Məhkəmə qərarları › İş №2(103)-4179/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4179/2020

16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4179/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-2565/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və əldə ediləcək pulun tərəflər arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması, mənzilin açıq hərracda satılması, əldə edilmiş pul məbləğinin paylarına mütənasib şəkildə onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 3/5 hissəsi üzərində onun, 2/5 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə birgə nikahda olduqları dövrdə əldə etdikləri vəsait hesabına Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilini almışlar. Cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş övladlarından biri yetkinlik yaşına çatmadığına görə onun yanında saxlanılmış, yetkinlik yaşına çatmış digər övladları isə onun yanında qalır. Hal-hazırda cavabdehlə münasibətləri normal deyil, eyni evdə yaşamaq onun və övladlarının psixi sağlamlığına ciddi ziyan vurur. Buna görə də ev üzərində cavabdehlə onun paylarının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu istiqamətdə cavabdehlə məhkəmədən kənar razılığa gəlinməsi mümkün olmadığı üçün, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, övladlarının onunla qalmasını nəzərə alaraq, mənzilin 3/5 hissəsi onun, qalan 2/5 hissəsi isə cavabdehin mülkiyyətinə verilməlidir. İddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə uyğun əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 2565/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı evin 37 saylı mənzilinin İddiaçı və Cavabdeh arasında payları bərabər olmaq şərti ilə bölünməsi, həmin mənzil üzərində 1/2 pay nisbətində İddiaçı, 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüququnun tanınması, mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bərabər şəkildə bölünməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 3/5 hissəsi üzərində onun, 2/5 hissəsi üzərində isə Cavabdeh payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, işə baxan məhkəmə birgə nikahdan doğulmuş övladların iddiaçının yanında qalmasını nəzərə almadan birgə nikah dövründə əldə olunan mənzil üzərində tərəflərin bərabər pay haqqını müəyyən etmiş, bundan əlavə Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini təmin etmədən həmin Məcəllənin 220.6-cı maddəsinə istinad edərək əmlakın açıq hərracdan satılması və satış pulunun bölünməsinə dair qərar qəbul etmişdir. Halbuki, həmin əmlakın birbaşa açıq hərracdan satılması qanuna uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, birgə nikah dövründə əldə olunmuş mübahisə predmeti olan əmlaka dair hər birinin ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə etiraz etmir. Məhkəmənin qəbul etdiyi qərarın həmin hissəsi ilə razıdır, lakin mənzilin açıq hərracdan satılmasını istəmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, o da birgə nikah dövründə əldə olunmuş mübahisə predmeti olan əmlaka dair hər birinin ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə etiraz etmir, lakin mənzilin açıq hərracdan satılmasına etiraz edir. Cavabdeh izahatında həmçinin bildirdi ki, xx.xx.2020-ci il tarixdə mənzil üzərində tərəflərin ½ hissədə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 2565/2019 saylı qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-472/2019 saylı qətnaməsindən görünür ki, tərəflər arasında xx xxxxx 1999-cu il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X4 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır. İş materiallarında olan Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzili xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzili 63000 manat dəyərində qiymətləndirilmişdir. Ekspertiza xərci 300 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, mübahisəli mənzilin təcrid şəkildə paylara mütənasib olaraq 1/2 və 1/2 nisbətində 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Bundan başqa, tərəflər biri digərinə kompensasiya ödəməklə də öz aralarında razılığa gələ bilməmişlər və iddiaçının cavabdehlə birgə yaşamaları qeyri-mümkündür. Məhkəmə hesab etmişdir ki, mübahisə Mülki Məcəllənin 220.6-cı maddəsinin tətbiqi ilə həll edilməli, mənzil açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bərabər şəkildə bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə dair ½ hissədə tərəflərin pay hüquqlarının müəyyən edilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin mənzilin açıq hərracdan satılmasına dair gəlmiş olduğu nəticə qanunsuzdur və qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəllənin 37.2-ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddiaçı iddia ərizəsində mənzilin 3/5 hissəsi üzərində onun, 2/5 hissəsi üzərində cavabdehin pay hüququnun tanınmasını tələb etsə də, iddia tələbini kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, tərəflər arasında birgə mülkiyyətin bölünməsi zamanı payların qeyri-bərabər bölünməsi üçün Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyil. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış uşaqların analarının yanında qalması payların qeyri-bərabər şəkildə bölünməsinə əsas vermir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflərin paylarına uyğun şəkildə bölünməsi barədə tələb olmadığı halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq mənzilin açıq hərracda satılaraq, əldə olunacaq pul vəsaitinintərəflərin paylarına uyğun olaraq aralarında bölünməsini qət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia ərizəsində belə bir tələb olduğu halda belə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl etmədən bu nəticəyə gələ bilməzdi. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxx 2014-cü il tarixli Qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə görə, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir və əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası keçirmədən öz mülahizəsinə əsasən payın naturada ayrılmasının mümkün olmaması qənaətinə gəlmiş, habelə tərəflərin fikrini soruşmadan tərəflərin biri digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmədiklərini göstərmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbindən kənara çıxmaqla Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normalarını, habelə mənzilin açıq hərracda satılmasını qət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur. Qeyd olunan hallar Mülki Prosessual Məcəllənin 385.1.1, 386 və 387-ci maddələrinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 2565/2019 saylı qətnaməsi qismən, mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bərabər şəkildə bölünməsi hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar