Məhkəmə qərarları › İş №2(103)-4231/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4231/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4231/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(011)- 4993/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 1.000.000 manat məbləğində pul vəsaitini mənəvi zərərə görə tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 “Cavabdeh” X1 Qaz İstismar sahəsinin yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləməklə inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. O, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərməli, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan görülməli tədbirləri yerinə yetirməyərək, xidməti ərazisi hesab edilən Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəki yeni yaşayış massivində yerləşən abonentlərə qaz nəql edən 40 mm. diametrlik borulardan ibarət və aşağı təzyiqli olduğu üçün yerüstü çəkilməli olan qaz xəttinin yeraltı olaraq həmin küçədə yerləşən X8 məxsus evin altından keçməsini aşkar etmək üçün real imkanı olmasına baxmayaraq, bunu vaxtında etmədiyi üçün xətlə nəql edilən təbii qaz borusunun korroziyaya uğrayaraq tamlığının pozulması səbəbindən Anar Rzayevin evinə qaz dolmuş, nəticədə 12 sentyabr 2010-cu il tarixdə saat 07:00 radələrində Anar Rzayev öz ailə üzvləri, azyaşlı oğlu X11, yeni doğulmuş adı qoyulmamış oğlan uşağı ilə birlikdə dəm qazından zəhərlənərək, arvadı X3 isə baş vermiş yanğın zamanı aldığı termiki yanıq xəsarətləri ilə əlaqədar intoksikasiya nəticəsində ölmüşlər. Hadisə ilə əlaqədar cinayət işi başlanılmış, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli 1(001)-75/2011 saylı hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçı yeganə qardaşının, gəlinlərinin, 1 azyaşlı və hələ adı qoyulmamış yeni doğulmuş körpələrin həlak olmasından sonra iztirab və sarsıntı keçirmişdir. Bu faciə hamını sarsıtmaqda davam edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(011)- 4993/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 1.000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4993/2020 saylı iş üzrə 02.10.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Məhkəmə qətnamədə qeyd edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən qardaşının, onun arvadının və onların uşaqlarının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və sair formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. İddiaçı mənəvi zərəri qardaşının, onun arvadının və uşaqlarının ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qardaşını və qardaşının ailəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin də maddi imkanlarını, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən X6 xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1.000 manat pulun tutulmasını mütənasib hesab edir. Qanunu düzgün təfsir etməyən, mütənasibliyin nə olduğunu bilməyən, bir ailə olsa da atanın, ananın, qardaşın, bacının hərəsinin ayrı-ayrı hüquqları olduğu, hər birinə ayrıayrılıqda mənəvi zərər vurulduğu halda, bərabərlik prinsipini pozaraq ədalətlilik meyarlarından tamamilə kənar olan iddiada tələb olunan bir milyon qarşılığında 1000 manat qət edən, bunu valideynin mənəvi iztirabına görə aldığı 100 min manata mütənasib hesab edən, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunanları düzgün qiymətləndirib tətbiq edə bilməyən şəxs (hakim) vətəndaşın dövlətə və ədalət mühakiməsinə, pozulan hüquqlarının məhkəmə tərəfindən müdafiə olunaraq bərpa edilməsinə inamını sarsıdır, nəticədə əsassız olaraq vətəndaşı dövlətdən və ədalət mühakiməsindən narazı salaraq, məhkəmənin yüksək nüfuzuna xələl gətirir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 75/2011 saylı 19.05.2011-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 314.2ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli o, məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması, X2 bəraət verilməsi, iş üzrə X6 mülki iddiası təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İB-dən onun xeyrinə 10000 manatın tutulub ona verilməsi hökm edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-75/2011 saylı 19.05.2011-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 21.10.2011-ci il tarixli 1(103)-681/2011 saylı qərarı ilə qüvvəyə minmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18.04.2012-ci il tarixli 1(102)- 278/2012 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının qardaşının, onun arvadının və uşaqlarının ölümündə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsininşərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qardaşının, onun arvadının və uşaqlarının ölümündə cavabdehin təqsiri vardır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma qardaşını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən qardaşının, onun arvadının və onların uşaqlarının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri qardaşının, onun arvadının və uşaqlarının ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qardaşını və qardaşının ailəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Bununla yanaşı, məhkəmə kollegiyası, cavabdehin də maddi imkanlarını, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(011)-6950/2018 saylı qətnaməsi ilə cavabdehdən X7 xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1.000 manat pulun tutulmasını mütənasib hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 1.000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(004)- 4993/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar