Məhkəmə qərarları › İş №2(103)-42/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-42/2023

17.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-42/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X8 və X3 qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-79/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı və Cavabdeh2 ilə bağ qonşusudur, iddiaçı özünə məxsus bağ sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən hasarlanaraq tutulduğunu iddia edir. Əsas kimi Azərbaycan Dövlət Yerquruluşu Kollektiv Bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminə istinad edir. Cavabdeh tərəf iddiaya etirazını onunla əsaslandırır ki, onlara məxsus 0,12 sot torpaq sahəsi uzun illərdir ki, mülkiyətində olmuş, sonra torpağın 0.06 ha hissəsini bacısına bağışlamışdır. Bu torpaq sahələri dövlət tərəfindən sənədləşdirilmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı ümumi istifadədə olan yolun açılması, qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoylması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tərəf əsl olmayan cavabdehin əsl cavabdehlər Cavabdeh2, X8 və X6 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin 03 may 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2, X8 və X3 qarşı ümumi istifadədə olan yolun açılması, qanunsuz qoyulmuş hasarın sökülməsi və özbaşına hərəkətlərə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 04 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha təşkil edən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 29 ünvanında yaşayan Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən, ümumi istifadədə olan yolu öz torpaq sahəsinə qataraq hasarlamış və bununla da iddiaçının torpaq sahəsinə gedişgəlişinə məhdudiyyət yaranmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli, **********28 saylı məktubuna əsasən iddiaçının torpaq sahəsinə gedən yolun zəbt olunması faktı öz təsdiqini tapmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0106)-79/2020 saylı 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş ekspertizalara görə 100 manat və 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərclərinin İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə əsaslandıraraq göstərmişdir ki, maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilmir. Belə ki, işin məhkəmə araşdırılması zamanı toplanmış müəxəssis rəyləri və bu rəylərə əsaslanan ekspert rəyləri, eləcə də, yazılı sənədlərdən ibarət sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə aparan ümumi gediş-gəliş yolunun zəbt edilməsi halı görünmür. Ona görə də, məhkəmə hesab etmişdir ki, hazırkı iddianın əsaslı hesab edilməsi üçün tutarlı dəlillər mövcud deyildir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qərəzli mövqe seçərək və bilavasitə işin nəticəsində maraqlı olduğu üçün iş üzrə təyin olunmuş ekspertizanın rəyini sübut kimi nəzərə almamış və iddiaçının iddia tələblərini rədd etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, guya ümumi istifadədə mövcud olan yol cavabdehə məxsus torpaq sahəsinə aiddir və yol zəbt olunduğu təqdirdə müvafiq sənədləşmə və cavabdehə torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” verilə bilməz. Bununla bağlı bildirilir ki, iş materiallarında mövcud olan xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən, cavabdeh - Cavabdeh2 özünə məxsus Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9108 №- li arayışa əsasən Hövsan bağ massivində yerləşən xx/xx-2346 B saylı 0,12 ha ümumi bağ sahəsinin 0,06 ha hissəsini bacısı Cavabdeh1 mülkiyyətinə vermişdir. Beləliklə, bağçılıq yoldaşlıq birliyinin bölgü sxemində göstərilən 28 saylı sahə **********42-11301 reyestr nömrəsi ilə 2346 B nömrəli bağ evi kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir, 29 nömrəsi ilə göstərilən ümumi sahəsi 0,06 ha təşkil edən bağ evi isə cavabdeh - Cavabdeh2 mülkiyyətində qalmışdır. Cavabdehə məxsus bağ evi JN 2136 D kod 00600036 saylı torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”yə əsasən Cavabdeh2 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində sübutlar tədqiq edilərkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin arxiv sənədinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürülməsi “Sxemində” nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbt edilməsi faktı X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, **********28 saylı məktubunda öz təsdiqini tapmışdır. Mübahisə predmetini təşkil edən yolun kim tərəfindən zəbt edilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1901/2019 nömrəli qəradadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 18066 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə (ekspert - İlham Xudiyev) əsasən cavabdeh - Cavabdeh2 mülkiyyətində (JN-2136D Kod 00600036 saylı Şəhadətnamə ilə) üzərində tikili olmayan 0,06 ha torpaq sahəsinin və 69,0 kv.m. əlavə (zəbt olunmuş) boş torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı iddiaçı - İddiaçı cavabdehdən istədiyi (həyətinə yol açılması üçün iddia etdiyi) sahənin cavabdeh tərəfindən hasarlanmış 69,0 kv.m. təşkil edən boş (zəbt olunmuş) torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edilmişdir. Baxmayaraq ki, ümumi istifadədə olan yolun cavabdehin zəbt olunmuş və hasarlanmış sahəsinə düşməsi birmənalı olaraq məhkəmə ekspertizası rəyinə əsasən müəyyən edilmişdir, hakim məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına getmiş və xeyli müddət keçdikdən sonra qayıdaraq iş üzrə icraatın yenidən təzələnməsi və əlavə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekpertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Eyni Məcəllənin 102.2-ci maddəsinə uyğun olaraq, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri əsasında ziddiyyətlər olduqda, ekspertiza aparılması başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Əlavə ekspertizanın təyin edilməsi barədə 14 fevral 2020-ci il tarixli qərardadında hakim ilkin ekpertizanın rəyi ilə razılaşmamasını əsaslandırmamış və ekspert qarşısında mülki işə heç bir aidiyyəti olmayan suallar qoymuşdur (1. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sxemdə əks edilmiş gediş-gəliş yolu həmin ərazidə olmuşdurmu?, 2. Cavabdehin hasara aldığı boş torpaq sahəsi həmin ərazidə yuxarıda qeyd edilmiş gediş-gəliş üçün nəzərdə tutulan yolu, həmçinin iddiaçının həyətinə getmək üçün nəzərdə tutulan ən yaxın yolu zəbt etmişdirmi?, 3. Cavabdehə mülkiyyət hüquqi ilə məxsus olan torpaq sahəsindən əlavə aşkar edilmiş boş torpaq sahəsi cavabdeh tərəfindən hasarlanmış sahənin hansı hissəsinə düşür və quruluşu hansı şəkildədir?). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekpertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Əfsuslar olsun ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/359 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə (ekspert - İlham Xudiyev) əsasən, ekspertiza qarşısında qoyulmuş suallara məntiqsiz cavablar verilmişdir (2008-ci il ortofotoda həmin hissədə yol görünmür, JN-22685 saylı şəhadətnamənin yerləşdiyi torpaq sahəsinin əlavə sahəsi bazaya əsasən şimal hissədədir). Birinci məntiqsiz cavab ondan ibarətdir ki, 2008ci il ortofotoda zəbt olunmuş və hasara alınmış yol görünə bilməz, ikinci cavab isə hansı nöqtədən baxanda əlavə torpaq sahəsi bazaya əsasən şimal hissədə yerləşmişdir. Ekspertiza qarşısında qoyulmuş suallara aydınlıq gətirilməsi məqsədi ilə, ekspert - İlham Xudiyeva məhkəmə icraatı zamanı suallar verilmiş, lakin onun tərəfindən sualların cavablandırılması təmin edilməmişdir. Yuxarıda qeyd olunan işin hallarına baxmayaraq, hakim istədiyi nəticəyə nail olmaq üçün yenidən təxirə salmadan bir gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin **********01, 01,12.2020-ci il tarixli məktubu ilə 2008-ci ilə qədər bağçılıq bölgü sxemində göstərilən yolun olub-olmaması ilə əlaqədar idarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi barədə cavab almışdır. Halbuki, iş materiallarında mövcud olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin arxiv sənədində açıq şəkildə göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürülməsi “Sxemində” mübahisə predmetini təşkil edən ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Görünür ki, birinci instansiya məhkəməsi aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmək əvəzinə, bir inzibati orqanın ümumi arxiv sistemində heç bir araşdırma aparmamış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə sorğu göndərmişdir. Eyni zamanda bildirilmişdir ki, cavab məktubunda bağçılıq və X1 üçün sxemdə göstərilən yolun olubolmaması ilə əlaqədar idarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi həmin yolun ümumilikdə olmamasını ehtiva edə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi: 18-ci maddəsinin 1-ci hissəsi. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18-ci maddəsinin 2-ci hissəsi. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. 47-ci maddənin 3-cü hissəsi. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxıd qanunu səhv təfsir etsin.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək, yerində müayinə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi aşağdıkıla əsaslarla və qaydada qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və apellyasiya instansiyası məhkəməsinin baxışında tədqiq edilmiş: - JN-062H, KOD 00600036 № li şəhadətnamənin surətinə əsasən Azərbaycan SSR NS xx.xx.1988-ci il tarixli, 387 saylı və HK-nin xx.xx.1989-cu il tarixli birgə iclasının 02 saylı qərarı ilə Hövsandakı 4 saylı bağ sahəsinin 0.06 hektar ölçüdə bağı İddiaçı mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzə X9 İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinə ünvanlanmış 22 iyun 2018-ci il tarixli, **********28 saylı məktubuna əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin gediş-gəliş yolunun hasarlanaraq zəbt olunması barədə 29 may 2018-ci il tarixli müraciəti agentlikdə daxil olmuş, araşdırma zamanı vətəndaşın torpaq sahəsinə gedən yolun hasarlanaraq bağlanması faktı aşkar edilmiş, lakin qanun pozuntusunu törədən şəxsin kimliyi barədə məlumat əldə etmək mümkün olmamışdır. Müvafiq tədbirlərin görülməsi məqsədilə materiallar istintaq idarəsinə göndərilmişdir. - Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2 (010)-1901/2019 nömrəli məktubunun icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin araşıyışında bildirilmişdir ki, bağçılıq yoldaşlıq birliyinin bölgü sxemində göstərilən 28 saylı sahə **********42-11301 reyestr nömrəsi ilə 2346B nömrəli bağ evi kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bölgü sxemində 29 nömrə ilə göstərilən sahə JN 22658 D kod 00600036 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X10, İbrahimov Aysel B.qızı və İbrahimova Fəridə B.qızına məxsusdur. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsinin **********01 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, sorğuya əlavə edilmiş və idarənin arxiv əsaslarında olan bağçılıq yoldaşlığının bölgü sxemində göstərilən yol 4 saylı bağın qərb hissəsindən keçir. Mövcud vəziyyətdə bağçılığın bölgü sxemində göstərilən yolun bir hissəsi 30 saylı bağın ərazisi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş bölgü-sxemdə yol kimi göstərilən sahənin bir hissəsinə isə (29 saylı bağ sahəsi) Cavabdeh2 adına 07 iyul 2005-ci il tarixdə JN 22685 saylı mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir.2008-ci ilə qədər bağçılıq bölgü sxemində göstərilən yolun olub-olmaması ilə əlaqədar idarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. 4 saylı bağın şimal hissəsindəki ümumi istifadədə olan dalandan giriş-çıxışı var. - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 18066 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı JN-062H, Kod 00600036 saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsi sənədlə 0,06 ha, faktiki 573,0 m2 təşkil edir və onun arxa tərəfdən digər qonşularla ümumi istifadədə olan dalan yolundan giriş darvazası mövcuddur. Cavabdeh2 istifadəsində olan ərazi mülkiyyətində qalmış (JN-2136D Kod 00600036 saylı şəhadətnamə ilə 0,12 ha torpaq sahəsindən o bacısı Cavabdeh1 0,06 ha torpaq sahəsi bağışlanmışdır) üzərində tikili olmayan 0,06 ha torpaq sahəsi və 69,0 m2 əlavə boş torpaq sahəsindən ibarətdir. Aparılan araşdırma zamanı İddiaçı cavabdehdən istədiyi (həyətinə yol açılması üçün iddia etdiyi) sahənin hasarlanmış boş torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/359 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə ekspert rəyinə əsasən qeyd olunan yola Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına şəhadətnamə verilmişdir. 2008-ci il ortofotoda həmin hissədə yol görünmür. JN-22685 saylı şəhadətnamənin yerləşdiyi torpaq sahəsinin əlavə sahəsi bazaya əsasən şimal hissədədir. - Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzə Dövlət Agentliyininin vətəndaş X7 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********72 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən bağ sahəsinə gediş-gəliş yolunun zəbt olunması ilə bağlı xx.xx.2020-ci tarixli müraciəti agentlikdə daxil olmuş, araşdırma zamanı vətəndaşın torpaq sahəsinə gedən yolun daş hasarla bağlanması faktı aşkar edilmiş, müvafiq tədbirlərin görülməsi məqsədilə materiallar istintaq idarəsinə göndərilmişdir. Müraciətdə qeyd edilən məhkəmə işi ilə bağlı X2 Təşkili üzə Dövlət Agentliyi tərəfindən rəy verilməmişdir. - Məhkəmə kollegiyası tərəfindən 09 mart 2021-ci il tarixdə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, əlavə materialların (mütəxəssis rəyinin) təqdim edilməməsi əsası ilə eskpert müvafiq olaraq 16 may 2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə rəy verməkdən imtina etmişdir. - Məhkəmə kollegiyasına təqdim edilmiş X4 xx.xx.2020-ci il tarixli 284 saylı rəyindən müəyyən edilir ki, Mürsəlova (İbrahimova) Turanə Mədət qızına JN-22685D nömrəli (Kod:********) şəhadətnamə əsasında məxsus olan torpaq sahəsi ilə hasara alınmış bağ torpaq sahəsi eynidir. Mürsəlova (İbrahimova) Turanə Mədət qızının hasara aldığı 0.06 ha bağ torpaq sahəsinin hər hansı hissəsindən ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmamış və bununla da, Cavabdeh2 hasara aldığı torpaq sahəsi ilə gedişgəliş yolu zəbt olunmamışdır. Mürsəlova (İbrahimova) Turanə Mədət qızının istifadəsində olan (JN-21369D nömrəli (Kod:********) saylı şəhadətnamə ilə 0,12 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini o, bacısı Cavabdeh1 bağışlamışdır) üzərində tikili olmayan və naturada hasara alınmış torpaq sahəsi 0,0657 ha (657 kv.m) təşkil edir və torpağın artıq 57 kv.m hissəsi bağın giriş-çıxış qapısı olan darvaza tərəfdən mövcud yola düşür. İş materiallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 387 saylg və Həmkarlar Komitəsinin xx.xx.1989-cu il tarixli birgə iclasının 02 saylı qərarı ilə “Əkinçi” kollektiv bağçılıq təsərrüfatının Hövsandakı 04 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24 iyun 2002-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062H seriyalı, 00600036 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş, 1612 nömrə ilə kitabda qeydə alınmışdır. Cavabdeh2 JN-2136D Kod 00600036 saylı şəhadətnamə ilə 0,12 ha torpaq sahəsindən bacısı X14, 06 ha torpaq sahəsi bağışlamış, bağışlamadan sonra iş materiallarında olan bağçılıq yoldaşlıq birliyinin bölgü sxemində göstərilən 28 saylı sahə **********42-11301 reyestr nömrəsi ilə 2346 B nömrəli bağ evi kimi xx.xx.2017-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir, 29 nömrəsi ilə göstərilən ümumi sahəsi 0,06 ha təşkil edən bağ evi isə cavabdeh - Cavabdeh2 mülkiyyətində qalmışdır. Beləliklə də müəyyən olunur ki, tərəflər bağ qonşusudur, iddiaçı özünə məxsus bağ sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən hasarlanaraq tutulduğunu bildirir. Əsas kimi Azərbaycan Dövlət Yerquruluşu Kollektiv Bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminə istinad edir. Cavabdeh tərəf iddiaya etirazını onunla əsaslandırır ki, onlara məxsus torpaq sahəsi uzun illərdir ki, ailələrinin mülkiyyətində, sonra bağışlama müqaviləsi əsasında onun mülkiyyətində 0.06 ha hissəsi qalmışdır. Bu torpaq sahələri dövlət tərəfindən sənədləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbdəri üzrə nəticəsini əsasən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/359 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə uyğun əsaslandıraraq hesab etmişdir ki, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olsa da, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozmur və və ya məhdudlaşdırmır. Belə ki, işin məhkəmə araşdırılması zamanı toplanmış mütəxəssis rəyləri və bu rəylərə əsaslanan ekspert rəyləri, eləcə də, yazılı sənədlərdən ibarət sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə aparan ümumi gediş-gəliş yolunun zəbt edilməsi halı görünmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, yerində müayinə aparmaqla iddiaçının yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin Cavabdeh1 yox, şifahi verilən məlumata görə Cavabdeh2 məxsus olmasını müəyyən etməklə kifayətlənmiş, işdə olan mütəxəssis rəyi ilə ekspertiza rəyinə işin digər sübutları ilə birlikdə düzgün hüquqi qiymət verməmişdir. İlk növbədə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələblərinin əsaslılığına Cavabdeh2 tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halına mövcud olmuş yolla bağlılığı baxımından hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 JN-2136D Kod 00600036 saylı şəhadətnamə ilə 0,12 ha torpaq sahəsindən bacısı Cavabdeh1 0.6 ha torpaq sahəsi bağışlasa da, faktiki olaraq hazırda hər ikisinin torpaq sahəsi ayrılıqda 0.6 ha torpaq sahəsindən çoxdur.(662 kv.m- 645 kv.m) (iş.vərəqə, 1-ci cild, 119, 166, 204 və 206-cı səhifələr) Torpaq sahələrinin artıq olması həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2019cu il tarixli, **********08 saylı məktubunda da əksini tapmışdır (müvafiq olaraq (56 kv.m – 69,0 kv.m) (iş vərəqə, 1-ci cild 57-ci səhifə) Göstərilən ziddiyəti araşdırmaq məqsədi ilə ekspert İ.Xudiyev apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilərkən izah etmişdir ki, o, elektron baza məlumatları əsasında Cavabdeh2 zəbtində 69 kv.m olduğunu müəyyən etmiş, lakin Azərbaycan Respublikası ƏMDK ƏDKÜRX "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi B.İsgəndərov yerində ölçü işləri aparmaqla faktik zəbtin 45 kv.m təşkil etdiyini müəyyən etmişdir, ona görə də Cavabdeh2 zəbtində olan torpaq sahəsinin məhz 45 kv.m olması əsas götürülməlidir. Əlavə sahə iddiaçının açılmasını tələb etdiyi yolun hesabına yaranmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilən Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov ekspert İ.Xudiyevin izahatına oxşar izahat vermişdir. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh1 faktik istifadəsində olan (hasarlanmış) torpaq sahəsi mülkiyyət hüququna dair sənədlərdə göstərilən 0,06 ha torpaq sahəsindən 62 kv.m artıqdır və bu hal hazırda mübahisələndirilmir. Mübahisə Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən, ümumi istifadədə olan yolu öz torpaq sahəsinə qataraq hasarlamaqla iddiaçının torpaq sahəsinə gediş-gəlişinə məhdudiyyət yaratması ilə bağlıdır ki, bu boş sahənin (yolun) mövcudluğu da həm bağ sahəsinin sxemi (iş vərəqə, 1ci cild 6, 203), həm apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə, həm də Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 18066 nömrəli xx.xx.2019-cu il tarixli rəyinin məzmunu ilə də təsdiq edilir. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə aparılaraq müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən 04 nömrəli bağ sahəsi (iş materiallarına əlavə olunmuş sxemdə göstərildiyi kimi) iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehə məxsus 29 nömrəli bağ sahəsi (iş materiallarına əlavə olunmuş sxemdə göstərildiyi kimi) 0,06 ha torpaq sahəsi və 45 kv.metr əlavə zəbt olunmuş torpaq sahəsindən ibarətdir. Cavabdehə məxsus torpaq sahəsi əvvəllər 0,12 ha olmuş və o, həmin sahənin 0,06 ha hissəsini bacısı Cavabdeh1 bağışlamışdır. Həmçinin müəyyən olunmuşdur ki, sxemdə cavabdehin torpaq sahəsindən sonra (həmin sahə ilə üzbəüz dayandıqda sağ tərəf) iddaçının da sahəsinə getməyə imkan verən ictimai yol nəzərdə tutulsa da, cavabdeh həmin yolu da öz sahəsinə qataraq hasara almışdır. Hazırki vəziyyətdə iddiaçı torpaq (bağ) sahəsinə getmək üçün daha artıq yol qət etmək lazım gəlir, iddiaçı da həmin yolun yararsız və uzaq olması səbəbilə sxemdə nəzərdə tutulan, yəni cavabdeh tərəfindən zəbt olunmuş ictimai yolun açılmasını tələb edir. Yerli baxışda iştirak edən mütəxəssisi ekspert İ.Xudiyev tərəfindən cavabdehin torpaq sahəsi bir daha proses iştirakçılarının yanında ölçülərək, həmin sahənin 0,06 hadan artıq olması müəyyən olunmuşdur. Birinci instansiyası məhkəməsinin iclasında dindirilmiş hər iki ekspert rəyini vermiş ekspert İ.Xudiyev göstərmişdir ki, əlavə keçirilmiş ekspertiza rəyini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetstri Xidməti tərəfindən verilmiş rəyə əsasən vermişdir. Birinci instansiyası məhkəməsinin iclasında dindirilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetstri Xidmətinin Geodeziya İşlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçii H.Q.Salmanov göstərmişdir ki, mütəxəssis rəyini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən verilən sorğunun cavabına uyğun vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, 2008-ci ilə qədər bağçılığın bölgü sxemində göstərilən yolun olub-olmaması ilə əlaqədar İdarənin arxivində hər hansə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, 4 saylı bağın şimal hissəsindəki ümumi istifadədə olan dalandan giriş-çıxış var. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yola Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına şəhadətnamə verilməsi və 2008-ci il ortofotoda həmin hissədə yolun görünməməsinə dair Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/359 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə ekspert rəyi hazırki iş üzrə iddianın əsassız olması ilə bağlı sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli, **********28 saylı məktubuna əsasən iddiaçının torpaq sahəsinə gedən yolun zəbt olunması faktı öz təsdiqini tapmışdır. Həmçinin də Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən (hövsan sahəsi) Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna Kollektiv Bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölgü sxemində göstərilən 28 və 29 saylı sahələrin hər iki tərəfindən ümumi istifadədə olan yol olması görünür və 4 saylı bağ sahəsinin yolu da 29 saylı bağ sahəsinin sağ tərəfindəndir. Sxemdə 28 və 29 saylı sahələri üzərində zəbt olunma qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 04 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha təşkil edən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin üzərinə qoyulmasına dair qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)1142/2019 saylı qərarında İddiaçı istifadəsinə verilmiş 04 saylı bağ torpaq sahəsinin sol tərəfində yol olmasını təsdiq edən kollektiv bağçılıq və bostançılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmiş, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna kollektiv bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminə də istinad edilmişdir (hazırki işdə də məhz həmin sxemə istinad olunur). Xüsusilə qeyd olunmalıdır ki, həmin inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)1142/2019 saylı qərarından o da müəyyən olunur ki, 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının torpaq sahəsinə hüquqlarının qeydə alınmasından imtina olunması onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsindən keçdiyi müəyyən olunmuşdur. Buradan belə aydın olur ki, qeydiyyat orqanının imtinası onunla bağlı olmuşdur ki, iddiaçının torpaq sahəsinə gedən yol başqa şəxs tərəfindən zəbt olunmuşdur. Hazırki işin araşdırılması nəticəsində isə müəyyən olunur ki, «başqa şəxs» hazırki iş üzrə Cavabdeh2dır. Məhkəmə kollegiyası hesab edir ki, kollektiv bağçılıq və bostançılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmiş, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna kollektiv bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminində İddiaçı istifadəsinə verilmiş 04 saylı bağ torpaq sahəsinin sol tərəfində (cavabdehin bağ sahəsinin sağ tərəfində) yol olmasının göstərilməsi işin digər araşdırılmış halları ilə birlikdə qiymətləndirilməklə iddiaçının dəlillərinin əsaslı olmasını təsdiq edir. Beləliklə də, araşdırma zamanı toplanmış mütəxəssis rəyləri və bu rəylərə əsaslanan ekspert rəyləri, eləcə də yazılı sənədlərdən ibarət sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə gedən ümumi gediş-gəliş yolunun (ümumi istifadədə olan torpaq sahəsinin) zəbt edilməsi halının mövcudluğu öz təsdiqini tapdığından, məhkəmə kollegiyası hesab edir ki, iddianın ümumi istifadədə olan yolun açılması hissəsinin əsaslılığına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə iddiaçıya məxsus bağ sahəsinə əvvəllər mövcud olmuş yolu bağlanmışdır ki, bu hal da iddiaçının mülkiyyətində olan bağ sahəsinə gediş-gəliş yolundan istifadə etmək hüququ ilə bağlı onun qanuni mənafelərini pozur və məhdudlaşdırır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddianın ümumi istifadədə olan yolun açılması hissəsi qismən təmin edilməlidir. Belə ki, kollektiv bağçılıq və bostançılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmiş, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna kollektiv bağçılıq və X1 üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemində İddiaçı istifadəsinə verilmiş 04 saylı bağ torpaq sahəsinə gedən yol 6 metr enində göstərilsə də, həmin endə yolun cavabdehin hesabına açılması mümkün deyil, çünki aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh həmin yolun yalnız 45 kv.m-ni zəbt etmişdir. Ona görə də cavabdehin üzərinə zəbt etdiyi sahədən artıq sahənin boşaldılması vəzifəsinin qoyulması yolverilməzdir. Eləcə də iddiaçının nümayəndəsi yolun həmin həddə, yəni cavabdehin zəbtində olan 45 kv.m sahənin boşaldılması hesabına açılmasına etiraz etməmişdir. Mütəxəssisin tərtib etdiyi faktik vəziyyətə dair sxemdən (i.v.119) müəyyən olunur ki, cavabdehin zəbtində olan və açılması tələb edilən yolun uzunluğu 26,1 m təşkil edir (döngə nöqtələri 4-5). Belə vəziyyətdə Kollegiya hesab edir ki, cavabdehin zəbt etdiyi 45 kv.m 26,1 m boyunca 1,72 m enində açılmaqla, həmin hissə zəbtdən azad olunmalıdır (45:26,1=1,72) Məhkəmə kollegiyası iddianın digər hissələrinə qiymət verərək təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, cavabdehlər X8 və X6 tərəfindən iddiaçının hər hansı formada hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Ekspetriza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı Həsən qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-79/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 tərəfindən zəbt olunmuş 45 kv.m torpaq sahəsi uzunluğu 26,1 m təşkil edən 4-5 döngə nöqtələri boyunca 1,72 m enində cavabdehin öz vəsaiti hesabına daş hasar sökülərək boşaldılmaqla İddiaçı torpaq sahəsinə gedən və ümumi istifadə üçün nəzərdə tutulmuş yol açılsın. İddia digər hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorun özünə aid edilsin. Ekspetriza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar