Məhkəmə qərarları › İş №2(103)-4278/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4278/2025

22.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4278/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «əmək haqqının, istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1748/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Junior PHP Developer” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı məbləği 1012,57 manat müəyyən edilmişdir. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir.

2. Cavabdeh MMC-nin 59 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir.

3. Cavabdeh MMC tərəfindən işçiyə işlədiyi dövr üzrə cəmi bir dəfə, xx.xx.2024- cü il tarixində əmək haqqı üzrə 900 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiyanın və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 61 manat mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

5. İddiada göstərilib ki, əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “junior php developer” vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1012.57 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən yalnız bir dəfə - 2024-cü ilin aprel ayında, əvvəlki mart ayının əmək haqqı ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 57 nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı mediasiya təşkilatına müraciət olunmuş, lakin, 09 dekabr 2024-cü il tarixli arayışa əsasən ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1748/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin təmin edilərək Cavabdeh MMC-dən 2024-cü ilin aprel, may, iyun və iyul ayları üzrə ödənilməmiş əmək haqqı məbləğinin tutularaq İddiaçı ödənilməsi; İddiaçı istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə pul əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi; Cavabdeh MMC tərəfindən əmək haqqı ödənişinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi; mediasiya xərcinin əvəzi olaraq 61 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 250 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə, yəni xx.xx.2024-cü tarixdən xx.xx.2024-cü tarixinədək, onun aylıq əmək haqqı məbləği 1012,57 manat təşkil etdiyi halda, cəmi bir dəfə xx.xx.2024-cü il tarixində əmək haqqı üzrə 900 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, işəgötürən, yəni hazırkı mülki iş üzrə Cavabdeh MMC işçinin əmək haqqının vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı qanunvericilikdə və tərəflər arasında bağlanmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliyini icra etməmişdir. Nəticədə işçiyə işlədiyi dövrdə mart ayı üzrə əmək haqqı məbləği natamam ödənilmiş, aprel, may, iyun və iyul ayları üzrə isə əmək haqqı ödənilməmişdir. Bununla yanaşı, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən qanunla nəzərdə tutulmuş qaydada son haqq-hesabın ödənilməsinə dair öhdəlik də icra edilməmiş, işçiyə ödənilməli olan əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Odur ki, iddiaçı ona ödənilməyən əmək haqqı məbləğinin və istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh təşkilat tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq təqsirli olaraq, işçinin əməyinin ödənilməsi vaxtında və tam məbləğdə təmin edilmədiyinə görə, əmək haqqı ödənişinin hər gecikdirilmiş günü üçün iddiaçıya əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi ilə bağlı tələbi də əsaslıdır. Məhkəmə iddianın 61 manat məbləğində mediasiya xərci cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, məhkəmə vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 250 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələbə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə aid edilən vəkilin göstərdiyini xidmət haqqı da cavabdehə aid edilməli, 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsi, yalnız işəgötürənin təqsiri üzündən əmək haqqının gecikməsi halında cərimənin tətbiq edilməsi prinsipini irəli sürür. Lakin məhkəmə bu normanı düzgün tətbiq etməyərək əmək haqqının gecikməsini avtomatik olaraq işəgötürənin təqsiri kimi qəbul edib və nəticədə 1% cərimə tətbiq edib. Bu yanaşma, maddənin tələblərinə ziddir, çünki maddə açıq şəkildə yalnız işəgötürənin təqsiri hallarında cərimə tətbiq edilməsini nəzərdə tutur. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə, işəgötürənin gecikməsinin səbəbini araşdırmadan, məsələn, texniki problemlər, maliyyə çətinlikləri və ya mübahisəli halları nəzərə almadan qərar qəbul edib. Bu hallarda, işəgötürənin təqsirinin mövcudluğu sübuta yetirilmədiyi üçün cərimənin tətbiq olunması hüquqi olaraq düzgün deyil. Əmək Məcəlləsinin bu maddəsi, işəgötürənin məsuliyyətini müəyyən edən və onun təqsirinin faktiki olaraq sübuta yetirilməsini tələb edən bir norma olduğundan, məhkəmənin qərarı Əmək Məcəlləsinin məqsəd və məntiqinə uyğun deyil. Bu səbəbdən, məhkəmənin cərimə tətbiq etməsi, işəgötürənin təqsirini faktiki araşdırmadan avtomatik olaraq qərar verməsi Əmək Məcəlləsinin tələblərinə ziddir və hüquqi səhv sayılmalıdır. Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Lakin qətnamədən göründüyü kimi məhkəmə tələb olunan məbləğləri dəqiq hesablamamışdır. Halbuki ödənilməyən əmək haqqının, gecikdirilməyə görə faizlərin miqdarı dəqiq göstərilməli idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 135.(2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139 (1-ci hissə). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Maddə 139 (2-ci hissə). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 140 (3-cü hissə). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 143 (2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154 (2-ci hissə). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155 (1-ci hissə). İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 157 (hissə1). İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172 (5-ci hissə).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

24. Əvvəla, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərildi ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qeyd olunan qərarda həmçinin göstərilib ki,... Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Ancaq cavabdeh məhkəmənin qeyd olunan normanı düzgün tətbiq etmədiyini, əmək haqqının gecikməsini avtomatik olaraq işəgötürənin təqsiri kimi qəbul etdiyini, bu yanaşmanın, maddənin tələblərinə zidd olduğunu, çünki maddənin açıq şəkildə yalnız işəgötürənin təqsiri hallarında cərimə tətbiq edilməsini nəzərdə tutduğunu göstərir.

25. Düzdü, Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinin 2-ci cümləsində əmək haqqının gecikdirilməsinin işəgötürənin təqsiri olmadan baş verdiyinin hansı hallar olduğu sadalanmışdır. Məhz həmin halların baş verməsi nəticəsində, işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaya bilər. Lakin bu halların baş verməsi sübutetmə tələb edir. Başqa sözlə, cavabdeh işəgötürən əmək haqqının gecikdirilməsinin onun təqsiri olmadan baş verdiyini sübut etməlidir. Çünki göstərilən halların həqiqətən baş verdiyini sübut etmək yükü onun üzərinə düşür. Ancaq cavabdeh konkret olaraq həmin hallara, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmamasına, bankın müflisləşməsinə, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsinə dair heç bir mötəbər sübut təqdim etməyib. Məhz bu halların həqiqətən baş verməsi nəticəsində iddiaçının əmək haqqını vaxtında verməyə özündən asılı olmayan səbəblərə görə imkanı olub-olmaması barədə hüquqi dəyərləndirmə aparıla bilərdi.

26. Buna baxmayaraq, cavabdeh gecikmənin səbəbini araşdırmadan qərar qəbul etməkdə məhkəməni əsassız olaraq qınayır. Ancaq məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır, hansı ki, birinci instansiya məhkəməsi də bunu edib, lakin cavabdehin nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarına gəlmək istəməyib. Eyni zamanda məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(MPM.14.2).Demək cavabdeh tərəf bəyan etdiyi hallara dair hansısa sübut təqdim etməlidir ki, məhkəmədən də onların araşdırılmasını və onlardan istifadə edərək qərar qəbul etməsini istəsin. Məhkəmə iclasına gəlmir, sübut təqdim etmir, ancaq təqsirinin faktiki araşdırılmadan qərar qəbul edildiyini byən edir, lakin məhkəmənin “təqsirini faktiki araşdırmasını” hansı qaydada etməli olduğunu da açıqlamır.

27. Bundan əlavə, cavabdeh MPM-in 222.2-ci maddəsinə istinad edərək məhkəmənin tələb olunan məbləğləri dəqiq hesablamadığını, halbuki ödənilməyən əmək haqqının, gecikdirilməyə görə faizlərin miqdarının dəqiq göstərilməli olduğunu qeyd etsə də, özü iddiaçının əmək haqqına, eləcə də istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın miqdarına dair məhkəməyə heç bir sübut təqdim etmək istəməyib. Bu sübutlar isə yalnız cavabdeh işəgötürəndə olur. Bu cür vəziyyətdə tələb olunan əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin miqdarını məhkəmənin qətnamədə dəqiq göstərməsi mümkünsüz vəziyyətə düşür. Üstəlik cavabdehin qeyd olunan tələblərə və onların miqdarına dair maliyyə sənədlərinin məhkəməyə təqdim etmək istəməməsi yaxud bundan qəsdən yayınması da vəziyyəti bir qədər çətinləşdirir. Buna baxmayaraq, qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə icrası zamanı cavabdeh işəgötürən tələb olunan əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin miqdarına dair dəqiq maliyyə sənədi təqdim etməyə məcbur olacaqdır. Bu cür maliyyə sənədinin icra icraatı zamanı təqdim edilməsi həm də ona görə əhəmiyyətli və vacibdir ki, gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin hesablanması əmək haqqının tam ödənilməsinədək davam etməli olacaqdır. Demək ki, məhkəmənin qətnamədə göstərməli olduğu rəqəm istər-istəməz dəyişməli olacaq.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1748/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1748/2025 saylı, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar