Məhkəmə qərarları › İş №2(103)-4299/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4299/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4299/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsindən cavabdeh Riad Hənifəyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə deliktdən əmələ gələn öhdəlik münasibətilə bağlıdır. İddaçı zərər çəkən, cavabdeh isə zərər vurandır. Belə ki, 17.03.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi baş verib, cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozub, nəticədə iddiaçıya məxsus olan “BMW X6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, avtomobilin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 70.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 70.380 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İşin mübahisə doğurmayan halları ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş verib və bunun nəticəsində iddiaçının avtomobilli zədələnib. İş üzrə keçirilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının rəyindən görünür ki, avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləği 70.380 manat təşkil edir. Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişləri baxımından iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir, cavabdeh isə zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Bundan əvvəl həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, lakin Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək işi yeni baxışa qaytarmışdır. Ali Məhkəmənin göstəriləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: 1-ci: Ali Məhkəmənin göstərişi cavabdeh tərəfindən verilmiş “təkrar ekspertiza təyin edilməsi barədə” vəsatətlə bağlıdır. Həmin vasatət təmin edilə bilməz. Belə ki, ekspertiza rəyi (o cümlədən təkrar ekspertizanın rəyi) mülki prosesdə sübutetmə vasitələrindən biridir. Mülki-Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrinin tələbləri baxımından təkrar ekspertiza keçirilməsi barədə vəsatət 2 halda apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin oluna bilər: 1) birinci instansiya məhkəməsində bu vəsatətin verilməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə mümkün olmasın; 2) həmin vəsatət birinci instansiya məhkəməsində verilsin, lakin məhkəmə onu təmin etməsin. Lakin cavabdeh bu vəsatəti birinci instansiya məhkəməsində verməyib, həmin məhkəmədə keçirilən məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etməyib, baxmayaraq ki, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilib. Ali Məhkəmənin özü də təsdiq edib ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıb, lakin o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməyib (Ali Məhkəmənin qərarı, səhifə 7, abzas 2). Lakin apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmənin qeyd etdiyi məsələ üzrə təkrar ekspertizanın keçirilməsi mümkün deyil. Belə ki, Ali Məhkəmə ona əsaslanıb ki, ilkin ekspertiza keçirilərkən avtomobilə baxış keçirilməmiş və avtomobil tədqiqata cəlb edilməmiş, rəydə yalnız mütəxəssis rəyinə və müxtəlif saytlardan çıxarışlara istinad olunmuşdur. Lakin hazırda avtomobilə baxış keçirilməklə zərərin məbləğinin müyyən edilməsi mümkün deyil. Belə ki, 1-ci, yol-nəqliyyat hadisəsinin baş verməsindən 5 ildən artıq vaxt keçib, ötən müddətdə avtomobilin qəzadan sonrakı vəziyyətində saxlanması ağlabatan deyil. 2-ci, avtomobil iddiaçı tərəfindən başqa şəxsə satılıb. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən və icra vərəqəsi verildikdən sonra iddiaçı avtomobili satıb. İş materiallarından görünür ki, icra vərəqəsi 14.04.2018-ci il tarixdə verilib (cild 1, iş v. 226), avtomobil isə 16.10.2018-ci il tarixdə satılıb (cild 1, iş v. 262). Alıcının 16.08.2018-ci il tarixdən sonra ötən 3 ilə yaxın müddətdə aldığı avtomobili qəzadan sonrakı vəziyyətdə saxlaması ağlabatan deyil. Ona görə də avtomobilə baxış keçirilməklə təkrar ekspertizasının keçirilməsi mümkün deyil. Ekspert rəyi ilə avtomobilin təmirə yararsız olduğu müəyyən edilib, 2016-cı il buraxılışlı “BMW X6” markalı avtomobilin bazar dəyərinin 2016-cı ilə (yəni yol-nəqliyyat hadisəsi baş verdiyi ilə) təxminən 78.200 manat olduğu müəyyən edilib, avtomobilin salamat qalan dəyərli hissəsinin avtomobilin dəyərinin 10 faizini (yəni 7.820 manat) təşkil etdiyi müəyyən olunub, avtomobilin dəyərindən (78.200 manatdan) avtomobilin salamat qalan hissələrinin dəyəri (7.820 manat) çıxıldıqdan sonra zərərin məbləği 70.380 manat müəyyən edilib. Birinci instansiya məhkəməsi zərərin əvəzi kimi həmin məbləğin - 70.380 manatın tutulmasını qət edib. Ekspert rəyi hazırkı vəziyyətdə yeganə mötəbər sübut sayılır. Belə ki, ekspert rəyi verilərkən “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına istinad edilib. Həmin hesabat verilərkən avtomobilə baxış keçirilib, avtomobilin qəzadan sonrakı görüntülərini əks etdirən fotolar hesabatda yerləşdirilib və hesabat əsaslandırılıb (cild 1, iş v. 159-167). 2-ci: Ali Məhkəmə daha sonra qeyd edib ki, avtomobil satılmış və iddiaçının mülkiyyətindən çıxaraq başqa şəxsin mülkiyyətinə keçmişdir. Belə halda alqı-satqı müqaviləsində müəyyən edilmiş dəyərin (qiymətin) ekspert rəyində müəyyən olunmuş qalıq dəyərinə (yəni 7.820 manata) uyğunluğu, bunun zərərə aid edilməsinin mümkünlüyü yoxlanılmalı, iddiaçının əsassız varlanıb-varlanmadığına qiymət verilməli idi. Bununla bağlı məhkəmə qeyd edir ki, 1-ci, avtomobil qətnamə qəbul edildikdən sonra satılıb. Belə ki, qətnamə 09.04.2018-ci il tarixdə qəbul olunub, avtomobil isə bundan 6 ay sonra - 16.10.2018-ci il tarixdə satılıb (cild 1, iş v. 262). Qətnamənin qəbul edilməsindən sonra baş vermiş hadisə və ya hərəkətlər əsas götürülməklə qətnamənin qanuniliyi yoxlanıla bilməz. 2-ci, avtomobil yol-nəqliyyat hadisəsinin baş verməsindən 2 il sonra satılıb. Belə ki, hadisə 17.03.2016-cı il tarixdə baş verib, avtomobil isə 16.10.2018-ci il tarixdə satılıb. Bu müddətdə iddiaçının avtomobili bərpa edərək satması mümkündür. Avtomobilin təmirə yararsız olması barədə ekspert rəyi avtomobili bərpa etməyi heç kəsə qadağan etmir. 3-cü, alqı-satqı zamanı qiyməti müəyyən etməkdə tərəflər sərbəstdir, bu sərbəstliyi onlara müqavilə azadlığı verir. Ona görə də alqı-satqı müqaviləsində göstərilən qiymət avtomobilin qalıq dəyərini (salamat qalan hissələrin dəyərini) əks etdirməyə bilər. 3cü, avtomobilin satış qiyməti barədə sübutu cavabdeh tərəf məhkəməyə təqdim etməlidir, lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının sığorta ödənişi alması barədə sübut yoxdur. Əgər iddiaçı mülki məsuliyyətin icbari sığortası və ya kasko sığortası üzrə sığorta ödənişi alıbsa, bunu cavabdeh sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar