəri 46 saylı notariat ofisində 2V-32 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə İddiaçı1 İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzili vəsiyyət etmişdir. ....İddiaçı2 mirasın qəbulu barədə ərizəsi tərtib edilərkən miras əmlak ünvan 1 əvəzinə texniki səhv nəticəsində Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9, mənzil 17 qeyd edilmişdir. ... sözügedən vəsiyyətnamədə göstərilən əmlak Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9 ünvanında yerləşən 16 saylı mənzildir. Həmçinin, məktubda qeyd olunmuşdur ki, vəsiyyətnamədə göstərilən ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və eləcə də vəsiyyətnamədə göstərilən miras əmlaka ölən günədək vəsiyyət edənin mülkiyyətində olması barədə arayış təqdim edildiyi halda İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Şövkət Ələkbərova küçəsi, ev 9 ünvanında yerləşən 16 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər” – nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı2 16 saylı mənzil vəsiyyət olunduğu halda, hazırki iddianın predmetini 17 saylı mənzil təşkil edir. Yəni, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, göstərilən səbəbdən həmin iş üzrə iddiaçı olan İddiaçı2 subyektiv hüququ yoxdur. Məhkəmə hesab edib ki, İddiaçı2 hazırki mübahisə üzrə hüquq varisliyinə yol verən hal aradan qalxdığı üçün bu hüquqa xitam verilməlidir (yəni ona vəsiyyət ounan mənzil başqa mənzil olmuşdur). Eyni zamanda məhkəmə hesab etmişdir ki, hazırki işdə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Kollegiya qeyd edir ki, əvvəla məhkəmənin MPM-nin 261.0.7-ci maddəsinə əsaslanaraq hazırki işdə mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi qənaətinə gələrək mülki iş üzrə icraata xitam verməsi qanuni olmamışdır. MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir Hazırki iddia tələbi renta müqaviləsinin ləğvi olmaqla, əmlak hüquqları ilə bağlı tələb olduğundan hüquq varisliyinə yol verilən hüquq münasibətidir. Ona görə də hüquq varisliyinə yol verilməməsi əsası ilə mülki iş üzrə icraata xitam verilməsi yolverilməzdir. İddiaçı2 münasibətdə də Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının mübahisələndirdiyi mənzilə (müqaviləyə) aidiyyəti müəyyən olunmadığından onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmaması müəyyən edilmiş olsa da, İddiaçı2 hazırki iş üzrə prosessual hüquq varisliyi məsələsinə ətraflı araşdırılma aparılmadan qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 həmin iş üzrə iddia tələbini əsaslandırarkən göstərmişdir ki, İddiaçı1 atası X1 xalasıdır. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Belə olan halda qeyd olunan hallar araşdırılaraq İddiaçı2 mərhum İddiaçı1 qanun üzrə vərəsəsi olub-olmaması dəqiqləşdirilməli və bundan sonra onun hazırki iş üzrə prosessual hüquq varisliyi məsələsinə qiymət verilməlidir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qanuni nəticəyə gəlmək üçün sadalanan hallar ətraflı araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4176/2023
20.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver