Məhkəmə qərarları › İş №2(103)-4230/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4230/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4230/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)-779/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin 50%-nin uşaqların adına açılacaq bank hesablarına köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehə ödənilən aliment məbləğinin 50%-nin xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlarına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-779/2021) iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin cəmi 20 (iyirmi) faizi, yəni xx.xx.2012-ci il təvəllüdlü X1 adına 10 (on) faizi və xx.xx.2013-cü il təvəllüdlü X3 adına 10 (on) faizi olmaqla, onların adlarına açılan bank hesablarına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan qızları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişlər. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı uşaqların atalarının yanında qalmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay atanın qazancının (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş, lakin cavabdeh onunla danışıqlara başlamış, uşaqları da götürərək, Bakıya köçüb gələcəyini, ailəni bərpa edəcəyini bildirmişdir. Cavabdehə inanaraq kassasiya şikayətindən imtina etmiş və Ali Məkəmənin xx.xx.2020-ci il iarixli qərarı ilə imtinası qəbul edilərək işin kassasiya intansiyasında icraatına xitam verilmişdir. Hətta qızlarının Bakıya gələcəyini və burada yaşayacaqlarını nəzərə alaraq cavabdehlə razılaşdırdıqdan sonra xx.xx.2020-ci il tarixdə X8 üçün “xxxx” Ümumitəhsil Müəssisəsi MMC ilə və xx.xx.2020-ci il tarixdə X5 üçün “X2” ilə təhsil müqavilələri bağlamışdır. Bununla yanaşı cavabdehin və qızlarının Moskvadan Bakıya İstanbul şəhərindən tranzit olaraq gəlmələri üçün xx.xx.2020-ci il tarixinə 6 ədəd aviabilet almış və 2100 manat pul xərcləmişdir. Uçuşa bir gün qalmış isə cavabdeh ona anlaşılmayan bir yazı yazaraq gəlməyəcəklərini bildirmişdir. Özü “xxxx” ASC-də yüksək vəzifədə işləyir və yüksək əmək haqqı alır. Tərəfindən aliment qismində cavabdehin hesabına 2020-ci ilin mart ayından 2020-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 37.547,88 manat pul vasaiti ödənilmişdir. Qızlarının həyat şəraiti nəzərə alınarsa bu vəsait kifayət qədər böyük vəsaitdir. Belə ki, uşaqlar Bakıdan fərqli olaraq Moskva şəhərində anaları tərəfindən ödənişsiz təhsil müəssisələrinə yerləşdirilmişlər. İddiaçının əmək haqqısı və əmək haqqısına əlavələr nəzərə alınarsa, cavabdeh hər uşağa görə hazırda 3000 manat, cəmi 6000 manat, gələcəkdə qətnamə üzrə borclar bitdikdən sonra hər uşağa görə 1500 manat, cəmi 3000 manat aliment alır və alacaqdır. Bu məbləğ isə yaşayış minimumundan 10 dəfə artıqdır. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hesab edir ki, tərəfindən ödənilən alment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Halbuki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinin tələbinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu səbəbdən də hesab edir ki, cavabdehə ödənilən aliment məbləğinin 50 faizi uşaqların adına açılmış bank hesabına köçürülməlidir. Bu, uşaqların mənafeyi baxımından da əlverişlidir. Belə ki, cavabdeh vəziyyətdən sui-istifadə edə bilməyəcək və uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğlərdən istifadə edə biləcəklər. Həmin dövrə qədər isə uşaqların bank hesablarında külli miqdarda pul yığılacaqdır. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçı öz tələbini işin mahiyyətinə aid olmayan dəlillərlə sübut etməyə çalışmışdır. Bundan başqa, iddiaçı aralarında olmuş "nikahın pozulmasına dair" məhkəmə mübahisəsində məhkəmə tərəfindən araşdırılmış və artıq hüquqi qiymət verilmiş işin hallarını göstərməyə və onlardan istifadə etməyə çalışmışdır. Buna baxmayaraq iddiaçının absurd dəlillərinə dair münasibətini bildirmək və onların əsassız olmasını sübut etməyi çalışacaq. İddiaçının, öz tələbinin əsasını təşkil edən dəlili ondan ibarət olmuşdur ki, cavabdeh onunla danışıqlara başlamış, uşaqları da götürüb Bakıya gələcəyini bildirmiş, iddiaçı cavabdehə inanaraq, kassasiya şıkayətindən ımuna etmişdir. İddianın bu əsasının aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsinə heç bir əlaqəsi yoxdur. Lakin bununla bağlı bildirmək istəyir ki, iddiaçı ilə danışıqlara başlamamış, əksinə iddiaçı ondan barışmağı xahiş etmiş, ailənin bərpasını və birlikdə Bakıda yaşamalarını təklif etmişdir. İddiaçının bu təklifini qəbul etmiş, uşaqlarla Bakıya gələcəklərinə razılıq vermişdir. Lakin, 04 oktyabr tarixində ermənilər tərəfindən Gəncə şəhərinə dinc əhaliyə ballistiк raket atılması və nəticədə çoxlu sayda dinc əhalinin ölməsi və yaralanması səbəbindən, Bakıya gəlməkdən imtina etmişdir. Lakin, iddiaçı bunu cavabdehin onu aldatması kimi qəbul etmiş və nəticədə tərəflərin münasibəti korlanmışdır. İddiaçının digər dəlili odur ki, tərəfindən hər uşağa görə ödənilən 1500 manat aliment Azərbaycanda olan yaşayış minimumundan 10 dəfə artıqdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçının Moskva şəhərində yaşayış xərclərini Azərbaycanda olan yaşayış minimumu ilə müqayisə etməsi böyük səhvdir. Belə ki, 2 azyaşlı uşağın Moskva şəhərində 1 ay ərzində normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən yaşamaları üçün minimum olaraq 196500 rubl (4372 manat) xərc çəkilir. Bu xərcin bir qismi iddiaçının ödədiyi aliment hesabına, digər qismi isə onun gəlirləri hesabına həyata keçirilir. Artıq məbləğdə xərclənən vəsaitlər tərəfindən ödənilir. İddiaçı tələb edir ki, Moskva şəhərində yaşayan 2 azyaşlı uşağa xərclənən vəsaitin məbləği 1500 manata endirilsin. Bu isə məbləğin 3 üç dəfə azalması, nəticə etibarı ilə uşaqların müəyyən məhrumetmələrə səbəb olması deməkdir. Belə kı, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valıdeynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarına əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub- olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı qəbul ediləcək qətnamənin gələcəkdə 2 azyaşlı uşağın tam və hərtərəfli inkişafına mənfi təsir etməyəcəyini sübut edə bilməmişdir. Buna görə də hesab edir kı, iddia ərizəsində göstərilən dəlillər əsassızdır, işin mahiyyətinə aid deyil və qanunvericiliyə ziddir, bu səbəbə görə də iddia rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin qismən - iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi uşaqların həyat səviyyəsini, ödənişli, yaxud ödənişsiz təhsil müəssisələrində oxumalarını, necə qidalanmalarını, onların tərbiyəsinə, təhsilinə və saxlanmasına sərf edilən məbləği, ödənilən aliment məbləğinin cavabdeh tərəfindən tam şəkildə uşaqlara sərf edilibedilməməsini aydınlaşdırmamışdır. İddiaçının ödədiyi məbləğ kifayət qədər yüksək məbləğdir və Azərbaycan Respublikası üzrə yaşayış minimumundan 9, Rusiya Federasiyası üzrə yaşayış minimumundan 6 dəfə artıqdır. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyi baxımından onun özünün də təmin etməli olduğu nəzərə alınarsa, iddiaçı tərəfindən ödənilən aliment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə deyil, həm də cavabdehin öz şəxsi ehtiyaclarına xərclənir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş guya uşaqların saxlanılması üçün sərf edilən məbləğləri təsdiq edən sənədləri belə tədqiq etməmiş və qəbul etdiyi qətnamədə həmin sənədlərə ümumiyyətlə istinad etməmişdir. İddiaçının kirayələdiyi mənzildə cavabdeh özü və S.Maksimov adlı şəxs də daimi olaraq yaşayır. İddiaçının başqa şəxs üçün kirayə pulunu ödəməsi tamamilə qanunsuzdur. Bundan başqa, cavabdeh 2019-cu ilin may ayından Rusiyada olmalarına baxmayaraq 2020-ci ilin avqust ayından əvvəl uşaqların harada yaşaması və yaşayış sahəsi üçün nə qədər vəsait sərf edilməsinə dair hər hansı sübut təqdim etməmişdir, həmçinin müqavilə üzrə hər hansı ödəniş etməsinə dair sübut təqdim etməmişdir. Həmçinin məktəbdə dərsdən artıq məşğələ və qidalanma üçün hər ay 223 manat xərcləməsi ilə bağlı müqavilənin müddəti 31 may 2020-ci il tarixdə birmişdir. Həmin müqavilənin aylıq dəyəri 45 manat təşkil edir, cavabdeh tərəfindən isə 2 uşaq üçün cəmi 34 manat ödənilmişdir. Lakin etirazda hər ay 223 manat xərclədiyini göstərmişdir. İngilis dili kursları ilə bağlı müqavilə iddiaçı məhkəməyə müraciət etməmişdən cəmi 1 ay öncə bağlanmışdır. Halbuki, həmin dövrdə cavabdeh iddiaçı ilə artıq Bakı şəhərinə köçmək barədə razılığa gəlmişdi, həmçinin hər hansı ödəniş edilməsi ilə bağlı sübut təqdim etməmişdir. Cavabdehin uşağın ad gününə təqdim etdiyi 890 manat qiymət cədvəli ödəniş sənədi deyildir, bu məbləğin ödənilməsi və həmin qiymət cədvəlində, həmin obyektdə keçirilməsinə dair heç bir sübut yoxdur. Cavabdehin uşaqların idman seksiyalarına aliment ödənildiyi vaxtdan etibarən hər ay 279 manat pul xərclədiyi də öz təsdiqini tapmır, həmin müqavilə iddia qaldırılandan 1 ay sonra bağlanmışdır. Hesab edir ki, cavabdeh məhkəmədə görüntü yaratmaq üçün bu müqaviələri bağlamış və bir dəfəyə 2 aylıq ödəniş etmişdir. Cavabdehin qida, gigiyena, zəruri xərclər və dərman xərcləri ilə bağlı bir sıra ödəniş qəbzləri təqdim etsə də, əksər hissəsi ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmiş və iddiaya qarşı etirazı ilə eyni məzmun təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun aylıq xərci 4372 manat təşkil edir, bu barədə sübutlar təqdim etmişdir. İddiaçının ödədiyi alimentdən artıq xərclənən vəsaitlər cavabdeh tərəfindən ödənilir. İddiaçı öz tələbinin əsasını təşkil edən sübut təqdim edə bilmədiyinə görə iddia rədd edilməli idi. Həmçinin, məhkəmə alimentin göstərilən qaydada tutulmasını qət edərkən bunun uşaqların tam və hərtərəfli inkişafına təsiri qiymətləndirməmiş, öz qətnaməsini bu hissədə əsaslandırmamışdır. Məhkəmə iddiaçının mənafeyini uşaqların mənafeyindən üstün tutmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddiaçının apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, təmsil etdiyi şəxsin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini idianın rədd olunan hissəsində, cavabdeh isə iddianın təmin edilən hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin (nümayəndələrin) izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin olunmalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. İşin hallarından məlum olur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqların analarının yanında saxlanılması, xx.xx.2019cu il tarixdən hesablanmaqla İddiaçı Aleksandrovıçdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçının tələbi uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulan aliment məbləğinin 50%-nin uşaqların adına açılacaq bank hesablarına köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq aliment məbləğinin yalnız 20 %-nin uşaqların adlarına açılan bank hesablarına köçürülməsini qət etmiş və bu zaman ödənilən aliment məbləğinin yüksək olduğunu nəzərə almışdır. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Ailə Məcəlləsinin 55.3-cü, MPM-nin 14.2, 77.1-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına düzgün istinad edib işin hallarını düzgün müəyyən etsə də, uşaqların adlarına açılan bank hesablarına köçürüləcək aliment məbləğinin miqdarını müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi 20 % miqdarında aliment məbləğinin bank hesabına köçürülməsi barədə qənaət işin müəyyən edilən həmin hallarına tam uyğun deyil. Ona görə də qətnamə həmin hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. xxxx (Azərbaycan) ASC-nin əməkdaşı İddiaçı əmək haqqından tutularaq Cavabdeh hesabına ödənilmiş aliment məbləğləri haqqında məlumatın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək haqqından cəmi 37.547,88 manat məbləğində aliment tutularaq cavabdehin hesabına ödənilmişdir. AZEMİS elektron sistemdən edilmiş çıxarışdan müəyyən olunur ki, iddiaçı “xxxx (Azərbaycan)” ASC-də rəisin müşaviri vəzifəsində işləyir və hazırda aylıq əmək haqqı 12 000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilən aliment məbləğinin miqdarı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan dəfələrlə artıq olmaqla kifayət qədər yüksək olduğundan, həmin məbləğin 50 %-nin uşaqların bank hesablarına köçürülməsi onların mənafeyini pozmur. Əksinə, tutulan aliment məbləğinin ½ hissəsinin bank hesabında toplanması uşaqların gələcəyi və mənafeyi baxımından daha əlverişlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının ödədiyi alimentdən artıq xərclənən vəsaitlərin özü tərəfindən ödənildiyini göstərsə də, onun təqdim etdiyi sübutlar natamam xarakter daşıyır. Cavabdeh Moskva şəhərində kirayədə yaşamasını, kirayə haqqı kimi 78 000 rubl pul ödəməsini təsdiq edən sübut kimi xx.xx.2020-ci il tarixli mənzil kirayə müqaviləsinə istinad etmişdir (i.v.162-165). Əvvəla, kirayə müqaviləsinə əsasən cavabdehlə birlikdə kirayə götürülən mənzildə yaşamaq hüququ əldə etmiş X4 kimliyi, iddiaçının həmin şəxsə qarşı hər hansı aliment və ya sair öhdəliklərinin olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Digər tərəfdən, işdən, eləcə də həmin kirayə müqaviləsinin məzmunundan görünür ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olsa da, onun daimi qeydiyyatda olduğu ünvan Leninqrad vilayəti, Kinqisepp şəhəri, İvanov küçəsi ev 21, mənzil 83-dür. Belə olan vəziyyətdə cavabdehin Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla birlikdə nəyə görə Azərbaycanda, Bakı şəhərində, yaxud cavabdehin qeydiyyatda olduğu ünvanda, yaxud şəhərdə, vilayətdə deyil, yaşamaq üçün daha çox vəsait tələb olunan Moskva şəhərində kirayədə yaşamasının səbəbi aydın deyil. Cavabdehin Moskva şəhərində işləyib-işləmədiyinə dair də hər hansı sübut təqdim olunmamışdır. Nəhayət, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli mənzil kirayə müqaviləsi üzrə həqiqətən hər hansı ödəniş edilməsinə dair də sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir və hesab edir ki, qətnamə dəyişdirilməklə 1/3 hissə miqdarında tutulan alimentin 1/2 hissəsinin iki bərabər hissəyə bölünməklə müvafiq olaraq X1 və X3 adlarına açılacaq bank hesablarına köçürülməsi təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin olunmuş aliment məbləğinin cavabdehin xeyrinə tutulan qalan hissəsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması, onların həyat səviyyəsinin maksimum təmin olunması, tam və hərtərəfli inkişafları (qidalanma, təhsil, tərbiyə və s.) üçün yetərlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı, onun qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında Cavabdeh xeyrinə tutulan alimentin 1/2 hissəsi iki bərabər hissəyə bölünməklə müvafiq olaraq X1 və X3 adlarına açılacaq bank hesablarına köçürülsün. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar