Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4191/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X5 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı işi üzrə 19.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 700000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06.08.2020-cı il tarixli hökmün surətinə əsasən, X19 ARDNŞ-nin "Cavabdeh” İB ilə bağlanmış 09.04.2015-ci il tarixli, 83 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə 16.06.2016-cı il tarilxli, 2 saylı əlavəyə əsasən həmin birliyin Gəncə X21 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işə vicdansiz və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanında yerləşən X10 və həmin küçənin 41 saylı ünvanında yerləşən X6ma məxsus fərdi yaşayış evlərini təbii qazla təmin edən polad qaz borularında "xxxx” QSC-nin xətt baxıcısı X18 tərəfindən 18.04.2019-cu il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qazsızmalarını təcili aradan qaldırılmasına dair kompyuter vasitəsilə verilmiş məlumatla tanış olmasına, həmçinin bu barədə "Cavabdeh” İB-nin Baş direktorunun satış və istismar üzrə müavinin 19.04.2019-cu il tarixli məktubunun icrası Gəncə X21 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin rəis müavini X15 tərəfindən 233 saylı dərkənarla, 03.05.2019-cu il tarixdə ona həvalə edilməsinə məhəl qoymayaraq, Gəncə X21 İdarəsinin rəisi tərəfindən 28.05.2015-ci il tarixdə təsdiq edilmiş Vəzifə təlimatının "qaz xəttlərinin sxemlərini” bilməli olmasına dair 1.2-ci bəndinin, NK-nin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın tələblərinin pozaraq vəzifəli şəxs kimi hərəkətsizlik etmiş və öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməyərək cinayətkarcasına etinasızlığa yol verməklə Amalya Mustafayevanın və İradə Qurbanovanın evlərinin yerüstü qaz xəttlərinin yeraltı keçidlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması istiqamətində heç bir lazımı tədbir görməyib səhlənkarlıq etməsi nəticəsində 01.12.2019-cu il tarixdə saat 23 radələrində X4 evdə olmadığı vaxt 26.09.2008-ci il təvəllüdlü oğlu Ümid Əhmədovun hamam otağının işığını yandırması zamanı kanalizasiya xəttinin baxış quyusundan 70 sm məsafədə keçən 25 mm-lik polad qaz borusunun üzərində karroziya nəticəsində yaranmış dəliklərdən sızan qazın kanalizasiya xəttinin germetik baxış quyusuna yığılaraq, yaranmış izafi təzyiqlə kanalizasiya xəttinə qoşulmuş kanalizasiya borusu vasitəsi ilə evin hamam otağına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı sonuncunun üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərrəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşaiyət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, həmin vaxt evdə olan 09.10.2010-cu il təvəllüdlü X7 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan, 15.02.2017-ci il təvəllüdlü X2 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Goranboy rayon məhkəməsinin 1(045)-30/2020 saylı, 06.08.2020-cı il tarixli hökmü ilə X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X12 iş üzrə zərərəçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərəçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində Ümid Kərimovun ondan üzr istədiyini, onlara maddi və mənəvi dəstək verərək, 10000 manat maddi ziyan ödədiyini, ona görə də Ümid Kərimovla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmiş və ona yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən X19 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışaraq ondan şikayətçi olmamalarını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etmişdir. Bundan əlavə, iş üzrə sübut qismində iddiaçının və övladlarının əlillik dərəcəsinə və xəsarətlərinə dair fotoşəkillər təqdim edilmişdir (iş səh. 14,42,60) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı işi üzrə 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25000 manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1099.1; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarına istinad olunaraq qeyd edilmişdir ki, məhkəmədə araşdırılmış sübutlarla "Cavabdeh" X9 X21 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir- bərpa xidmətinin rəisi vəifəsində işlədiyi zaman X13 vəzifəli şəxs olub öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq etdiyinə görə 26.09.2008-ci il təvəllüdlü X11 hamam otağının işığını yandırması zamanı partlayış həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, 09.10.2010-cu il təvəllüdlü X1 az ağır zərər vurmaya aid olan, 15.02.2017-ci il təvəllüdlü X2 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətləri nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququnun yaranması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun mənəvi zərərin əvəzinin ödənilməsi barədə tövsiyyələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə 25000 manat məbləğində kompensasiya tutulmalıdır. İddiaçı "Cavabdeh" İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar aydınalşdırılmadığı səbəbindən ləğv edilməsi və 1-ci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında cinayətin törədilməsində təqsirli bilinən X19 tərəfindən mənəvi zərərin ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respjbiikasının Mülki Məcəlləsinin 21, 23; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsi qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Goranboy Rayon Məhkəməsinin 1(045)- 30/2020 saylı, 06.08.2020-ci il tarixli hökmünə əsasən X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib Qeyd olunan cinayət işinin materiallarında zərərçəkmış şəxs X4 (İddiaçı əri) 18.06.2020-ci il tarixli X19 tərəfindən 10000 (on min) manat maddi ziyanın ödənilməsi və bu iş üzrə maddi ziyanla bağlı heç bir şikayət və tələbin olmaması barədə imzalanmış ərizəsi mövcüdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Xətai Rayon Məhkəməsi isə artıq qeyd olunan faciə ilə bağlı zərəçəkmiş ailəyə külli miqdarda pulun ödənilməsini nəzərə almamışdır. Beləliklə, yuxarıda sadalananlardan göründüyü kimi, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən iş üzrə sosial, psixoloji və iqtisadı qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Bundan əlavə, qeyd olunan hal çox arzuolunmaz pretendentin yaranmasına səbəb olacaq. Belə ki, məhkəmə tərəfindən bu cür iddiaların təmin edilıməsi gələcəkdə marağı olan şəxslərin bundan sui-istifadə etməklə “Cavabdeh” İstehsalat Birliyindən küllü miqdarda pul almaqlarına gətirib çıxaracaq. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X16 apellyasiya şikayətini qəbul etməyərək, baş verən partlayış nəticəsində iddiaçının 3 uşağının xəsarət aldıqlarını, əsasən X11 əsasən xəsarət alaraq bədəninin 65-70 % faiz hissəsinin yandığını, partlayışın səbəbinin qaz xəttində korroziyaya uğradığı halda cavabdehin məsul vəzifədə çalışan əməkdaşının səhlənkarlıq edərək vaxtında qaz sızmasının qarşısının almadığını, gecə qazın təzyiqi qaldırıldğı üçün partlayışın baş verdiyini, cinayət işinə baxılan vaxt mülki iddia qaldrılmadığını, 10000 manat məbləğində maddi ziyanın ödənildiyini, lakin uşağın 44 ay xəstəxanalarda yatdığını,əməliyyatlar edildiyini, əllərini tərpədə bilmədiyini, yenə də əməliyyat ediləcəyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 25, 28- 38, 385-388, 560, 1096-1099, 1115-1116; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 49, 72, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətində qeyd edilən tələbə qiymət verilməsini, yəni cinayətin törədilməsində təqsirli bilinən X19 tərəfindən mənəvi zərərin ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən digər dəlilləri isə formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Ödənilən məbləğin isə işəgötürən tərəfindən mülki icraat qaydasında işçisindən tələb etmək hüquqları mövcuddur. Mənəvi zərərə görə kompensasiya məbləğinə dair isə qeyd edilməlidir ki, zərərçəkənlərin (və xəsarət alanların) dairəsi və səciyyəsi nəzərə alınmaqla mütənasiblik və ağlabatanlıq meyarları müstəvisində cavabdeh etiraz etdiyi əsaslara dair sübutedici mötəbər dəlillər müzakirəyə təqdim etməmişdir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "Cavabdeh" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı işi üzrə 19.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4191/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4191/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver