Məhkəmə qərarları › İş №2(103)-4285/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4285/2022

18.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4285/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq-hesabın verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(010)-4142/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 manat pulun, mənəvi zərərə görə 3000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(010)- 4142/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 manat, gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 manat, ümumilikdə 2670,20 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti və “prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizə vermiş, məhkəmənin 20.04.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək apelyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apelyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün sayılmalı, mülki iş iddiaçı tərəfindən apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini yoxlamaq üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 25.01.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə etmiş, 14.02.2022-ci il tarixdə apelyasiya şikayətini poçt orqanına təqdim etmiş və həmin apelyasiya şikayəti 05.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 09.03.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, həmin qərardadda göstərilmişdir ki, iddiaçı qətnamənin surətini 25.01.2022-ci il tarixdə (texniki səhv olaraq 21.01.2022-ci il qeyd edilmişdir) məhkəmə qəbzinə qol çəkərək qəbul etmiş, apelyasiya şikayəti isə məhkəməyə 05.03.2022-ci il tarixdə daxil olmuşdur, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Daha sonra iddiaçı tərəfindən 29.03.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti və “prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizə verilmiş və məhkəmənin 20.04.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək apelyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli 2(010)-4142/2011 saylı qətnaməsi İddiaçı göndərilsə də, qətnamənin surətinin poçt tərəfindən çatdırılıb-çatdırılmaması, çatdırılıbsa, çatdırma tarixi barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, nə qədər ki, İddiaçı apelyasiya şikayətinin alınması tarixi barədə dəqiq məlumat mövcud deyil, onun apelyasiya şikayəti vermək hüququ və məhkəmə aktının yenidən baxılması hüququ məhdudlaşdırılmamalı, o, həmin hüquqdan məhrum olunmamalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən apelyasiya şikayətinin geri qaytarılması barədə 09.03.2022-ci il tarixli qərardadda iddiaçının qətnaməni 25.01.2022-ci il tarixdə (texniki səhv olaraq 21.01.2022-ci il qeyd edilmişdir) məhkəmə qəbzinə qol çəkərək qəbul etdiyi, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyü və müddətin bərpa edilməsinə dair vəsatət vermədiyi qeyd edilsə də, daha sonra 20.04.2022-ci il tarixli qərardadda iddiaçıya qətnamənin surətinin poçt tərəfindən çatdırılıb-çatdırılmaması, çatdırılıbsa, çatdırma tarixi barədə məlumat əldə etməyin mümkün olmadığı göstərilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmadan və “prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəyə düzgün münasibət bildirmədən apelyasiya şikayətini baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, işdə olan qəbzdən görünür ki, iddiaçı qətnamənin surətini 25.01.2022-ci il tarixdə əlbəəl almış, apelyasiya şikayətini isə birinci dəfə 14.02.2022-ci il tarixdə poçt xidməti vasitəsi ilə vermiş, məhkəmə tərəfindən isə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Nəzərə almaq lazımdır ki, MPM-nin 10-1.3-ci maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. O da nəzərə alınmalıdır ki, qanunda “prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəyə baxılması müəyyən edilməmişdir, qanunun tələbinə görə, şikayət vaxtında verildikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilir, müddət keçdikdən sonra verildikdə isə geri qaytarılır. Buraxılmış müddətin bərpası barədə ərizə verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, müddətlə bağlı biri digərinə zidd iki fərqli nəticəyə gəlmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərini yoxlamaq birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(010)- 4142/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini yoxlamaq üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar