Məhkəmə qərarları › İş №2(103)-418/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-418/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-418/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı X6, onun nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)-768/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 03 avqust 2007-ci il tarixdə anadan olmuş X17 və 08 iyul 2009-cu il tarixdə anadan olmuş X20 ilə birgə Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 12 sentyabr 2006-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 03 avqust 2007-ci il tarixdə X17 və 08 iyul 2009-cu il tarixdə X20 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə bir müddət kirayədə yaşamışlar. 2013-cü ildə ünvan 2 ünvanında torpaq sahəsi alıb ev tikməyə başlamışlar. 2013-cü ildən 2016-cı ilədək anasının evində yaşamışlar. 2016-cı ildə həmin mübahisə predmeti olan evə köçmüşlər. 2016-cı ildən 2020-ci ilin mart ayına qədər ünvan 1 ünvanda fərdi qaydada özbaşına tikilmiş evdə birlikdə yamışlar. Ailə quran zaman və bir müddət sonra cavabdehlə münasibətləri yaxşı olmuş, sonradan isə pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Cavabdeh 2020-ci ilin yanvar ayında onu uşaqlarıyla birlikdə evdən çıxartmışdır. Halhazırda bir yerdə yaşamırlar. Nikahları 31 may 2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hazırda ona həmin ünvanda yaşamağa imkan vermir, övladı ilə həmin ünvanda gedib yaşamaq istəsə də Cavabdeh onları qovur. Hal-hazırda onun yaşamağa yeri yoxdur, müvəqqəti övladları ilə birlikdə anasının yanında yaşayır. Cavabdeh onu həmin özbaşına tikilmiş evə buraxmır və orada yaşamağa imkan vermir. Buna görə də onu ünvan 1 ünvanda yerləşən özbaşına tikilmiş mübahisəli evə məhkəmə qaydasında məcburi köçürülməyi zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, ev özbaşına inşa edilib, cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur, o isə evi zəbt etməmişdir, evə gəlin köçmüş və yaşayış yeridir. Uzun müddət həmin evdə yaşamış və iki övladı anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)-768/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, İddiaçı övladları 03 avqust 2007-ci il təvəllüdlü X17 və 08 iyul 2009-cu il təvəllüdlü X20 ilə birlikdə ünvan 1 ünvanda yerləşən özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)-768/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı ilə 2006-cı il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ailəliklə kirayədə və qayınanasının evində yaşamışlar. Bakı şəhərində onun mülkiyyətində heç bir vaxt torpaq sahəsi, yaşayış binası olmayıb. İddia ərizəsində qeyd olunan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi heç vaxt onun mülkiyyətində olmayıb və oranı o, hər hansı bir sənədlə və ya sənədsiz almamışdır. Həmin ünvandakı torpaq sahəsi vətəndaş X1 mülkiyyətindədir. 2014-cü il tarixdə həmin torpaq sahəsində müvəqqəti daldalanmaq üçün orada kiçik iki otaqlı ev tikərək yaşamaq üçün və imkanı olanda hissə-hissə pul ödəyərək həmin 0.02 hek. ərazidə torpaq sahəsini və üzərindəki evi alacağı haqqında torpaq sahibi ilə şifahi razılaşma əldə etmişdir. 2018-ci ildə o, orada yarımçıq tikili ev hazırlamış və təqribən iki il onlar o evdə yaşamışlar. İddiaçı ilə aralarında olan ailə münasibətində narazılıq yarananda 2020-ci ilin yanvar ayında iddiaçı övladlarını da götürərək anasının evinə getmiş və sonradan ondan boşanacağını bildirmişdir. Rəsmi boşanandan sonra isə o, torpaq sahibinə, torpağın və torpaq üzəridəki yarımçıq tikili evin pulunu ödəyə bilmədiyi üçün, onlar aralarında olan hesabda biri-biri ilə halallaşaraq ayrılmışlar. 2020-ci ilin dekabr ayında o, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyatda olduğu ünvana, Sabunçu rayon Məhkəməsindən İddiaçı, Sabunşu rayonu Maştağa qəsəbəsi, Alballıq bağ massivi ev 65T ünvanına köçürülməsi haqqında iddia ərizəsi daxil olmuş və onun məhkəmə baxışında iştirak etməyi barədə bildiriş məlumatı daxil olmuşdur. Bildiriş gec daxil olduğundan, pandemiya ilə əlaqədar o, məhkəmə baxışlarında iştirak edə bilməmiş və Sabunçu rayon Məhkəməsi iddianı təmin etmişdir. İddia tələbi olması ilə əlaqədar o, Bakı şəhərinə gəldikdə torpaq sahibinin ünvanına gedərək tələb barədə məlumat vermək istədikdə X3 ona bildirmişdir ki, həmin 0,02 hektar torpaq sahəsi onunla vətəndaş X14 arasında Bakı şəhəri 17 saylı DNK-da Alıcı və satıcı arasında bağlanmış 24.08.2020-ci il tarixli 4Ə-166 saylı alğı-satqı müqaviləsi əsasında başqasının mülkiyyətinə daxil olmuş və həmin şəxs torpaq üzərində başqa bina tikərək onu da mülkiyyətinə daxil etmişdir. O, X14 ilə görüşmüş və torpaq və əmlaka aid mülkiyyət hüququ haqqında sənədlərin surətlərini Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün ona verməsini xahiş etmişdir. Mülkiyyət sahibinin X9 olduğunu nəzərə alsaq, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Alballiq bağ sahəsi 65T ünvanına köçürülməsi mümkünsüzdür, ona görə də İddiaçı, onun faktiki qeydiyyatda olduğu və yaşadığı Səlyan rayonu Qaraçala qəsəbəsindəki ünvanıma köçürülə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X15 apellyasiya şikayətini əsaslı hesab edərək, izahatında qeyd etdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan ev və 0,02 hektar torpaq sahəsi onun mülkiyyətdədir. İddiaçının onun mülkiyyətində torpaq sahəsi və evə heç bir aidiyyəti yoxdur. Qeyd olunan qətnamə onun mülkiyyət hüquqlarına birbaşa müdaxilədir. O, torpaq sahəsini alandan sonra orada yeni ev tikmişdir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin, qətnamə ləğv edilsin, iddia təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını və 3-cü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 25.11.2020-ci il tarixli, 324 saylı məktubundan görünür ki, İddiaçı və ailə üzvləri X17 və X20 ilə birlikdə 23.05.2020-ci il tarixdək ünvan 1 ünvanına yaxın yerləşən evdə pasport qeydiyyatsız yaşamışlar. İş materiallarında olan Sabunçu Bələdiyyəsinin 01 saylı, 07.01.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abbasov X19 qəsəbəsi, Xəstəxanayanı küçəsi ünvanda 69 kv.m ev üçün vergi qeydiyyatına alınmış və həmin ünvanda faktiki yaşayır. İş materiallarında olan bildirişin surətindən görünür ki, mübahisə predmeti olan mənzilə dair Azərişığa məxsus **********40029 saylı abonent kodu Cavabdeh adınadır. Apellyasiya şikayətinə əlavə edilmiş 03.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən (əsli Apellyasiya Məhkəməsində nəzərdən keçirilmişdir) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 0,02 hektar torpaq sahəsi X9 mülkiyyətdədir. Apellyasiya şikayətinə əlavə edilmiş 09.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən (əsli Apellyasiya Məhkəməsində nəzərdən keçirilmişdir) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan daşınmaz əmlak X9 mülkiyyətdədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 12 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından 03 avqust 2007-ci il tarixdə X17 və 08 iyul 2009-cu il tarixdə X20 adlı iki övladları anadan olmuşdur. İddiaçının bildirdiyinə görə nikahları 31 may 2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Tərəflər X2 mülkiyyətində olan 0,02 ha torpaq sahəsində 2014-cü ildə gələcəkdə torpaq sahəsini almaq şərtilə 2 otaqlı ev tikərək, 2016-cı ildən 2020-ci ilin yanvar ayına kimi orada yaşamışlar. Cavabdehin bildirdiyinə görə torpaq sahəsinin pulunu ödəyə bilmədiyi üçün X4 ilə hesablaşmaqla halallaşaraq, oradan ayrılmışdır. Kollegiya qeyd edir ki, iddiaçı torpaq sahəsi və köçürülməsini xahiş etdiyi mübahisələndirdiyi evə aid özünün və cavabdehin DƏDRX-də qeydə alınmış hər hansı hüquqlarının olması ilə bağlı sübut təqdim etməmişdir. İddiaçının tələb irəli sürdüyü ünvan 1 ünvanda yerləşən özbaşına tikili ilə 3-cü şəxs X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan evin eyni tikili olub-olmamasının aydınlaşdırılması üçün apellyasiya mərhələsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2022-ci il tarixli, 10/5417 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəsisi tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli mütəxəsis rəyinə əsasən, məhkəmə qətnaməsi ilə İddiaçı köçürülməsi qət olunmuş ünvan 1 ünvanda yerləşən özbaşına tikili ilə X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan evin eyni tikili olduğu müəyyən olunur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçının köçmək istədiyi özünün qeyd etdiyi ünvan 1 ünvanda yerləşən özbaşına tikili ilə 3-cü şəxs X9 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan ev eyni tikilidir. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 0,02 hektar torpaq sahəsi 03.10.2020-ci ildən X9 mülkiyyətdədir. 09.03.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65T-də yerləşən 104,4 kv.m olan daşınmaz əmlak X9 mülkiyyətdədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya qeyd edir ki, iddiaçının köçmək istədiyi mübahisəli ev 3-cü şəxsin mülkiyyətindədir. İddiaçı 3-cü şəxsin həmin evi yüklü olaraq əldə etməsi ilə bağlı sübut təqdim etməmiş, əksinə 3-cü şəxs torpaq sahəsini əldə etdikdən sonra orada yeni ev tikdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli evin mülkiyyətçisi olan 3-cü şəxsin qanunda dairəsi göstərilmiş ailə üzvləri deyillər. Buna görə də, iddiaçının 3-cü şəxsin mülkiyyətində olan evə istifadə hüququ yaranmır. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Bu maddələrdə mülkiyyətin toxunulmazlığı, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunması, mülkiyyət hüququnun qanunla qorunması, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olması və s. müddəalar təsbit olunmuşdur. Konstitusiya müddəalarında həmçinin vurğulanır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Konstitusiya hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Kollegiya qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatı dəyəri olan 100 manat X5 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)- 768/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar