Məhkəmə qərarları › İş №2(103)-4279/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4279/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4279/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat sığorta pulu tutulması qət edilmişdir. Qətnamədən cavavbdeh Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı 20.11.2017-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlildir, hərbi xidmətdən 13.08.2009-cu ildən tərxis olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının hərbi xidmət dövründə xəsarət alması və bunun nəticəsi olaraq İİ qrup əlil olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmadığından qətnamə ilə sığorta ödənişinin üzərinə qoyulmasını əsassız hesab edir və sığorta olunana əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətinə təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edir. Əvvəla, iddiaçıya hərbi xidmətdən tərxis olunduğu gündən üç il müddətinə əlillik təyin olunmaması onun təqsirindən deyil, iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bu müddətin də üzrlü yaxud üzrsüz səbəblərdən ötürülməsinin iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, əlilliyin gec rəsmiləşdirilməsi iddiaçının həmin vaxtadək faktiki olaraq əlil olmağını istsna etməmişdir. İkincisi, iddiaçının əlil olmasına səbəb olmuş xəsarəti hərbi xidmət dövründə alınmışdır. Əlillik bilavasitə həmin xəstəliklə bağlı olmuşdur. Buna görə də, gec təyin olunmuş əlilliyə görə iddiaçı sığorta ödənişini almaq hüququndan məhrum edilə bilməz. Üçüncüsü, iddiaçının sonradan əlillik dərəcəsi alması da sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi(xidmət) dövründə sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Dördüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Milli Məclisə tövsiyyə edilməsi və bu məsələyə baxılmaması iddianın təmin edilməməsi üçün əsas deyildir. Çünki, hazırki iddia tələbinin qanuni əsası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi isə daha çox qətnamənin icrası ilə bağlı olan bir məsələdir. Ona görə də, bu hal da cavabdehin apellyasiya şikayətini əsaslı hesab edə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar