Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4214/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin azaldılması, aliment öhdəliyi olan şəxsin digər nikahdan uşaqlarının olması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi ailə münasibətlərində olmuş, bu münasibətlərindən onların 11 iyun 2016-cı il tarixdə Aylin adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 11 iyun 2016-cı il tarixində doğulmuş Aylinin atası olması faktı müəyyən edilmiş, İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, alimentin miqdarı 1/6 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Elektron məhkəmə sistemində göstərilən məlumata görə İddiaçı 2727,19 manat pensiya alır.
6. Cavabdeh "xxxx" MMC-də mühasib vəzifəsində işləyir, aylıq əmək haqqı 555,43 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, X1 üçün cavabdehə ödədiyi aliment məbləğinin azaldılaraq sabit pul məbləğində aylıq 300 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4183/2017 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, onun 11 iyun 2016-cı il tarixində doğulmuş Aylinin atası olması faktı müəyyən edilmiş, ondan 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması, iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və onun apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsi - "cavabdeh İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, alimentin miqdarı 1/6 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018ci il tarixli qərarı ilə hər nə qədər aliment məbləği əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsində tutulması qərarlaşdırılsa da son dövrlər pensiya məbləğinin artması, o cümlədən baxmaqda mükəlləf olduğu ailə üzvlərinin sayının artması tərəfindən bu iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmə zərurəti yaratmışdır. Hal-hazırda aylıq tutularaq Cavabdeh qzının müvafiq hesabına köçürülən alimentin məbləği 480 manat təşkil edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlamış olduğu 10 yanvar 2024-cü il tarixli 3-17-1/2-3383/2024 saylı cavab məktubunda bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli icra sənədinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində ümumilikdə 25 881,33 manat Cavabdeh müvafiq hesabına köçürülmüşdür. 2022-ci ildə X14 ilə faktiki nikaha daxil olmuş, bu nikahdan 23 mart 2023-cü il tarixində qızı X10 anadan olmuşdur. Bununla bağlı qızı X5 adına doğum haqqında şəhadətnamə verilmişdir. Həmçinin, 6 saylı Bakı "ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən ona X7 münasibətdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Bundan başqa himayəsində daha iki oğlu - X15 və X21 onunla birlikdə yaşamaqdadır. Hal-hazırda hər ikisi də abituriyent olaraq ali məktəblərə hazırlıq mərhələsindədirlər. Həmçinin yaşlı anası X11 da onunla birlikdə yaşamaqla ağır dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkməkdədir və daim həkim nəzarətindədir. Yüksək həddə diabet, ürək ritminin pozğunluğu və yüksək dərəcədə təzyiq xəstəliyi və bununla bağlı zəruri tibbi preparatların təmini onun tərəfindən həyata keçirilməkdədir. Verilən tibbi arayışlarda da mütəmadi olaraq daima həkim (kardioloq, nevrolq və endokrinoloq) nəzarətində olması tövsiyə edilir. Bundan əlavə olaraq 23 mart 2023-cü il tarixində anadan olmuş qızı X10 da yüksək dərəcədə allergik xəstəliyə düçar olduğu üçün ana südündən istifadəsi həkim tərəfindən məsləhət görülməməkdədir. 1 yaşı tamam olmamış uşağın da daim həkim nəzarətində olması da ona təyin edilmiş dərman preparatlarından da görmək mümkündür. Həmçinin uşağın ana südü ilə qidalanmasının mümkünsüzlüyü də nəzərə alınmaqla tərəfindən uşaq üçün xüsusi qida vasitələri alınmaqdadır. Bunun üçün azyaşlı uşağın qidalanması üçün 10 ay müddət ərzində 1754,75 manat pul vəsaiti sərf etmişdir. Bundan başqa, 2009cu il tarixindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Tibb idarəsində qeydiyyatdadır. 12 mart 2012-ci il tarixində PTİ Tibb İdarəsinin Poliklinikasına müraciət etdikdə ona "sağ tərəfli periferik hemiparez” diaqnozu qoyulmuş, adıçəkilən poliklinikada ambulator müalicə təyin olunmuş, xx.xx.2012-13.04.20l2-ci il tarixlərində "dağınıq ensefalomielit, yarımkəskin gedişli, xroniki qastroduedenit, natamam remissiya mərhləsində, hər iki gözün xroniki konyunktiviti” diaqnozu ilə MN BKH-nın nevrologiya şöbəsində stasionar müalicə olunmuşdur. Bu müalicə ilə bağlı daha sonradan da tərəfindən AR PTX-nin Tibb İdarəsinə müraciət olunmuş, növbəti stasionar müalicələr alınmışdır. Həmçinin 2018-ci ilin may ayında XDMX-nin X9 tərəfindən çanaq KT müayinəsi (nativ) aparılmış, nəticədə L5-S1 sağ nevral foramenin daralması, bilateral bud başının aseptik nekrozu (ən çox sağda olmaqla) diaqnozu qoyulmuşdur. Bundan başqa 29 may 2018-ci il tarixli bud-çanaq oynağının MRT-si aparılmış, sağ bud sümüyü başının anterio-superiorunda (yük daşıyan seqmentində) T2/T1 hipointens demarkasyon xətti, yağ sklerozu və fibroz təyin olunmuş, (avaskulyar nekroz), sağ bud sümüyü başında və boynunda yayğın sümük iliyi ödeminin izlənildiyi, intraartikulyar maye miqdarının artdığı, femur boynu ətrafında maye akkumulyasiyası təyin olunmuşdur. Bu gün qızı X16 ilə bağlı hər nə qədər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa da, cavabdehin təsiri ucbatından uşaqla görüşə bilmir. Belə ki, dəfərlərlə Xətai rayon İcra şöbəsinə etdiyi müraciətlər, icra məmurları tərəfindən aparılan hərəkətlər öz nəticəsini verməməkdədir. Cavabdeh hər dəfə uşağın görüşə hazır olmadığı bəhanəsini gətirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda belə uşağı onunla görüşdürmür. Hətta atası və anası tərəfindən qaldırılmış olan iddia tələbi və onun əsasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda uşağı valideyn olaraq nə onunla, nə də nənə-baba olaraq onun valideynləri ilə görüşdürmür. Bununla bağlı dəfələrlə edilən müraciətlər də heç bir nəticə vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər valideyn olaraq uşağın saxlanması üçün aliment məbləğini bu gün ölkə üzrə müəyyən edilmiş aliment məbləğindən artıq bir həddə ödəyirsə, o zaman valideyn olaraq övladı ilə görüşmək ən təbii hüququdur. Ancaq cavabdeh onun uşağı ilə ünsiyyətinə illərdir ki, süni şəkildə maneələr törətməyə davam edir. Bununla bağlı 04 oktyabr 2021-ci il tarixli (məktubun özündə səhvən 2020-ci il qeyd edilmişdir) 8631 saylı AR Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi” X27 tərəfindən AR Ədliyyə Nazirliyi Xətai rayon İcra Şöbəsinə ünvanlanmış olan məktubda da qeyd edilənlər öz əksini tapmışdır. Belə ki, həmin məktubda X8 anası ilə yaşaması ilə əlaqədar ananın ataya qarşı neqativ münasibətinin nəzərə alınraq ananın təsirinin istisna edilmədiyi qeyd olunmuşdur. Həmçinin, Bakı şəhər Xətai rayon İcra Şöbəsi tərəfindən təqdim edilən 24 avqust 202l-ci il tarixli aktda da qeyd edilənlərdən göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4352/20İ9 saylı 28 iyun 2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)- 2673/2020 saylı 09 iyun 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar 24 avqust 2021-ci il tarixdə saat 11:00-a icra təyin olunaraq tərəflərə bildiriş göndərilmiş, təyin olunmuş vaxtda tərəflər şöbəyə gəlmiş, Xətai rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”nın məsul katibi X6, komissiyanın üzvü məsləhətçi psixoloq X12 və komissiyann üzvü X3 iştirakları ilə uşaqla müəyyən söhbətlərin aparıldığı, bu zaman uşağa kənar təsirlərin olmasının müəyyən edildiyi, gələcəkdə görüşün baş tutması üçün dövlət sosial reabilitasiya mərkəzlərinin birində reabilitasiyasının keçməsi tövsiyyə olunduğu qeyd edilmişdir. Həmin aktı icra hərəkətlərində iştirak edən Cavabdeh imzalamaqdan imtina etmişdir. Bütün bunları qeyd etməkdə məqsədi budur ki, aliment məbləğinin uşağa görə artıq miqdarda alan bir valideyn aliment məbləği bir gün gecikən zaman ortalığı ayağa qaldırmağı bacarır, ancaq uşağı ata ilə görüşdürməməkdən ötrü əlindən gələni əsirgəmir. Bundan başqa, cavabdeh bu gün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində mühasib vəzifəsində işləməkdədir. Gəlirləri çox yaxşıdır. Apardığı araşdırmalar zamanı müəyyən edilmişdir ki, cavabdehin adına iki ədəd nəqliyyat vasitəsi mövcuddur. Belə ki, apardığı araşdırmalar zamanı müəyyən edilmişdir ki, **-MO-*** dövlət nömrə nişanlı "Skoda Yeti” markalı offroader və **-SE-*** dövlət nömrə nişanlı "Nissan Sunny” markalı avtomaşın cavabdehin mülkiyyətindədir və onun tərəfindən stifadə edilməkdədir. Həmçinin cavabdehin adına olan və Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 30-da yerləşən 24 saylı mənzil onun mülkiyyətindədir. Bundan başqa hal-hazırda cavabdehin yaşamış olduğu və qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 183 Q saylı ev də faktiki olaraq onun sahibliyində və mülkiyyətindədir. Bütün bunlarla yetinməyən cavabdeh 13 yanvar 2021-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 9 saylı mənzili də icarəyə götürmüş və aylıq 400 manat olmaqla hər ay həmin mənzilə görə icarə haqqı ödəməkdədir. Mülkiyyətində bu qədər daşınmaz əmlak və avtomobil olan cavabdehin övladına baxmayaraq tək yaşam mənbəyini ondan almış olduğu aliment məbləği ilə qarşılmağa çalışması başa düşülən deyildir. Onun himayəsində xəstə anası, o cümlədən 3 azyaşlı uşağı olduğu halda bu gün 500 manata yaxın bir aliment məbləğinin hesablanması heç də ədalətli deyildir. Belə ki, daha əvvəlcədən işlədiyi və pensiyaya çıxdığı Xüsusi Dövlət Mühafizə Xidmətindən almış olduğu fərdi təqaüdün çox olması, özünün hal-hazırda ciddi travmatik xəstəliklər keçirməyi, himayəsində 3 azyaşlı uşağın olması, xəstə anasının himayəsində olması aliment məbləğinin sabit bir məbləğ həddi ilə müəyyən edilməsi üçün hüquqi əsas təşkil edir. Qeyd etmiş olduğu bu xüsusat aliment məbləğini ödəmək öhdəliyindən imtina etməyi mənasına gəlmir. Sadəcə belə hesab edir ki, aliment məbləğinin əmək haqqı və digər gəlirlərinin müəyyən faizi və nisbəti həddində müəyyən edilməsi gələcəkdə əmək təqaüdünün birbaşa artması ilə nəticələnəcəkdir ki, bunun özü də iqtisadi cəhətdən onu çətin bir vəziyyətdə buraxacaqdır. Bundan başqa cavabdehin iqtisadi vəziyyətinin çox yüksək səviyyədə olması, özünə aid evlərin və avtomobillərin olması valideyn olaraq qızının böyüməyində yaxından iştirak edə bilmək imkanına malik olduğuna dəlalət edir. Yuxarıda qeyd edilənlər və qanunuvericiliyin tələbləri onun tərəfindən ödənilən aliment məbləğinin əmək haqqı və digər gəlirlərinin altıda bir hissəsinin tutulması hissəsində dəyişdirilərək aylıq sabit aliment məbləğinin müəyyən edilməsi və aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsi üçün hüquqi əsas təşkil edir. Məqsədi qızı X13 alimentdən məhrum etmək deyil. Sadəcə himayəsində olan həyat yoldaşı, yaşlı anası ilə yanaşı öz ailə üzvlərinin - 2 oğlu və qızı X2 üçün sərf etdiyi vəsaitin yetəri qədər çox olması, özünün xəstəliyinin yetəri qədər ciddi dərəcədə olması, digər qızı X16 üçün aliment məbləğinin sabit həddə müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsinə zəmin yaradır. Hesab edir ki, aylıq aliment məbləğinin dəyişdirilərək sabit məbləğ qismində 300 manat müəyyən edilməklə qətnamə qəbul edilməsi üçün hüquqi əsaslar mövcuddur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh iddianın əsassız olduğunu bildirmiş, məhkəməyə təqdim etdiyi etirazda aşağıdakıları göstərmişdir: “X4 doğulan gündən başlayaraq hal-hazıradək xəstədir. Övladının ürəyində (ürək xəstəliyi) və beynində (su yığılma) ciddi problemlər vardır. Hal-hazıradək İddiaçı tərəfindən yalnız aliment pulu ödənilib. Övladının xəstəliyi ilə əlaqədər heç bir xərc İddiaçı tərəfindən çəkilməyibdir. Bundan başqa iddia ərizəsində qeyd olunur ki, guya cavabdeh hər-hansı vəzifədə çalışır. Cavabdeh mühasib vəzifəsində çalışır və əmək haqqı 500 manat təşkil edir. Cavabdeh anasının evində yaşayır və anası xəstə olduğu üçün cavabdehin himayəsindədir. Bundan başqa iddia ərizəsində qeyd olunubdur ki, guya cavabdehə məxsus bir neçə daşınar və daşınmaz əmlak var. Cavabdehin yalnız bir idarə etdiyi “X26” markalı 90- MO-942 qeydiyyat nişanlı nəqliyyatdır ki, hansını ki, cavabdehin mərhum atası onun üçün 2019-cu ildə almışdır. İddia ərizəsində göstərilən digər avtonəqliyyat cavabdehə məxsus deyil. İddia ərizəsində İddiaçı tərəfindən qeyd olunur ki, guya cavabdehin xüsusi mülkiyyətində ünvan 3 ünvanda yerləşən 24 saylı mənzil vardır. Həmin mənzil mərhum atasından cavabdehin qardaşına qalmış, qardaşı isə cavabdehə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Həmin mənzildə hal-hazıradək cavabdehin qardaşı ailəsi ilə birlikdə yaşayır. İddia ərizəsində qeyd olunan digər, Bakı şəhəri, Xətai Rayonu, Naximov küçəsində yerləşən 183 Q saylı fərdi yaşayış evi isə ümumiyyətlə cavabdehə məxsus deyil. Həmin evi cavabdehin mərhum atası tikmiş və hal-hazırda evin faktiki sahibi cavabdehin anasıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun himayəsində üç övladı vardır. Lakin iddiaçının iki övladı həddi-büluğa çatıblar”.
11. Birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə aliment hissəvi şəkildə tutulmuş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı ondan hissəvi qaydada tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş edir. Konstitusiya Məhkəməsi Plenum qərarının mövqeyinə əsasən, öncəki məhkəmə qərarı ilə alimentin hissəvi şəkildə tutulması qət edilmişdirsə, sonradan alimentin miqdarı dəyişdiriləcəyi halda da o, hissəvi şəkildə tutulmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq iddiaçının himayəsində olmadığından və həmin uşaq üçün iddiaçıdan tutulan aliment iddiaçının tələbi ilə tutulmadığından, hazırda iddiaçının ondan qazancının müəyyən hissəsi kimi tutulan alimentin sabit pul məbləğində tutulmasını tələb etmək hüququ yoxdur. Belə bir tələb irəli sürmək hüququ aliment ödənilən şəxsə, yəni Cavabdeh məxsusdur.
14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, Ailə Məcəlləsinin 75.1-ci, 76.1-ci, 76.2-ci, 78.1-ci, 112.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, ailə qanunvericiliyinin müddəalarını mübahisəyə düzgün tətbiq etmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, ikinci nikahından doğulan 3 övladından biri hazırda ali təhsil alır, digəri 2006-cı il təvəllüdlüdür və dekabr ayında 18 yaşı tamam olacaq, üçüncü övladı isə 2023-cü il təvəllüdlü olmaqla azyaşlıdır, həmçinin yaşlı anası da onun himayəsindədir.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu, iddiaçının ikinci nikahından olan uşaqlarından ikisinin artıq yetkinlik yaşına çatdıqlarını, ona ödənilən alimentin onsuz da azaldıldığını, uşağının xəstə olduğunu və iddiaçının ödədiyi alimentin uşağın ehtiyaclarını qarşılamaq üçün kifayət etmədiyini, buna görə də iddiaya etiraz etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 34 (İİİ və İV hissələr). Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
23. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
25. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Qanun
26. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Uşaq hüquqları haqqında” Konvensiya
28. Maddə 18 (1-ci bənd). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanun
29. Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
43. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 22-23); sabit pul məbləğində (§ 24). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 23), həmçinin sabit pul məbləğinin miqdarı isə məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 24).
44. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 25).
45. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
46. Hazırki mübahisə üzrə iddiaçı iddia tələbini, sonrakı nikahından uşaqlarının olması, eləcə də cavabdehin özünün yüksək qazanc əldə etdiyi arqumentləri ilə əsaslandırmışdır.
47. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndində tövsiyyə olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
48. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır”.
49. İşin hallarından görünür ki, iddiaçı digər övladlarına aliment ödəmir və cavabdehlə qeyri-rəsmi ər-arvad münasibətindən doğulan uşaq üçün ödədiyi aliment məbləği qanunla müəyyənləşdirilmiş həddən (qazancının ¼ hissəsi) azdır.
50. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
51. İddiaçının hazırda ödədiyi aliment məbləği təxminən 455 manat, hazırda baxılan iddia tələbi ilə müəyyənləşdirilməsini istədiyi aliment məbləği isə 300 manat olduğundan, beləliklə də azaldılmasını istədiyi alimentin illik məcmusu 5000 manatdan artıq olmadığından, qanunvericiliyin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2024 saylı iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov