Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4281/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi,tərəflərin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh iddiaçının bibisi oğludur. 1993-1995-ci illərdə cavabdehlə iddiaçının atası Ağayev Səlim Sumqayıt şəhəri 42-ci məhəllədə şərik olmaqla bina tikmişlər. 1995-ci ildə Cavabdeh həmin binaya dair mülkiyyətçi hüququndan imtina etmişdir, pulunu tələb etmişdir. 1994-cü ildən mübahisələri düşmüşdür. Tərəflər arasında əvvəllər də mübahisələr baş vermiş və hazırda davam edən mübahisələr var.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “vurulmuş 25.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bibisi oğludur. Bu səbəbdən, 1993-1995-ci illərdə cavabdehlə iddiaçının atası Ağayev Səlim Sumqayıt şəhəri 42-ci məhəllədə şərik bina tikmişlər. 1995-ci ildə Cavabdeh həmin binaya dair mülkiyyətçi hüququndan imtina etmişdir, pulunu tələb etmişdir. 1994-cü ildən mübahisələri düşmüşdür. İddiaçının atası həmin binaya canını qoymuşdur. Bu səbəbdən evdə gecələməyə gəlmirdi. Bunun nəticəsi olaraq 1994-cü ildə iddiaçının anası X2 psixoloji travma alaraq vəfat etmişdir. 1998-ci ildə iddiaçının atası xəstəxanaya düşmüş, əməliyyat keçirmiş, 1 həftə ərzində Cavabdeh qohumlarının nəzarətində qəflətən rəhmətə getmişdir. Həmin dövrdə iddiaçının 18 yaşı olmuşdur, iki nəfər az yaşlı bacı-qardaşı iddiaçının himayəsində qalmışdır. 1 ay sonra mülkiyyət hüququndan imtina edən cavabdeh iddiaçını məhkəməyə vermişdir. 1999-cu ildə həmin binanın 90%-i iddiaçıdan alınaraq Cavabdeh verilmişdir. Bundan sonra Cavabdeh iddiaçının giriş-çıxışını bağlamış, kommunal xidmətlərdən istifadəyə məhdudiyyətlər yaratmışdır. Məqsədi iddiaçının 10% payını satmağa məcbur etmək olmuşdur. Lakin, buna nail olmamışdır. Sonra 90% payı üzrə 2008-ci ildə “Kapitalbank”a binada özünü tək payçı kimi özünü təqdim edib, 225 000 (iki yüz iyirmi beş min) manat girov qoyaraq müqabilində pul götürmüşdür. 2021-ci ildə son məhkəmə prosesi nəticəsi olaraq həmin 90% pay “Kapitalbank”ın balansına keçmişdir. Cavabdeh dələduzluq yolu ilə bankı aldadıb 15 ildir bankın nə pulunu, nə də faizini ödəyir. Cavabdeh binada mülkiyyət hüququnu itirsə də, yenə iddiaçıdan əl çəkmir, binada baş verən dağıntıda üzərinə böhtan ataraq iddiaçını günahlandırır. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsində əsassız olaraq 200.000 manat maddi və 50.000 manat mənəvi ziyanı iddiaçıdan tələb edir. İddiaçı isə bu iddia ilə onun tələb etdiyi mənəvi ziyanın yarısını istəyir. Cavabdeh 25 ildir ki, iddiaçıya əziyyət verir, qohumlarla arasını pis edir. Əsassız olaraq iddiaçını məhkəmələrə verir, yol xərci, vəkil xərci, binada dağıntı nəticəsində iddiaçının mülkiyyətində olan sahə qəzalı vəziyyətə düşüb, divarlar çatlayıb, təmir etməli olmuş, dağılmaq təhlükəsi var. İddiaçı “Kapitalbank”la səbəbsiz mübahisə həddindədir, işgüzar nüfuzuna zərər vurulub, mülkiyyəti qiymətdən düşüb. Bunlara səbəb Cavabdeh 90% mülkiyyətini istismar normalarına zidd istifadə etməsi, təyinatı olmadan 2ci mərtəbədə idman trinajor zalını icarəyə verməklə, (yükdaşıyan dəmir beton konstruksiyalardan idman qruşa avadanlığı asıb) qanunsuz vergi bəyənnaməsi olmadan həyatının əsas amalı olan maddi maraq güdməsi olmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1584/2024 saylı qətnaməsinə əsasən iddia rədd olunmuşdur.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1096-cı maddəsi, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin cavabdehə loyal münasibəti nəticəsində Kapitalbank da zərər görmüş şəxs olmuş, qərəzlilik səbəbindən girov əmlakın təhvil verilməsi 13 il yubadılımışdır, sonda Kapitalbank məcbur olub hərracın nəticəsini Nərimanov Rayon Məhkəməsində ləğv etdirmişdir. Ona məxsus 237 kv.metr sahəli obyektin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəymiş mənəvi ziyan hesaba alınmamışdır. Uzun müddət davam edən məhkəmə çəkişmələri nəticəsində Limanda əməliyyat olunmağı da qeyd olunmamışdır. Cavabdehin qardaşı “Azərişıq”ın əməkdaşı Nəbiyev Füzuli tərəfindən kommunal vasitədən məhrum olub, bu haqda elektron sistemdə olan “Azərişıq”ın cərimə aktı haqda heç bir qeyd yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
11. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı
mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən sahiblik və istifadə hüquqlarının məhdudlaşdırıldığını, məhrumiyyətlərə məruz qaldığını bildirərək uğradığı mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
19. Cavabdeh isə bu hadisədə təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir.
20. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasının sübuta yetirilmədiyinə istinad edərək iddianı, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi tələbini rədd etmişdir.
21. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
22. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
23. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
25. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
27. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
28. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.