Məhkəmə qərarları › İş №2(103)-4195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4195/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4195/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X11 və X22 qızının iştirakı ilə, İddiaçı cavabdeh X14 qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-614/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 15 yanvar 2021-ci il tarixindən başlayaraq 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X8 hər ay hər uşağa görə 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X15 qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X18 ilə birgə nikahlarından olan 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış nikah 05.05.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olan 01.03.2014-cü il təvəllüdlü X12 və 23.12.2015-ci il təvəllüdlü X7 qətnamə ilə onun himayəsinə verilmişdir. Uşaqlara faktiki özü və ailə üzvləri baxır. Uşaqlar azyaşlı olduğundan onlarla məşğul olur, işləmək üçün vaxtı məhduddur. Bir müddət əvvəl iş yeri və daimi gəliri olmuşdur, lakin hazırda daimi işi yoxdur. Birgə yaşadıqları dövrdə ailənin bütün xərclərini özü çəkmişdir. Lakin hazırda uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqlarla maraqlanmır, onlara heç bir maddi yardım göstərmir. Eyni zamanda bildirir ki, cavabdehin maddi vəziyyətini və işləmədiyini nəzərə alaraq hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə razıdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ləğv edərək, cavabdeh X9 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etməmiş, işin faktiki halları nəzərə alınmamışdır. Qaradağ rayon Məhkəməsində cavabdeh X13 öz kefində Türkiyə vətəndaşı ilə ailə qurmasını, gedib Türkiyədə yaşadığını desə də, hakim bunları nəzərə almadı və cavabdehin xahişi nəzərə alaraq uşaqların saxlanması üçün 120 (bir yüz iyirmi) manat aliment kəsdi. İddiaçı şikayətində qeyd etmişdir ki, heç yerdə işləmir, heç bir yerdən əlavə gəliri yoxdu. O, həmin qətnamədə göstərilən alimentlə uşaqlarını saxlamaq iqtidarında deyil. Bir valideyin kimi öz uşaqlarının bütün xərcləri ödəyə bilmir. Bu vəziyyəti də, onun övladları qarşısında aciz qaldığını və onları vaxşı böyüdə bilmədiyi üçün çıxılmaz vəziyyətə salır. Bu və digər əsasları gətirərək, iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətnin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edn cavabdehin nümayəndələrinin izahatlarıını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmaqla, Qaradağ rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X8 hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2(002)-1276/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 26.02.2014-cü ildə Qaradağ rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan 01.03.2014-cü il tarixdə doğulmuş X6 və 23.12.2015-ci il tarixdə doğulmuş X4 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 360502 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında bağlanmış nikahın pozulması 15 sentyabr 2020-ci il tarixində qeydə alınmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Uşaq Hüquqları Bəyannaməsinin 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınmaqla sabit məbləğini 60 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası, qanunvericiliyin tələblərini rəhbər tutub kollegiyanın iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqların onun himayəsinə verildiyinə görə hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh X10 İddiaçı ödəməyə borcludur. Kollegiya uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarı artırılmalıdır, 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin hazırkı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 01.03.2014-cü il təvəllüdlü X5 və 23.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X8 hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar