Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4307/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın yanında saxlanılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “uşaqların atanın yanında saxlanılması tələbi barədə” iddiasına əsasında başlanmış mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam vermişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən mülki mübahisə əvvəllər məhkəmə baxışının predmeti olmuş və uşaqların ananın (hazırki iş üzrə cavabdehin) yanında saxlanılmaları barədə artıq qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi mövcuddur. Ötən müddət ərzində isə müzakirə olunan məsələ ilə bağlı hər hansı yeni əsasın meydana gəlməsi iş materialları ilə təsdiq olunmur. İddiaçı, həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin istinad etdiyi məhkəmə qətnaməsi qəbul edildikdən sonra, tərəflər arasında uşaqlara aid münasibətlərdə dəyişikliklər olmuşdur. Lakin Rayon Məhkəməsi tərəflərin münasibətlərindəki bu dəyişiklikləri onların müzakirə olunan məsələyə təsirini araşdırmadan və bu hallara hüquqi qiymət vermədən, iş üzrə icraata xitam vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, hazırki iş üzrə icraata xitam verən Rayon Məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2682/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, həmin nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlara aid məsələlərdə, o cümlədən onların saxlanılması, yaşayış yerinin müəyyən edilməsi, onlarla ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsi və sair məsələlər ilə bağlı valideynlər arasında olan münasibətlər davam edən münasibətlərdir. İş üzrə tərəflərin birgə nikahından olan azyaşlı Nəzrin və Nilufərin yaşayış yerini müəyyən edən məhkəmə qətnaməsinin qəbulundan təxminən bir ilə yaxın vaxt keçmişdir. İddiaçı hazırda bildirir ki, sözügedən məsələ ilə bağlı yeni əsaslar yarandığına görə, bu məsələyə yenidən məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hər iki tərəf iştirak etsə də, məhkəmə onların izahatını dinləmədən, iddiaçı tərəfin istinad etdiyi yeni əsasların nədən ibarət olmasına aydınlıq gətirmədən, MPM-nin 261.0.2ci maddəsinə əsasən iş üzrə icraata xitam vermişdir. Halbuki, MPM-nin 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1.). Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (maddə 9.2.). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3.). Bundan başqa nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən qətnamənin qəbulundan bir ilə yaxın vaxt keçdiyindən, bu müddət müzakirə olunan məsələ ilə bağlı yeni əsasların yaranması üçün kifayət edən bir müddətdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş “iş üzrə icraata xitam verilməsi barədə” qərardad ləğv edilsin və işə baxılması məqsədi ilə iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4307/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4307/2020
05.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver