Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4228/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)- 5542/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X5 ilə İddiaçı arasında nikah 12 iyul 1991-ci il tarixdə qeydə alınmışdır.
2. 27 dekabr 2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Lokomotiv” idman sağlamlıq mərkəzinin qazanxanasının qarşısında divarın dibi ilə qanunsuz olaraq çəkilmiş qaz xəttindən sızan qazın partlaması nəticəsində iddiaçının əri X5 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, X8 isə ağır bədən xəsarəti almışdır.
3. Baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin Binəqədi rayonu X13 9 saylı Yaşayış yerlərində qaz xəttələrinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X6 təqsirli bilinərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500000 manat məbləğdə pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, cavabdehin əməkdaşının cinayət əməli nəticəsində həyat yoldaşı X2 itirmişdir. Belə ki, cavabdehin Binəqədi rayonu X12 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustası vəzifəsində işləyən X1 üzündən 27 dekabr 2013-cü il tarixdə qaz xəttindən sızan qazın partlaması nəticəsində həyat yoldaşı X5 aldığı xəsarətlərdən ölmüşdür. Binəqədi rayon məhkəməsinin 27 may 2014-cü il tarixli, 1(001)-150/2014 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon məhkəməsinin qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Həyat yoldaşının həlak olmasına səbəb olaraq onu tənha qoyan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Uşaqlarının atası, ailəni dolandıran, qürur hissi keçirdiyi həyat yoldaşını itirdiyinə görə əvvəlki sevincli həyatı artıq təkrar yaşaya bilməyəcək. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun mənəvi əzab çəkməyi şübhəsizdir. Əzizinin ölməsi ilə bağlı çəkdiyi iztirab və əzablarının müəyyən dərəcədə yumşalması üçün vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqqı var. Cavabdeh həyat yoldaşını həyata qaytara bilməz.
6. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11000 manat məbləğdə müəyyənləşdirilib. Öllüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11000 manat məbləğdə müəyyənləşdirilmişdir. İddiaçının həyat yoldaşının itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 500000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)- 5542/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 20000 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 150 manat məbləğdə dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, məhkəmə hesab etmişdir ki, iddiaçının ərinin ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, eləcə də Mülki Məcəllənin 1099.1-ci maddəsində işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının əri ölmüşdür. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2014-cü il tarixli rəyinə əsasən Şahvələd Məmmədovun meyitində ənsə nahiyəsində əzilmiş yara, alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qabırğaların sınıqları, baş beyin toxumasına qansızma, sol ağ ciyərin cırılması xəsarətləri aşkar edilmişdir. Ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Məhkəmə hesab etmişdir ki, şərh edilən hallar iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə görə pulu ərinin ölümü ilə bağlı tələb edir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının ərinin ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20 000 manat pulun tutulmasını mütənasib hesab etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, iddiaçının ərinin ölümü, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallar olduğu halda bu halı nəzərə almamışdır. Nəticədə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, Cavabdeh İB-nin üzərinə 20000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyinin qoyması düzgün və ədalətli deyildir. İddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11000 manat məbləğdə müəyyənləşdirilib. Ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11 000 manat məbləğdə müəyyənləşdirilmişdir. İddiaçının həyat yoldaşının itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 20000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin iş materiallarında iddiaçının psixoloji stress və emosional gərginlik çəkməsinə dair hər hansı möhtəbər sübut mövcud deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi.
14. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətininin dəlilləri ilə razı olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı: “Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.”
19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. İşin hallarından görünür ki, cavabdehin işçisinin təqsirindən iddiaçının əri ölmüşdür. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2014-cü il tarixli rəyinə əsasən Şahvələd Məmmədovun meyitində ənsə nahiyəsində əzilmiş yara, alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol qabırğaların sınıqları, baş beyin toxumasına qansızma, sol ağ ciyərin cırılması xəsarətləri aşkar edilmişdir. Ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur.
25. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
26. Cavabdehin şikayətinin dəlillərindən biri kimi mənəzi zərərin məbləğinin yuxarı həddə qiymətləndirildiyini göstərmiş, müqayisə üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11000 manat məbləğdə olmasına istinad etmişdir.
27. Kollegiya bu dəlili əsaslı hesab etməyərək qeyd edir ki, cavabdehin istinad etdiyi sözügedən birdəfəlik ödənişin təyinatı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Bu cür ödəmə heç bir halda mənəvi zərərin əvəzi kimi qəbul edilə bilməz. Buna görə də bu ödənişin hazırda mənəvi zərərə görə tələb olunan məbləğlə müqayisəsi anlaşılmazdır.
28. Şikayətin dəlili kimi göstərilmiş, iddiaçının psixoloji stress və emosional gərginlik çəkməsinə dair hər hansı möhtəbər sübut mövcud olmaması barədə mövqe də ona görə əsassızdır ki, hazırkı halda iddiaçının uzunmüddət (təxminən 22 il) birlikdə yaşadığı ərinin ölməsi nəticəsində mənəvi-psixoloji sarsıntı keçirməsi işin təkzibedilməz halıdır. Bununla bağlı hər hansı sübut təqdim edilməməsi ona mənəvi-psixoloji zərbə dəydini inkar edə bilməz. İddiaçının mənəvi sarsıntı keçirdiyini sübut etmək üçün hər hansı rəsmi sübut təqdim etməyinə də lüzum yoxdur. Çünki bu hal, işin ümumi halları ilə, ağlabatan mühakimə nəticəsində müəyyən olunur.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)-5542/2022 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)-5542/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev