Məhkəmə qərarları › İş №2(103)-4287/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4287/2025

22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4287/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiasına dair mülki iş (Açar sözlər: «əlavə xərc») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3559/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh İddiaçı atasıdır.

2. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/95 nömrəli arayışda göstərilib ki, İddiaçı Azərbaycan Texniki Universitetinin Metallurgiya və materialşünaslıq fakültəsinin İİ kurs tələbəsidir, dövlət sifarişli təhsil alır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh hər ay 300 (üç yüz) manat alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilib ki, iddiaçının valideyinləri X1 ilə atası Cavabdeh arasındakı nikah xx.xx.2023-cü ildə məhkəmə qaydasında pozulub. Nikahları pozularkən iddiaçı anasının himayəsində saxlanılıb. Onun 18 yaşı 15 mart 2024-cü ildə tamam olub. Buna görə də alimentin ödənilməsi dayandırılıb. Hazırda Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq fakultəsinin 2-ci kursunda təhsil alır. Anası və azyaşlı qardaşı ilə birlikdə kirayə evdə yaşayır. Maddi çətinlikləri vardır. Xüsusi ilə təhsil almağı ilə əlaqədar əlavə vəsaitə ehtiyacı var.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3559/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbi təmin edilməyib.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı maddi çətinliyinin olması, xüsusilə də təhsil alması ilə əlaqədar əlavə vəsait tələb edir. İddiaçı isə artıq yetkinlik yaşına çatmışdır. Bu baxımdan, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, valideynlərin yetkinlik yaşına çatmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla - tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olub-olmaması qeyri-müəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Şərh edilənlərdən də göründüyü kimi, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, uşağın əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Yəni, əgər yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan övlad əmək qabiliyyətlidirsə, yaxud əksinə olduğu halda da valideyn 81.1-ci maddə ilə müəyyən edilmiş əlavə xərclərə cəlb edilməyəcəkdir. Qeyd edilənlərə əsasən yetkinlik yaşına çatmış iddiaçı əmək qabiliyyətli olduğundan, eləcə də onun digər bir tələbi aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabdehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia təmin oluna bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edib göstərib ki, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında valideynin əmək qabiliyyətli övladının təhsil alması ilə əlaqədar əlavə xərclərdə iştirakının qanunsuz olması ilə əlaqədar hüquqi mövqe yoxdur. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini təhrif etmişdir. Yəni, mübahisəyə tətbiq olunmalı olan Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 3-cü bəndidir. Ancaq məhkəmənin qərarı həmin bəndə zidd olduğu kimi Ailə Məcəlləsinin 81.3-cü maddəsinin tələbinə də ziddir. Həmin normaya əsasən məhkəmə valideyinləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qətnamə qanunsuz olduğu qədər həm də formalaşmış ailə münasibətlərinə də ziddir, ata-övlad münasibətlərinə xələl gətirir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazında şikayətin təmin edilməyib qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək etirazında göstərib ki, iddiaçının valideynləri boşandığı zaman atası Cavabdeh rəsmi aylıq əmək haqqı 345 manat, anası Rzayeva Aidənin rəsmi aylıq əmək haqqı isə 700 manat olmuşdur. Apellyator tərəfındən Məhkəməyə təqdim olunmuş iddia ərizəsinin birinci səhifəsində "Təhsil almağımla əlaqədar əlavə vəsaitə ehtiyacım var" ifadəsi yer almışdır. Lakin bu iddianı əsaslandıran heç bir sübut təqdim edilməmişdir - yəni xərclərin mövcudluğunu və ya hansısa xərc çəkildiyini təsdiq edən faktlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı dövlət hesabına ödənişsiz ali təhsil almaqla yanaşı, təhsil və ya digər xidmətlər üzrə hər hansı xərclərinin olması sübut olunmamışdır. Əksinə, iddiaçının 18 yaşı tamam olduqdan sonra valideynlərinə məxsus mənzilin satılmasına (qeydiyyatda olan şəxs qismində) razılıq vermiş, əmlakların satışından əldə olunan vəsait isə iddiaçının iştirakı və razılığı ilə anasına təqdim olunmuşdur. İddiaçı faktiki olaraq heç bir əlavə xərc çəkməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 34, İV və V hissələri. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarı:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində həmçinin qeyd edilir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən əlavə xərc tələbinin mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə düzgün olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

25. Əvvəla, məhkəmə əlavə xərclərin tutulmasının rədd edilməsi barədə səhv nəticəyə gəlməyib və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyini təhrif etməyib. Çünki məhz həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu qeyd edib ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

26. Buna görə də, iddiaçı ali təhsil alması ilə əlaqədar faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə dair hər hansı bir sübut təqdim etsəydi belə, yenə də Ailə Məcəlləsinin 81.3-cü maddəsinin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə iddiası keçərli olmayacaqdı. Çünki nə qeyd olunan normada, nə də Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində valideynin bu cür xərclərə cəlb edilməsi nəzərdə tutulmayıb. Üstəlik iddiaçı ali təhsil alması ilə bağlı faktiki çəkilmiş yaxud gələcəkdə çəkilə biləcək zəruri olan xərclərə dair məhkəməyə hansısa sübut təqdim etməyib. Məhkəmə tərkibi də razılaşır ki, valideynin əmək qabiliyyətli övladının təhsil alması ilə əlaqədar əlavə xərclərdə iştirakının qanunsuz olması ilə əlaqədar hüquqi mövqe yoxdur. Ancaq bu da o demək deyil ki, valideynin əmək qabiliyyətli, yetkinlik yaşına çatmış övladının təhsil alması ilə əlaqədar əlavə xərclərdə iştirakının məcburi olmasına dair hüquqi mövqe vardır. Başqa sözlə, valideyn olaraq cavabdehi bu cür xərclərə məcburi cəlb etmənin qanuni əsası da mövcud deyil. Ona görə də məhkəmənin qərarı nə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 3-cü bəndinə, Ailə Məcəlləsinin 81.3-cü maddəsinin tələbinə, nə də formalaşmış ailə münasibətlərinə zidd ola bilməz və ata-övlad münasibətlərinə də xələl gətirməməlidir.

27. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3559/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3559/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar