Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4281/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair 2(006)-2071/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. Sabirabad RHK tərəfindən 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və döyüş bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N yanvar 1998-ci ildə hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman düşmən tərəfin açdığı odlu silahdan ağır yaralanmışdır. 15.01.1998-ci ildə yaralanma səbəbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona “kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” – diaqnozu təyin edilmişdir. “Hərbi Travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması” faktı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.12.2014-cü il tarixli 731 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifələrini yerinə yetirən zamanı odlu silahdan yaralanıb əlil olduğu üçün Azərbaycan Respublikasl Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 13.01.2017-ci ildə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bütün bunlara baxmayaraq hərbi qulluqçulara qanunla şamil edilən dövlət icbari şəxsi sığorta ödənişini bu vaxtda kimi ala bilməmişdir. Belə ki, Dövlət icbari şəxsi sığorta ödənişi öhdəliyi cavabdeh Dövlət Sığorta Kommersiya şirkətinin üzərinə düşür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti tərəfindən verilmiş 13.01.2017-ci il tarixli arayışa əsasən İddiaçı İİ qrup əlillik təyin edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı təyin edilən İİ qrup əlillik hərbi xidmətdən tərxis olunandan 9 il sonra verilmişdir. Belə ki, əliliyinə səbəb olmuş hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Nəzərə çatdırırlar ki, hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və bas vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 13.01.2017- ci il tarixli arayışından və DSMK Sabirabad rayon şöbəsinin 16 yanvar 2020-ci il tarixli, №037481 saylı vəsiqəsindən görünür ki, İddiaçı ikinci qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.12.2014-cü il tarixli, 731 saylı qərarından görünür ki, Sabirabad RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin 04.03.2014-cü il tarixli qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən 15.01.1998-ci ildə aldığı və 14.02.2014-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətlandirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” (Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin 03.02.2014-cü il tarixli 72 saylı göndərişi, 03.02.2014-cü il tarixli 01 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş 14.02.2014-cü il tarixli 1034 saylı arayışı, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş 29.10.2014-cü il tarixli 190 saylı travma haqqında arayış, MN MHHK-nın həkim-mütəxəssisinin cərrahi rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”. Və 14.02.2014-cü ildə MN MHPnın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Xroniki sfenoidit, remissiya mərhələsində” (MN MHP tərəfindən verilmiş 14.02.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. 14.02.2014-cü ildə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “sol gözün hioermetropiyası 0,75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1.0 olmaqla” (MN MHP tərəfindən verilmiş 14.02.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “ümumi xəstəlikdir”. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya, cavabdehin qeyd edilən mövqeyini əsaslı saymır, ona görə ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə xəsarət almış və 13.01.2017-ci il tarixdə ona həmin xəsarətin əsası olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda həmin Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi miqdarında sığorta ödənişi verilməlidir. Buna görə cavabdeh tərəfindən iddiaçıya qeyd edilən məbləğdə sığorta ödənişinin verilməsindən imtina etməsi qanuni və əsaslı sayıla bilməz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(006)- 2071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4281/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4281/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver