Məhkəmə qərarları › İş №2(103)-4216/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4216/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4216/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil3, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X8 yanında qalması, 18 yaşına çatana qədər hər ay cavabdeh X5 719.00 manat, üstəgəl vəkilə ödədiyi 202.00 manatın cəmi 921.00 manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən uşağın adı X2 qeyd edilməsini xahiş etmişdir. Həmçinin həmin məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı X1 üçün cavabdehin gəlir və əmək haqqından 25% həcmində müəyyən etməklə 719 manat, vəkilə ödədiyi 200 manat məbləği, cəmi 921 manat müəyyən etməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaşadığı faktiki nikah münasibətlərindən 26 avqust 2017-ci il tarixdə X10 adlı oğlan uşağı anadan olmuşdur, faktiki nikahdan anadan olmuş həmin uşağın atası kimi cavabdehin özü tərəfindən könüllü qaydada tanınmış və doğum faktı Xətai Rayon Qeydiyyat İdarəsində doğum haqqında akt qeydləri kitabında 25 sentyabr 2017-ci il tarixdə 5037 nömrə altında qeydə alınmışdır, cavabdeh uşaq anadan olandan sonra 2021-ci ilin oktyabr ayına qədər alimenti könüllü qaydada ödəsə də, həmin tarixdən etibarən hazırki vaxta qədər aliment ödəməkdən imtina etmişdir və hazırki vaxta qədər könüllü olaraq aliment ödəməkdən imtina etməkdə davam edir, faktiki nikahdan anadan olmuş uşaq doğulandan, hazırda da özü ilə yaşayır, uşaq tam kommunal şəraitli mənzildə yaşayır və o, ana qayğısı ilə tərəfindən tam təmin edilmişdir, hərbi xidmət üzrə cavabdehin əmək haqqı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 4/1177 nömrəli arayışa görə 1492,96 manat təşkil edir, pensiya və təqaüd alır, cavabdehdən əvvəllər əldə etdiyi məlumata görə hərbi qulluqçu kimi onun aldığı əlillik pensiyasının, müharibə veteranı qismində və qazi kimi təyin edilmiş Prezident təqaüdü qismində aldığı gəlirlərin cəmi 1500 manat civarında məbləğ təşkil edir, beləliklə hərbi qulluqçu kimi cavabdehin aldığı vəzifə maaşının məbləği 1492.00 manat və aldığı əlillik pensiyası, qazi və Prezident təqaüdü qismində aldığı pensiya və müavinətlərin məbləği isə ümumulikdə 1386 manat təşkil edir, beləliklə cavabdehin vəzifə maaşı və digər gəlirlərin məbləği cəmi 2878 manat təşkil etdiyi halda bir uşaq üçün tələb edilən alimentin məbləği 719 manat təşkil edir, həmçinin uşaq hüquqlarının və mənafeyini müdafiə etmək üçün bu prosesə vəkil cəlb etmişdir və göstəriləcək hüquqi yardıma üçün tərəfindən 202 manat 13 saylı Vəkil bürosunun bank hesabına köçürmüşdür, bu məbləğ uşağın hüquq və maraqlarının müdafiəsinə yönəldiyindən cavabdehdən alınıb ona ödənilməlidir, iddiaçı Socar-da xadimədir, 397 manat maaş alır, cavabdeh evə hər ay uşağın saxlanması üçün pul vermiş, əlavə olaraq da 80 manat pensiyadan yardım etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun qazancının və başqa gəlirlərinin 1/5 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin e-2(011)-1495/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsinin ləğv olunaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 719.00 manat məbləğində aliment tutulması və vəkilə ödədiyi 202.00 manatın cəmi 921.00 manatın tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(011)-1495/2022 saylı qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında 200 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun oğlu cavabdehin uşaqlarına nisbətən daha da azyaşlıdır, bu məqamda uşağa daha çox diqqət tələb olunur. Hətta qətnamə çıxarılarkən onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən tutulmasını əsassız hesab edir. Belə ki, o, mediasiyaya müraciət etdiyi zamandan, yəni 29 oktyabr 2021-ci il tarixdən iddiaçının iddia tələbini təmin etməli olduğu halda məhkəmə bunu etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, ailə qanunvericiliyinin tələbinə əsasən iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edilənədək tədbirlər gördüyünü, yəni Mediasiya Təşkilatına müraciət etdiyi an aliment almağı üçün gördüyü əsas tədbirlərdən biri hesab olunur. Burda cavabdeh məhkəmədən kənar mediasiya zamanı da uşağın saxlanması üçün aliment ödəməkdən yayınmış və hal-hazırda da yayınmaqdadır. Bundan başqa məhkəmə alimentin uşağın saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/5 hissəsində aliment tutulmasını əsaslandırmamış, yalnız formal olaraq maddi hüquq normalarını qeyd etməklə kifayətlənmişdir. Belə ki, məhkəmə cavabdehin digər yetkinlik yaşına çatmayan uşaqları və iddiaçının azyaşlı oğlunu bərabər götürməklə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/5 hissəsində aliment tutulmasını hansı əsasla müəyyən edilməsini qeyd etməmiş, çünki cavabdehin rəsmi nikahdan olan uşağı artıq yetkinlik yaşına çatmış, onun rəsmi nikahda olan bir yetkinlik yaşına çatmayan uşağı və azyaşlı oğlu var. Ailə qanunvericliyinin tələblərindən aydın olur ki, 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulduğu halda məhkəmə azyaşlı oğlunun saxlanmasını 1/5 hissəsində aliment tutulmasını qət etməklə səhv nəticəyə gəlmiş və ailə qanunvericliyin tələblərini pozmuşdur. Bundan başqa o, cavabdehlə faktiki nikahda olarkən cavabdeh uşağın saxlanması üçün hər ay təxminən 600-700 manat pul ödəyirdi. Belə olan halda məhkəmə onun göstərdiyi halları nəzərə almalı idi. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərcləri barəsində qət hissəsində qeyd edilməsini unutmuş, onun vəkilə ödədiyi 202 manat pulun nəyə görə cavabdehdən tutulmamasına münasibət bildirməmiş, sadəcə onun iddia tələbini qalan hissədə təmin etməməklə qeyd etməklə kifayətlənmişdir. Lakin, məhkəmə məhkəmə xərclərinə vəkilə ödədiyi hüquqi xidmətə görə haqqa, eləcə də dövlət rüsumunun tutulmasına münasibət bildirməli olduğu halda bunu etməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirilməsindən də göründüyü kimi hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr mina partlanması travması sol aşağı ətrafın baldırın yuxarı 1/3 səviyyəsindən travmatik qopması diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunması səbəbi ilə ikinci dərəcəli əlillik verilməklə kompleks müalicə təyin edilmişdir, müalicəsinin bir qismi “Yaşat” Fondu tərəfindən malliyələşdirilərək Türkiyə Respublikasında aparılsa da, əsas qismi cavabdehin öz vəsaiti ilə dövlətin ayırdığı əlilik müavinəti 350 manat və əmək haqqı 1492,96 manat hesabına təmin edilir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunması zaman göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cavabdeh “Cəsur döyüşçü “medalı ilə təltif edilmiş, xidməti Müdafiə Nazirliyinin orden və medalları ilə qiymətləndirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 17 mart 2022-ci il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun gəlirlərinin 1/5 hissəsində qazancının və başqa aliment tutulmasını qət etməklə, AR AM-in 78-ci Maddəsi “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan RespublikasıPrezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanın” dan irəli gələn tələblərin pozmuşdur. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil3 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin dəlillərinə isə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının şikayətinin dəlillərinə isə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı qismən təmin edərkən, istər azyaşlı uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər İddiaçı ilə Cavabdeh arasında qeyrirəsmi nikah mövcud olmuşdur. Bu faktiki nikahdan X7 anadan olmuşdur. Cavabdeh xx.xx.2017-ci ildə AZ-İ seriyalı 340830 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə əsasənda vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 072908 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. Cavabdeh ilə X11 xx.xx.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Duniyev, arvada Duniyeva soyadı verilmişdir. Bu rəsmi nikahdan isə 24 may 2001-ci il tarixdə X15, 29 aprel 2004-cü il tarixdə X12 və 03 iyul 2009-cu il tarixdə X13 andan olmuşdur. İş materiallarına əlavə edilmiş AR Müdafiə Nazirliyi tərəfindən verilmiş 4/1171 saylı, 21 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh aylıq pul təminatı gəlir vergisi və DSMFya ödənişlər çıxıldıqdan sonra 1492 manat 96 qəpik təşkil edir. 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 350 manat məbləğində Prezident təqaüdü alır, təyinatın bitmə tarixi xx.xx.2026-cı ildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı maaşı 397.00 manatdır. Məhkəmə kollegiyası ilk öncə uşağın aliment almaq hüquqları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə aliment tutularkən iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını, tərəflərin maddi və ailə vəziyyətini, uşağın öz anasının yanında yaşamasını, cavabdehin 2-ci qrup əlil olmasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin aylıq qazancını, aliment ödəməli olan şəxsin himayəsində başqa yetkinlik yaşına çatmayan uşağın olmasını, onun İİ qrup əlil, həmçinin davamlı müalicədə olmasını nəzərə alaraq, qanunvericliklə 1 uşağa görə qazanca və başqa gəlirlərə görə dörddə bir hissədə tutulmalı olan aliment miqdarının qismən azaldılmasını mümkün sayır və bu məqsədlə də tutulan aliment payını 1/5 hissədə müəyyən etmiş və haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Belə ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (76.2-ci maddəsi). İşin diqqətəlayiq hallarına görə alimentin artırılması və ya azaldılması çeşidli həyat faktorları ilə bağlı ola bilər (məsələn, aliment ödəyən valideynin əlil olması). Təbii ki, bu hal xüsusi qayğı və əlavə xərclər tələb etdiyinə görə alimentin azaldılması üçün əsasdır. Ailə Məcəlləsi ilə alimentin minimum miqdarı müəyyən edilməyib. Lakin, qeyd etmək lazımdır ki, qanunla müəyyən edilmiş qaydada aliment hesablandıqda alimentin miqdarı cüzi olarsa, məhkəmə aliment ödəyicisinin imkanlarını nəzərə alaraq, alimentin miqdarını ağlabatan miqdarda artıra bilər. Bu zaman valideynin qeyri-rəsmi əldə etdiyi gəlirlər nəzərə alınır. Lakin, hazırki iş üzrə görünür ki, cavabdeh yüksək təqaüd alır, həmin təqaüdün 1/5 hissəsi 368,6 manat təşkil edir (1492.96 manat + 350 manat / 5). Həmin məbləğ isə 2022-ci il üzrə uşaqlar üçün təyin olunan yaşayış minimumundan artıqdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, alimentin tutulması tarixinin başlanğıcının 29 oktyabr 2021-ci il tarixdən hesablanması qanunvericiliyin tələblərin uyğun deyildir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda Kollegiya, iddiaçının alimentin tutulması tarixinin başlanğıcının 29 oktyabr 2021-ci il tarixdən hesablanmasının tələb etməsini əsaslı hesab etmir. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri münasibətdə isə Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən maddi və ya prosessual normanın pozulması halları müəyyən edilməmişdir. İşdən görünür ki, iddiaçı özü də əmək fəaliyyəti ilə məşğul olmaqla əmək haqqı alır. Cavabdeh isə 2-ci dərəcə əlil və müharibə veteranı olduğundan dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, yəni digər tələblərə münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmadığından təmin edilə bilməz. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, uşağının təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Tərəflərin faktiki nikahından olan uşaq anası ilə qaldığından, iddiaçı ana kimi öz borclarını yerinə yetirərək uşağın qeydinə qalır və onu saxlayır. Belə olan halda isə cavabdeh ata kimi öz borcunu yerinə yetirərək, uşağın saxlanılmasında iştirak etməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmununun aydın şəkildə görünür ki, aliment sabit pul məbləğində yalnız alimenti almaq istəyən şəxsin xahişi əsasında tutula bilər. Lakin, hazırki iş üzrə iş üzrə iddiaçı cavabdehin qazancı və ya başqa gəlirlərinin hissəsi miqdarından tutulmasını xahiş edir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri apellyatorların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, apellyatorların şikayətlərində irəli sürdükləri dəlillər yalnız formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar