Məhkəmə qərarları › İş №2(103)-4211/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4211/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4211/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi və iddia tələbinə qarşı verilmiş etiraz barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, 75.000 ABŞ dolları məbləğində pul vəsaitinin onun keçmiş əri olmuş cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh birgə nikahda olduqları zaman iddiaçı, ailə ehtiyacları, o cümlədən bəzi əşyaların alınması, övladının təhsilinin ödənilməsi məqsədilə tanışı olan X2, onların arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Borc müqaviləsinə” əsasən 150.000 ABŞ dolları məbləğində borc almışdır. Bundan bir müddət sonra iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və nikaha xitam verilmişdir. Daha sonra, iddiaçı, aldığı borcu qaytara bilməmiş və Teybə Quliyeva “borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 150.000 ABŞ dolları məbləğində pulun hazırkı iş üzrə iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Teybə Quliyevanın iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi 2(004)-712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə Teybə Quliyevanın iddia tələbini tam həcmdə təmin edilməsini qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün icraya yönəldilmiş və pul iddiaçı tərəfindən Teybə Quliyevaya ödənilmişdir. Həmin borc iddiaçı ilə cavabdehin birgə nikahları dövründə alındığından və ailənin ehtiyaclarının ödənilməsinə yönəldiyindən borcun 1/2 hissəsi cavabdehə aid edilməli və cavabdehdən 75.000 ABİ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

3. Cavabdehin vəkili (nümayəndəsi) iddia tələbinə qarşı yazılı etiraz ilə Rayon Məhkəməsinə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin münasibətləri pozulduqdan sonra onların arasında ümumi əmlak ilə bağlı mülki mübahisə yaranmış, həmin mübahisə məhkəmə baxışının predmeti olmuş və iş üzrə müvafiq qətnamə qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçı həmin qətnamədən narazı qaldığı üçün keçmiş əri olan cavabdehə qarşı “pul tələbi barədə” iddia irəli sürmüşdür ki, həmin qətnamə icra edilməsin. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2016-cı il tarixli “Borc müqaviləsinə” əsasən götürdüyü borcun ailə ehtiyaclarına, o cümlədən övladının təhsil xərclərinin ödənilməsinə sərf edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən iddiaçıya verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 420 saylı arayışa gəldikdə nəzərə alınmalıdır ki, həmin arayışda qeyd edilmişdir ki, iş üzrə tərəflərin övladı 2018-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayına kimi həmin Təhsil Kompleksində təhsil almışdır və bununla bağlı olaraq Kompleksə 36.000 manat məbləğində ödəniş edilmişdir. “Crimson Education” Məktəbi tərəfindən iddiaçıya verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 28 saylı arayışda isə qeyd edilmişdir ki, iş üzrə tərəflərin övladı 2021-ci ildən arayış verilən tarixə kimi həmin Məktəbdə təhsil alır və bununla bağlı olaraq Məktəbə 17.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bu arayışlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki borc iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə götürülmüş, uşağın ödənişli təhsili isə iki ildən sonra, yəni 2018-ci ildə başlanmışdır. c) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının keçmiş əri olmuş cavabdeh illərlə minimum əmək haqqı məbləğində maaş almış, ailənin maddi ehtiyaclarını təmin edə bilməmiş, bu xərclər iddiaçı tərəfindən qarşılanmış, iddiaçı hətta cavabdehin birinci nikahdan olan övladlarının da xərclərini ödəmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 isə ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ərizəni əsassız hesab edərək, təmin etməmişdir. Çünki cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 üzürlü səbəbin nədən ibarət olmasını açıqlamamışdır. Cavabdehin özünün və vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı prosesində iştirak etməmələri işin baxılmasına mane olmadığı üçün Məhkəmə işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-712/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddiaçı ilə cavabdeh birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2016-cı il tarixdə, iddiaçı, tanışı olan Teybə Quliyevadan 150.000 ABŞ dolları məbləğində pulu borc almışdır.

13. İddiaçının özünün bildirdiklərindən müəyyən edilir ki, borc alındıqdan bir müddət sonra onunla cavabdehin münasibətləri pozulmuş və nikaha xitam verilmişdir. Daha sonra, iddiaçı, aldığı borcu qaytara bilməmiş və Teybə Quliyevanın ona qarşı irəli sürdüyü “borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə tam həcmdə təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra o, Teybə Quliyevaya olan borcu ödəmişdir.

14. İddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı zamanı Məhkəməyə verdiyi izahatdan, habelə internet resursalarından müəyyən edilir ki, iddiaçı, iş adamıdır və biznes ilə məşğuldur.

15. Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2023 saylı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə iddiaçının vəkili (nümayəndəsi), həmin iş üzrə Teybə Quliyevanın iddiası ilə bağlı izahat verərkən, 150.000 ABŞ dolları məbləğində pulun hazırkı iş üzrə iddiaçı tərəfindən ailə ehtiyaclarının ödənilməsi ilə bağlı aldığını bildirməmişdir.

16. Məhkəmə, bu iki (hazırkı qətnamənin 14-cü və 15-ci bəndlərində qeyd edilən) məsələni nəzərə alaraq hesab edir ki, cavabdehdən 150.000 ABŞ dollarının yarısının onun xeyrinə tutulmasını tələb edən iddiaçı sübut etməlidir ki, o, həmin borcu özünün biznes fəaliyyəti ilə bağlı deyil, məhz ailə ehtiyaclarının ödənilməsi ilə bağlı almışdır. Lakin o bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Lakin ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 3.14-cü bəndində qeyd etmişdir ki, əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

18. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı tələbini, tələbin sübuta yetməməsi əsası ilə təmin etməməkdə haqlı olmuşdur.

19. Məhkəmə, həmçinin Rayon Məhkəməsinin iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin xx.xx.2023-cü il tarixli, 420 saylı və “Crimson Education” Məktəbinin xx.xx.2023-cü il tarixli, 28 saylı arayışlara tənqidi yanaşaraq onları etibarlı sübut kimi qəbul etməməsini düzgün hesab edir. Çünki həmin arayışlarda qeyd edilən məlumatlara əsasən müəyyən edilir ki, iş üzrə tərələrin övladının ödənişli təhsili iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə borc götürüldükdən 2 il sonra başlanmışdır. f) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Lakin iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

23. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar