Məhkəmə qərarları › İş №2(103)-4301/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4301/2022

14.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4301/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-138/22 saylı iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsinə əsasən, bir tərəfdən borcalan adlandırılan X2 digər tərəfdən İddiaçı tərəfindən zaminlik müqaviləsinin bağlandığı, zamin kimi İddiaçı üzərinə öhdəlik götürdüyü və bunu öz imzası ilə təsdiq etdiyi görünür.

2. xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 nömrəli digər zaminlik müqaviləsində isə bir tərəfdən borcalan adlandırılan X3 digər tərəfdən İddiaçı arasında zaminlik müqaviləsinin bağlandığı, zamin kimi İddiaçı üzərinə öhdəlik götürdüyü və bunu öz imzası ilə təsdiq etdiyi qeyd olunmuşdur.

3. Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 4/28 №-li ekspert rəyi ilə Cavabdeh ilə İddiaçı adında olan 7 yanvar 2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsində “Zamin: İddiaçı” qrafasındakı imzanın - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə Cavabdeh arasında kredit müqaviləsinə əsasən İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2010-cu il tarixli çıxarışına görə Cavabdeh-dən Məcidov Rafiqin (kod 143296) götürmüş olduğu 6100 ABŞ dollarına görə 690,76 ABŞ dolları, yenə də həmin X6 (kod 107528) tərəfindən götürülmüş 4055 ABŞ dollarına görə 1424,94 ABŞ dolları borcunun olduğu qeyd edilmişdir. Beləliklə, adı çəkilən Çıxarışa görə o, adları çəkilən şəxslərə bank kreditlərinə görə zamin kimi 2115,70 (690,76+1424,94) ABŞ dolları borcunun olduğu məlum olmuşdur. Halbuki, Rafiq Məcidov və Azad Atayev adlı şəxsləri tanımır və həmin şəxslərin Cavabdeh-dən götürdüyü kredit öhdəliklərinə görə zaminlik müqaviləsi imzalamamışdır. Buna görə də, zamin kimi öhdəlikləri qəbul etmir.

6. Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-138/22 saylı iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddiatəmin edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, 7 yanvar 2015- ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsi formal olaraq bağlanmış, iddiaçı həmin müqaviləni özü şəxsən imzalamamış, zamin kimi üzərinə heç bir öhdəlik götürməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 386.1, 390, 470.1, 471.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə müqavilənin ləğvi ilə bağlı heç bir maddi hüquq normalarına istinad edilməmişdir. Ekspert rəyi düzgün verilməmiş, mülki iş üzrə yalnız bir müqavilə üzrə ekspert rəyi verilmiş, lakin qətnamədə məhkəmə əqdin etibarsızlığı normalarına istinad edərək hər iki zaminlik müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflərdən cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

14. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır;

15. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

16. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. Maddə 471.1. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

21. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının tələbi, onun hazırkı iddianı qaldırmaqda məqsədi, niyyəti, həmin tələbin mahiyyəti, məzmunu ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsini zəruri sayır.

22. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi və öz tələbini əsaslandırdığı hallar göstərilməlidir. Prosessual qanunvericiliyin mənasına görə iddia tələbinin göstərilmədiyi və ya bu tələbin nədən ibarət olduğunu müəyyənləşdirməyə imkan verməyən şəkildə qeyri-müəyyən ifadə olunduğu iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinə uyğun olmayan hesab edilə bilər. Lakin bu zaman məhkəmə yalnız iddia ərizəsinin tələb hissəsinin hərfindən deyil, həm də ərizənin özünün məzmunundan və onun əsaslandırıldığı hallardan çıxış etməlidir

23. Baxılan iş üzrə iddia ərizəsinin tələb hissəsində iddiaçı məhkəmədən “Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə Cavabdeh arasında kredit müqaviləsinə əsasən İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi”ni xahiş etsə də həmin ərizənin məzmunundan, tələbin xaraterindən, onun əsaslarından iddiaçının həmin müqavilələrin etibarlılığını mübahisələndirdiyi aşkar şəkildə görünür.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinə göndərdiyi teleqramda da zaminlik müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hansı maddi hüquq normalarına istinad etməsindən asılı olmayaraq əməlin hüquqi tövsifini, tələbin hüquqi əsaslarını, maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etmək işə baxan məhkəmənin vəzifəsidir.

26. Məhkəmə kollegiyası müqavilənin ləğvi və etibarsızlığının hüquqi nəticələrinin fərqli olduğunu nəzərə alaraq, eləcə də prosessual qənaət prinsipini rəhbər tutaraq hazırkı iş üzrə iddia tələbinə zaminlik müqavilələrinin etibarsız hesab olunması tələbi həddində baxır və qiymət verir.

27. İddia ərizəsinin məzmuunundan göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir.

28. -X2 (kod 143296) və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə bağlanılmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi;

29. -X3 (kod 107528) iləCavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq İddiaçı iləbağlanılmışxx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab olunması.

30. Göründüyü kimi, iddia ərizəsində iki zaminlik müqaviləsinin etibarlılığı mübahisələndirilsə də, birinci instansiya məhkəməsi yalnız Rafiq Məcidov ilə bağlanmış kredit müqaviləsinə əsasən bağlanmış zaminlik müqaviləsi üzrə araşdırma aparmış və yalnız həmin zaminlik müqaviləsi ilə bağlı müəyyən olunan hallara əsasən tələbə qiymət vermişdir. Halbuki, mübahisənin predmeti həm də Azad Atayevlə bağlanmış kredit müqaviləsinə əsasən bağlanmış zaminlik müqaviləsinin etibarsızlığı olmuşdur. Həmin müqavilənin etibarlılığına qətnamədə hüquqi qiymət verilməmiş, araşdırma aparılmamışdır.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında sözügedən zaminlik müqaviləsi üzrə apellyasiya baxışı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli, 4/972 saylı rəyi ilə xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 nömrəli zaminlik müqaviləsində “Zamin: İddiaçı” qrafasındakı imzanın - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

33. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Həmin Məcəllənin 471.1-ci maddəsinə görəzaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

35. Məhkəmə kollegiyası hesab edir ki, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, İddiaçı cavabdeh qarşısında borcalanlar ilə birgə məsuliyyət daşıması üçün iddiaçı ilə zaminlik müqavilələri bağlanmadığından, iddiaçının Bank qarşısında həmin müqavilələrdən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır.

36. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi hüquq normalarına düzgün istinad etsə də, həmin normaları düzgün tətbiq (təfsir) etməmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından MPM-in 385.1.1, 385.1.2-ci maddələrinə əsasən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cımaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. X2 (kod 143296) və X3 (kod 107528) ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq İddiaçı ilə bağlanılmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 nömrəli və xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqavilələri etibarsız hesab edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 252 (iki yüz əlli iki) manat məbləğində məhkəmə xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar