Məhkəmə qərarları › İş №2(103)-4258/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4258/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4258/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əşyaların çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2 və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Sadiq və xx.xx.2015-ci il təvəllüdlü Zəhra adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan ünvan 1 ünvana gəlin köçərək öz cehiz əşyalarını həmin evə gətirmişdir. Artıq bir ildən çoxdur ki, Cavabdeh sözügedən ünvanı tərk etmiş, atasına məxsus olan ünvan 2anına köçmüş və hal-hazırda da orada yaşayır. Cavabdehin valideynləri ilə birlikdə yaşamasına baxmayaraq, cehiz əşyalarını ona məxsus evdən çıxartmamışdır. Həmin cehiz əşyaları aşağıdakılardır: 1. stəkan və nəlbəki dəsti - 6 ədəd; 2. Tünd göy nəlbəki - 15 ədəd; 3. Xrustal çay stəkanı - 9 ədəd; 4. Sadə su stəkanı (bakal) - 6 ədəd; 5. Yaşıl konfet qabı (bagema) - 3 ədəd; 6. Şirə qədəhi (bakal) - 4 ədəd; 7. Şirə qədəhi (bakal) - 6 ədəd; 8. Çəhrayı rəngli qədəh (bakal) - 4 ədəd; 9. Qırmızı rəngli şirə qədəhi (bakal) - 6 ədəd; 10. Balaca çərəz qabı - 6 ədəd; 11. 5 mərtəbəli çərəz qabı; 12. Xrustal konfet qabı - 5 ədəd;

13. Mürəbbə nəlbəkisi - 7 ədəd; 14. Tünd göy rəngli düzbucaq formalı tort boşqabı - 2 ədəd; 15. Keks qabı - 10 ədəd; 16. Səbət formalı meyvə boşqabı - 2 ədəd; 17. Tünd göy rəngli meyvə qabı - 1 ədəd; 18. Sadə güllü iri dərin boşqab - 43 ədəd; 19. Sadə iri dayaz boşqab - 36 ədəd; 20. Sadə kiçik dayaz boşqab - 20 ədəd; 21. Sadə kasa - 14 ədəd; 22. Duz qabı - 2 ədəd; 23. Sadə dovğa qaşığı - 2 ədəd; 24. Sadə yemək qaşığı - 52 ədəd; 25. Sadə çəngəl - 36 ədəd; 26. Sadə bıçaq - 6 ədəd; 27. Sadə sini (podnos) - 5 ədəd; 28. Kabab şişi - 12 ədəd; 29. Sadə şirəli qazan - 4 ədəd; 30. Aliminium aşsüzən - 3 ədəd; 31. Plastmas meyvə qabı - 3 ədəd; 32. Qırmızı rəngli kiçik termos - 1 ədəd; 33. Çilçıraq və işıqlandırma (naçnik) - 1 ədəd; 34. Pərdə və karnizlər - 3 ədəd; 35. LG markalı, 82 ekran Televizor - 1 ədəd; 36. Nord markalı Soyuducu - 1 ədəd; 37. Bej rəngli 1 ədəd iri və 2 ədəd kiçik xalça; 38. İşlənmiş yorğan-döşək -15 ədəd; 39. Yastıq üzü -32 ədəd; 40. Tək nəfərlik buxov ədyal - 5 ədəd; 41. 2 nəfərlik buxov ədyal - 1 ədəd; 42. 2 nəfərlik yorğandöşək - 1 ədəd; 43. Tək nəfərlik yorğan-döşək - 5 ədəd; 44. İri yastıq - 6 ədəd; 45. Kiçik yastıq - 16 ədəd; 46. Sarı və zoğalı rəngli atlas yataq örtüyü - 1 ədəd; 47. Atlas yastıq üzü - 7 ədəd; 48. Məhraba - 6 ədəd; 49. Süfrə - 8 ədəd; 50. Çay dəsmalı - 4 ədəd; 51. Qırmızı rəngli divan-kreslo örtüyü - 3 ədəd; 52. 2 nəfərlik çarpayı - 1 ədəd; 53. Tək nəfərlik çarpayı - 2 ədəd; 54. Tumba - 2 ədəd; 55. Güzgülü kamot - 1 ədəd; 56. Şkaf - 1 ədəd; 57. İri divan - 1 ədəd; 58. Kreslo - 2 ədəd; 59. Stol - 1 ədəd; 60. Stul - 6 ədəd; 61. Mətbəx mebeli - 1 ədəd. İddiaçı dəfələrlə cavabdehdən cehiz əşyalarının çıxarılmasını xahiş etmiş, cavabdeh isə həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların iddiaçıya məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da iddiaçının öz evindən istifadə etmək hüququnu məhdudlaşdırır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-195/24) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh hal-hazırda mübahisəli mənzildə yaşamır, lakin mənzildə cavabdehə məxsus əşyalar qalmışdır. Cavabdeh mənzili faktiki olaraq öz təsir dairəsində saxlamaqla iddiaçının özünə məxsus mənzilindən istifadəyə maneçilik törədir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mənzilə sahiblik hüququ yoxdur, ona görə ki, cavabdehin mənzilə əşya hüququndan doğan heç bir haqqı qalmadığından onun mənzili öz təsir dairəsində saxlayıb orada əşyaların olması hüququn tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Eyni zamanda hazırkı işdə cavabdehin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4-cü maddələri ilə əsaslandırmışdır.

7. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bərabər onun da həmin mənzilə pay hüququ var. Belə ki, onlar mübahisəli mənzili iddiaçı ilə birgə nikah dövründə birgə vəsaitləri hesabına satın alıblar və əşyaları ilə birlikdə həmin mənzilə köçüblər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 12.İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq 13.Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Apellyasiya baxışının hədləri 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. 17.Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən iddiaçının həmin mənzildən ona məxsus əşyaların çıxarılmasını tələb etməsi üçün hüquqi əsas yoxdur. 18.Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, evi 2021-ci ildə cavabdehlə nikahda olarkən alıblar, lakin evin hüquqmüəyyənedici sənədi yoxdur. 19.İddiaçının bu izahatı onun iddia ərizəsində cavabdehin mübahisəli evə gəlin köçməsi ilə bağlı göstərdiklərini təkzib etmiş olur. Deməli, onlar 2008-ci ildə ailə qurarkən başqa mənzildə yaşamış və yalnız 2021-ci ildə mübahisəli ev əldə olunduqdan sonra ora köçüb yaşamağa başlamışlar. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəisnə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

21. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 22.Yuxarıda sadalananlardan iddiaçının evə dair birgə nikah dövründə çəkilmiş xərci tələb etmək hüququnun olduğu aydın olur. 23.Apellyasiya baxışı zamanı mübahisəli evin birgə nikah dövründə əldə edildiyi müəyyən edildiyindən iddiaçının cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasını tələb etməsinin hüquqi əsası yoxdur. 24.Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. 25.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 26.Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. 27.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 28.Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 29.İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. 30.Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 31.Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 29 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar