Məhkəmə qərarları › İş №2(103)-4198/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4198/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4198/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sabunçu Rayon İcra və Probasiya Şöbəsini icra məmuru X1 və Usubov Həzran Əvəz oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC-yə qarşı (Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və Usubov Həzran Əvəz oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi“ tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3047/2019 saylı mülki işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə (Sabunçu Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı "əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş ona məxsus Bakı şəhəri, Sabunçu rauonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evininin (332.64 kv.m ümumi sahədən ibarət) qiymətləndirilməsinə dair 74 saylı, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(005)-1481/2016 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçı Usubov Həzran Əvəz oğlunun cavabdeh İddiaçı qarşı "borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 17000 ABŞ dolları məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları məbləğində pulun, cəmi 17850 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Usubov Həzran Əvəz oğlunun xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Pirşağı qəsəbəsi 558a saylı ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m, yaşayış sahəsi 45.8 kv.m, yardımçı sahəsi 286,84 kv.m olan 2 otaqlı bağ evinə yönəldilməsi, Bakı şəhəri, Pirşağı qəsəbəsi 558a saylı ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m, yaşayış sahəsi 45.8 kv.m, yardımçı sahəsi 286,84 kv.m olan 2 otaqlı bağ evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğin ipoteka qoyana- İddiaçı qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Pirşağı qəsəbəsi 558a saylı ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m, yaşayış sahəsi 45.8 kv.m, yardımçı sahəsi 286,84 kv.m olan 2 otaqlı bağ evinin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir (səh.48); Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6387/2016 nömrəli qətnaməsinin surətinə əsasən, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(005)- 1481/2016 nömrəli qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 15.000 ABŞ dolları məbləğində borc pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Usubov Həzran Əvəz oğlunun xeyrinə tutulması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(005)- 1481/2016 nömrəli qətnaməsinin gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (səh.33); Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(102)-2722/17 nömrəli qərarının surətinə əsasən, Usubov Həzran Əvəz oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2(103)-6387/20İ6 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı Usubov Həzran Əvəz oğlunun xeyrinə tutulmalı ABŞ dollarının məbləği 17300 müəyyən edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (səh.54); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1481/2016 nömrəli qərardadının surətinə əsasən, iddiaçı (tələbkar) Usubov Həzran Əvəz oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Daşqın Həsənəliyevin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icra icraatının pulun tutulması hissəsində davam etdirilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində isə xitam verilməsi Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir (səh.46); Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-5330/2019 nömrəli qərardadının surətinə əsasən, borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1481/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardadda qeyd olunmuşdur ki, icra məmuru ipoteka predmetini təşkil etmiş və İddiaçı mülkiyyətində olan bu, habelə hər hansı əmlakın üzərinə həbs qoyulması, onun qiymətini müəyyən etməklə satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi kimi məcburi icra tədbirlərinin həyata keçirilməsində tam səlahiyyətlidir (səh.63); Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli, 5005-139478 nömrəli sifariş məktubunun surətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2722/2013 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 558a saylı bağ evinin qiymətləndirilməsi üçün toplanmış materiallar icra olunması üçün göndərilmişdir (səh.68); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019cu il tarixli 74 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ının surətinə əsasən, İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 558a saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 40000 manat təşkil edir (səh.70); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 3047/2019 nömrəli qərardadına əsasən, "xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli "54 nömrəli rəyinə əsasən, xx.xx.2019-cu il tarixə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində istifadədə olan 0.03986 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 45.8 kv.m yaşayış, 286.84 kv.m köməkçi sahədən ibarət 558a saylı bağ evinin real bazar qiyməti 43000 manat müəyyən edilmişdir (səh.87,99). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3047/2019 saylı mülki işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin İddiaçı tutularaq, 300 manat məbləğində pul “xxxxxxxx” MMC hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7, 8-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78, 80, 107, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 74 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə Hesabat”ında müvafiq bağ evinin real bazar qiyməti 40000 manat, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 54 nömrəli rəydə isə 43000 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evinin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında cuzi fərq müşahidə olunmuşdur. İddia Bakı şəhəri, Sabunçu rauonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evinin bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3047/2019 saylı qətnaməsini ləğv edib iddia tələbimin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “İcra haqqında" Qanunun 28, 29.1-ci maddələrinə; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, 7, 8, 51-ci maddələrinə; Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 175, 217, 253, 384, 385-ci maddələrinə istinadən və iddia ərizəsinə uyğun qeyd olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(005)-3047/2019 saylı qətnaməsində “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə istinad edərək əmlakın şəkillərinin vizual baxış metodu ilə kifayətlənmiş, əmlaka faktiki baxış keçirilməmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, əmlak naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tikinti-texniki ekspertizası təyin olunmalı və ipoteka predmeti olan əmlakların həqiqi bazar dəyəri müəyyən. Prosesi həyata keçirilərkən tələbkar kimi iştirakımız təmin edilmədiyindən həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrimizi bildirmək,icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarımızı həyata keçirmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı təyin edilmiş “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, PR/M-17/2020 saylı rəyə əsasən, Bakı şəhəri. Sabunçu rayonu. Pirşağı qəsəbəsi 558 a ünvanında yerləşən istifadədə olan 0,03986 ha tikintialtı torpaq sahəsi üzərində olan 332,64 kv.m sahəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixinə olan daşınmaz əmlakın bazar dəyəri 83000 manat, likid dəyəri 74000 manat müəyyən edilmiş. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat xidmət haqqı təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı apellyasiya şikayətini müdafiə edərək, mübahisəli evin real qiymətləndirilmədiyini, qəsəbənin yeniləndiyini ərazinin abadlaşdırıldığını, evin qiymətinin 100000 manat məbləğində olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənmübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Usubov Həzran Əvəz oğlu apellyasiya şikayətini qəbul etməyərək, ekspert rəylərinin hər biri bir-birinə ziddiyyət təşkil etdiyini, xüsusi ilə axırıncı «xxxxxxxx» MMC-nin rəyi digər rəylərdən xüsusi ilə fərqləndiyini, əvvəlki üç qiymətləndirmə rəyində 35000, 40000, 43000 manat göstərildiyi halda «xxxxxxxx» MMC-nin verdiyi rəydə qiyməti süni olaraq şişirdilərək 83000 manat göstərildiyini, İddiaçı «xxxxxxxx» MMC ilə qabaqcadan öz maraqlarını müdafiə edərək onlarla maddi birlik yaratdığını, yəni MMC-nin maddi marağını tam ödədiyini, ona görə iş üzrə rəy vermiş ekspertlər məhkəmə baxışına dəvət edilməli və onlar verdikləri rəyə görə izahat verməli olduğunu, bundan başqa ekspertlərin izahatları rəyləri əsasında qeyri-müəyyənlik, qərəzlik və şübhə olduğunu, bu barədə xüsusi qərardad çıxarılmaqla Prokurora məlumat verilməli olduğunu xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 mübahisəli evin ilkin satış qiyməti 100000 manat qoyulduğunu, sonradan ipoteka predmetinə xitam verildiyi üçün 2019-cu il tarixdə qiymətləndirilmə aparılsa da, onun hüquqi nəticəsi olmadığını, sonradan ipoteka predmeti kimi deyil boclunun əmlakına yönəldilməsi qismində məcburi icra tədbirlərinin həyata keçirilməsi əsasında mübahisə edilən əmlaka həbs qoyulduğunu, lakin hərraca yönəldilmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43, 44, 51.1, 53.2, 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 9, 10; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun tam araşdırma aparmadan əsaslandırılmışdır, qiymətlərin fərqli olması qətnamənin cavabdehə yönələn qiymətləndirmə rəyinin ləğv edilməsi hissəsində təmin edilməsinə əsas verir. Əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi hissədə iddia tələbinin təmin edilməsi üçün cavabdehə münasibətdə əsaslar müəyyən edilmir. Belə ki, yenidən qiymətləndirmənin sifarişi icra və probasiya orqanın səlahiyyətlərinə aiddir, o öz səlahiyyətləri daxilində bu fəaliyyəti lazımi qaydada həyata keçirməzsə onun hərəkətlərindən şikayət etmək hüquqları mövcuddur. Hazırda icra və probasiya şöbəsi cavabdeh qismində qeyd edilməmiş və ona qarşı hər hansı tələb yönəlməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPMin 119.5-ci maddəsinə əsasən ona aid edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3047/2019 saylı mülki işi üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 558 a saylı bağ evininin (332.64 kv.m ümumi sahədən ibarət) qiymətləndirilməsinə dair "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş 74 saylı, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti “xxxxxxxx” MMC-nin hesabına cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC-dən tutularaq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar