Məhkəmə qərarları › İş №2(103)-4238/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4238/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4238/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “neqator iddia”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1694/2025 saylı, 30 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 5 ünvanında yerləşən və ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar, onların nikahları xx.xx.2024-cü ildə məhkəmə qaydasında pozulmuşdur.

2. Hazırda iddiaçı evin onun mülkiyyətində olmasına baxmayaraq keçmiş gəlnini qeyd edilən evdə özünə məxsus əşyalarını saxlamaqda davam eetdiyini bildirərək həmin əşyaların çıxarılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəsbəsi 5 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus Divan–künc -1 ədəd, Mətbəx mebeli -1 ədəd, Paltar yuyan maşını -1 ədəd, Yorğan-Döşək -2 ədəd, Hekə (suvenir )- 1 ədəd, Şkaf qabqacaq üçün - 1 ədəd, Pərdə- 4 ədəd, Uşaq yataq dəsti- 1 ədəd, Gül qabı -1 ədəd, Divar saatı- 1 ədəd, Lüstr -1 ədəd, Meyvə qabı- 1 ədəd, Dibçək- 1 ədəd, Nahar dəsti – 1 ədəd, Su qrafinkası -1 ədəd, Xörək dəsti – 1 ədəd, Tefal çaynik- 1 ədəd, Tava- 1 ədəd, Qrafinka-1 ədəd, Sok çəkən- 1 ədəd, Daş qazan- 1 ədəd Çörək qabı- 1 ədəd, Tava - balaca- 1 ədəd, Su aparatı -1 ədəd, Ləpə doğrayan – 1 ədəd , Çay dəsti-1 ədəd, Çemodan- 1 ədəd, Xonça- 1 ədəd, Termos -1 ədəd, Balış -2 ədəd, Əl dəsmalı- 4 ədəd, Can dəsmalı- 2 ədəd, Duxovka - 1 ədəd, Gül səbəti- 1 ədəd, Ləyən (aliminum)- 2 ədəd, 3 kq. Şüşə qab-25 ədəd, 0.7 kq. Şuşə qab-30 ədəd, Ləyən, şirəli – 1 ədəd, Sürməli şkaf- 1 ədəd, Stol -1 ədəd, Stul - 4 ədəd, doğrayan - 1 ədəd əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi 5 saylı ev onun xususi mülkiyyətindədir və bu barədə ona AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestr Xidməti tərəfidən ********** qeydiyyat nömrəsi xx.xx.2021-ci ildə Çıxarış verilmişdir. Onun övladı X10 xx.xx.2008-ci ildə X6 ilə nikaha daxil olmuş və onların birgə nikahından iki övladları olmuşdur xx.xx.2014-cü ildə X5 və X7 anadan olmuşdur. Övladı evləndikdən sonra ilk vaxtlar onun ünvanında yaşamış və cavabdehi də o, öz yaşadığı evə qeydiyyata götüzdürmüşdür. Lakin onun evi darısqal olduğu üçün, o zaman övladının ailəsinin yaşamaları üçün onun xususi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi 5 saylı evdə yaşamalarına icazə vermişdir. Həmçinin cavabdeh X8 özünə məxsus cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Lakin sonradan onların arasında münasibətlər kəskinləşmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsini e-2 (005)-653/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş və X6 birgə nikahdan olmuş ik övladını götürərək evdən çıxmışdır. X9 evdən çıxmasına baxmayaraq, ona məxsus əşyaları evində qalmışdır. Bir neçə dəfə cavabdehə ismarıc göndərərək ona məxsus əşyalarını evdən çıxarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh onun xahişinə əhəmiyyət verməmişdir. Ona görə hesab edir ki, cavabdeh bir halda kı, onun oğlu ilə nikah münasibətlərinə xitam vermiş və köçüb başqa ünvana getdiyi üçün, onun xususi mülkiyyətində qalmış əşyalarını çıxarmalıdır. Evdə olan əşyaların siyahısını tərtib etmişdir və hesab edir ki, bu əşyaları cavabdeh onun evindən çıxarmalıdır. Əşyalar cavabadeh X3 məxsus olmuş və hazırda tam yararsız vəziyyətdə olan əşyaları çıxarılmalıdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(010)- 1694/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə qeyd etmişdir ki, X2 qızının mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. Cavabdeh iddiaçının oğlunun həyat yoldaşı olub, onlar 2008-ci ildə nikaha daxil olmuşlar. Deməli, tərəflərin münasibətləri 2008-ci ildən yaranıb, 2024-cü ildə nikahın pozulması ilə tərəflərin münasibətləri də pozulub. Mübahisəli evə iddiaçının mülkiyyət hüququ 2021-ci ildə qeydə alınıb, iddiaçının da həmin evə münasibətdə istifadə hüququnun həmin ildə yaranıb-yaranmamasına Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından aydınlıq gətirilməli və bundan sonra cavabdehə məxsus əşyaların həmin evdə qalmasının qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir.

7. Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından cavabdeh K.İddiaçının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, cavabdeh iddiaçının ailə üzvü deyildir. Ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli evə istifadə hüququ verilməsi halı müəyyən edilmir.

8. Deməli, cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdə qalmasını şərtləndirən hüquqi əsaslar yoxdur. Həmin əşyaların iddiaçıya məxsus evdə qalması onun mülkiyyət hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması anlamına gəlir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq hazırkı iddia tələbini qaldırmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 178.1. 228.2 və 228.5-ci maddələrinə; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3 və 30.4-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına; İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokoluna; Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarına istinadl əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e-2(010)-1694/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmənin qeyd olunan mövqeyi və gəldiyi nəticə ilə razı deyil. Belə ki, o, iddaçının oğlu ilə 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı doğulmuşdur. Evlənəndə o, Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 490 ünvanında yerləşən evə gəlin köçmüş və həmin mənzilin bütün otaqlarını doldurmaq üçün mebel əşyaları və məişət avadanlıqlarını cehiz gətirmişdir. 3 il müddətində həmin evdə yaşamışdılar. Həmçinin, iddiaçının digər oğlu, yəni keçmiş qayını da onlarla birgə yaşayırdı, daha sonra hazırki iddiaçı (keçmiş qayınatası) keçmiş qayını evləndikdən sonra eyni evdə qalmağın çətin olacağını deyib Zığ qəsəbəsində bağ evləri deyilən ərazidə öz mülkiyyətində olan evi onlara - yəni onun keçmiş əri və ona ailəvi olaraq hədiyyə etmiş (sözdə, şifahi) və demişdir ki, artıq orada gedib yaşayın. Həmin ev 3 otaqlı, şəraitsiz və təmirsiz ev olduğundan keçmiş yoldaşı Azərlə xeyli xərc çəkib evi təmir etmiş, pəncərələrini, döşəməsini dəyişmiş, əlavə olaraq hamam otağı və koridor inşa etmiş, evi əsaslı təmir və bərpa edəndən sonra evə köçmüşlər və cehiz əşyalarını da həmin evə aparmışlar. O cümlədən həmin Zığdakı evə bir çox məişət avadanlığı (kondisoner, televizor, kombi, mətbəx dəsti və s. bir çox əşyalar) alınmış, həyətində abadlıq işləri görmüş, şəxsən özü ağaclar və güllər əkmişdir. Hətta təhlükəli hamiləlik keçirməyinə baxmayaraq 7 yanvar 2014-cü il tarixdən hamilə olduğu müddət ərzində də həyat yoldaşına maddi dəstək olmaq üçün Qafqazinfo.az MMC internet-xəbər portalında reklam meneceri vəzifəsində çalışmış və həmin evin təmirinə dəstək olmuşdur. Hardasa Zığdakı evin təmiri, əsaslı bərpa və inşa olunması üçün 30 min manat civarında pul xərcləmişlər, uzun müddət orada yaşamışlar. Lakin daha sonra bir çox problemlərdən dolayı münasibətləri pisləşmiş və nikah pozulmuşdur. Bundan sonra iddiaçının oğlu keçmiş yoldaşı Azər İsmayılov xx.xx.2025-ci il tarixdə ona qarşı əmlak tələbi ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və o da keçmiş ərinə qarşı qarşılıqlı iddia ilə müraciət edərək, birgə nikah dövründə birgə vəsait hesabına Zığ bağ evləri deyilən yerdə yerləşən evin əsaslı təmir-bərpa və inşası üçün xərclədikləri 30 min manatın yarısının və Zığ qəsəbəsi bağ evləri deyilən ərazidə yerləşən evdəki cehiz əşyalarının, əgər əşyalar olmasa dəyərinin qaytarılması, o cümlədən birgə nikah dövründə birgə vəsait hesabına alınmış əşyaların dəyərinin yarısının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və həmin iş hazırda Nərimanov rayon Məhəkəməsinin icraatındadır. Göründüyü kimi Zığda yerləşən evdəki cehiz əşyalarının qaytarılması və s. barədə iddia ərizəsinə hələ baxılır və işə baxılması ərəfəsində MTT barədə ərizə də verdilər və ərizə üzrə ünvana icra məmurları ilə gedəndə, onu həmin evə buraxmırdılar və ciddi mübahisədən sonra, vəkilinin də haqlı tələbindən sonra icra məmurlarının təkidi ilə onu güclə evə buraxdılar ki, əşyaları siyahıya ala bilsinlər. Hazırki iddia ərizəsində isə iddiaçı tərəf yalandan qeyd edib ki, guya ona dəfələrlə deyiblər ki, “gedim əşyalarımı götürüm, mən götürməmişəm”. Əgər əşyalarını rahatlıqla götürməyə şərait yaratsaydılar, əlbəttə əşyalarını götürərdi və buna dair Nərimanov Rayon Məhkəməsinə müraciət etməzdi. Halbuki iddiaçı və oğlu - keçmiş yoldaşı ona həmişə mane olmuş, əşyalarını götürməyə şərait yaratmamışlar. Ona görə də məcbur qalıb məhkəmədə əşyalarını və ya onlarının dəyərini qaytarmaları ilə bağlı iddia qaldırdı. Bundan başqa Suraxanı Rayon Məhkəməsində əşyaların çıxarlması barədə iddia qaldırmaqlarından da məlumatı olmamışdır. O cümlədən iddia ərizəsində ona məxsus cehiz əşyalarının hamısı qeyd edilməmiş, iddia ərizəsində yalandan məlumat verməklə üstəgəl guya onun 3 kiloluq və digər ölçüdə şüşə bankaları cehiz aparmağı qeyd olunmuş, əslində isə ona məxsus bütün əşyalar göstərilməmişdir. Bildirir ki, hazırki iş üzrə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir və məhkəmə də bunu ətraflı araşdırmadan mənim mülkiyyət hüquqlarının kobud pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Belə ki, hazırki iddiaçı ona qarşı Zığdakı evdən “cehizlərin çıxarılması ilə bağlı” xx.xx.2025-ci il tarixdə, oğlu Azər İsmayılov isə xx.xx.2025-ci il tarixdə ona qarşı “əmlak bölgüsünə dair” iddia qaldırıb. O da hazırki iddiaçının oğlu Azər İsmayılova qarşı Zığdakı evdə yerləşən cehizlərinin qaytarılması və s. barədə qarşılıqlı iddia qaldırmışdır. Ən azından hazırki iş üzrə iddiaçı bilirdi ki, onun oğlunun qaldırdığı iddiaya qarşı Zığdakı evdən əşyaların verilməsini tələb edir və bu barədə məhkəməyə məlumat verə bilərdi. Lakin o belə bir məlumatı verməməklə və məhkəməyə yalan məlumatlar verməklə hakimi yanıldaraq qanunsuz və əsassız qətnamə qəbul edilməsinə nail olmuşlar. Çünki hər iki iş bir-biri ilə əlaqəli olmaqla mübahisə predmeti ona məxsus əşyaların qaytarılmasıdır. Ona görə də hesab edir ki, həmin qətnamə qüvvədə qala bilməz, çünki işə Nərimanov rayon Məhkəməsində baxılan zaman MTT barədə ərizə verilmiş və Zığdakı evdə əşyalara baxış keçirilərək siyahıya alınmışdır. Onun tələb etdiyi və siyahıya alınmış əşyalarla hazırki iş üzrə iddia ərizəsində qeyd edilmiş əşyalar arasında çox böyük fərqlər var. Ona görə də məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi onun mülkiyyət hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Halbuki hər iki işə eyni vaxtda baxılırdı və işlər ya bir icraatda birləşməli, yaxud da bir işə baxılıb qurtarana kimi digər işin icraatı dayanmalı idi. Əlbəttə ki, o, Suraxanı Məhkəməsində gedən işdən məlumatı olub iclasda iştirak etsəydi, Nərimanov rayon Məhkəməsində cehiz əşyalarla bağlı iddia tələbinin olması barədə məlumat verərdi. Amma hazırki iş üzrə iddiaçı bunu bilirdi və məlumat verməli olduğu halda verməmişdir. Hazırki iş üzrə Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən isə Nərimanov rayon Məhkəməsində proses vaxtı məlumatlı olmuşlar. Hakim isə iddianı təmin edərkən yalnız mülkiyyət hüququna dair müddəalara istinad etmiş və nəzərə alınmamışdır ki, o da mülkiyyətçidir və həmin üstün hüquqlar ona da şamil olunmalıdır. O cümlədən Zığdakı evdə yerləşən cehiz əşyaları ilə bağlı bir daha qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin e-16(005)- 78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-1650/2025 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Zığ qəsəbəsi bağ evləri deyilən ərazidə yerləşən evdə olan cehiz əşyalar- Qonaq dəsti mebeli – 3000 manat, Divan – 1200 manat, Divan üstü – 200 manat, 2 ədəd xrustal çilçıraq – 800 manat, Jurnal masası – 300 manat, Paltaryuyan maşın – 1500 manat, Çay servis dəsti – 900 manat, Çay servis dəsti (madonna) – 500 manat, İki dəst pərdə - 900 manat İki nəfərlik yataq pasteli dəsti (5 ədəd) – 400 manat, tək nəfərlik yataq pasteli dəsti (4 ədəd) – 250 manat, 3 ədəd yataq örtüsü dəsti – 1000 manat, 4 ədəd sintifon yastıq (50x70) – 100 manat, 2 ədəd kvadrat yastıq – 80 manat, 2 ədəd tək nəfərlik buxov ədyal – 100 manat, 1 ədəd cüt nəfərlik buxov ədyal – 150 manat, iki ədəd lampa – 100 manat, 5 ədəd süfrə - 250 manat, 2 ədəd bədən dəsmalı(güllü) – 60 manat, 4 ədəd əl dəsmalı(ağ) – 100 manat, 30 ədəd çay dəsmalı – 100 manat, 3 ədəd xalça – 1000 manat, Ütü – 300 manat, Tozsoran – 400 manat, 2 ədəd bagema böyük güldan – 100 manat, 2 ədəd bagema kiçik güldan – 60 manat, 2 pərdə dəsti – 100 manat, 4 ədəd ikinəfərlik yataq pasteli – 280 manat, 1 ədəd çəhrayı sintifon yorğanlı yataq dəsti – 200 manat, 4 ədəd tək nəfərlik yastaq pasteli dəsti - 200 manat, 1 ədəd muncuqlu, sintifon yorğanlı yataq örtüsü - 300 manat, 1 ədəd sırıqlı, sintifon yorğanlı yataq örtüsü – 250 manat, 6 ədəd ağ böyük dəsmal 4 ədəd çəhrayı əl dəsmalı, 2 ədəd bardovu əl dəsmalı 2 ədəd sarı əl dəsmalı dəsti - 50 manat, 6 ədəd stol süfrəsi – 300 manat, 2 ədəd xrustal böyük meyvə qabı – 200 manat, 2 ədəd xrustal oval qab – 150 manat, 2 ədəd xrustal lotka qab – 150 manat, 1 ədəd xrustal kənarımis işləməli konfet qabı – 100 manat, 2 ədəd böyük, 2 ədəd kiçik mis işləməli meyvə qabı(nənəsinin hədiyyəsi), 1 ədəd qız heykəli (nənəsinin hədiyyəsi), 1 ədəd farfor qız heykəli ( nənəsinin hədiyyəsi), 6-lı şirniyyat qabı – 50 manat, 6-lı araq rumka stəkanı xrustal – 50 manat, Balıq qabı dəsti - 50 manat, 12 nəlbəki – 30 manat, İki dəst hamam xalatı dəsti – 100 manat, Çaydan çaynik dəsti – 50 manat, 4 ədəd mürəbbə qabı xrustal – 300 manat, 6 ədəd duz qabı xrustal – 30 manat, 6 ədəd razetka xrustal – 30 manat, Hədiyyə olunan dəyərli əşyalar. Mətbəxdəki məişət avadanlıqları və digər əşyalar: Ətçəkən maşın – 200 manat, Şirəçəkən – 200 manat, Qazan dəsti – 400 manat, Qazan dəsti (tefal) – 350 manat, Qazan dəsti (şirəli) – 200 manat, Balaca saxlama qabları – 40 manat, Qulpsuz saxlama qab dəstləri – 30 manat, Qab dəsti gündəlik – 200 manat, Taxta qutu qaşıq dəsti – 400 manat, Bıçaq dəsti – 100 manat, Sini dəsti – 100 manat, Xrustal stəkan dəsti (12-li) – 100 manat, Xrustal armudu stəkan dəsti – 80 manat, İçki stəkanı dəsti (12-li) – 50 manat, Xrustal araq stəkanı dəsti – 40 manat, İki ədəd tort qabı dəsti – 50 manat, 1 ədəd bagema şərab dəsti – 150 manat, 1 ədəd viski dəsti (anasının cehizindən qalma) 4 ədəd çaydan servis dəsti – 250 manat olan daşınar əşyaların siyahıya alınması və üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardad icra olunaraq həmin əşyalar artıq siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. Ona görə də hesab edir ki, hazırki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-1694/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olmuşdur. Çünki iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Ona görə də Suraxanı Rayon Məhkəməsinin 2(010)-1694/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ona görə də hesab edir ki, Suraxanı Rayon Məhkəməsində işə baxılarkən hər iki iş ya birləşməli, yaxud da işlərdən birinin icraatı dayanmalı idi. İddiaçı isə hər iki işdən məlumatlı olduğu halda bunu məhkəmədən gizlətmişdir. Bundan başqa hakim iddianı təmin edərkən yalnız iddiaçının mülkiyyətçi olmasını əsas götürmüş və iddia tələbinin əsasını təsdiq edən hər hansı mötəbər dəlilin olub-olmamasını araşdırmamış, elə bir dəlil olduğu halda onu qətnamədə göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin evdəki bütün əşyalarını başqa evə daşıyandan sonra qalan əşyaları geri götürməyi təklif olunmuşdur. İddiaçının qeyd etdiyi əşyalar onun cehiz əşyaları deyildir. Mübahisəli evə gedib baxış keçirilsə görmək olar ki, hazırda ora yaşanılacaq vəziyyətdə deyildir, əşyaları götürülmüşdür. O, öz əşyalarını tələb edir. Qarşı tərəf iki ildir ki, onun həmin evə addım atmağına icazə vermir. Həmin evə dair heç bir iddia tələbi yoxdur.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf əşya istəmir, pul istəyir. Əşyalar orada qaldığı müddətdə onun mülkiyyət hüququ pozulur. Cavabdeh gəlsin öz əşyalarını geri götürsün. İcraçıların iştirakı ilə əşyalarını geri götürsün və mübahisə aradan qalxsın.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

19.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 20.«İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

21. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 22.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 24.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 25.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

26.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, sözügedən iddia tələbinin dəyərləndirilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən aparılmalıdır. Həmin maddənin məzmununa görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Göründüyü kimi mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia) aiddir.

31. Belə ki, neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.

32. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

33. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh özünə məxsus cehiz əmlakını və şəxsi əşyalarını iddiaçıya məxsus fərdi yaşayış evində saxlamaqla ona bu evin mülkiyyətçisi kimi öz hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin törətdiyi pozuntudan iddiaçının əşya hüquqlarını neqator iddia vasitəsilə müdafiə etməsinin mümkün olması barədə məhkəmənin qənaəti ilə razılaşır. Belə ki, cavabdehin hazırkı daşınmaz əmlak üzərindəki sahibliyin qazanmasına və ya ona müdaxiləsinə haqq qazandıra biləcək keçərli bir hüquqi əsasa söykənən halların mövcudluğu müəyyən olunmur.

34. İddiaçının məhkəməyə bildirdiyi faktiki halların irəli sürdüyü iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

35. Birinci instansiya məhkəməsinin hazırkı işi onunla əlaqəli olan başqa bir iş ilə bir icraatda birləşdirmədiyinə dair apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, istinad olunan işin məhkəmənin icraatında olması hazırkı işə mahiyyəti üzrə baxılmasını istisna etmir.

36. Apellyasiya şikayətinin digər dəlilinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, məlumatlar həmçinin ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

37. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

38. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1694/2025 saylı 30 aprel 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar