Məhkəmə qərarları › İş №2(103)-4293/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4293/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4293/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin faktiki nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər qeyri-rəsmi nikahda olsalar da, artıq ayrılmışlar və faktiki nikahlarından anadan olmuş uşaq hal-hazırda iddiaçının himayəsindədir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək caavbdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235,0 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ildən cavabdehlə ayrı yaşayır, cavabdeh onunla və uşağı ilə maraqlanmır və onların maddi ehtiyaclarını ödəmir. Uşağın dərsləri ilə əlaqədar xərcləri çox olduğundan o, tək qarşılaya bilmir. Qızı onun faktiki himayəsindədir və onun bütün maddi tələbatlarını tək ödəyir. Oğlu xx.xx.2001-ci il təvəllüdlü X4 həm işləyir, həm də oxuyur və ailəsinin bütün yükü onun üzərindədir. Belə ki, sağlamlıq imkanları işləməyinə mane olur. Cavabdeh uşağın atası olduğundan onun saxlanmasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona kömək etməlidir. Bu onun valideynlik borcudur. Özü heç bir yerdə işləmir və heç bir maddi gəliri yoxdur, övladının təminatını təmin edə bilmir, bu səbəbdən də övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2029/24 saylı iş üzrə 16 may 2024cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, tərəflərin qeyri-rəsmi nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay 235,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2-ci maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının özü də uşağın maddi təlabatını ödəmək vəzifəsi daşıyır. Alimenti ödəmək üçün qazancı və (və ya) başqa gəlirləri yохdur, işsiz оlaraq qeydiyyatdadır. İddiaçı uşağın əvvəlki təminatının səviyyəsi barədə sübut təqdim edə bilmir. Məhkəmə onun 287 manat minimum maddi təminat hüququ оlduğunu, belə оlan halda qazancının və (və ya) başqa gəlirlərinin ən azından 522 manat оlmalı оlduğunu, lakin həmin halın da sübut edilmədiyini nəzərə almayaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin sadalanan normalarını və mülki işin faktiki hallarını, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini, habelə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə uşaq üçün sabit pul məbləğində ayda 235 manat aliment tutmuşdur.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, uşağın bütün xərclərinin ödənilməsi yükünün ancaq cavabdehin üzərinə qoyulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaq iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür.

19. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar