Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4179/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası üçüncü şəxs kimi cəlb edilməklə) «Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə pozuntunun tanınması və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini Avropa İnsan Hüquqları Konvensiyasının 6.2, 7 və 18-ci maddələrinin tələblərinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Cavabdeh2 tərəfindən pozulması ilə əsaslandırmış və qeyd etmişdir ki, barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılması barədə şikayətin icraata qəbul edilməsi barədə hakim Cavabdeh2 müvafiq qərarının əsassızlığı səbəbindən o, qanunsuz cinayət təqibinə məruz qalmış, başlanılmış cinayət işinə xitam verilməli olduğu halda xitam verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov, iş № e-2(006)-2471/22) iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edən hakim Avropa İnsan Hüquqları Konvensiyasına 15-ci Əlavə Protokoluna diqqət yetirməmişdir. Belə ki, həmin protokolun 1-ci maddəsi birbaşa müəyyən edir ki, üzv dövlətlər birbaşa olaraq özləri yurisdiksiyalarında Konvensiya ilə müəyyən edilən hüquqları qorumalı və həyata keçirməlidir. Subsidiar səlahiyyət isə Avropa İnsan Hüquqları Məhkəməsinə aiddir. Ona görə də məhkəmə işi icraata qəbul etməkdən imtina edərkən ciddi səhvə yol vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəsatət göndərərək işə yazılı icraatda deyil, məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən etmədiyindən vəsatəti təmin etmədi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, iddia tələbinin 1-ci hissəsi olan Avropa İnsan Hüquqları Konvensiyasının 6.2, 7 və 18-ci maddələrinin məhkəmələr (hakimlər) tərəfindən pozuntusunun tanınması insan hüquqlarının qorunması sahəsində regional nəzarət mexanizmi qismində çıxış edən Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətlərinə aiddir və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində həmin hüquq pozuntusunun mülki məhkəmə icraatı qaydasında “tanınması” nəzərdə tutulmadığından iddia tələbinin hüquqi əsası da mövcud olmur və məhkəmə qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin (maddə 1101.1-1101.3). “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6- 39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 7.0.4-cü maddəsinə əsasən, cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə həmçinin iddia tələbinin 2-ci hissəsi olan iddiaçının qanunsuz cinayət təqibinə məruz qaldığı üçün cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 10.000 manat pulun tutularaq iddiaçıya ödənilməsinə də münasibət bildirərək bu tələbə məhkəmə qaydasında baxılmalı olmaması barədə qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət təqibi Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən həyata keçirilir. Cinayət təqibi üzrə cinayət qanununda nəzərdə tutulmuş əmələ hüquqi qiymətin verilməsi müvafiq səlahiyyətli məhkəmələrə (məhkəmənin çıxarmış olacağı yekunməhkəmə aktından verilmiş şikayət üzrə yuxarı instansiya məhkəməsi) aid olduğundan, hal-hazırda iddia tələbinə mülki məhkəmə icraat qaydasında bu məhkəmədə hüquqi qiymət verilməsi mümkün deyildir. Odur ki, iddiaçı barəsində onun məhkum edilməsinə dair xüsusi ittiham növündə cinayət təqibinin nəticəsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmadığından cinayət təqibi həyata keçirilməklə ona maddi və ya mənəvi zərər vurulması halı movcud deyildir. Qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsi cinayət təqibi üzrə ədalət mühakiməsinin həyata keçirilməsi qaydasında səlahiyyətli məhkəmələrə aiddir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə aktları dövlətin adından çıxarılır və istinad olunan 15 saylı Əlavə Protokolundan da göründüyü kimi, Konvensiya ilə müəyyən edilən hüquqların qorunması və həyata keçirilməsi ilə bağlı məsuliyyət də dövlətin üzərinə düşür. İşə baxan məhkəmələr (hakimlər) tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının normalarının pozulması faktının tanınması yerli məhkəmələrin səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasına 15 saylı Əlavə Protokolun 1-ci maddəsi ilə üzv dövlətlərin birbaşa olaraq özlərinin yurisdiksiyalarında Konvensiya ilə müəyyən edilən hüquqları qorumalı və həyata keçirməli olmaları ümumi norma olub, bu hüquqların dövlətlər tərəfindən həyata keçirilməsini nəzərdə tutur. İstinad olunan maddə ilə yerli məhkəmələrin üzərinə belə bir öhdəlik qoyulmayıb. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4179/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4179/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver